Azərbaycanda öndə gedən sahə (ixtisaslaşmış sahə) yüngül və yeyinti sənayesidir. Yüngül sənaye məhsul həcminə görə Azərbaycanda ikinci yerdədir. İstehsal olunan sənaye məhsulunun 80%-i toxuculuqdur. Ölkədə əsasən pambıq, ipək, yun parça toxunur. Azərbaycanda tarixən yun xammalı çox olub. Toxuculuqda yunun payı 11%-dir. Bu yerli xalça toxumağa xidmət edir və kifayət qədər qədim sahədir. Quba, Şirvan, Qazax, Abşeron, Qarabağ, Naxçıvan və Gəncədə toxunan xalçalar xüsusilə məşhurdur. Pambıq da xalçaçıhğa xidmət edir. İplər yerli rənglə boyanır.
İpək parça ənənəvi sahədir. Bu sahədə Şəki, Şamaxı, Ordubad, Basqal (İsmayıllı) fərqlənir. İpəkçiliyin əsas xammalı baramadır. İpək və pambıq tarixən böyük ipək yolu ilə Azərbaycandan Avropa bazarlarına aparılmışdır. Pambıq parça istehsalında tarixən kustar təmizlənmə və toxuma üstünlük təşkil etmişdir. Hal-hazırda təkcə Bakıda pambıq parça fabriki ilə yanaşı 14 pambıq təmizləmə zavodu var. Gəncə və Mingəçevir şəhərləri də bu sahədə xüsusi ilə seçilirlər. Tikiş sənayesi əsasən böyük şəhərlərdə inkişaf etmişdir. Eyni zamanda Bakıda və Gəncədə ayaqqabı fabriki və gön-dəri kombinatları var.
Yeyinti sənayesi Azərbaycann sənayesinin 30%-ni təşkil edir. İxtisaslaşmış sahələri şərabçılıq, meyvə - tərəvəz-konserv, ət-süd və s.-dir. Yeyinti sənayesinin ən gəlirli sahəsi şərabçılıqdır. İlkin istehsal üzümçülük rayonlarında, şüşələrə doldurulması isə Bakı, Gəncə, Şəmkir, Göyçay, Göygöl və Naxçıvandadır. Konserv sənayesi - tərəvəzçilik və bağçılıq rayonlarında yerləşir. Meyvə-tərəvəzin ən böyük kombinatı Xaçmazdadır. Bunula yanaşı, Quba, Qusar, Xudat, Ordubad, Qax, Lənkəran, Ucar, Göyçayda da konserv zavodları vardır. Zaqatalada fındıqtəmizləmə zavodu, Maştağada Zeytun konservləşdirmə zavodu fəaliyyət göstərir. Ət-süd sənayesi - əsasən şəhər ətrafında yerləşir. Bakı (Xırdalan ət kombinatı), Gəncə, Şəki,Mingəçevir, Şirvan, Lənkəran və Naxçıvanda ət kombinatları var. Balıqçılıq - Xəzər və Kür çayına əsaslanır. Ən böyüyü Kürün mənsəbində Bankə balıq kombinatıdır. Burada nərə balıqları və qara kürü emal olunur. Bundan başqa, Bakıda Hövsan qəsəbəsində də balıq kombinatı var. Lənkəran, Xudat (Xaçmaz), Mingəçevirdə balıq zavodları fəaliyyət göstərir. Balığı çoxaltmaq məqsədi ilə balıqyetişdirmə vətəgələri yaradılmışdır. Sansu və Hacıqabul göllərində də balıq yetişdirilir.