MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Bayandurlu sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın



Yüklə 418,25 Kb.
səhifə33/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   29   30   31   32   33   34   35   36   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Bayandurlu sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın

daxili və xarici siyasəti (1468 - 1501-ci illər)

Bayandurlu tayfası 12 oğuz boyundan biri olmaqla, ta qədimdən Azərbaycanın Göyçə gölü, Qarabağ, Naxçıvan, Alagöz dağları və Arazdan cənubdakı torpaqlarında yaşayırdı. Bayandurlu tayfa birliyinə pornək, əfşar, bayat, qacar, dügər, hacılı və digər oğuz boyları daxil idi. Bayandurlu nəslinin nümayəndəsi Qara Yuluq Osman (1394 - 1434) 1402-ci il Ankara savaşından sonra Diyarbəkr bəyliyini yaratmış və öz adından pul kəsdirmişdi. 1453-cü ildə bəyliyin başına keçən Həsən bəy qısa müddət ərzində Bayandurlulara bağlı olan bütün oğuz türk boylarını siyasi baxımdan birləşdirmiş və hərbi qüvvə toplayaraq Cahanşaha qarşı mübarizəyə başlamışdı. O, 1467-ci ildə Muş döyüşündə Azərbaycan hökmdarı Cahanşaha qalib gəldikdən sonra Təbrizdə onun oğlu Həsənəlinin də müqavimətini qırıb şəhəri ələ keçirmişdi. Beləliklə, Azərbaycan dövlətində yeni - Bayandurlu sülaləsinin hakimiyyəti başladı. Bu sülalənin dövründə bütün Cənubi Azərbaycan, şimalda Kür çayına qədər bütün Qarabağ, Ərəb İraqı, Əcəm İraqı dövlətimizin tərkibinə daxil idi. Dövlətimizin başçısı Sultan Həsən 1468-ci ildə Təbrizdə taxta çıxarkən II Mehmetə məktubunda yazırdı: “İndi bütün Azərbaycan, İraq, Fars, Kirman, Şiraz, Ərəb İraqı bizim hökmümüz altındadır.” Müəyyən vaxtlarda Tiflis də daxil olmaqla, Şərqi Gürcüstan da dövlətimizin tərkibində olmuşdur. Təbriz isə paytaxt şəhər statusunu saxlamışdı. Dövrünün görkəmli siyasətçisi və cəsur sərkərdəsi olan Həsən padşahın hakimiyyətə gəlməsi xalqımız tərəfindən rəğbətlə qarşılandı. Ancaq Teymuri hökmdarı Əbu Səid Azərbaycanla bağlı planlarının alt - üst olduğunu görüb, 1468-ci ildə böyük ordu ilə ölkəmizə hücum etdi. Həsən padşah bütün siyasi, hərbi və diplomatik bacarığını işə salaraq Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi Şeyx Heydərlə Teymurilərə qarşı ittifaq yaratdı. 1469-cu ildə Muğan düzündə Mahmudabad döyüşündə Əbu Səidin qoşunları darmadağın edildi və bununla da dövlətimiz üçün əsas təhlükələrdən biri aradan qalxdı. Sultan Həsən Əbu Səidi məğlub etdikdən sonra Teymuri xanədanı üzərində siyasi təsirini gücləndirməyə çalışırdı. II Mehmetə məktubunda bununla bağlı yazırdı: “Böyük padşah sultan Hüseyn Bayqaradan bizə elçi heyəti gəldi. Onlar pullarını və xütbəni bizim hümayun adımızla bəzədilər və öz itaətlərini göstərdilər.” Sultan Həsən böyük bir qoşun yollayaraq Xorasan vilayətini Herat hakimi Hüseyn Bayqaranın əlindən aldı və vassalı olan Teymuri xanədanının üzvü, şahzadə Yadigar Məhəmmədi Herat şəhəri daxil olmaqla, Amudərya çayından Hindistan sərhədlərinə qədər olan torpaqlara hakim təyin etdi. O, Xorasanın idarəsini də Yadigar Məhəmmədə ona tapşırmışdı.

Sultan Həsən mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi köçəri əyanların müqavimətini qırmağa və ölkənin iqtisadi inkişafını təmin etməyə çalışırdı. Dövlətin maliyyə - vergi sistemində atılan ən mühüm addım “Qanunnamə”nin verilməsi oldu. Məqsəd vergi sistemini qaydaya salmaq və bu sahədə məmurların və əyanların özbaşınalıqlarına son qoymaqdan ibarət idi. Hətta XVI əsrdə, Səfəvilərin dövründə belə bəzi dəyişikliklərlə qüvvədə qalan bu “Qanunnamə” ilə əhalidən alınan vergilərin əsas növləri dəqiqləşdirildi və onun həcmi azaldıldı. Monqollardan qalan və sənətkarlığın, ticarətin inkişafına əngəl olan tamğa vergisinin həcmi yarıya qədər azaldıldı, karvansaralardan alınan gömrük (bac) vergisi dəqiqləşdirildi. Sultan Həsən Azərbaycanın şəhər və bölgələrini inkişaf etdirmək üçün böyük pul vəsaitləri ayırırdı. Onun dövründə Təbriz, Sultaniyyə və Şamaxı ən böyük ticarət mərkəzləri kimi fəaliyyət göstərirdi. Təbriz şəhərinin illik gəliri 87500 tümən, Şamaxının isə 11300 tümən olmuşdu. Mənbələrdə “ədalətli sultan” adlandırılan Həsən padşah Azərbaycanda elmin, təhsilin və ümumilikdə mədəniyyətin inkişafına xüsusi qayğıyla yanaşırdı. Onun dövründə Təbriz saray kitabxanasının fəaliyyəti genişlənmiş və Təbriz miniatür məktəbinin əsası qoyulmuşdu.

Sultan Həsən Bayandurlunun dövründə xarici siyasətdə Osmanlı və Avropa dövlətləri ilə münasibətlər əsas yer tuturdu. Şərqdə geniş işğallara başlayan Osmanlı dövləti ilə münasibətlər kəskin xarakter almışdı. Strateji bölgələr və Qərb - Şərq ticarət yollarına nəzarət üstündə bu iki türk dövlətinin mənafeləri kəskin şəkildə toqquşurdu. Üstəlik, Osmanlı sultanı II Mehmet Fateh Azərbaycandakı ipək istehsalı mərkəzlərini ələ keçirmək istəyirdi. Həsən padşah Osmanlı dövlətinin bu addımlarının qarşısını almaq, Avropa ölkələri ilə birbaşa ticarət qurmaq və ordusunu müasir odlu silahlarla və toplarla təmin etmək üçün fəal xarici siyasət yürüdürdü. Mənafe ümumiliyinə görə Osmanlıya düşmən olan Avropa dövlətləri Həsən padşaha özlərinin təbii müttəfiqi kimi baxırdılar. Osmanlı ilə münasibətlərin kəskinləşməsinə əsas səbəb Həsən sultan hələ Diyarbəkr hakimi olanda ortaya çıxan Trabzon məsələsi olmuşdu. Qara dəniz sahillərində yerləşən Trabzon - Yunan imperatorluğu Azərbaycan tacirləri üçün Qara dənizə əsas çıxış olmaqla yanaşı, həm də Azərbaycanın Osmanlıya qarşı hərbi - strateji baxımdan müttəfiqi idi. Eyni zamanda Həsən padşah Trabzon imperatorunun bacısı Teodora (Dəspinə xatun) ilə evlənmişdi. 1461-ci ildə Trabzon uğrunda Həsən Bayandurlu ilə II Mehmet arasında Qoyluhisar döyüşü baş vermiş və Osmanlılar məğlub olmuşdular. Sultan Həsənin anası Sara xatun bir diplomat kimi Osmanlılarla aparılan danışıqlarda savaşın dayandırılmasına nail olmuş və bu məsələ ilə bağlı 1461-ci ildə Yassıçəməndə sülh sazişi bağlanmışdı. Nəticədə Diyarbəkr bəyliyi Osmanlı ilə böyük müharibə təhlükəsindən xilas olsa da, Trabzonu Osmanlı işğalından xilas etmək mümkün olmamışdı. Sara xatunun “Trabzon nədir ki, sultan böyük bir ordu ilə əziyyətə qatlaşıb yola çıxır?” - sualına Mehmet Fateh belə cavab vermişdi: “Əlimizdəki qılınc İslamın qılıncıdır. Məqsəd qala fəth etmək deyil, bu yeri müsəlmanlara Vətən yapmaqdır. Bu yolda nə qədər əziyyət çəksək yenə azdır.”

1461-ci il oktyabr ayının 26-da II Mehmet Trabzon imperatorluğunun fəthini başa çatdırdı. Trabzon xəzinəsində olan ən dəyərli nə varsa, Sultan Sara xatuna ərmağan etdi. Trabzonun süqutu ilə Həsən padşah Qara dənizə yeganə çıxış yolunu və hərbi - strateji müttəfiqini itirdi. Eyni zamanda Osmanlı dövləti ilə münasibətlər daha da kəskinləşdi.

1468-ci ildə Təbrizdə hakimiyyətə yiyələnərək böyük Azərbaycan dövlətinin başçısı olan Bayandurlu Sultan Həsənin Avropa siyasəti müasir odlu silahlar və toplar almaqla yanaşı, başlıca olaraq Osmanlıya qarşı müttəfiq axtarışına yönəlmişdi. Geniş diplomatik fəaliyyətin nəticəsində Azərbaycanla Venesiya Respublikası, Vatikan, Neapol krallığı, Macarıstan və Kipr arasında Osmanlıya qarşı hərbi ittifaq və birgə müharibə planı hazırlanmışdı. Plana görə Sultan Həsənin qoşunları Aralıq dənizi sahillərinə çıxmalı, Avropadan göndərilən odlu silahı və artilleriyanı qəbul etdikdən sonra müttəfiqlərin İstanbula birgə yürüşü başlamalı idi. 1472-ci ilin yazında həmin plana uyğun olaraq Sultan Həsən Osmanlı üzərinə yürüşə başladı. O, Qeysəriyyə yaxınlığında Osmanlı ordusunu məğlubiyyətə uğradıb, Aralıq dənizi sahillərinə yetişsə də, Avropalı müttəfiqləri gəlib çıxmadılar. Beyşehir savaşında məğlubiyyətə uğrayan Sultan Həsən geri qayıtmalı oldu. Beləliklə, onun Avropadan odlu silah almaq və müttəfiqləri ilə Aralıq dənizi sahilində birləşmək planı xristian dövlətlərinin xəyanəti nəticəsində boşa çıxdı. 1472-ci ildə Sultan Həsənlə Osmanlıya qarşı hərbi ittifaq bağlayan Venesiya Respublikası müttəfiqinə kömək etmək əvəzinə, Osmanlı sarayında Misir və Suriyadan keçən quru yollarda ticarət imtiyazları qazanmaq üçün gizli danışıqlar aparırdı. Maraqlıdır ki, Venesiya Senatı yalnız 1473-cü ilin yanvar ayında Azərbaycana odlu silah göndərmək haqqında qərar qəbul etmişdi. Sultan Həsən 1473-cü ilin yanvarında Osmanlı ilə yeni savaşa başladı. 1473-cü ilin avqust ayının 1-də baş vermiş Malatya döyüşündə Sultan Həsən hərbi sərkərdəlik bacarığı və taktikası nəticəsində qalib gəlsə də, avqustun 11-də Tərcan (Otluqbeli) döyüşündə Osmanlı tərəfindən ağır məğlubiyyətə uğradıldı. 1472 - 1473-cü illər savaşında məğlubiyyətimizin əsas səbəbi Osmanlı ordusunun güclü artilleriya və odlu silaha malik olması, Avropadakı müttəfiqlərin xəyanəti, Misir və Suriyada Osmanlıya qarşı çıxan qüvvələrdən istifadə edilməməsi idi. Buna baxmayaraq, Osmanlının Şərqə doğru işğallarının qarşısı alındı və II Mehmetin Azərbaycanı ələ keçirmək planı boşa çıxdı. Bundan sonra, Sultan Həsən ayrı - ayrı Avropa ölkələrinin Osmanlıya qarşı birlikdə savaşmaq təkliflərini qulaqardına vurur və Avropa elçilərinin onun sarayında uzun müddət qalıb, Osmanlıya qarşı müəyyən ”zərərli” fəaliyyət göstərməsinə imkan vermirdi. O, Avropa diplomatiyasının iki türk dövlətini qarşı - qarşıya qoyub, hər ikisini zəiflətmək siyasətini artıq yaxşı dərk etmişdi.

Sultan Həsən hərbi - köçəri əyanların mərkəzdənqaçma meyllərinin təzahürü kimi 1474-cü ildə Şirazda baş vermiş qiyamı yatırmaq üçün böyük hərbi qüvvə sərf etməli oldu. Qiyamın rəhbəri olan oğlu Uğurlu Məhəmməd qaçıb Osmanlı sarayına sığınaraq II Mehmetin qızı ilə evlənmişdi. Sultan Həsən tarixi müsəlman türk torpaqları olan Tiflisin və ümumiyyətlə Şərqi Gürcüstanın dövlətimizin tərkibinə daxil edilməsinə xüsusi diqqət yetirirdi. 1474 - 1477-ci illərdə, mənbədə deyildiyi kimi, “İslamın qalib gəlməsi və dinimizin güclənməsi naminə işığın bayrağını küfrün qaranlıq ölkəsinə yönəldərək kafir qalalarını dağıtmaq, cəhalət və dinsizliyin kökünü kəsmək üçün Gürcüstan üzərinə müqəddəs yürüşə (cihada) yollandı.” Nəticədə Tiflis də daxil olmaqla, Şərqi Gürcüstan Azərbaycan dövlətinin tərkibinə daxil edildi.

Sultan Həsənin dövründə Moskva knyazlığı və Qızıl Orda dövləti ilə də iqtisadi və diplomtik əlaqələr saxlanılırdı. Qızıl Orda dövləti danışıqlar yolu ilə Təbriz sarayından öz cənub sərhədlərinin təhlükəsizliyinə təminat almışdı. Bu müsəlman və türk dövləti ilə yaxşı münasibətlərini daha üstün tutan Sultan Həsən 1475-ci ildə Moskva knyazı III İvanın Qızıl Ordaya qarşı ittifaq bağlamaq haqqında təklifini rədd etmiş və rus elçisini geri göndərmişdi.

1478-ci ildə Sultan Həsənin vəfatından sonra taxta oğlu Sultan Yaqub çıxdı. Sultan Yaqubun hakimiyyəti dövründə (1478 - 1490) ölkə daxilində nisbi sabitlik hökm sürürdü. Şirvan taxtı ilə ənənəvi dostluq münasibətləri Şirvanşah Fərrux Yasarın qızı ilə nigahdan sonra daha yüksək səviyyəyə çatmışdı. Qohumları olan (Sultan Həsən bacısını Şeyx Cüneydə, qızını isə onun oğlu Şeyx Heydərə vermişdi) Ərdəbil şeyxləri ilə münasibətləri isə pisləşmişdi. Sultan Yaqub 1480-ci ildə Misir və Suriya hökmdarının ordusunu məğlubiyyətə uğratmışdı. Sultan Yaqubun ölümündən sonra Azərbaycan Bayandurlu səltənətində hakimiyyət uğrunda mübarizə və siyasi çəkişmələr gücləndi. Taxta çıxan Sultan Baysunquru (1490 - 1492) Bərdə döyüşündə yenən iri əyanlar Sultan Həsənin nəvəsi Rüstəm Mirzəni hakimiyyətə gətirdilər. Rüstəm Mirzə (1492 - 1497) Bayandurlu taxtının ən çox soyurqal paylayan hökmdarı kimi yadda qaldı. Əsas məqsədi iri əyanlardan özünə dayaq yaratmaq olsa da, soyurqal alan iri əyanlar get - gedə mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırmağa başladılar. Uğurlu Məhəmmədin Sultan II Mehmetin qızından olan oğlu Sultan Əhməd Osmanlı dövlətinin köməyi ilə 1497-ci ildə Rüstəm Mirzəni hakimiyyətdən uzaqlaşdırdı. Osmanlı dövləti bu yolla Azərbaycan taxt - tacını ələ keçirmək istəyirdi. Tarixdə Gödək Əhməd kimi tanınan bu Sultanın çox qısa, yeddi aylıq hakimiyyəti dövründə bir sıra mühüm islahatlar keçirildi. İlk növbədə mərkəzdənqaçma meyillərinin qarşısını almaq üçün irsi soyurqalların ləğv edilməsinə başlandı. Onun verdiyi fərmanda deyilirdi: “İrsi soyurqallar məhv edilsin və bundan sonra verilməsin. ”O, şəriətdə olmayan iyirmiyədək qeyri - qanuni vergini ləğv etdi. İri hərbi əyanlar mövqelərinin daha da sarsılacağından qorxaraq 1497-ci ildə qiyam qaldıraraq bu ağıllı hökmdarı devirdilər. Nəticə acınacaqlı oldu. Daxili siyasi mübarizə daha da gücləndi. 1499-cu (1500-cü il də yazılır) ildə dövlətimizin ərazisi Bayandurlu şahzadələri Əlvənd Mirzə və Murad Mirzə arasında bölüşdürüldü. Dövlətimizin özəyi sayılan Azərbaycan ərazisi Əlvənd Mirzə, Əcəm İraqı və Diyarbəkr bölgələri isə Murad Mirzə tərəfindən idarə olunmağa başlandı. Bu bölünmə Bayandurlu sülaləsinin hakimiyyətini daha da zəiflətdi və nəticədə Səfəvilər 1501-ci ildə Əlvənd Mirzənin, 1503-cü ildə isə Murad Mirzənin hakimiyyətinə son qoydular.

XV əsr Azərbaycanının təsərrüfat həyatı haqqında ən dolğun məlumatlar Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi, rus səyyahı Afanasi Nikitin, Venesiya elçiləri Ambroco Kontarini, İosafat Barbaro və alman səyyahı Şitlberker tərəfindən verilmişdir. Azərbaycanın ipəkçilik təsərrüfatı beynəlxalq əhəmiyyət daşıyırdı. Şirvan ipəyi Avropa və Asiya ölkələrində böyük şöhrət qazanmışdı. A.Kontarini xatirələrində qeyd edirdi ki, Avropa və Asiya ölkələrində Şirvan ipəyindən əla məxmər hazırlanır. Şamaxıda hazırlanan ipək Venesiyada “talaman ipəyi” adı ilə məşhur idi.

Şitlberker Şirvan ipəyindən Dəməşqdə, Kaşanda, Bursada, Venesiyada və başqa şəhərlərdə yaxşı parçalar hazırlandığını, əla məxmər toxunduğunu qeyd edirdi. Gözəl ipək parçalar, güləbətin, pambıq, bez, qumaş parçalar və qiymətli daşlar Şamaxı bazarında satılan əsas mallar idi. Şamaxıdan xam ipək, ipək parçalar Moskva dövlətinə, Venesiyaya, Kiçik Asiya, Suriya, İraq və başqa ölkələrə ixrac olunurdu. Avropa ölkələri (Venesiya Respublikası, Roma papalığı, Neapol krallığı, Avstriya - Macarıstan, Çexiya, Alman dövlətləri, Burqundiya hersoqluğu və s.) Azərbaycanla geniş ticarət əlaqələri saxlayırdılar.

XV əsrdə Azərbaycanın dövlət başçıları padşah titulu daşıyırdılar. Şirvanda isə dövlət başçısı şah adlanırdı. Həsən padşah Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdi. Dövlətimizdə baş komandan əmir-əl-üməra (əmirlər əmiri) adlanır, padşahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana (ağa) ləqəbini daşıyan sədr - əzəm tuturdu. O, ruhanilərə, vəqflərə, mədrəsə və dini müəssisələrə, onlardan vergi toplanılmasına və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O, daxili idarə və xarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Ölkə əyalət - vilayət, tümən və nahiyələrə bölünürdü. Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ordunun sıravi heyəti süvarilər, oxatanlar və xidmətçilərdən ibarət idi. Bayandurlu sülaləsinin hakimiyyəti dövründə Şirvanşahlıqla birlikdə Azərbaycan ordusunda 160 min döyüşçü var idi.

XV əsrdə torpaq mülkiyyətinin beş əsas forması var idi:

1. Divan (dövlət). 2. Xassə (sülalə). 3. Mülk (irsi). 4. Vəqf (dini) 5. Soyurqal

Soyurqal iqta əvəzinə verilən və irsən keçən torpaq idi. Soyurqal sahibi inzibati, vergi və məhkəmə toxunulmazlığı hüququna malik idi. Soyurqal sahibinin belə geniş hüquqa malik olması onun dövlət üçün saxladığı hərbi dəstənin bütün xərclərinin özü tərəfindən ödənilməsi ilə bağlı idi. Kəndlilərin ümumi istifadəsində olan icma torpaqları dövlət xəzinəsinə məxsus idi.

Şirvanşah Fərrux Yasarın 1474-cü ildə imzaladığı sənəddə 5, Bayandurlu şahzadəsi Qasımın 1498-ci ilə aid soyurqal sənədində 31 verginin adı çəkilmişdir. Uzun Həsənin “Qanunnamə” sinə əsasən kəndlilərdən məhsulun 1/5 hissəsini təşkil edən malcəhət adlı məhsul vergisi alınırdı. Kəndlilər sudan istifadəyə görə bəhrə, maldarlar otlaqdan istifadəyə görə çobanbəyi, sənətkar və tacirlər tamğa və bac vergisi ödəyirdilər. Xiristian əhalidən can vergisi alınırdı.

XV əsrin 30 - 80-ci illərində Cahanşahın, Sultan Həsənin və Sultan Yaqubun hakimiyyətləri dövründə Azərbaycanın şəhər həyatında canlanma baş vermişdi. İspan səyyahı Klavixo Təbrizi ölkənin ən böyük şəhəri kimi göstərmişdi. XV əsrin ikinci yarısında Xəzər dənizində əsas limana çevrilən Bakı Moskva və Mərkəzi Asiya ilə ticarətdə mühüm rol oynayırdı. Təbriz, Gəncə, Ərdəbil, Şamaxı şəhərləri toxuculuq və ipəkçilik mərkəzləri kimi tanınmışdı. Təbriz və Şirvan xalçaları bütün dünyada məşhur idi. Dulusçuluğun ən böyük mərkəzi Təbriz idi. Venesiya elçisi Kontarini Şamaxının zəruri məhsulların çoxluğu baxımından Təbrizdən də əlverişli olduğunu qeyd etmişdir. Qərblə ticarətdə Azərbaycan ipəyi xüsusi rol oynayırdı. 1475-ci ildə Şamaxıda olan Kontarini yazırdı: “Bu şəhərdə bizdə “Talaman ipəyi” adı ilə məşhur olan ipək istehsal olunur.”

Bu dövrdə Azərbaycanda əsas təhsil müəssisələri məktəb və mədrəsələr idi. Dövrün böyük filosofu Nəsimi idi. Nəiminin davamçısı olan digər filosof Əbdülhəsən Əli-ül-Əla hürufiliyi yayırdı.

XV əsrdə coğrafiya və tarix elmi də inkişaf edirdi. Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycan tarixinə və coğrafiyasına həsr edilmiş çox qiymətli əsər yazmışdır.

Şamaxılı filosof və münəccim (astronom) Seyid Yəhya Bakuvi, coğrafiyaçı və tarixçi Cəlaləddin Məhəmməd Dəvvani kimi alimlər də həmin dövrdə yaşayıb - yaradırdılar. Əbdülqadir Marağayi Yaxın və Orta Şərqdə geniş yayılmış muğamlar və mahnılar yaratmışdı. Azərbaycan rəssamlarından Əmir Dövlətyar, Əbdül Müsavir daha məşhur idilər. XV əsrdə Bakıda Şirvanşahlar saray kompleksi inşa edilmişdi. Bu kompleksdə divanxana və “Bayıl daşları”nın bədii tərtibatı diqqəti cəlb edir. 1465-ci ildə Cahanşahın əmri ilə Təbrizdə Göy məscid, Yaqub padşahın əmri ilə 1483-cü ildə “Həşt behişt” adlı saray kompleksi, Sultan Həsənin əmri ilə Təbrizdə Qeysəriyyə (Örtülü bazar) və Həsən padşah camesi ucaldılmışdı. XV əsrin ən görkəmli memarlıq abidəsi Şirvanşah I Xəlilullah tərəfindən Bakıda inşa etdirilmiş Şirvanşahlar saray kompleksidir. Divanxana, Seyid Yəhya Bakuvinin məqbərəsi, Şirvanşah I İbrahimin anası və oğlu üçün hazırlanmış qəbir və Şah məscidi memarlıq baxımından çox qiymətli abidələrdir. XV əsr Azərbaycan memarlıq abidələrindən Dərbənddə tikilmiş “Darülqiyamət” adlı qalanı (1421 - 1422), Dərbənd divarlarının “Qırxlar”qapısını, Bakıda İçərişəhərdə tikilmiş “Cümə məscidi”ni (1438 - 1439), Qəbələ rayonu Həzrə kəndində ucaldılmış Şeyx Bədrəddin məqbərəsini (1447), Mərdəkanda Tubaşah məscidini, Səngaçalda (Bakının 40 km - də) tikilmiş karvansaranı göstərmək olar.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin