Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


MÖVZU 6. Azərbaycanın kənd təsərrüfatı. Torpaq mülkiyyəti və onun reallaşdırlmasının iqtisadi formaları. Torpaq islahatları. Aqrar sahə bazar iqtisadi sistemində



Yüklə 147,54 Kb.
səhifə24/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

MÖVZU 6. Azərbaycanın kənd təsərrüfatı. Torpaq mülkiyyəti və onun reallaşdırlmasının iqtisadi formaları. Torpaq islahatları. Aqrar sahə bazar iqtisadi sistemində.
1. Azərbaycanın torpaq fondu. Torpağın istifadəsinə görə quruluşu
2. Aqrar islahatlar və yeni təsərrüfatçılıq formalarına keçilməsinin zəruriliyi
3. Torpaq üzərində mülkiyyət. Aqrar islahatlar və yeni təsərrüfatçılıq formalarının yaranması
1. Azərbaycanın torpaq fondu.Torpağın istifadəsinə görə quruluşu
Torpaq ehtiyatlarına kənd təsərrüfatında istifadə edilən və meşələrlə örtülən torpaqlar daxil edilir. Respublikada 4227 min ha sahə kənd təsərrüfatında istifadə edilir. Onlar kənd təsərrüfatına yararlı olmayan bedlend ərazilər, bataqlıqlar, dağlıq sahələr və s. ilə birlikdə ölkənin torpaq fondunu əmələ gətirir. Azərbaycanda olan torpaq fondu 8641,5 min ha-dır. Onun 77%-indən istifadə edilir. Kənd təsərrüfatına yararlı torpaqların 44%-i əkin sahələrindən və şumlardan, 4%-i çoxillik əkinlərdən, 26%-i biçənək və otlaqlardan ibarətdir. Ölkədə əkin sahələri 1454 min ha sahə tutur. Kənd təsərrüfatında istifadə edilməyən sahələr torpaq fondunun 40%-i qədərdir. Bu torpaqların 13%-ni şəxsi həyətyanı torpaqlar, 12,1%-ni meşələr, 2,7%-ni kolluqlar, 0,8%-ni bataqlıqlar, 3,6%-ni su hövzələri, 31,6%-ni digər torpaqlar (yollar, kəndlər, şəhərlər, sənaye obyektləri) təşkil edir. Azərbaycanda adambaşına 1,08 ha torpaq fondu, 0,2 ha əkin sahəsi, 0,6 ha yararlı torpaq sahəsi düşür. Azərbaycanın vahid torpaq fondu məqsəd təyinatına görə 7 kateqoriyaya bölünür:
1. Kənd təsərrüfatı təyintlı torpaqlar.
2. Yaşayış məntəqələrinin (şəhər, şəhər tipli qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqları.
3. Sənaye, nəqliyyat, rabıtə, müdafıə və qeyri-kənd təsərrüfatı təyinatlı başqa torpaqlar
4. Təbiəti mühafızə, sağlamlaşdırma, rekredasiya və tarix-mədəniyyət təyinatlı torpaqlar.
5. Meşə fondu torpaqları.
6. Su fondu torpaqları.
7. Ehtiyat fondu torpaqları.
2.Aqrar islahatlar və yeni təsərrüfatçılıq formalarına keçilməsinin zəruriliyi. Aqrar bölmə əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılasmasında yüngül, yeyinti, toxuculuq və digər sənaye sahələrinin səmərəli fəaliyyətinin təmin edilməsində və ölkəmizin iqtisadiyyatının möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir. Ona görə də son dövrlər respublikanın aqrar bölməsində kompleks tədbirlərin həyata keçirilməsi və aqrar islahatların dərinləşməsi sahəsində ciddi dəyişikliklər baş vermiş və bunlar bu sahədə sosial iqtisadi göstəricilərin yüksəldilməsinə səbəb olmuşdur. Aqrar islahatların dərinləşməsi, mülkiyyət münasibətlərinin inkişaf etməsi, iqtisadi mexanizmin təmilləşdirilməsi aqrar bölmədə mövcud olan xüsusi təsərrüfatların və sahibkarların səmərəli fəaliyyət göstərməsi üçün real istehsal-iqtisadi şəraitin yaradılmasını təmin etmişdir. Bunların nəticəsidir ki, respublikamızın aqrar bölməsində islahatlar uğurla başa çatdırılmış, ictimai mülkiyyətə əsaslanan təsərrüfatlar ləğv edilmiş, torpaq və əmlak özəlləşdirilmiş, xüsusi mülkiyyətə əsaslanan təsərrüfat formaları yaradılmışdı.
Bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yaxın gələcəkdə ödənilməsinin ən güclü ehtiyat mənbəyidir. Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində bir sıra şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən başlıcası kəndli-fermer təsərrüfatlarının inkişafının əsas istiqamətlərini müəyyən etməkdir. Kəndli-fermer təsərrüfatları xüsusi təsərrüfatçılıq forması olub, müstəqil fərdi və ya kollektiv əməyə və iqtisadi fayda götürmək prinsipinə əsaslanan sahibkarlıq formasıdır. Onun fəaliyyəti “Kəndli-fermer təsərrüfatları haqqında ” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, fərdi şəxsin, ailənin, qarşılıqlı razılıq əsasında yaradılmış bir qrup əmək qabliyyətli şəxslərin əməyinə istinad edir. Kəndli-fermer təsərrüfatları ölkəmizdə mövcud olan kolxoz, sovxoz digər kənd təsərrüfatı müəssisələrinin əsasında yaradılmaqla, digər özəl və dövlət qurumları ilə bərabər hüquqa malikdir və istehsalın quruluşunu müəyyən etməkdə istehsal olunan məhsulun qiymətləndirilməsi, emalı, mübadiləsi, satışı və sair məsələlərin həllində sərbəstdir.
Onu da qeyd etmək lazımdır kihələ əsrin əvvəllərində Azərbaycanda kənd təsərrüfatı əsas etibarilə xırda kəndli təsərrüfatlarından ibarət idi. Tarixi materialların araşdırmalarından aydın olur ki, 1917-ci ilin astanasında Azərbaycanda 325.6 min kəndli təsərrüfatı mövcud olmuşdur. Bunların 54.4%-i bir hektara qədər torpağı olan kəndli təsərrüfatları, 34%-i 1-4 hektar torpaq sahəsi olan ortabab təsərrüfatlar, 8.6%-i 4 hektardan çox torpaq sahəsi olan varlı təsərrüfatlar idi. 1923-cü ilin məlumatlarına görə Azərbaycan torpaqlarının 80%-i kənlilərin əlində idi. Buna baxmayaraq, Sovetləin hakimiyyəti dövrünün ilk illərindən başlayaraq kəndli təsərrüfatları daim tənqid edilmiş, ictimai təsərrüfat formaları isə tədricən geniş təşkil olunmağa başlanmışdır. Kəndli təsərrüfatlarının üstünlüklərinin sübüta yetirməyə çalışan bir sıra alimlər tənqid edilmiş, hətta ciddi cəzalandırılmışdı.
Göstərmək lazımdır ki, bazar münasibətlərinə keçid dövründə kəndli-fermer təsərrüfatlarının çoxukladlı kənd təsərrüfatında bərabərhüquqlu təsərrüfatçılıq forması kimi təşəkkül tapması və inkişaf etməsi bir çox vacib şərtlərin olmasını tələb edir. Respublikamızda hazırki şəraitdə kəndli-fermer təsərrüfatlarının inkişafına yardım etmək imkanları olduqca məhdudur. Təsərrüfatların inkişafı fermerlərin maddi imkanından asılıdır. Gübrə, toxum, yanacaq, traktora ehtiyat hissələrini almaq üçün təsərrüfatlar çətinlik çəkir.
Respublikada müxtəlif bitkilər üzrə kəndli-fermer təsərrüfatlarına ayrılan torpaqların optimal ölçüsü, onların ixtisaslaşdırılması, kooperasiya formalarının müəyyən edilməsi, kəndli-fermer təsərrüfatları üçün kadr hazırlığı sahəsində tədbirlərin işlənib həyata keçirilməsi olduqca vacib məsələlərdəndir. Təchizat və xidmət sahələrinin özəlləşdirilməsi aqrar sahədə infrastukturun yeni əsaslarla formalaşmasını və səmərəli işləməsini təmin edən amillərdən asılıdır.
Bazar iqtisadiyyatında təbii-iqlim şəraiti, ixisaslaşma dərəcəsi və digər xüsusiyyətlər nəzərə alınmaqla iri, orta və kiçik sahibkarlıq formalarından biri digərini tamamlamalı, sağlam rəqabət şəraitində hər biri özünəməxsus yerini tutmalıdır. Ümumiyyətlə, təcrübə və təhlil nəticəsində aydın olur ki, respublikanın bazar münasibətlərinə keçid şəraitində kənd təsərrüfatında müsbət meyllər əmələ gəlməyə başlamışdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
1. Kənd təsərrüfatında bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq tələb-təkilflə əlaqədar yeni struktur dəyişiklikləri baş verir.
2. Əhalidə mülkiyyətçilik psixologiyası formalaşmağa başlamış, sərbəst fəaliyyətə, yaradıcılığa və sahibkarlığa meyl güclənmişdir.
3. İslahatın həyata keçirildiyi ilkin mərhələdə dünya təcrübəsinə meyl artmış, respublikanın təbii-iqtisadi şəraitinə, kənd təsərrüfatının spesifik xüsusiyyətlərinə, adət-ənənə və vərdişlərinə uyğun mülkiyyət formalaşmağa başlamışdı.
4. Resublikada rəqabət mühitinin yaradılması, dünya standartlarının tələblərinə uyğun məhsul istehsalı və daxili bazarın qorunması üçün üçün meyllər artır.
5. Kənd təsərrüfatında istehsalın mərkəzdən, planlı idarə edilməsi özünüidarə ilə əvəz edilməyə başlayır, idarəetmə funksiyaları təkmilləşdirilir.
Bazar münasibətləri şəraitində kənd təsərrüfatının inkişafı aqrar islahatın aparılmasından, onun əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən, islahatın məqsəd və prinsiplərinin nəzəri məsələlərinin elmi cəhətdən əsaslandırılmasından asılıdır. “Aqrar isahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda yazılıb ki, islahatın məqsədi aqrar bölməni böhrandan çıxartmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Söhbət respublikanın aqrar bölməsini yaranmış iqtisadi böhrandan çıxarmaq üçün bu barədə nəzəri və metodoloji məsələlərin qoyuluşundan və onun elmi cəhətdən əsaslandırılmış istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən gedir. Bu baxımdan ölkəmizdə həyata keçirilən aqrar islahatın məqsədinin nəzəri cəhətdən əsaslandırılmasının çox böyük əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının “Sovxoz və koxozların islahatı haqqında” qanunu ilə “Aqrar islahatın əsasları haqqında” qanunda islahatın məqsədinin yazılış məzmunu arasında müxtəlifliyin olması da müşahidə edilir. Belə ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun islahatın məqsəd və vəzifələri bölməsində qeyd edilir ki, islahatın məqsədi bazar iqtisadiyyatına uyğun müxtəlif növlü təsərrüfat formalarını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirməkdir. Aqrar bölmənin və bütövlükdə iqtisadiyyatın bazar münasibətlərinə keçildiyi şəraitdə əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün aşağıdakı istiqamətlərdə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir:
1. Aqrar bölmədə yeni mülkiyyət münasibətlərini formalaşdırmaq.
2. Torpaq, meliorasiya və su təsərrüfatlarının islahatlarının kompleksliyini təmin etmək.
3. Müxtəlif növlü yeni təsərrüfatçılıq formaları yaratmaq.
Sovxoz və kolxozlar yenidən təşkil edildikdə və ya onlarda islahat aparıldıqda islahatın xüsusiyyətləri nəzərə alınmalıdır.
1. Sovxoz və kolxozlarada islahat aparılarkən Azərbaycan Respublikasının aqrar islahatına dair qəbul etdiyi qanunlar, normativ-hüquqi sənədlər, tövsiyə və təlimatlarla bərabər islahat aparılan təsərrüfatların ümumi yığıncağının qərarı da nəzərə alınır və ümumi yığıncaqlarda baxılır;
2. İslahatın aparılmasında könüllülük prinsipi bankrot elan olunmuş sovxoz və kolxozlara şamil edilir;
3. İslahat prosesində əgər iqtisadi cəhətdən məqsədəuyğundusa, hər bir sovxoz və kolxozun əsasında bir neçə müxtəlif növlü təsərrüfatlar da yaradıla bilər;
4. İslahat prosesində təsərrüfatın rəhbərliyi və maddi-məsul şəxsləri islahat başa çatanadək onun maddi-texniki əmlakının saxlanılmasına və qorunmasına qanunvericilik daxilində cavabdehlik daşıyır;
5. Sosial və mühəndis infrastruktur obyektləri kollektivin razılığı ilə bələdiyyə mülkiyyətinə verilə bilər. Bu şərtlə ki, həmin obyektlərdən hamı bərabər hüquqla məqsədə uyğun şəkildə istifadə edə bilsin;
6. İslahat prosesində əvvəlcədən bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək, əsas və kənd təsərrüfatı məhsulları üzrə tapşırıqlara əməl etmək və s. məqsədlər üçün ixtisaslaşdırılmış hüquqi səlahiyyətə malik olan nəzarət qrupları yaradıla bilər. Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşması üçün yeni müxtəlif növlü müəssisələrin yeni təşkilati-hüquqi formaları da yaradılmalıdır. Bu obyektiv zərurət ondan irəli gəlir ki, müxtəlif növlü müəssisələr yaradılmadan bazar infrastrukturu formalaşdırmaq və bu şəraitdə azad rəqabət mühiti yaratmaq da qeyri mümkündür. Proqnozlara görə çoxnövlü təsərrüfatçılığı inkişaf etdirmədən aqrar bazarın formalaşdırılması üçün rəqabət mühiti yaratmaq qeyri-mümkündür. Odur ki, kənd təsərrüfatının bazar münasibətləri şəraitinə keçirildiyi hazırkı dövrdə ölkəmizdə başqa təsərrüfat növləri kimi,elmi cəhətdən əsaslandırılmış kəndli-fermer təsərrüfatlarının yaradılması da obyektiv zərurət olmaqla yanaşı, qanunauyğun bir prosesdir. Eyni zamanda kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin tənzimlənməsi və onun daha da təkmilləşdirilməsi vacibdir. Çünki bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yaxın illərdə ödənilməsində ən güclü ehtiyat mənbəyi hesab edilir. Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində bir sıra şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır. Bunlardan ən başlıcası kəndli-fermer təsərrüfatlarının inkişaf parametrlərinin elmi əsaslarla hazırlanması və onların əsas istiqamətlərinin müəyyən edilməsidir. Kəndli-fermer təsərrüfatlarına məxsus olan özəlləşdirilmiş kənd təsərrüfatına yararlı torpaqlarda, əsasən, kənd təsərrüfatının üstün sahələrinin xüsusi çəkisi böyük olacaqdır. Belə ki, kəndli-fermer təsərrüfatlarındakı kənd təsərrüfatına yararlı torpaqların tərkibində üstün sahələrin xüsusi çəkisi gələcəkdə 67.9%-ə çatacaqdır. Üstün sahələrdən xüsusilə taxılçılıq, pambıqçılıq, yemçilik, üzümçülük və meyvəçilik sürətlə inkişaf edəcəkdir. Kəndli-fermer təsərrüfatlarının inkişafı üçün 3588 milyard manat vəsait tələb olunur. Əsas fondların mövcud dəyəri də nəzərə alınmaqla, göstərilən bu vəsait hesabına kəndli-fermer təsərrüfatlarında əsas fondların dəyərini 10140 milyard manata çatdırmaq mümkün olacaqdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və onun səmərəliliyinin yüksəldilməsinə imkan verəcəkdir. Nəticədə isə kəndli-fermer təsərrüfatlarında ümumi məhsulun dəyəri 2746 milyard manat təşkil edəcəkdir. Kəndli-fermer təsərrüfatları yaradılarkən və onların inkişaf parametrləri müəyyən edilərkən həmin təsərrüfatların çoxsahəli istehsala yönəldilməsi daha perspektivli ola bilər. Çünki, respublikanın torpaq-iqlim və istehsal şəraiti, maddi ehtiyatlar nəzərə alınmaqla torpaq sahələrinin həcminin düzgün müəyyən edilməsi kəndli-fermer təsərrüfatlarının səmərəli fəaliyyətini təmin edir. Ona görə də bu amillər nəzərə alınaraq, ailənin daxili imkanlar hesabına tələbatını ödəməsi və artıq məhsul istehsal etməsi üçün kəndli-fermer təsərrüfatlarının elmi cəhətdən əsaslandırılmış istiqamətlərinin və əlveşli həcmdə torpaq sahələrinin müəyyən edilməsi zəruridir. Aqrar islahatların başlanması aqrar-sənaye kompeksi sistemində iqtisadi mexanizmin əsas ünsürlərindən olan qiymət sisteminin də təkmilləşdirilməsini tələb edir. Belə ki, artıq mərkəzləşdirilmiş, planlı təsərrüfat sistemi şəraitində tətbiq edilən qiymətlər bazar münasibətləri şəraitinə uyğun gəlmirdi. Aqrar sənaye kompleksi sisteminin bazar münasibətlərinə keçirilməsinə, mərkəzləşdirilmiş qaydada kənd təsərrüfatı məhsullarının tədarükü üzrə sifarişlərin ləğv edilməsinə və qiymətlərin dövlət səviyyəsində liberallaşdırılmasının elan edilməsinə baxmayaraq bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərini yenə də yuxarı orqanlar müəyyənləşdirmişdir ki, elə bu səbəbdən də həmin sahələrdə rentabellik aşağı düşmüş, gəlir azalmış, əksər məhsul istehsalçıları istehsalın son nəticəsindən zərər çəkmişlər. 1995-ci il də daxil olmaqla, respublikada ilk dəfə olaraq tərəvəzçilik, meyvəçilik, kartofçuluq və süfrə üzümçülüyü sahəsində tədarük üzrə sifariş dayandırıldı, azad satış qaydası tətbiq edildi. Daha sonra bir sıra məhsul növləri üzrə o cümlədən taxıl, mal-qara və quş əti, qoyun əti və s. üzrə sifarişlərin həcmi azaldılmış və nəhayət, 1997-ci ildə bütün növ məhsullar üzrə qiymətlər sərbəstləşdirilmişdi. Aqrar bölmədə gedən islahatlar nəticəsində kənd təsərrüfatının idarə edilməsi strukturunda da ciddi dəyişikliklər baş vermiş, mövcud olan mərkəzi və və rayon kənd təsərrüfatı oqanlarının, kolxoz və sovxozların aparat işçiləri 42 min nəfər ixtisar edilərək sahibkarlığın sərbəst fəaliyyətinə şərait yaradılmışdır. İslahatlar istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verir, yeni sahələr yaranır, məzmunca fərqli münasibətlər formalaşır. Yeni yaranan sahibkarlar nəsli əvvəlki kolxozçu və sovxozçu fəhləsindən daha fəal, yaradıcı, qənaətcil olmaqla bazar iqtisadiyyatının sərbəst istehsalçısıdır.
Artıq 2002-ci ildə ölkədə istehsal olunan bütün kənd təsərrüfatı məhsullarının 99.5% -i özəl bölmənin payına düşür ki, bu da islahatların aparıldığı qısa zaman kəsiyi üçün çox böyük göstəricidir. Hazırda ölkə əhalisinin təqribən 49%-i kənd yerlərində yaşayır. Statistik məlumatlara görə 1999-cu ildə kənd əhalisinin sayı 1.54% artmışdır. Əhalinin iqtisadiyyatın sahələri üzrə məşğulluq səviyyəsinin göstəriciləri də kənd təsərrüfatında artmağa meyllidir. 2000-ci ilin məlumatlarına görə təkcə kənd və meşə təsərrüfatlarında 1139.6 min nəfər çalışmışdır ki, bu da ölkə iqtisadiyyatında işləyənlərin 30.8%-ni təşkil etmişdir. Müqayisə üçün göstərmək olar ki, işləyənlərin tərkibində sənaye 16.8%, ticarət və ictimai iaşə 19%, nəqliyyat və rabitə 4.5% paya malikdir. Araşdırma göstərir ki, islahatlar başlananda əhalinin mühüm ərzaq məhsullarına olan tələbatı daxili istehsal hesabına taxıl üzrə cəmi 51%, kartof üzrə 33%, meyvə üzrə 56%, tərəvəz üzrə 62%, bostan bitkiləri üzrə 40%, ət və ət məhsulları üzrə 33.9% ödənildi. Faktlar göstərir ki, son illərdə kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər həm kəmiyyət, həm də keyfiyyətcə fərqlənir. Bazar münasibətləri şəraitində kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyinə bir sıra amillər kompleks şəkildə təsir göstərir. Bunlara: təbii, texnoloji, iqtisadi, təşkilati-idarəetmə, siyasi-hərbi və sosial amillər daxil edilir. Bütün bu qeyd edilən amillərin iqtisadi fəaliyyət prosesində nəzərə alınması kənd təsərrüfatının, bütövlükdə aqrar-sənaye kompeksinin ictimai-istehsal əlaqələrinin təkmilləşdirilməsinə, istehsal həcminin artmasına, kənd təsərrüfatının böhrandan çıxarılmasına, onun dinamik inkişafına, nəticə etibarı ilə əhalinin və ölkənin bütövlükdə kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsinə imkan verə bilər. Ölkəmizdə aqrar islahatın həyata keçirilməsinin hüquqi təminatı Azərbaycan Respublikası Konstitutusiyası, aqrar sahədə islahatların həyata keçirilməsinə dair qəbul edilmiş qanunlar, onların icrasının təmin edilməsinə dair fərmanlar, dövlətin aqrar bölmənin inkişafına dair qəbul etdiyi qərarlar təşkil edir. Bu qanun, fərman və qərarlardan irəli gələn nəzəri və təcrübi əhəmiyyətli göstəriş və qərarlar xüsusi təsərrüfatların yaradılması, sahibkarlığın formalaşması və inkişafının metodoloji əsaslarını müəyyənləşdirir. Ölkəmizdə aqrar islahatların həyata keçirilməsinin başlıca məqsədi bazar iqtisadiyyatı qanununa uyğun gələn xüsusi təsərrüfat formalarının təşkilinə nail olmaqdan və aqrar bölmənin bütün sahələrində sahibkarlığı hər vasitə ilə inkişaf etdirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, respubliamızda aqrar isahatları aparmaq məqsədilə Dövlət Aqrar İslahat komissiyası, yerli və rayon aqrar islahat komissiyaları yaradılmış, onların hüquqları, funksiyaları, vəzifələri və iş qaydaları müvafiq olaraq əsasnamələrdə təsdiq edilmiş, islahatların aparılmasına dair yaradılmış komissiyalar qarşısında çox mühüm vəzifələr qoyur.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin