Xoy xanlığı. Urmiya xanlığı zəiflədikdən sonra Xoy xanlığı Azərbaycanın cənub xanlıqları içərisində ən güclüsü oldu. Əhməd xanın hakimiyyəti dövründə (1763-1786) qonşu xanlıqlar və Kartli-Kaxetiya çarlığı ilə diplomatik əlaqələr qurulmuşdu. Təbriz xanlığı ilə münasibətlər dinc xarakter daşıyıb daha yüksək səviyyədə idi. İrəvan, Naxçıvan və Qaradağ xanlıqları bir müddət Xoy xanlığından asılı vəziyyətə düşmüşdü. Əhməd xan 1782-ci ildə Qarabağ hakimi İbrahimxəlil xanla birlikdə Qaradağ xanlığına qoşun yeridərək onun ərazisini öz aralarında bölüşdürmüşdülər. Əhməd xan dirçəlməkdə olan Urmiya xanlığını tabe etmək üçün Təbriz xanlığı ilə birləşmişdi. 1783-cü ildə Təbriz yaxınlığında döyüşdə Urmiya və Sərab xanlıqlarının birləşmiş qüvvələrini məğlubiyyətə uğratdıqdan sonra Xoy xanlığının nüfuzu daha da güclənmişdi.