2. Orta paleolit dövrü (təxminən e. ə. 100 - 40-cı minilliklər) Mustye dövrü adlanır. Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və qəlpələr qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə edirdilər. İbtidai insan dəstəsində kişilər ovçuluqla, qadınlar isə ev işləri və yığıcılıqla məşğul olurdular. Qarabağda Tağlar mağarasındakı ocaq yerləri insanın süni od əldə etmək vərdişinə tamamilə yiyələndiyini göstərir. Orta paleolitdə yaşayan bacarıqlı insanları Neandertal adlandırırlar.
3. Üst paleolitdə (eramızdan 40 min il - 12 min il əvvəl) ağıllı insanın meydana çıxması ilə Azərbaycanda qəbilə icması formalaşmağa başladı. Qəbilə icmasında ibtidai yaşayış daha sabit və davamlı şəkil aldı. Bir neçə qəbilənin birləşməsi ilə tayfa yarandı. Qan qohumlarından ibarət tayfa birgə təsərrüfat aparır, öz ərazisində bütün təbii ehtiyatlardan birgə istifadə edirdi. Bu zaman istehsal vasitələri və məhsul üzərində ümumi mülkiyyət mövcud idi; birgə əmək və birgə yaşayış qaydaları hökm sürürdü. Qəbilə icmasının ictimai həyatı və təsərrüfatında eneolitin sonunadək (e. ə. VI minillik) qadın aparıcı yer tutmuşdur. Yalnız ovçuluq və balıqçılıqla məşğul olan kişilərdən fərqli olaraq qadınlar yem toplayır, ev işləri görür, odu qoruyur və uşaqların qayğısına qalırdılar. Qəbilədə qadın, ana üstün yer tutduğuna və nəsil ana xətti ilə getdiyinə görə həmin dövr matriarxat (anaxaqanlığı) adlandırılmışdır.