Mühazirə№1: "Multikulturalizmə giriş" fənninin predmeti, məqsədi və əhəmiyyəti



Yüklə 25,96 Kb.
tarix20.03.2022
ölçüsü25,96 Kb.
#53994
növüMühazirə
Multikulturalizmə giriş. Mühazirə№1


Multikulturalizmə giriş B.m. Asif Quliyev

Mühazirə№1: “Multikulturalizmə giriş” fənninin predmeti, məqsədi və əhəmiyyəti

Multikulturalizm — ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların yaşadıqları dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

“Multikulturalizmə giriş” fənni multikulturalizmin meydana gəlməsinin səbəblərini, onun mahiyyətini, nəzəri-ideoloji, hüquqi-normativ əsaslarını, üstünlüklərini, müasir durumunu və inkişaf perspektivlərini öyrədir.

Multikulturalizm 1960-cı illərin sonunda Kanadada qabarıq şəkildə görünməyə başlamışdır. Bu da səbəsiz deyildi, çünki Avropadan gələnlərlə məskunlaşan Kanada etnik-mədəni baxımdan müxtəlifliklərə malik idi. Buranın əsas sakinləri yerli hindu tayfaları və eskimoslar olsa da, hazırda onlar əhalinin heç iki faizini təşkil etmir. Hazırda bu ölkədə təxminən 36 milyon əhali yaşayır ki, onların böyük hissəsini ingilis mənşəli (13 milyon nəfər) və Kvebek vilayətində məskunlaşan fransız mənşəli kanadalılar (9 milyon nəfər) təşkil edir. Digər etnik qruplar (almanlar, italyanlar, ukraynalılar, ruslar və b.) əhalinin 33 %-ni, yerli əhali isə 1,3 %-ni təşkil edir. Kanada çox keşməkeşli tarixə malik olmuşdur. Belə ki, 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoymuşlar. XVIII əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir.

Lakin daxili problemlər hələ də həllini tapmamışdı. Əsas problem isə, Kvebek əyalətinin fransızdilli əhalisinin müstəqil olmaq istəyi ilə bağlı idi. 1955-ci ildə bu problemlə bağlı keçirilən referendumda Kvebekin tamamilə müstəqil olmasını istəyənlər səslərin yarısından azını topladıqları üçün məğlub oldular. Həmin vaxtdan sorğular müstəqillik tərəfdarlarının azaldığını göstərir. 2003-cü ildə yerli seçki Kvebekin müstəqilliyinə çalışanların məğlubiyyəti ilə nəticələndi. Kvebekin orijinallığı mövzusu 2006-cı ilin sonunda daha da inkişaf etdi. Belə ki, parlament kvebeklilərin Kanadının tərkibində ayrı bir millət olduğunu müəyyənləşdirdi. Bu qərar, əsasən, simvolik xarakter daşıyır və ölkənin konstitusiyası və digər qanunlarında qeyd olunmayıb.

Multikulturalizm bir termin kimi isə, 1970-ci illərdə ədəbiyyatda öz əksini tapmağa başlamışdır. “Multikulturalizm” termini siyasi leksikona ilk dəfə 1970-ci ildə – Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir. Kresbiyə görə multikulturalizm- ilk növbədə, bir ölkədə mədəniyyətlərin qarşılıqlı təsirində müəyyən “keyfiyyət”ə nail olunmasına yönəlmiş demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir.

Alman filosof və sosioloquYurgen Habermasa görə, multikulturalizmin əsas prinsipi "mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması", sadə dillə desək, azlıqla çoxluğun bərabər hüquqlara malik olmasıdır. İngilis mənbələrinə və bir sıra Qərb alimlərinin bu mövzuda apardıqları tədqiqatlara əsaslansaq, multikulturalizm özündə hansısa ölkədə, eləcə də bütün dünyada mədəni müxtəlifliyin qorunub saxlanmasına və inkişafına yönəlmiş siyasəti və bu siyasəti əsaslandıran ideologiyanı ehtiva edir.  

Avropa Birliyi məkanında isə multikulturalizm ötən əsrin 60-cı illərinin sonlarından xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Lakin Birliyin söz sahibi olan ölkələri multikulturalizmi mahiyyətcə liberal dəyərlərin tətbiqi kimi yox, sözügedən məkana işçi miqrantların cəlbini nəzərdə tutan ideologiya olaraq qəbul edirdilər. Avropa Birliyi isə bir təşkilat kimi bu prosesə dəstək verərək, dolayısı ilə multikulturalizm adı altında "açıq qapı" siyasəti yürüdərək daha çox Birliyin iqtisadi mənafeyini qorumaq məqsədi güdürdü. 

Bir sıra alimlərin fikrincə, qloballaşma dövründə heç bir ölkə multikulturalizmin təsirindən kənarda qala bilməz. Bu qənaəti bölüşənlər qeyd edir ki, günümüzdə multikulturalizmin böhranı və ya süqutu ilə bağlı Qərbdə səslənən fikirlər heç də birmənalı qəbul edilmir. 

Multikulturalizm həyat tərzidir. İnsanlar minillər boyu yaşadıqları çoxmədəniyyətli həyatı bir zənginlik kimi qəbul edirlər. Multikultural dəyərləri müxtəlif mədəniyyətlərə, dinlərə, sivilizasiyalara tolerant münasibət şərtləndirir. 

Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. 
Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də  liberalizmin azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil edir. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir. 
Multikuliuralizm – təkcə adamların hakim etnik qrupu tərəfindən deyil, həm də milli azlıqlar və ölkəyə yeni daxil olanlar tərəfindən mədəni müxtəlifliyə münasibətdə fərqli reaksiyaların rəngarəngliyidir. 
Multikulturalizm – pozitiv sosial təzahürdür. O, cəmiyyətin inkişafı üçün münbit şərait yaradır, etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir. 
Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir;  The Harper Colins sosiologiya lüğətində (1991) multikulturalizmə aşağıdakı tərif verilmişdir: “Multikulturalizm – bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyi, məsələn azlıqların dilinin müdafiəsi məsələsini öz qarşısına qoyur. Eyni zamanda o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri- bərabər münasibətlərini nəzarətdə saxlayır”.

Multikulturalizm iki yanaşma ilə - liberal eqolitarian və kommunitarian yanaşmalarla əsaslandırılır:



1. Liberallara görə, fərdin özü istədiyi dəyərləri seçir. Bu nəzəriyyənin

əsas müddəaları Uill Kimliçkaya məxsusdur. 1962-ci ildə Kanadada doğulan Kimliçka multikulturalizm və etika üzrə məşhur əsərləri ilə tanınan siyasi filosofdur. O, hal hazırda Kinqstonda Kral Universitetində siyasi fəlsəfə kafedrasının professoru olmaqla siyasi fəlsəfə sahəsində tədqiqatlara rəhbərlik edir. Bundan əlavə, o, Macarıstanın paytaxtı Budapeştdəki Mərkəzi Avropa Universitetində millətçiliyin öyrənilməsi ilə məşğul olur.

O, öz nəzəriyyəsində fərdin icma həyatına münasibətdə öz hüquq və azadlıqlarını daha uca tutduğunu bildirir. Ümumiyyətlə, liberallar muxtariyyət və bərabərlik kimi liberal dəyərlərə əsaslanır. Kimlicka kommunitarianism və millətçilik nəzəriyyələrini tənqid edir və liberalizmin insanın özünə hörmətlə onun mənsub olduğu qrupun mədəniyyəti arasında dərin əlaqənin olduğunu göstərir. Kimlickaya görə, azlıqlar öz mədəniyyətlərini qorumaqda çətinlik çəktiklərinə görə onlara xüsusi qayğı göstərilməlidir.

2. Kommunitarianlar fərdin cəmiyyətə münasibətdə əsas olduna dair ideyanı təkzib edirlər. Bu nəzəriyyənin ideoloqu isə kanadalı alim Çarlz Marqreyv Teylordur. O, 1931-ci ildə Monrealda anadan olub, siyasi və social fəlsəfə üzrə, o cümlədən fəlsəfə tarixi üzrə tədqiqatların müəllifidir. O, kommunitarizm nöqteyi-nəzərindən liberalizmi və onun fərdiyyətçilik nəzəriyyəsini tənqid edir, şəxsiyyətin şərtiliyini vurğulayır. Çarlz Teylor atomizmin yerinə holizmi müdafiə edir. Teylorun “tanıma siyasəti” holizmin kollektiv mədəni dəyərlərinin vacibliyini göstərir. Onun fikrinə görə müxtəlif mədəniyyətlərə bərabər əhəmiyyətin verilməsindən ibarət ənənəvi liberal cəmiyyət azlıqlara xüsusi hüquqların verilməsini istəyən cəmiyyətlə əvəz olunmalıdır.

Kanadalı tədqiqatçı Pol Dyumoçel “Müqayisəli multikulturalizm” adlı məqaləsində multikulturalizm termininin ədəbiyyatda ən azı üç müxtəlif mənada işlədildiyini qeyd edir. Birinci mənada bu termin bir neçə müxtəlif etnik-mədəni qrupların nümayəndələrinin birgə yaşadığı sosial-tarixi situasiyanı xarakterizə edir. Onun fikrincə bu mənada işlədilən multikulturalizm termini diskriptiv (təsviredici) xarakter daşıyır. Dyumoçelin bu mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm sözünün geniş mənasına bənzəyir.

Dyuoçelə görə, multikulturalizm termininin ikinci mənası cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərə münasibətdə dövlət tərəfindən aparılan konkret siyasətlə bağlıdır. Multikulturalizm termininin ikinci mənası onun birinci mənasından meydana gəlir. Belə ki, cəmiyyətdəki multikultural situasiyanı idarə etmək məqsədi ilə dövlət bir neçə mümkün siyasət sırasında multikulturalizm siyasətinə də müraciət edr. Bu mənada işlədilən multikulturalizm termini dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərə reaksiyanı, daha konkret desək, bu müxtəlifliklərin qorunmasını və inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasətini ehtiva edir. Dyumoçelin ikinci mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm sözünün dar mənası ilə eynidir.

Nəhayət, Dyumoçel bu terminin üçüncü mənasının olmasını da qeyd edir. Multikulturalizm termininin üçüncü mənası normativ xarakter daşıyır, yəni o, çoxmədəniyyətli cəmiyyətin ədalət baxımından necə olmalı olduğunu göstərir. Dyumoçel multikulturalizm terminin bu anlamda multikulturalizm fenomeninin tanınmış tədqiqatçıları olan Çarlz Teylorun, Vil Kimliçkanın və Ceyms Tallininin əsərlərində istifadə edilməsini göstərir. Bu müəlliflər hesab edirlər ki, etnik-mədəni müxtəlifliklər olan cəmiyyətdə müxtəlifliklər qorunmalı və inkişaf etdirilməlidir. Bu multikultural ədalətin normativ tələbidir.

Dyumoçel haqlı olaraq qeyd edir ki, multikulturalizm termininin birinci mənası onun ikinci və üçüncü mənalarından daha əvvəl yaranmışdır, çünki . multikulturalizm bir siyasət kimi özünü 1970-ci illərdən sonra göstərməyə başlamışdır. Lakin qeyd etməliyik ki, Dyumoçelin multikulturalizm termininin üçüncü mənası bu terminin ikinci mənasının konkretləşdirilməsidir. Buna görə də onu bu terminin ayrıca mənası kimi vermək düzgün deyil. Termin yalnız geniş və dar mənalarda işlədilməlidir.

Multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər tarixi prosesin inkişafının nəticəsi kimi obyektiv xarakter daşıyır. Onlar xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir.

Stenford Ensiklopediyasında qeyd olunur ki, multikulturalizm məfhumuna bütün məzlum qruplar- afro- amerikanlılar, qadınlar, cinsi azlıqların nümayəndələri, əlillər və s. – aid edilsə də, multikulturalizmin tədqiqatçılarının əksəriyyəti adətən bu məfhuma etnik və dini azlıqları təşkil edən immiqrantları (mühacirləri) (məs.ABŞ-dakı Latın Amerikalıları, Qərbi Avropadakı müsəlmanları), milli azlıqları (məs.Katalonları, baskları, uelsliləri, kvebekliləri) və yerli xalqları (məs. Şimali Amerikadakı yerli xalqları, Yeni Zellandiyadakı maoriləri) daxil edirlər.

Multikulturalizm – sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi anlayışların müzakirə olunan terminləri sırasına daxildir.

Multikulturalizm cəmiyyətin inkişafının məhsulu, cəmiyyətdə baş verən hadisələr nəticəsində meydana gəldiyinə görə o, öz mahiyyətinə görə ilk növbədə sosial hadisədir. O, digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə olur.

Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur. Bu isə insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələlərində dövlət ideologiyasına, dövlət siyasətinə çevrilir. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur.

Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin

cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. Bu baxımdan Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir.

“Multikulturalizmə giriş” – inteqrativ bir fəndir. O, fəlsəfə, politologiya, tarix, sosiologiya, kulturologiya və bu kimi bir sıra ictimai elmlərin müddəalarından istifadə edir. “Multikulturalizmə giriş” fənninin qarşısında əsas məqsəd tələbələrə multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyələrini və bu siyasətin Azərbaycanda uğurla həyata keçirilməsinin səbəblərini izah etməkdir. Bu məqsədə nail olmaq üçün sadalanan ictimai elmlərə müraciət etmək vacibdir.

“Multikulturalizmə giriş” fənninin böyük idraki, praktiki, siyasi, ideoloji, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır.


Ədəbiyyat:

1.Mehdiyev R.Ə. Azərbaycan: Qloballaşma dövrünün tələbləri, Bakı, 2012.

2.Akademik Ramiz Mehdiyevin redaktorluğu ilə müəlliflər kollektivi.

Multikulturalizmə giriş: Ali Məktəblər üçün dərslik. – Bakı: Şərq Qərb, 2019.

3.Hacıyev A.N., Cəfərova E.H., Məmmədov İ.M. Multikulturalizmə giriş: Ali

məktəblər üçün dərs vəsaiti. – Bakı: Mütərcim, 2018.



3.Тищков В.А. Политика мультикультурализма: Теория и практика, Москва,

2002.
Yüklə 25,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin