Praktiki məşğələ.Müəllimin rəhbərliyi altında aparılan praktiki məşğələ bu və ya digər fənn üzrə elmi-nəzəri biliklərin daha da dərinləşdirilməsini,əməli tətbiqini və müvafiq bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənnin xarakterindən asılı olaraq praktiki məşğələlər müxtəlif formalarda təşkil olunur. Praktiki məşğələdə ixtisasla bağlı həm tədris, həm də idrak tapşırıqlarını icra etmək olur. Praktiki məşğələ nəzəriyyənin təcrübəyə tətbiqi üçün münasib şərait yaradır, peşə-ixtisas təcrübəsinə qovuşmağa imkan verir.
Fakultativməşğələ.Şagird (tələbə) öz meyl və maraqlarına uyğun olaraq bu və ya digər fənn, ixtisas üzrə fakultativ məşğələdə könüllü iştirak edir. Fakultativ məşğələlər adətən dərinləşdirilmiş tədris proqramları üzrə təşkil edilir. Elmi- nəzəri məsələlər bu məşğələlərdə daha dərindən öyrədilir. Fakultativ məşğələlərdə referat yazmaqdan, qısa müddətli tədqiqat səciyyəli işdən, yeni kitablar üzrə icmal yazmaqdan,
müzakirə və mübahisədən, çıxış və məruzədən və s. tədbirlərdən geniş istifadə olunur. Fakultativ məşğələlər zamanı bu rəngarəng tədbirlər şagirdlərdə və ya tələbələrdə qabiliyyətlərin inkişafını intensivləşdirməyə münasib imkan yaradır.