MühazirəLƏr I mövzu: Sahibkarlığın sosial-iqtisadi mahiyyəti, inkişafı tarixi və rolu Plan



Yüklə 45,57 Kb.
səhifə1/2
tarix21.12.2023
ölçüsü45,57 Kb.
#188999
növüMühazirə
  1   2
1-ci mühazirə Sahibkarlığın əsasları və biznesə giriş


Sahibkarlığın əsasları və biznesə giriş” fənnindən
MÜHAZIRƏLƏR

I MÖVZU: Sahibkarlığın sosial-iqtisadi mahiyyəti, inkişafı tarixi və rolu
Plan:

  1. Bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti.

  2. “Sahibkar” və “Sahibkarlıq” anlayışlarının məzmunu.

  3. Sahibkarlığın meydana gəlməsi tarixi və inkişaf mərhələləri.

  4. Sahibkarlığın sosial-iqtisadi əhəmiyyəti və cəmiyyətin inkişafında onun rolu.

1.Müasir dövrdə ən geniş yayılmış, təkmil, əlverişli iqtisadi sistem kimi bazar iqtisadiyyatı çıxış edir. Lokonik deyilsə bazar iqtisadiyyatı əmtəə-pul müna­sibətlərinin qanunları, qanunauyğunluqları, tələbləri, qaydaları, mexanizmləri, vasitələri, alətləri, atributları, anlayışları, kateqoriyaları, terminləri və s. əsasında fəaliyyət göstərən dinamik, çevik, novatorçu və mürəkkəb təsərrüfatçılıq sistemidir. Bazar iqtisadiyyatını səciyyələndirən, cəlbedici edən özünəməxsus əlamətləri vardır. Bu sırada əsasən aşağıdakıları qeyd etmək olar:


- mülkiyyət münasibətlərinin keyfiyyətcə yeniləşməsi və təkmilləşməsini. Başqa sözlə mülkiyyətin forma və növlərinin müxtəlifliyini – xüsusi (özəl) mülkiyyətin aparıcı rol oynamasını;
- iqtisadi cavabdehliyin, maddi məsuliyyətin artmasını;
- rəqabətin sosial-iqtisadi inkişafın əsas hərəkətverici yayına çevrilməsini;
- təşəbbüskarliq, novatorluq, yaradıcılıq (kreyativlik) üçün işgüzar mühitin yaradılması zərurətəini;
- qənaətcilliyə, səmərəliliyə üstünlük verilməsini;
- biznes, sahibkarlıq, kommersiya kimi yeni təsərrüfatçılıq formaları ,azad fəaliyyətlər üçün əlverişli (münbit) şəraitin genişlənməsi;
- pul-maliiyyə, bank-kredit sistemlərinin sosial-iqtisadi həyatda rolunun artmasını;
- yeni fəaliyyət istiqamətlərinin meydana gəlməsini;
- insanların (cəmiyyət üzvlərinin) mütərəqqi sosial-psixoloji keyfiyyətlərə yiyələnməsini və s.
Bazar iqtisadiyyatının ən səciyyəvi əlamətlərindən biri iqtisadiyyatda, eləcə sosial həyatda sahibkarlıq, biznes fəaliyyətlərinin genişlənməsi və prioritet hadisəyə (təzahürə) çevrilməsidir. Real prizmadan yanaşıldıqda bazar iqtisadiyyatının sosial-iqtisadi məzmunun formalaşmasında sahibkarlıq (eləcə biznes) fəaliyyəti həlledici rol oynayır. Başqa sözlə bazar iqtisadiyyatının mahiyyəti biznes, sahibkarlıq, kommersiya fəaliyyətləri ilə daha qabarıq təzahür edir. Demək olar ki, bazar iqtisadiyyatı öz həyatına bu fəaliyyətlər əsasında başlamışdır. Sahibkarlıq, biznes, kommersiya fəaliyyətləri üçün ilkin zəminlərin rüşeymlərinin pöhrələnməsi daha mütərəqqi, təkmil iqtisadi sistemin - bazar iqtisadiyyatının (kapitalizmin) təməlini qoymuş, onun təşəkkülü və gələcək inkişafını şərtləndirmişdir.
Hələ bazar iqtisadiyyatından əvvəlki cəmiyyətin (feodalizmin, sadə-ilkin kapitalizmin) içərisində meydana gəlməyə başlayan sahibkarlıq fəaliyyəti mövcud ilkin zəminlərin genişlənməsinə yeni motivlər yaratmaqla həm sahibkarlıq fəaliyyətinin artmasını, həm də yeni iqtisadi sistemin –bazar iqtisadiyyatının təşəkkülünü zəruri etmişdir. Sonrakı mərhələdə bazar iqtisadiyyatının özü sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaratmışdır.
Sahibkarliq fəaliyyətinə keçid insanlarda müəyyən həyati motivlərin meydana gəlməsindən başlanmışdır. Tələbatlarını daha dolğun ödəməyə çalışan insanlar fəaliyyətlərinin yeni motivlərini müəyyənləşdirmiş və hərəkətlərini buna uyğun həyata keçirirlər.
Insanlarda sahibkarlıq fəaliyyətinə maraq doğuran əsas motivləri belə təsnifatda vermək olar: iqtisadi motivlər – yəni az məsrəflərlə daha çox iqtisadi (maddi) gəlir əldə etmək; iqtisadi motivlərə bunları da əlavə etmək olar: daha çox mülkiyyətə (əmlaka) malik olmaq; səmərəli əmək fəaliyəti nəticəsində rəqabət qabiliyyətli peşəkarlıq səviyyəsinə yüksəlmək; maliyyə-pul imkanlarını artırmaq və s:
- sosial motivlər – insanı ictimai varlığa çevirən, ona sosial sttus qazandırmaqla, şəxsiyyət səviyyəsinə yüksəldən şüurlu, məqsədyönlü fəaliyyətlərə can atmaq. Belə motivlər insan üçün hüquqi və sosial baxımdan real komport yaradır;
- psixoloji motivlər: iqtisadi və sosial motivlərin təsiri altında sahibkarlıq fəaliyyətinə başlayan insanın psixologiyası da yeniləşir və təkmilləşir. Sahibkarlığın doğurduğu yeni sosial-psixoloji mühit, komunikativlik, yüksək mədəniyyət insanda sabit psixologiya formalaşdırır.
- humanist motivlər: iqtisadi, sosial-psixoloji motivlərin məntiqi davamı kimi sahibkarlıq sferasında çalışan insanlarda humanist, bəşəri (insani) ideyalar meydana gəlir, onlarda yeni keyfiyyətdə etik, estetik, fəlsəfi komponentlər özünü biruzə verir və s.
Sahibkarlıq fəaliyyətinin mahiyyətini, onun iqtisadi-sosial məzmunun bu prosesdə iştirak edən konkret subyektlər və obyektlər müəyyənləşdirir. Sahib­krlığın subyektləri və obyektlərinin dəqiqləşdirilməsi əsasında bu fəaliyyətin növləri və formaları meydana gəlir. Sahib­krlığın subyektlərini ümumiləşmiş halda belə qruplaşdırmaq olar:
- fərdi;
- kollektiv;
- ictimai (dövlət) və s.
Gəlir gətirməyə şərait yarada bilən istənilən obyektlər, predmetlər; qabiliyyətlər, spesifik fəaliyyətlər, xidmətlər, vasitəçilik və s. Sahib­krlığın obyekti kimi çıxış edə bilər. Növbəti mövzularda bu məsələyə konkret təhlil veriələcəkdir.
2. Bazar iqtisadiyyatı özünə xas olan anlayışları, kateqoriyalar, terminlər, iqtisadi mexanizmlər, iqtisadi alətlər, vasitələr, atributların və s. meydana gəlməsi ilə də səciyyələnir. Belə yeni təzahürlər sırasında sahibkar, sahibkarlıq qabiliyyəti, sahibkarlıq fəaliyyəti və s. kimi anlayış-kateqoriyaların özünəməxsus statusu və əhəmiyyəti vardır. Bazar iqtisadiyyatında aparıcı təsərrüfatçılıq forması olan sahibkarlıq fəaliyyəti ilə eyni vaxta meydana gələn bu anlayış-kateqoriyaların etimoloji mənası, iqtisadi məzmunu vardır. Belə ki, sahibkar anlayışı iki sözün: “sahib” (ərəb sözü olub-yiyə, malik olma, müəllif mənasını daşıyır) və “kar” (fars sözü olub – iş, əməl, nə iləsə məşğul olma mənasını daşıyır) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yəni, sahibkar anlayışı – işin, fəaliyyətin yiyəsi olmağı, nə isə bir işlə məşğul olmağı ifadə edir.
Müasir yanaşmadan dolğun deyilsə, sahibkar – yeni bir müəssisənin (firmanın, şirkətin) yaradılması, müəyyən məhsulun istehsalı, əhəmiyyətli fəaliyyətin təşkili, yeni xidmətin göstərilməsi, novatorluq ideyasının işlənməsi və həyata keçirilməsi ilə bağlı məsuliyyəti və riski öz üzərinə götürməklə fəaliyyət göstərən şəxsdir (subyektdir). Sahibkar eyni zamanda mənfəət (xeyir) əldə etmək məqsədilə fəaliyyət resurslarını, istehsal amillərini nəticəli hərəkətə gətirən və ya bu fəaliyyəti peşəkarlıqla təşkil edən iqtisadi subyektdir. Sözsüz ki, bu işləri təşkil etmək üçün belə fəaliyyətə girişən şəxsin xüsusi bacarığı, istedadı, peşəkarlığı, riskə getmək cəsarəti və s. sosial-psixoloji keyfiyyətləri olmalıdır. Bütün bunların olması sahibkarlıq qabiliyyətini formalaşdırır. Yəni sahibkar statusunu əldə etməyin əsasında sahibkarlıq qabiliyyəti dayanır.
Geniş mənada sahibkarlıq qabiliyyəti dedikdə maddi və ya intellektual mülkiyyətə malik olan, insanların ictimai fəaliyyətin müəyyən sahəsində daha çox yararlı olması, komkret bir işi daha müvəffəqiyyətlə icra etməsi başa düşülür. Bu qabiliyyət həm insanın özünün şəxsi keyfiyyətlərindən, psixoloji hazırlığından, həm də onu əhatə edən sosial-ictimai mühitdən, mövcud iqtisadi şəraitdən asılıdır. Sahibkarlıq qabiliyyəti insanın fərdi keyfiyyətinə (fitri istedadına) istinad etməklə ictimai fəaliyyət prosesində, eləcə də xüsusi təhsil almaqla formalaşır.
Bazar iqtisadiyyatının ilkin mərhələlərində insanlar sahibkarlıq qabiliyyətinə uzunmüddətli əmək prosesi, təcrübə əsasında yiyələnirdilər. müasir dövrdə sahibkarlıq qabiliyyətinin formalaşmasında keyfiyyətli təhsil əhəmiyyətli rol oynayır. Daha doğrusu yüksək səviyyəli təhsil almaqla mütəxəssislər, peşəkarlar cəmiyyət üçün insan kapitalına çevrilirlər. Sahibkarlıq qabiliyyəti insan kapitalının ən qabarıq keyfiyyət təzahürüdür. Başqa sözlə sahibkarlıq qabiliyyəti – nemətlər və xidmətlər yaradılması üçün fəaliyyətin bütün resurslarının məqsədyönlü kordinasiyasını təşkil edən insan kapitalının ən vacub potensialıdır.
Sahibkarlıq qabiliyyətinin həyata keçirilməsi, yəni sahibkar kimi çıxış edən insanın real hərəkəti sahibkarlıq fəaliyyəti ilə nəticələnir. Mürəkkəb iqtisadi məzmuna malik olan sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının ən çevik, ən dinamik və səmərəli təsərrüfatçılıq formasına çevrilmişdir: 1-ci cəhət. Bazar iqtisadiyyatının vacib kateqoriyasına çevrilən sahibkarlıq fəaliyyəti praktiki mexanizmi kimi bazar subyektləri arasında çox şaxəli iqtisadi münasibətlər – yəni əmtəə və xidmətlər istehsalı, bölgüsü, mübadilıəsi və istehlakı prosesində iştirak edən tərəflər arasındakı əlaqələri gerçəkləşdirir. (Demək olar ki, sahibkarlıq fəaliyyəti həm kateqorial, həm də instrumental xarakter daşıyır).
2-ci cəhət. Sahibkarlıq fəaliyyəti iqtisadi mexanizm (alət, vasitə) olmaqla səmərəli təsərrüfatçılıq tipinə (formasına) çevrilir (instrumental xarakter). Belə ki, daha çox mənfəət əldə edilməsinə şərait yaradan sahibkarlıq fəaliyyətində ETT-nin və ETİ-ın nailiyyətlərindən, əməyin təşkilinin mütərəqqi üsullarından və s. yeni sosial-iqtisadi amillərdən geniş istifadə etmək imkanı yaradır.
3-cü cəhət. Qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti sosial-psixoloji baxımdan (aspektdən) da səciyyələnir. Belə fəaliyyət yeni, daha mütərəqqi təfəkkür formalaşdırır. Bu cür təsərrüfatçılıq tipinin subyekti kimi çıxış edən sahibkar yaşadığı sosial-iqtisadi mühitə, qlobal aləmə yeni rakursdan yanaşır. Mütərəqqi ictimai-iqtisadi dünyagörüşünə, daha praqmatik təfəkkürə malik olan sahibkar (həm fiziki, həm də hüquqi şəxs kimi) dövrün, real həyatın tələbatına uyğun əmtəə (məhsul) və xidmətlər istehsalına, xidmətin ən mütərəqqi vasitələrlə, üsullarla göstərilməsinə, qənaətçiliyə və maksimum səmərəliliyə nail olunmasına, ətraf mühitin qorunması və ekoloji tələblərin gözlənilməsinə və s. çalışır.
3. Sözsüz sahibkarlıq fəaliyyəti zəruri ilkin zəminlərin yaranması əsasında meydana gəlmişdir. Ümumi baxımdan yanaşılsa sahibkarlıq fəaliyyətinin sadə-primitiv təzahürləri insanların sərbəst fəaliyyətə malik olduqları qədim dövrlərə təsadüf edir. Yəni iqtisadi baxımdan sərbəstlik qazanan insanlar sahibkarlıq fəaliyyətinə oxşar illərlə məşğul olmuşlar.
Birmənalı demək olaar ki, sahibkarlıq fəaliyyəti hüquqi və iqtisadi azadlıq əsasında meydana gələ bilər. təsərrüfatçılıq forması olmaq etibarilə sahibkarlığın ilkin zəmini ,zəruri şərti iqtisadi azadlıqdır. Iqtisadi azadlıq dedikdə insanın müəyyən resursların (kapitalın, istehsal vasitələrinin, öz qabiliyyətinin- iş qüvvəsinin, torpaq sahəsinin və s.) mülkiyyətçisi, yiyəsi, həmçinin fəaliyyətindən əldə etdiyi məhsulların (xidmətlərin) sərbəst hərəkətinə (istifadəsinə) sərəncam vermək ixtiyarına malik olması başa düşülür. Iqtisadi azadlıq qeyri-məhdud deyildir. Cəmiyyətdə dövlətdə (makroiqtisadiyyatda) bu azadlıq müvafiq sərhədlərlə, real məhdudiyyətlərlə əhatə olunur. İlkin olaraq bu məhdudiyyətləri (sərhədi), fəaliyyət dairəsini dövlət, cəmiyyət qanunları, hüquqi normativləri əsasında müəyyənləşdirir. Ikincisi, bazar iqtisadiyyatının öz qanunları, qaydaları, reallıqları (məs. rəqabət mübarizəsi və s.), tələbləri iqtisadi azadlığın radiusunu nəzarətdə saxlayır.
Fəaliyyət forması kimi sahibkarlıq nəzəriyyəçilərin diqqətini əsasən XVII-XVIII əsrlərdən başlayaraq cəlb etmişdir. Ingilis iqtisadçısı R.Kantilyanın (1680-1734) fikrinə görə, feodalizm cəmiyyətindəki torpaq mülkiyyətçiləri, digər muzdla işləyənlərlə yanaşı kapitalizmə keçid dövründə bir qrup insanlar meydana gəlir ki, onlar qazanc əldə etmək məqsədi ilə istehsalçılardan məhsul alaraq, bu məhsulları müəyyən bazarlarda satmağa çalışırlar. Belə insanlar qeyri-müəyyənliklə üzləşərək, hardasa riskə getməli olurlar. Kantilyon belə insanları sahibkar adlandırırdı. Onun fikrincə, sahibkarlıq xüsusi növ iqtisadi vəzifəni yerinə yetirən fəaliyyət olmaqla müxtəlif bazarlarda tələblə təklif arasında uyğunluq yaradsılmasına çalışır.
Klassik iqtisad məktəbinin görkəmli nümayəndəsiA.Smitin (1723-1790) fikrincə sahibkar öz istehsalını əvvəlcədən planlaşdıran və təklif edən, əldə etdiyi nəticələrə sərəncam vermə hüququna malik olan, mənfəət əldə etmək üçün ticarətlə-satışla bağlı ideyasını reallaşdırmaq üçün riskə gedən mülkiyyətçidir.
Fransız iqtisadçısı İ.B.Sey (1767-1832) sahibkarı riskə getməsinə baxmayaraq, mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən şəxs kimi səciyyələndirir. O, sahibkarlıqda mənfəət əldə etməyə şərait yarada bilən iqtisadi-bazar mühitinin vacib rol oynadığını qeyd etmişdir. Seyin fikrincə sahibkar vəzifələrini yaradıcı yerinə yetirərsə mənfəət əldə edə bilər.
Alman iqtisadçısı V.Zombartın (1863-1944) sahibkarlıq haqqındakı fikirləri bir qədər fərqlidir. O, sahibkarlıq fəaliyyətində iki əsas məqsədi xüsusi vurğulayır: əsas və asılı məqsədləri. Onun fikrincə sahibkarlıq fəaliyyətinin əsas məqsədi daima inkişaf etmək, yüksəlmək, yeniləşmək və genişlənməkdir. Bu məqsədə nail olmaq üçün sahibkar riskə getməyə hazır olmalı, qətiyyət və inam göstərməli, ümumi mənafe naminə müvafiq insanları da işə cəlb etməyi bacarmalıdır. Zobmart mənfəət əldə etməyi ikinci dərəcəli – aslı məqsəd hesab edirdi. Sözsüz ki, belə yanaşma bir qədər ziddiyyətli, inandırıcı deyildir.
Sahibkarlıq haqqında maraqlı fikir söyləyənlərdən biri Avstriya iqtisadçısı İ.Şumpeterdir (1883-1950). O, sahibkarı ilk növbədə novatorçu-yenilikçi kimi səciyyələndirir. Onun fikrincə sahibkar kimi çıxış edən şəxs (subyekt) başqalarının edə bilmədiklərini etmək, yenilik tapmaq, köhnəliyi qəbul etməmək, ağıllı riskə getmək bacarığına ,iradəsinə malik olmalıdır. Şumpeter qeyd edirdi ki, sahibkarlıq fəaliyyətinin subyekti kimi, həm mülkiyyətçinin özü, həm də ayrı-ayrı firmaların, bankların, səhmdar cəmiyyətlərinin məsul şəxsləri (direktorlar, menecerlər və s.) çıxış edə bilərlər. Beləliklə o, sahibkarlıq fəaliyyətinə geniş spektrdən yanaşırdı. Şumpeterin fikiurləri sahibkarlığın müasir aspektlərinə daha uyğundur.
K.Marks (1818-1883) və onun davamçıları kapitalizm cəmiyyətinin reallığına uyğun olaraq sahibkarla mülkiyyətin mütləq sahiblərini – kapitalistləri eyniləşdirmişlər. Bu baxımdan marksist iqtisadi nəzəriyyədə sahibkarlıq iqtisadi kateqoriya, təsərrüfatçılıq forması kimi geniş tədqiq olunmuşdur.
Tanınmış iqtisadçı alimlər A.Marşal, C.M.Keyns və başqaları da sahibkarlıq fəaliyyətini müəyyən qədər tədqiq etmişlər. Müasir dövrdə sahibkarlıq fəaliyyəti mürəkkəb, çoxşaxəli, səmərəli, cəmiyyət, dövlət üçün əhəmiyyətli iqtisadi mexanizm, təsərrüfatçılıq tipi (forması) kimi qəbul edilir.
4. Sahibkarlıq fəaliyyətinin mahiyyətinin, iqtisadi məzmununun, məqsəd və vəzifələrinin nəzəri və praktiki baxımdan təhlili öyrənilməsi sübut edir ki, bu fəaliyyətin ayrı-ayrı insanlar, cəmiyyət və dövlət üçün əhəmiyyəti böyükdür. Sahibkarlıq fəaliyyəti pozitiv nəticələri nəinki cari dövr üçün əhəmiyyət kəsb edir, həm də cəmiyyətin inkişafında, gələcək dövr üçün potensialların, imkanların yaradılması, genişlənməsində əvəzsiz rol oynayır. Sahibkarlıq fəaliyyəti nəinki təkcə iqtisadi əhəmiyyəti ilə səciyyələnir, bu fəaliyyətin ictimai-siyasi, sosial-psixoloji və digər müsbət təsirləri də qabarıq görünür. Sahibkarlıq fəaliyyətinin çoxyönümlü əhəmiyyəti və zəruriliyi haqqında növbəti mövzularda bir daha qeyd olunacaqdır.

Yüklə 45,57 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin