İrəvan xanlığı. Səfəvilərin Çuxur Səəd bəylərbəyiliyi ərazisində, Azərbaycanın şimal-qərb hissəsində yaranmış İrəvan xanlığının əsası 1747-ci ildə Əfşar soyundan olan Mir Mehdi xan tərəfindən qoyulmuşdur. Xanlıq 15 mahaldan ibarət idi. Mərkəzi İrəvan şəhəriidi. Xanlığın əhalisinin demək olar ki, hamısını Azərbaycan türkləri təşkil edirdi. XVIII əsrin 50-ci illərinin əvvəllərindən xanlığı Qacar nəslinin nümayəndələri idarə etməyə başladılar. 1751-ci ildə urmiyalı Fətəli xan İrəvan xanlığına hücum edərək bura köməyə gəlmiş Kartli-Kaxeti çarı II İraklinin qoşunlarını məğlub etdi. Hüseynəli xan Qacarın dövründə (1759-1783) II İrakli İrəvan xanlığına 1765 və 1779-cu illərdə yürüşlər edərək onu özündən aslı vəziyyətə salmağa çalışır və müəyyən vaxtlarda xanı ona bac verməyə məcbur edirdi. 1779-cu il yürüşündə İrəvan qalasını ələ keçirə bilməyən II İrakli çoxlu sayda silahsız dinc əhalini əsir alıb aparmışdı. 1781-ci ildə İrəvan xanlığı ilə Kartli-Kaxeti çarlığı arasında bağlanmış sülh müqaviləsinə görə II İrakli 30 min tümən ödənc müqabilində həmin əhalinin geri qaytarılmasına razılıq vermişdi. Məhəmmədhüseyn xanın dövründə (1784-1805) gürcülərin yürüşlərinin qarşısı alınmış, Ağa Məhəmməd xan Qacarın 1795-ci il yürüşü zamanı İrəvan qalasında 35 gün müqavimət göstərilsə də, xanlığın ona tabe olmaqdan başqa çıxış yolu qalmamışdı. Irəvan xanlığının sonuncu hakimi Hüseynqulu xan Qacar (1806-1827) olmuşdur. Qacar dövlətinin başçısı Fətəli şah Hüseynqulu xanı Araz çayının sol sahilindəki bütün hərbi qüvvələrin sərkərdəsi təyin edərək ona “sərdar” titulu vermişdi.