MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə35/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   31   32   33   34   35   36   37   38   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Ədəbiyyat.

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Dosent Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2019

2. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı,1996, 2009

3. Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı, 2006.

4. Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. Bakı, 1993, 2007.

MÖVZU 10: AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN YENİDƏN GÜCLƏNMƏSİ. ŞAH I ABBAS VƏ ONUN SƏLƏFLƏRİNİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ.

Azərbaycan dövlətinin yenidən güclənməsi Səfəvi hökmdarı I Şah Abbasın adı ilə bağlıdır. Daxili çəkişmələr və xarici hücumların dövlətimizin qüdrətini sarsıtdığı çox ağır şəraitdə cəsur və vətənpərvər Mürşidqulu xan Ustaclı başda olmaqla türk qızılbaş əmirləri Abbas Mirzəni şahlıq taxtına çıxartdılar. I Şah Abbas (1587 - 1629) dövlətimizin əvvəlki qüdrətini bərpa etmək, qızılbaş əyanlarının özbaşınalığına son qoymaq və itirilmiş torpaqları geri qaytarmaq məqsədi ilə inzibati idarə sistemi, ordu quruculuğu və sosial - iqtisadi sahələrdə islahatlar keçirdi. Şah qızılbaş əyanlarının özbaşınalığına son qoymaq üçün silah gəzdirməyin yalnız qızılbaşlara məxsusluğu qaydasını ləğv edərək digər xalqlara da silah saxlamaq hüququ verdi. Şah Abbas tayfa başçı vəzifəsinin irsən ötürülməsi qaydasını da ləğv etdi. Bundan sonra çox böyük səlahiyyət sahibi olan bu vəzifə yalnız şahın etimadını qazanan şəxslərə etibar olunurdu. Şah mərkəzi hakimiyyətə tabe olmayan nüfuzlu qızılbaş əmirlərini vəzifələrdən uzaqlaşdıraraq gənc əmirlərlə əvəz elədi. Bəzi qeyri - türk əsilzadələri də vəzifəyə gətirdi. Kiçik yaşlarında saraya gətirilən və müsəlmanlaşdırılan gürcü qulamların nümayəndələrini də idarə işinə cəlb etdi. I Şah Abbas belə bir daxili siyasət yeritməklə Səfəvi dövlətinin milli - etnik mahiyyətini dəyişmək məqsədindən uzaq idi və onun ümumiyyətlə belə bir məqsədi olmamışdır. Əksinə Səfəvi imperatorluğunun qeyri - türk əhali yaşayan bölgələrinə Azərbaycan türklərini köçürürdü. Həmin vilayətlərdə qeyri - türk yerli sülalələri hakimiyyətdən uzaqlaşdırıb yerinə türk əmirləri təyin edirdi. Mötəbər qaynaq olan 1628-ci il siyahısında adı yazılan 76 əmirdən 54-ü türk, 15-i türk qızılbaşlığı qəbul etmiş və türk dilindən başqa heç bir dili bilməyən qulam idi. Göründüyü kimi, I Şah Abbasın dövründə Səfəvilərin idarə quruluşunda vəzifə tutan əmirlərin 72%-ə yaxınını türk əsilzadələri təşkil edirdi. Bu da Səfəvi idarə sistemində türklərin üstün və aparıcı yer tutduğunu aydın şəkildə göstərir.

I Şah Abbas ordu quruculuğuna xüsusi diqqət yetirirdi. XVI əsrin 90-cı illərinin əvvəllərində ordunun yenidən qurulması məqsədi ilə başladılan hərbi islahat 1598-ci ildə başa çatdırılmışdı. I Şah Abbas ilk növbədə qızılbaş tayfa qoşunlarının yenidən təşkilinə başladı. Bir tayfa - bir qoşundur prinsipindən imtina edildi və qızılbaş qoşununun tayfa müxtəlifliyi əsasında qurulmasına başlandı. Dövlətimizin əsas hərbi qüvvəsini təşkil edən Qızılbaş silahlı dəstələri XVI əsrin son onilliklərində öz əvvəlki vəziyyətində deyildi. Bəzi hallarda mərkəzləşdirilmiş dövlətin möhkəmləndirilməsi yolunda əngələ çevrilirdi. 1593-cü ildə hərbi çağırış zamanı müxtəlif bəhanələrlə bir çox qızılbaş hərbi dəstələrinin şah qərargahına gəlməkdən imtina etməsi I Abbasın çox sərt tədbirlər görməsinə səbəb olmuşdu. Şah belə bir göstəriş verdi ki, bundan sonra bütün hərbiçilər ölkənin müdafiəsinə və dövlətin müstəqilliyinin qorunmasına hazır olmalıdır. Bu işdə lənglik göstərən ölüm cəzasına məhkum edilməli, əmlakı isə müsadirə olunmalı idi. Bu tədbirin təsiri o qədər güclü oldu ki, bütün qızılbaş tayfaları, hətta rəsmi çağırış gözləmədən dərhal süvari və piyada qüvvələrində xidmət etmək üçün toplantı yerinə gəlirdilər. Şah Abbas XVII əsrdə də əsas qoşun növü olan qızılbaş dəstələrinin yenidən təşkilini başa çatdırdı. XVI əsrdə Səfəvi ordusunda odlu silahdan - tüfəngdən istifadə edilsə də, ayrıca tüfəngçilər qoşun növü yox idi. Şah Abbasın göstərişi ilə tüfəngçilər alayının yaradılmasına başlandı. Nizami tüfəngçilər alayı əsasən şəhər əhalisinin aşağı təbəqələrindən toplanırdı. Piyada qoşun növü olan tüfəngçilər alayında 20 min əsgər var idi və onlar başlarına 12 zolaqlı şiş papaq qoyurdular. Sıravi əsgərin illik məvacibi 7 - 12 tümən idi.

I Şah Abbasın hərbi islahatlarında şah qvardiyası vəzifəsini yerinə yetirməli olan qulamlar korpusunun yaradılması əsas yer tuturdu. Qafqaz mənşəli xristian xalqlardan yığılan kiçik oğlan uşaqları ilk növbədə müsəlmanlaşdırılır və sarayda şahın xüsusi nəzarəti altında tərbiyə olunub yetişdirilirdi. Onlara Azərbaycan türk dili öyrədilirdi. I Şah Abbas qulamlarla türk dilində danışırdı. Qullar ağasının rəhbərlik etdiyi və sayı 12 min nəfər olan qulamlar korpusu şahın, sarayın, mühüm dövlət obyektlərinin mühafizəsini həyata keçirirdi. Qulamların əsas silahları tüfəng, ox, kaman və qılıncdan ibarət idi. Şah Abbas qulamları “özünün süvari yeniçəriləri” adlandırmışdı. Şah Abbas ona sədaqətlə qulluq edən və yaxşı xidmət göstərən qulamları yüksək hərbi və mülki vəzifələrə də təyin edirdi.

XVI əsrdə Səfəvilərin apardığı müharibələrdə toplardan da istifadə olunurdu. Ancaq Şah Abbas Səfəvi dövlətinin tarixində ilk dəfə mərkəzləşdirilmiş artilleriya korpusu yaradılmasına xüsusi diqqət yetirirdi. Artilleriya (topçu) alayı daha çox şəhər sənətkarlarının içərisindən toplanırdı və bu alaya topçubaşı rəhbərlik edirdi. Şah Abbasın dövründə 500 topa 12 min topçu xidmət göstərirdi. Toplardan daha çox qalaların müdafiəsi işində istifadə olunurdu. Çünki Səfəvi topları Avropa toplarından və Osmanlı toplarından fərqli olaraq çox ağır olub, manevretmə qabiliyyəti aşağı idi.

I Şah Abbas qorçu dəstələrini də yenidən təşkil etdi. Sayı 12 minə çatan qorçu dəstəsi indi öz tayfa başçısı ilə yanaşı, baş komandana tabe edilmişdi və qorçular dövlət xəzinəsindən ildə bir dəfə məvacib alırdılar. I Şah Abbasın hakimiyyəti dövründə daimi - nizami və qeyri - nizami qoşun birləşmələrinin tərkibində ümumilikdə 116 min nəfər hərbçi (60 min nəfərdən çox qızılbaş qoşunu, 20 min nəfər tüfəngçilər, 12 min nəfər şah qulamları, 12 min nəfər qorçu, bir neçə xüsusi təyinatlı hərbi dəstə) var idi.

I Şah Abbas maliyə - vergi sistemində də islahatlar keçirdi. 1590-cı ildə dövlətin maliyə idarəsinin rəhbəri təyin edilən Hətəm bəy Ordubadi şahın tapşırığı ilə maliyə sistemini kökündən yoxladı və 1591-ci ildə dövlətin mədaxil və məxaricinə dair cədvəllər hazırladı. Bu iş 1597 - 1602-ci illərdə Hətəm bəyi əvəz etmiş Ağamirzə Əli tərəfindən başa çatdırıldı. «Dəstür-ül əməl» adlanan bu cədvəllər maliyə sahəsində saray dəftərxanası üçün Əsas qanun və qayda rolunu oynayırdı.

I Şah Abbas əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün vergi yükünü imkan daxilində azaltmağa çalışırdı. Məsələn, Xorasan və İsfahan şəhərinin əhalisinə vergi güzəştləri edilmiş, Ordubad və Dərbənd şəhərlərini dövlətə vergilərdən azad etmişdi. Azərbaycanın müharibə nəticəsində böyük dağıntılara uğramış cənub hissəsində savaş bölgəsində yaşayan əhalini iki il müddətinə torpaq vergisindən və dövlət rüsumlarından azad etmişdi. Şah Abbas 1615-ci ildə əvvəllər əhalidən yığılan və məmurların saxlanmasına sərf olunan əlavə rüsumları ləğv etdi. Bu çox böyük güzəşt idi. Çünki həmin rüsumların ümumi illik həcmi 30 min tümənə bərabər idi. I Şah Abbasın dövründə dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yüksək vəzifələrə təyin olunan məmurlardan “peşkəş” adlanan xüsusi vergi tələb olunurdu. Vergi toplanmasının iltizama verilməsi əhalinin vəziyyətini ağırlaşdırdığı üçün iltizamçılar üzərində nəzarət gücləndirilmişdi.

Səfəvi hökmdarı I Şah Abbasın islahatları nəticəsində Azərbaycan dövləti nəinki əvvəlki qüdrətini bərpa etdi, hətta daha da gücləndi. Qızılbaş əyanlarının özbaşınalığına son qoyulması, yerlərdə ayrı - ayrı “sülalə hakimlərinin” aradan qaldırılması və I Şah Abbas tərəfindən demək olar ki, ölkənin yenidən “fəth edilməsi” nəticəsində mərkəzi hakimiyyət möhkəmləndirildi və tam siyasi sabitlik bərqərar oldu. Dövlətin əsas dayağı olan daimi nizami ordu yaradıldı, ölkəmizin müdafiə qabilliyyəti gücləndirildi. I Şah Abbasın tədbirləri nəticəsində qızılbaş əyanları dövlətə sədaqətli qulluq yolu tutduqlarından həm mərkəzi (saray), həm də yerli idarəetmə sistemində qızılbaş türk əyanları öz əvvəlki üstün mövqelərini qoruyub saxladılar.

İslahatlar ölkənin iqtisadi inkişafına da təkan verdi. Artıq dövlətimizin iqtisadi və hərbi - siyasi qüdrəti itirilmiş torpaqların geri qaytarılması üçün yetərli idi.

I Şah Abbas hakimiyyətə gələndə Səfəvi imperatorluğu özünün ən ağır günlərini yaşayırdı. Azərbaycanın böyük hissəsi osmanlılar tərəfindən tutulmuşdu. Vaxtilə Hörmüzü ələ keçirmiş portuqallar İran körfəzində ağalıq edərək dövlətimizin Hind okeanına çıxışını tamamilə bağlamışdılar. 1587 - 1590-cı il hərbi əməliyyatları nəticəsində özbəklər münbit torpaqlara malik olub, ən mühüm strateji əhəmiyyət daşıyan Xorasanı işğal etmişdilər. I Şah Abbasın xarici siyasətinin əsas məqsədi məhz itirilmiş torpaqları imperatorluğun tərkibinə qaytarmaqdan ibarət idi. I Şah Abbas 1598-ci ildə hərbi islahatı başa çatdıran kimi Xorasan yürüşünə başladı. 1602-ci ilədək davam edən hərbi əməliyyatlar nəticəsində Səfəvilər Xorasan vilayətində öz əvvəlki hakimiyyətlərini bərpa etdilər.

I Şah Abbas 1590-cı il İstanbul müqaviləsini Osmanlı dövləti ilə vaxt qazanmaq üçün bağlamışdı. Bu müqavilə ilə Azərbaycan torpaqlarının böyük hissəsi itirilmiş və Səfəvilər öhdəlik götürmüşdülər ki, ölkə əhalisi içərisində məzhəb ayrılığına görə heç kim incidilməyəcək və ilk üç Xəlifəyə qarşı heç bir küfrə yol verilməyəcəkdir.

I Şah Abbas itirilmiş torpaqlarımızı geri qaytarmaq üçün Osmanlı ilə müharibəyə 1603-cü ildə başladı. Bu müharibə fasilələrlə 1639-cu ilədək davam etmişdir. Müharibənin gedişində 1603-cü ildən 1607-ci ilədək uğurlu əməliyyatlar nəticəsində bütün Azərbaycan torpaqları və Şərqi Gürcüstan Osmanlıdan geri alındı. Belə ki, 1603-cü ildə Təbriz və Naxçıvan, 1604-cü ildə İrəvan şəhəri, 1605-ci ildə Şirvanın bir hissəsi, 1606-cı ildə Gəncə, Qarabağ və Şərqi Gürcüstan, 1607-ci ildə Şamaxı, Bakı və Dərbənd də daxil olmaqla Şirvanın qalan hissəsi Osmanlı qoşunlarından azad edildi. Müharibənin gedişində ilk sülh müqaviləsi 1612-ci ildə İstanbulda Osmanlı Sultanı I Əhmədin sarayında bağlandı. Sultan I Şah Abbasın 1555-ci il Amasya sülhünün şərtlərinin bərpa edilməsi haqqında təklifini qəbul etdi. Bununla da Azərbaycan torpaqlarının və Şərqi Gürcüstanın dövlətimizin tərkibinə qaytarılması təsdiq olundu. İstanbul müqaviləsinə daxil edilən əlavə şərtə görə rusların Qafqazda möhkəmlənmək üçün tikdiyi Terek qalasının dağıdılması haqqında Sultan göstəriş verərdisə, Səfəvilər buna mane olmamalı idilər. 1612-ci il İstanbul müqaviləsinin şərtləri ilə bağlı ilkin razılaşma Sərabda əldə edildiyindən tariximizdə bu müqavilə “Sərab” sülhü kimi qalmışdır. Bu sülh müqaviləsindən sonra da hərbi əməliyyatlar davam etmişdir. 1618-ci ildə bağlanmış Mərənd sülhü ilə tərəflər əvvəlki razılaşmanı bir daha təsdiq edərək, iki dövlət arasında sərhədlərin dəqiq müəyyən olunması haqqında razılığa gəldilər. Osmanlı ilə müharibə Şah Abbasdan sonra taxta çıxan I Şah Səfinin dövründə (1629 - 1642) də davam etdirildi. Nəhayət, 1639-cu il mayın 18-də müharibəyə yekun vuran Qəsri - Şirin müqaviləsi bağlandı. Müqavilə 27 maddədən ibarət olub, 40 il müddətinə nəzərdə tutulmuşdu. Tərəflər 1612-ci il “Sərab” andlaşmasının şərtlərini bir daha təsdiq etdilər . Bu müqavilə ilə Səfəvilər Bağdad daxil olmaqla Ərəb İraqının itirilməsi ilə razılaşdılar və üstəlik Van, Qars, Axıska Osmanlının tərkibində qalırdı.

I Şah Abbasın xarici siyasətində ən mühüm məsələlərdən biri də İran körfəzində Portuqaliyanın ağalığına son qoymaqdan ibarət idi. Hörmüz limanı körfəzdə üç mühüm strateji məntəqədən biri olub sahibinə İran körfəzi vasitəsilə Hind okeanı və Qırmızı dənizə çıxışı təmin etmək və beləliklə, Cənub-Şərqi Asiya ticarətinə nəzarət etmək imkanı verirdi. I Şah Abbasın portuqallara qarşı mübarizədə İspaniyadan kömək almaq cəhdləri uğur qazanmadığından o, bölgədə portuqal və hollandların əsas rəqibi olan İngiltərənin “Ost - Hind” şirkəti ilə 1621-ci ildə müqavilə bağladı. Müqaviləyə görə şirkətin donanması Hörmüzün geri alınmasında Səfəvilərə yardım göstərməli, əvəzində Hörmüzdə əldə olunacaq gömrük rüsumu Səfəvi və İngiltərə dövlətləri arasında yarı bölünməli və həmin limana gətirilən ingilis mallarından heç bir gömrük rüsumu alınmamalı idi.1622-ci ildə ingilislərin köməyi ilə körfəzin əsas məntəqələri olan Hörmüz və Kiş adaları portuqallardan geri alındı. I Şah Abbas qələbə münasibəti ilə “Ost - Hind” şirkətinə ticarət imtiyazları ilə bərabər Bəndər Abbas limanında iki ticarət faktoriyası yaratmağa icazə verdi. Ancaq ingilislər burada bina tikə bilməzdilər. I Şah Abbas İran körfəzində İngiltərənin nüfuzunun güclənməsinin qarşısını almaq üçün Portuqaliya və Hollandiya ilə də müqavilələr bağladı. 1625-ci il müqaviləsi ilə portuqallar müəyyən ticarət imtiyazı əvəzində, körfəzdəki bütün keçmiş müstəmləkələrinin dövlətimizə məxsusluğunu təsdiq etdilər. 1623-cü il noyabrın 21-də Hollandiya ilə bağlanan müqavilə ilə bu ölkənin tacirlərinə sərbəst ticarət hüquq verilmişdi.

Səfəvilər dövründə Azərbaycanın dövlət quruluşu qeyri - məhdud monarxiya idi. Dövlətin başında duran şah mütləq hakimiyyətə malik idi və hakimiyyət irsən ötürülürdü. Səfəvi şahları Ərdəbil dərviş ordeninin irsi başçıları olmaqla dini hakimiyyətə də nəzarəti öz əllərində saxlayırdılar. Şahın yanında məşvərətçi orqan olan Ali Məclisin 12 üzvü var idi. Bu məclis mühüm, xüsusilə hərbi məsələlərin müzakirə edilməsi üçün çağırılırdı və şah yüksək rütbəli dövlət xadimlərinin təkliflərini nəzərə alırdı. Dövlətdə şahdan sonra baş vəzir gəlirdi və yüksək mənsəbli bu məmur dövlətin daxili və xarici siyasətinə aid məsələlərin həllində mühüm rol oynayırdı. Şah tərəfindən ruhani idarəsinin başçısı təyin edilən sədr bütün dini və məhkəmə işlərinə, vəqf əmlakına nəzarət edirdi. Əmir-əl ümarə (əmirlər əmiri) Ali Məclisin üzvü olub, müharibə dövründə silahlı qüvvələrin baş komandanı vəzifəsini daşıyırdı.

Azərbaycan Səfəvi dövləti inzibati baxımdan 13 bəylərbəyiliyə və 4 valiliyə bölünmüşdü. XVI - XVII əsrlərdə bütün 13 bəylərbəyiliyin hamısının başçısı türk qızılbaş əyanlarından təyin olunurdu. Dörd valilikdən biri olub, Kartli - Kaxetin daxil olduğu Gürcüstan vilayətinin başçısı olan vali və bütün rəhbər heyət hökmən müsəlman dinini qəbul etməli idi. Bəylərbəyiliklərin və vilayətlərin başçıları şahın fərmanı ilə təyin olunurdu. Bəylərbəyi ona tapşırılan vilayətdə bütün sosial - iqtisadi, maliyyə və hərbi məsələləri həll etmək kimi çox böyük səlahiyyətlərə malik idi. O, vilayətdə qoşun dəstəsi saxlayırdı. Bəylərbəyilər XVI əsrin 30-cu illərinədək sultan, sonralar isə xan titulu daşıyırdılar.

Bəylərbəyiliklər mahallara bölünürdü. Mahalları şah tərəfindən təyin olunan mahal hakimləri idarə edirdilər.

Şəriət məhkəmələrinə qazılar rəhbərlik edirdilər. Şəriət məhkəməsində baş qazının hökmü ilə cinayət işinin başlanmasına fətva veriləndən sonra, hətta şahın belə, məhkəmə prosesini dayandırmaq və onun işinə müdaxilə etmək hüququ yox idi. Şəhərləri idarə edən məmur kələntər adlanırdı. Kələntərə tabe olan darğa şəhərdə asayişin qorunmasına və şəriət qanun - qaydalarına düzgün əməl olunmasına cavabdeh idi.

XVI - XVII əsrlərdə Səfəvilərin silahlı qüvvələrinin təşkili qaydasına görə ordu iki hissədən ibarət idi.


  1. Dövlətə tabe olan qoşun (bəylərbəyilərin və digər vilayət hakimlərinin nəzarətində olan hərbi dəstələr və qorçu alayları)

  2. Şaha tabe olan qoşun (tüfəngçilər, qulamlar və topçu alayları)

XVI - XVII əsrlərdə Azərbaycan dünyada və Şərqdə ipəkçiliyin əsas mərkəzlərindən sayılırdı. Azərbaycanın xam ipəyi əsasən Qərbi Avropa ölkələrinə ixrac olunurdu. İtaliya və İngiltərə tacirlərinin Azərbaycandan apardıqları xam ipək Avropanın toxuculuq manufakturalarını çox keyfiyyətli xammalla təmin edirdi. Türklər, suriyalılar və digər əcnəbilər ticarət üçün bura axışıb gəlirlər. Avropada Azərbaycandan gətirilən Mahmudabad, Şirvan, Qarabağ, Şəki, Gəncə ipəyini adları ilə çox yaxşı tanıyırdılar.

XVI - XVII əsrlərdə Azərbaycan kəndində natural vergilər üstünlük təşkil etsə də, bəzi vergilər pulla ödənilməyə başlanılmışdı. Kəndlərdə istehsal olunan ipək daxili və xarici bazarlara çıxarılaraq əmtəə xarakteri alırdı.

Səfəvilər dövründə sənətkarlıq və ticarət sürətlə inkişaf edirdi. Ölkədə 40-dan çox sənət sahəsi vardı. Bu sahələr içərisində toxuculuq, misgərlik, dəmirçilik, dabbaqlıq, dulusçuluq, dərzilik, bənnalıq və sair xüsusi ilə seçilirdi.

I Şah Təhmasib tərəfindən 1565-ci ildə tamğa vergisinin ləğvi sənətkarlığın və ticarətin inkişafını sürətləndirən amillərdən biri olmuşdur. Səfəvilər Qərbi Avropa, Osmanlı, Rusiya, Hindistan və başqa ölkələrlə geniş ticarət əlaqələri saxlayırdı.

Səfəvi ipək bazarından İngiltərə və Hollandiyanı sıxışdırıb çıxarmağa çalışan Rusiya 1667-ci ildə birbaşa şahın nəzarətində olan Yeni Culfa ticarət şirkəti ilə müqavilə bağlanmışdı. Müqaviləyə görə, Səfəvi xam ipəyinin ixracatı üzərində inhisar hüququ olan Rusiya bu sahədə əsas vasitəçiyə çevrilməli idi. Gömrüksüz ticarət hüququ alan rus tacirləri xam ipəyi Həştərxandan Moskvaya, oradan isə Mərkəzi və Qərbi Avropa ölkələrinə ixrac edə bilirdilər. Qeyd etmək lazımdır ki, bu ticarət müqaviləsi ona bəslənilən ümidləri doğrultmadı, çünki ingilis və holland tacirləri Səfəvi xam ipəyini birbaşa, vasitəsiz satın almağı üstün tuturdular.

XVI - XVII əsrlərdə Azərbaycanda torpaq sahibliyinin ənənəvi beş növü qalmaqda idi. 1. Divan (xəzinə), 2. xassə, 3. vəqf, 4. icma (camaat), 5. xüsusi torpaq sahibliyi (mülk və tiyul). Səfəvilər dövründə torpaq sistemində baş vermiş əsas dəyişikliklər yeni şərti tiyul torpaqlarinin soyurqalı əvəz etməsindən, vəqf əmlakının genişlənməsi və iri feodallar tərəfindən icma torpaqlarının ələ keçirilməsindən ibarət idi. Torpaq münasibətləri öz feodal səciyyəsini saxlamaqda idi. Səfəvilər dövründə tiyul torpaqları bir qayda olaraq yeni şah taxta çıxarkən divan və xassə torpaqlarından paylanırdı. Tiyul paylanması əslində gəlirlərin dövlətin dayağı olan qüvvələr arasında bölüşdürülməsi və yenidən bölüşdürülməsi vasitəsi olmuşdur. Tiyul torpaq sahibliyi Şah I Abbasın (1587 - 1629) islahatlarından sonra qanuni şəkil almışdı.

XVI - XVII əsrlərdə divan və xassə torpaqları ilə yanaşı, vəqf əmlaklarının da genişlənməsinə dövlət xüsusi qayğı göstərirdi. Bunun nəticəsində də vəqf mülkiyyətinə böyük torpaq sahələri ilə yanaşı, kəhrizlər, dükanlar, sənətkar emalatxanaları, karvansaralar, dəyirmanlar və sairə daxil idi. Vəqf əmlakı dövlət vergilərindən azad idi; satıla və bağışlana bilməzdi.I Təhmasib 1555/1556-cı ildə vergi və mükəlləfiyyətlərin miqdarını müəyyənləşdirmək üçün 96 maddədən ibarət qanun (Dəstur əl-əməl) vermişdi. Qanunun mətni hətta daş üzərində yazılaraq əhalinin bilməsi üçün Təbrizin şəhər meydanına qoyulmuşdu. Şah Təhmasibin Bakıda Cümə məscidinin minarəsinin özül daşında həkk olunmuş hicri 964-cü (1556 - 1557) il tarixli fərmanında dövlətin bütün vilayətlərində rəiyyətdən alınan vergilərin (malcəhət və vucuhat) azaldıldığı göstərilmişdi.

XIII əsrdə monqollar tərəfindən tətbiq edilən tamğa vergisi bazara çıxarılan satlıq məhsula görə sənətkar və tacirlərdən alınırdı. Bu vergini Azərbaycan hökmdarı sultan Həsən (1468 - 1478) ləğv etməsə də, onun miqdarını yarıbayarı azaltmışdı. Şəhər sənətkarlığının və ticarətin yolunda bu maneəni aradan qaldırmaq üçün Şah Təhmasib 1565-ci ildə Azərbaycan, İraq, Fars, Xorasan və Kirmanda illik miqdarı çox böyük məbləğə - 30 min tümənə çatan tamğa vergisini ləğv etmişdi. Bu fərmanla pul kəsilən zərbxanalardan da tamğa yığılmasına son qoyulmuşdu.

Şah Abbas 1598-ci ildə paytaxtı Qəzvindən İsfahana köçürdükdən sonra Azərbaycanla yanaşı, bütün imperiyanı himayə edən iqtisadi siyasətə üstünlük verirdi. Müharibələr nəticəsində Azərbaycanın əhalisi köçürülmüş və təsərrüfatı dağıdılmış bölgə və şəhərlərinin iqtisadi vəziyyətini yüngülləşdirən tədbirlərə də əl atırdı. Belə ki, şahın fərmanı ilə Azərbaycanın ayrı - ayrı şəhərlərinə, məsələn, Ordubad və Dərbəndə vergi immuniteti verilmişdi.

I Şah Abbas ölkə iqtisadiyyatının ən gəlirli sahəsi olan xam ipək ticarəti üzərində dövlət inhisarı qoymuşdu. Bunun nəticəsində də əyanlara və rəiyyətə məxsus ipəkçilik təsərrüfatlarında yetişdirilən xam ipəyi yalnız dövlət xəzinəsi satın ala bilərdi. Şah Abbası əvəz edən I Şah Səfi (1629 - 1642) xam ipək ticarəti üzərində dövlət inhisarının ləğv edilməsi haqqında fərman verərək dövlət məmurlarının xam ipək alqı-satqısına müdaxiləsini qadağan etmişdi. Şah Səfi 1629-cu ildə keçirilən tacqoyma mərasimi münasibətilə bütün rəiyyətlərin dövlət xəzinəsinə ödəyə bilmədiyi vergi borclarını ləğv etmişdi. Tarixi mənbələrdə II Şah Abbas (1642 - 1666) tərəfindən tacqoyma mərasimi günü ölkə əhalisinin xəzinəyə 500 min tümən məbləğində vergi borcunun, 1650-ci ildə isə Qəndəhar vilayətinin alınması münasibətilə daha 300 min tümən məbləğində vergi borcunun ləğv edilməsi haqqında məlumatlar vardır.

Səfəvi dövründə dövlətimizin maliyyə - vergi sisteminin nizamlanmasında I Şah Abbasın sarayında vergi idarəsinin başçısı vəzifəsini tutmuş Hətəm bəy Ordubadi əsas rol oynayırdı. Şahın fərmanı ilə 1591-ci ildən 1602-ci ilədək ölkənin mədaxili və məxarici üzrə sənədləri tərtib edən H.Ordubadinin təkliflərinin Azərbaycanda həyata keçirilməsinə I Şah Abbas müharibəni bəhanə gətirərək icazə verməmişdi. Şah müharibə bölgələrində, o cümlədən Naxçıvanda bütün əkin işlərini qadağan etmişdi. Müvəqqəti dinclik dövrlərində əhalinin öz torpaqlarını əkib-becərmək haqqındakı xahişlərinə hökumət orqanlarından müsbət cavab verilmirdi. Yalnız 1639-cu ildə Osmanlılarla sülh bağlandıqdan sonra həmin bölgələrdə təsərrüfat işlərinin aparılmasına icazə verilmişdi.

Tarixi mənbələr və səyyah gündəlikləri Səfəvi dövlətində nəinki XVI əsrdə, XVII əsrdə də Azərbaycan türk dilinin dövlət səviyyəsində geniş şəkildə işləndiyini göstərir. Böyük alman alimi Adam Oleari XVII əsrin 30-cu illərində İsfahanda şah sarayında əcnəbi elçilərin qəbulu zamanı Azərbaycan türk dilində danışıldığını qeyd etmişdir. Fransız səyyahı Jan Batist Tavernye yazırdı: “Səfəvi saray adamlarının dili türk dilidir.” Tavernyedən 20 il sonra Səfəvi ölkəsində olmuş alman alimi Engelbert Kempfer (1685 - 1694) isə yazmışdı: “Səfəvi sülaləsinin ana dili olan türk dili sarayda yayılmış dildir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək günah sayılır. Türk dili bütün Şərq dillərindən asandır. Türkcə danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda (mərkəzi dövlət idarəsində) və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.”

Səfəvilər dövrünün görkəmli şair və mütəfəkkirlərindən Məhəmməd Füzulini, filosof Həqirini, I Təhmasibin tarixçisi olmuş Həsən bəy Rumlunu, Oruc bəy Bayatı, I Şah Abbasın tarixçisi olmuş İsgəndər bəy Münşini və 1645-ci ildə II Şah Abbasın tarixçisi Məhəmməd Tahir Vahidi göstərmək olar.Şah İsmayıl Marağa rəsədxanasını bərpa etdirmişdi. 1522-ci ildə Şah İsmayıl rəssam Kəmaləddin Behzadı Təbrizdəki saray kitabxanasına rəis təyin etmişdi. XVI - XVII əsrlərdə Azərbaycanda böyük məktəb və mədrəsə şəbəkəsi var idi. Şamaxıda 40 məktəb, 7 mədrəsə, Təbrizdə 600 məktəb, 47 mədrəsə fəaliyyət göstərirdi. Bu dövrdə coğrafiya, tarix, fəlsəfə, riyaziyyat, məntiq, qrammatika və başqa fənlərə aid bir sıra elmi əsərlər yazılmışdı.

XVI əsrdə Təbrizdə bədii miniatür məktəbi fəaliyyət göstərirdi. Bu məktəb çoxlu istedadlı rəssam yetişdirmişdi. Onlardan ən məşhuru Sultan Məhəmməd idi. Kəmaləddin Behzadı, Mir Müsaviri, Mövlana Müzəffər Əlini, Mir Zeynalabdin Əli də Təbriz miniatür məktəbinin nümayəndələri hesab edilir. Sadıx bəy Əfşar məşhur naturalist rəssam idi.

Həmin dövrdə Azərbaycanda bədii xəttatlıq da geniş yayılmışdı. Bu sahədə Mövlana Məhəmməd Həsən xüsusi yer tuturdu. XVII əsrdə İsfahan rəssamlıq məktəbi Təbriz miniatür məktəbinin ənənələri əsasında yaranmışdı. Xəttat - miniatürçü rəssamlardan Əli Rza Təbrizi, Seyid Əli Təbrizi və Mir Əbdülbaqi Təbrizi xüsusi ilə məşhur idi.

II Şah Abbas (1642 - 1666) saray kitab evinə xüsusi diqqət yetirmiş, Mirzə Murimini kitab evinin hamisi təyin etmişdi. II Şah Abbasın vaxtında kitab çap etmək üçün Avropadan ölkəyə mətbəə avadanlığı gətirilməsinə təşəbbüs göstərilmişdi. Lakin kifayət qədər vəsaitin ayrılmaması, II Abbasın ölümü və I Şah Süleymanın kitabsevər alimlərin təkliflərinə biganə yanaşması bu mütərəqqi təşəbbüsün yarımçıq qalmasına səbəb oldu.

Səfəvilər dövründə Azərbaycanda kitabların üzünün əllə köçürülməsi işi geniş yayıldığından ölkədə xəttatlıq sənəti yüksək səviyyəyə çatmışdı. Kitabların dəyəri təkcə məzmununa görə deyil, xəttinə və həcminə görə müəyyənləşdirilirdi. Səfəvi hökmdarlarının, xüsusilə Şah Sultan Hüseynin musiqini qadağan edən fərmanlarına baxmayaraq, XVII əsrin II yarısında musiqi sənəti də inkişaf etməkdə idi. Fransız səyyahı Şarden XVII əsrin ortalarında İrəvanda bəylərbəyinin sarayında üç hissəli tamaşaya baxmış və onu “Şərqin operası” adlandırmışdı.

XVI - XVII əsrlərdə Azərbaycanda mədrəsələr, məscidlər, karvansaralar və bir çox mühüm memarlıq abidələri tikilmişdi. Bunlardan XVI əsrə aid 1544-cü ildə Qusar rayonunun Həzrə kəndində tikilmiş Şeyx Cüneyd məqbərəsini, Naxçıvanda Əlincə çayı üzərindəki körpünü, Bakının Şərq darvazalarını, XVII əsrdə inşa edilmiş memarlıq abidələrindən isə 1663-cü ildə Sərkar Əbdüləzimin rəhbərliyi ilə Şamaxının Kələxana kəndində inşa edilmiş məqbərələri; 1663-cü ildə Nardaran kəndində tikilmiş məscidi; Gəncədəki Şah Abbas (cümə) məscidini; Suraxanıda hind atəşpərəstlərinin tikdirdiyi məbədi və Təbrizdə Şibli karvansarasını göstərmək olar.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin