Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri


Fövqəladə vəziyyət zamanı əhalinin xəbərdar edilməsi



Yüklə 0,82 Mb.
səhifə33/63
tarix12.04.2022
ölçüsü0,82 Mb.
#55237
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   63
Mülki müdafiə mühazirələr.

Fövqəladə vəziyyət zamanı əhalinin xəbərdar edilməsi
Gözlənilən, yaxud baş verən fəlakət barədə əhalini vaxtında xəbərdar etmək mülki müdafiənin ən əsas vəzifələrindən biridir. Qəza haqqında xəbər verməyin qaydası onun miqyası və yayılma sürəti nəzərə alınmaqla müəyyən edilir. Lakin bütün hallarda təhlükə haqqında xəbərdarlığın əsas vasitəsi radio və televiziya şəbəkəsidir. Adamların diqqətini tez cəlb etmək, həmçinin onların dərhal radio və televizorların ətrafına toplaşmasına nail olmaq üçün fövqəladə hallarda səs siqnallarından, nəqliyyat vasitələrinin fit səslərindən istifadə etməklə səs siqnalları verilir. Belə siqnal “hamının diqqətinə” siqnalı adlanır.

Bu həyəcan siqnallarını eşidən kimi hamı dərhal radio və televizorları qoşaraq hökumət orqanlarının, mülki müdafiə qərargahının fövqəladə hadisə barədə verdiyi xəbər və məlumatları diqqətlə dinləməlidir. Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydaları barədə qısa və aydın məsləhətlər, göstərişlər də verilir.

Xəbərdarlıq siqnalları barədə qabaqcadan tam təsəvvür yaradılmalıdır. Hamı bilməlidir ki, xəbərdarlıq siqnalları sülh və müharibə dövründəki fəlakətlər zamanı verilir. Ancaq bunların biri digərindən fərqlənir və bunu əhalinin bilməsi vacibdir.

Öncə qeyd edək ki, bir sıra təbii fəlakətlər barədə qabaqcadan xəbər vermək mümkündür. Məsələn, yaz daşqınlarının ehtimalı bir ay qabaqcadan bəlli olur və bu barədə müvafiq tədbirlər görülür. Yaxud sel təhlükəsi barədə 10-20 dəqiqə, bəzən 1-2 saat qabaq xəbər çatdırmaq olar. Bu zaman yerli mülki müdafiə qərargahı belə bir məlumat verə bilər:

“Diqqət Danışır rayon mülki müdafiə qərargahı. Vətəndaşlar Çayda suyun səviyyəsinin qalxması müşahidə olunur. Çayın sağ sahilindəki məhəllələri su basacağı gözlənilir. Həmin məhəllələrdə yaşayanlar ən vacib və zəruri şeyləri götürüb mərkəzi meydana tələssinlər. Evdən çıxarkən sobanı, qazı, işığı söndürməyi unutmayın. Bu barədə qonşularınıza da xəbər verin. Radio şəbəkəsi ilə verilən xəbərləri diqqətlə dinləyin, göstərişlərə dəqiq riayət edin”.

Belə bir vacib cəhəti də qeyd edək ki, müharibə zamanı adamlar hər cür ekstremal hallara qarşı ayıq olur, mülki müdafiə siqnalları və məlumatları üzrə çevik hərəkət edirlər.

Başqa sözlə, mülki müdafiə qərargahının göstərişlərini yerinə yetirməyə müəyyən dərəcədə hazır olurlar. Halbuki təbii fəlakətlər zamanı əhalinin belə çevik və dəqiq hərəkət etməsi heç də az əhəmiyyətli deyil. Bir sıra hallarda, tutalım, güclü qəzalar zamanı itirilən hər dəqiqə fəlakətin miqyasını genişləndirə bilər. Buna görə də mülki müdafiə orqanları ehtimal olunan belə qəzalara qarşı adamlar arasında qabaqcadan geniş izahat işləri aparmalı, təhlükəli ərazilərdə işləyənləri və yaşayanları buna hazırlamalıdırlar. Həmin ərazinin hər bir sakini bilməlidir ki, həyəcan siqnalı verildikdə necə hərəkət etməlidir.

Bilmək lazımdır ki, təbii fəlakətlərin, habelə qəzaların növündən və bu zaman yaranan konkret vəziyyətindən asılı olaraq “hamının diqqətinə” siqnalından sonra mül-ki müdafiə qərargahı tərəfindən elan edilən məlumat və göstərişlərin məzmunu müxtəlif ola bilər. Buna görə də hər bir adam onları diqqətlə dinləməli, təmkinli olmalı, cəld və mütəşəkkil davranmalıdır.

Müharibə dövründə isə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verirlər. Bu xəbər radio və televiziya, mətbuat orqanları vasitəsilə əhaliyə çatdırılır. Düşmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət çox müxtəlif, bəzən isə xeyli mürəkkəb olur.

Müharibə zamanı düşmənin nüvə, kimyəvi, bakterioloji silahlar və başqa silahlar işlətmək qorxusu yarandıqda dərhal mülki müdafiənin xəbərdarlıq siqnalları verilir, bu məqsədlə radiodan, televiziyadan, bütün rabitə vasitələrindən, səs və işıq siqnallarından istifadə olunur. Belə hallarda “hamının diqqətinə” siqnalından sonra yaranmış vəziyyətdən asılı olaraq mülki müdafiənin “Hava həyəcanı”, “Hava həyəcanı qurtardı”, “Radiasiya təhlükəsi”, “Kimya həyəcanı” siqnalları verilə bilər. Bütün əhalinin bu siqnalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir. Bu, tələbatı xeyli azalda bilər.

Bu siqnalların hər birisini konkret şəraitdə nəzərdən keçirək: – “Hava həyəcanı” siqnalı xəbərdarlıq edir ki, düşmənin hava basqını gözlənilir. Öncə siqnalı bunu “Hamının diqqətinə” çatdırır. Sonra isə radio-televiziya ilə belə bir elan verilir. “Diqqət Diqqət Diqqət Danışır Mülki Müdafiə Qərargahı Vətəndaşlar, hava həyəcanıdır Hava həyəcanı” bu elan bir neçə dəfə təkrar olunur. Əhalinin daldalanması barədə göstəriş verilir.

Bu zaman evlərdə olanlar yubanmadan pəncərələri örtməli, qızdırıcı cihazları, işığı söndürməli və əvvəlcədən tədarük etdikləri ərzağı, suyu, mühafizə və təbii yardım vasitələrini götürüb ən yaxındakı sığınacağa getməlidirlər. İstehsalatda olan bütün aqreqatları dayandırmalı, cərəyanı kəsməli və qabaqcadan müəyyən edilmiş qaydada hər bir briqada və növbə onlar üçün nəzərdə tutulmuş sığınacağa getməlidir. Əgər istehsalat rejiminə görə hər hansı aqreqatı, turbini, peçi, texnoloji xətti dayandırmaq mümkün deyilsə, onlar nisbətən təhlükəsiz iş rejiminə keçirilir, əvvəlcədən təyin edilmiş müəyyən adamların nəzarəti altında saxlanılır və həmin adamların qorunması üçün müvafiq yerlər düzəldirlər.

Hava həyəcanı” zamanı bütün tədris müəssisələrində məşğələlər dayandırılır, hamı mühafizə qurğularına gedir. İctimai yerlərdə (kino-teatrlarda, bazarda, mağazada və s.), nəqliyyat vasitələrində olanlar yaxındakı daldanacağa getməlidirlər. Əgər belə sığınacaq yerləri yoxdursa daldalanmaq üçün yeraltı keçidlərdən, tunellərdən və s. istifadə etmək lazımdır.

Hava həyəcanı” zamanı kəndlərdə əhali ailə daldalanacaqlarına yığılmalıdır. Mal-qaranı tövlə şəraitində saxlamaq məsləhətdir. Hava həyəcanı vaxtı örüşlərdə olan naxır və sürüləri yaxşı olar ki, meşələrə sürsünlər. Çöl şəraitində mal-qaranı qorumaq üçün yarğanlardan, xəndəklərdən, mağaralardan və s. istifadə etmək məsləhətdir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, mal-qara düzdə, açıq sahələrdə qalmasın. Bütün hallarda yalnız “hava həyəcanı qurtardı” siqnalı verildikdən sonra daldanacaqları tərk etmək olar. Bu zaman yerli radio şəbəkəsi və səsucaldan qurğular vasitəsilə elan edilir: “Diqqət Danışır Mülki Müdafiə Qərargahı Havadan basqın təhlükəsi sovuşdu. Hava həyəcanı qurtardı”.

Düşmənin zərbə endirdiyi və zədələnmə ocağı yaranan yerlərdə “Hava həyəcanı qurtardı” siqnalı verilir. Belə hallarda sığınacaqlarda qorunanlara vəziyyətlə əlaqədar olaraq məlumat və davranış qaydaları barədə tövsiyələr verilir. Xatırladaq ki, bu zaman yerli mülki müdafiə orqanının göstərişlərini dəqiq yerinə yetirmək son dərəcədə zəruridir. Əks təqdirdə adamlar radioaktiv və ya kimyəvi zəhərlənməyə məruz qalırlar.

Kimya həyəcanı” siqnalı kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsi olduqda, yaxud belə zəhərlənmələr bilavasitə aşkar edildikdə verilir. “Hamının diqqətinə” xəbərdarlıq siqnalından sonra yerli Mülki müdafiə qərargahının belə bir məlumatı əhaliyə çatdırılır: Diqqət Danışır Mülki Müdafiə Qərargahı Vətəndaşlar Kimya həyəcanı Bu, yerlərdə səs və işıq siqnalları vasitəsilə təkrar olunur. Ardınca aşkar olunmuş zəhərləyici maddənin və ya yoluxucu xəstəlik törədicisinin növü nəzərə alınmaqla adamların davranış qaydaları haqqında məsləhətlər verilir.

Kimyəvi zəhərlənmə ocaqlarından adamlar mümkün qədər tez çıxarılmalıdır. Onların hansı istiqamətdə getmələrini mülki müdafiə və ya polis postu işçiləri göstərirlər. Onlar olmadıqda adamlar zəhərlən­mə zonasından küləyin səmtinə perpendikulyar istiqamətdə çıxma­lıdırlar. Bundan sonra adamlar sanitariya təmizlənməsindən keç­mə­lidirlər. Bakterioloji yoluxma ocağından əhalinin özbaşına çıx­ma­sına yol verilmir. Çünki belə sahələrdə karantin və ya observasiya rejimi qoyulacaq, adamların sonrakı davranış qaydaları müəyyən edilə­cək. Qeyd etdiyimiz kimi kəndlərdə daldalanmaq üçün nəzərdə tutulan ailə sığınacaqları qabaqcadan möhkəmləndirilməli, hermetikliyi təmin olunmalıdır. İçəridə ailənin rahatlığı üçün hər cür şərait yaradıl­malı, radio və televiziya qurğularının işlədilməsi təmin edilməlidir. Çünki, hadisələrin gedişi, habelə kimyəvi və ya bakterioloji zəhər­lənmə təhlükəsinin sovuşması barədə məlumat və ya ondan sonrakı davranış qaydaları haqqında göstərişlər həmin vasitələrlə veriləcək.

Kimya həyəcanı” siqnalı verilərkən mal-qaranın da qayğısına qalmaq vacibdir. Ərzaq və yem ehtiyatlarının, su mənbələrinin qorunması üçün müvafiq tədbirlər görülməlidir.

Radiasiya həyəcanı” siqnalı bu və ya digər ərazidə radioaktiv zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci 1 saat ərzində gözlənildikdə verilir. “Hava həyəcanı” və “Kimya həyəcanı” siqnalları zamanı olduğu kimi “Radiasiya təhlükəsi gözlənildikdə də öncə “Hamının diqqətinə” siqnalı, sonra isə “Radiasiya təhlükəsi” məlumatı verilir. Bu zaman bütün rabitə və xəbərdarlıq vasitələrindən istifadə edilir, yerlərdə isə bu, səs və işıq siqnalları ilə təkrar edilir. Sonra belə elan verilir: “Diqqət Danışır Mülki Müdafiə Qərargahı Vətəndaşlar Radiasiya təhlükəsi Radiasiya təhlükəsi”. Bunun ardınca görülən mühafizə tədbirləri barədə, habelə əhalinin davranış qaydaları haqqında Mülki müdafiə qərargahının tövsiyələri və göstərişləri əhaliyə çatdırılır.

Adamlar dərhal respirator, radioaktiv tozdan qoruyan parça marka və ya pambıqlı tənzif sarğı, əgər bunlar yoxsa əleyhqaz taxıb sığınacağa və ya radiasiya daldanacağına getməlidirlər. Sonrakı davranış qaydaları əsasən “Hava həyəcanı” və “Kimya həyəcanı” zamanı olduğu kimidir və hər bir konkret halda Mülki müdafiə qərargahı tərəfindən dəqiqləşdirilib əhaliyə çatdırılır.

Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib elan olunur. Məqsəd – adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz qalmasının qarşısını almaqdır. Radiasiyadan mühafizə rejimi – zəhərli sahələrdə adamların ardıcıl olaraq əvvəlcə radiasiya daldanacağından, bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri işlətməsi müddətini təyin edir.

Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən fərdi mühafizə vasitələri işlətməli, 2 saylı radiasiyadan mühafizə dərmanını (Aİ-2 dərman qutusundan) içməli və təhlükəsiz davranış qaydalarına riayət etməlidirlər. Fərdi mühafizə vasitələri çıxarmaq, açıq əllə ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmaq, hərəkət və ya iş vaxtı toz qaldırmaq, açıq yerlərdə xörək yemək, su içmək, papiros çəkmək, paltarı, ayaqqabıları çöldə təmizləmədən yaşayış binalarına girmək, ehtiyac olmadan binalardan kənarda qalmaq olmaz.

Kimyəvi zəhərlənmə ocağında davranış qaydaları belədir: mülki müdafiə qərargahının xüsusi göstərişi olmadan sığınacaqdan çıxmamaq: sığınacağın kipliyi pozulan və ya radiasiya daldanacaqlarında qalan hallarda fərdi dərman qutusudan antidot dərman qəbul edəndən sonra əleyhqaz taxmaq, dərini qoruyan paltar geymək və ancaq mülki müdafiə işçilərinin göstərişi üzrə mühafizə qurğusunu tərk etmək; açıq yerlərdə (qurğudan kənarda) qalan hallarda dərhal əleyhqaz taxmaq, qoruyucu paltarları geymək və zəhərlənmə ocağından çıxmaq; xüsusi qoruyucu paltarlar olmadıqda dərhal köynəyin və pencəyin ətəklərini şalvarın içinə salmaq, şalvarın balaqlarını topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb bərkitmək, əllərə əlcək, ayaqlara rezin ayaqqabı geymək, başı başlıq və ya yaylıqla kip örtmək, üstdən sintetik və ya rezin parçadan olan (bolonya tipli) plaş geymək, yaxalığı qaldırıb üstdən şərf bağlamaq, kimyəvi zəhərlənmə ocağından çıxmayınca fərdi mühafizə vasitələrini əyindən çıxarmamaq, bədənin dərisi üzərinə və ya paltara zəhərləyici maddə damcıları düşən hallarda bu damcıları fərdi kimyəvi paketdəki məhlulda və ya naşatır spirtində isladılmış tamponla təmizləmək lazımdır; zəhərli sahələrdən çıxandan sonra tibbi müayinədən və tam sanitariya təmizlənməsindən keçmək lazımdır.

Yoluxucu xəstəlik ocağında bütün əhali müəyyən olunmuş davranış rejiminə riayət etməyə borcludur.

Yoluxucu (infeksion) xəstəliklər aşkar edilərkən: pəncərə və qapı yerlərini yaxşı kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını yığışdırıb əl-ayağa dolaşmayan yerlərdə saxlamaq lazımdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda saxlanılmalıdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda saxlanılmalıdır. İstifadə etməzdən əvvəl ərzaq məhsullarını qaynatmaq və ya qorumaq vacibdir; çörəyi xırda tikələrə doğrayaraq alovun üzərində (peçdə, duxovkada) qızdırmaq, meyvə-tərəvəzi yaxşıca yumaq və ya üzərinə qaynar su tökmək lazımdır. Su və ya süd ən azı 30 dəqiqə qaynadılmalıdır. Qab qacaq təmiz yuyulandan sonra qaynadılmalıdır. Yeməkdən əvvəl, adamlarla təmasda olduqdan sonra əlləri hökmən sabunla yumaq, paltar-ayaqqabıları tez-tez təmizləmək, müntəzəm surətdə çimmək və alt paltarlarını təmiz saxlamaq, mənzilin, həyətin, iş yerinin, ümumi istifadə yerlərinin çirkli olmasına yol verməmək lazımdır. Hər bir şəxsin ayrıca qabqacaqdan, məişət və tualet əşyalarından istifadə etməsi məsləhət görülür.

Adamların bir-biri ilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən (evdən) ancaq ən vacib hallarda çıxmaq olar. Evdən çıxdıqda hökmən tənəffüs üzvlərini qoruyan fərdi vasitələr taxmaq, bədənin səthini qorumaq üçün paltarları və ayaqqabıları çıxarıb dezinfeksiya etmək üçün bayırda qoymaq lazımdır.

Yoluxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin yüksəlməsi, başağrısı, iştahasızlıq, ürək bulanması, qusma, mədə pozğunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstəni ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirməli, şəxsi əşyalarını, paltarlarını, yataq ləvazimatını, qabqacağı, mebeli və mənzili dezinfeksiyadan keçirmək lazımdır.

Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən keçməlidir.




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin