Kompüter (yeni) informasiya texnologiyalarının inkişafında mərhələlərin ayrılması adətən informasiyanın emalı və ötürülməsi imkanlarını uzlaşdıraraq elektron-hesablama maşınlarının nəsilləri ilə əlaqələndirilir.
EHM-lərin birinci nəsli (keçən əsrin 50-ci illərinin əvvəli). Element bazasını elektron lampalar təşkil edirdi. EHM-lər böyük ölçülərlə, böyük həcmdə enerjinin sərfi, aşağı cəldişləmə, aşağı etibarlılıq ilə fərqlənirdilər. Proqramlaşdırma kodlar vasitəsi ilə yerinə yetirilirdi.
İkinci nəsil (keçən əsrin 50-ci illərinin sonundan). Element bazasını yarımkeçirici elementlər təşkil edirdi. Birinci nəsil EHM-lərə nisbətən bütün texniki xarakteristikalar yaxşılaşıb, proqramlaşdırma üçün alqoritmik dillərdən istifadə olunurdu.
Üçüncü nəsil (keçən əsrin 60-cı illərinin əvvəli). Element bazasını inteqral sxemlər təşkil edirdi. EHM-lər ölçülərinin kəskin kiçilməsi, etibarlılıq və məhsuldarlığın artması ilə fərqlənirdi. Məsafəyə görə uzaqlaşdırılmış terminallardan müraciət mümkün idi.
Dördüncü nəsil (keçən əsrin 70-ci illərinin ortalarından). Element bazasını mikroprosessorlar, böyük inteqral sxemlər təşkil edirdi. Texniki xarakteristikalar yaxşılaşmış, fərdi kompüterlərin kütləvi istehsalı başlanmışdır. İnkişaf istiqamətləri: yüksək məhsuldarlı güclü çoxprosessorlu hesablama sistemləri, ucuz mikroEHM-lərin yaradılması.
Beşinci nəsil (keçən əsrin 80-ci illərinin ortalarından). İntellektual kompüterlərin işlənməsinə başlandı. Bütün sahələrdə kompüter şəbəkələrinin tətbiqi, onların birləşməsi, verilənlərin paylanmış emalının istifadəsi, kompüter informasiya texnologiyalarının hər yerdə tətbiqi ilə xarakterizə olunur.
Altıncı nəsil. Bu mərhələnin əvvəli 1982-ci ilə, yəni ISO (International Standards Organization) Beynəlxalq təşkilatı açıq sistemlərin qarşılıqlı əlaqəsinin etalon OSI modelinin (Open System Interconnection, ISO) nəşr edilməsi ilinə təsadüf edilir. Bu mərhələyə keçid (onu həmçinin IBM firması tərəfindən ilk fərdi kompüterin yaradılması ilə də əlaqələndirirlər) element bazasının inkişafı hesabına mümkün oldu, belə ki, inteqral sxemlərinin işlənməsi mikroprosessorun yaradılmasına imkan verdi. Altıncı mərhələni üç əsas innovasiya xarakterizə edir: informasiyanın mexaniki və elektrik vasitələrlə çevrilməsindən elektron vasitələrlə çevrilməsinə keçid; bütün qovşaq, qurğular, avadanlıqlar və maşınların kiçildilməsi; proqramla idarə edilən qurğu və proseslərin yaradılması.