İdeya və onun maddi həyata qatılması
(maddiləşməsi)
İdeya – iradə - fəaliyyət
Adətən ideya maddiləşərkən (“материальное воплощение идеи”, “kütlələrə yiyələnmək” də maddiləşməyin bir formasıdır) hadisələr dünyasına real güc kimi daxil olur. Əvvəlcə ideya iradə ilə birləşir, onun ictimai və ya texniki güc kimi maddi prosesləri istiqamətləndirməsi baş verir. Lakin bu iradə bir qayda olaraq ideyanı gözəl mənimsəmiş, özününküləşdirmiş şəxsiyyətin olmasını tələb edir. İdeyanı şəxsiyyət verir. İradə də şəxsiyyətə məxsusdur. Bu ikisi bir adamda da ola bilir. Əvvəlcədən sintez halında. İkincidə də birləşə bilər (iradə sahibi ideyanı mənimsədikdə). (Dində ideya ilahidən gəlir. Peyğəmbər ideyanı mənimsəyən və iradə göstərən şəxsdir).
Lakin böyük miqyaslı maddiləşmə prosesi, xüsusən onun çoxpilləli ictimailəşmə (və ya texnika və texnologiyaların istehsalata tətbiqi) mərhələsindən keçməsi daha böyük müddət (ideya-iradə sahibinin potensialına fiziki imkanlarına nəzərən) tələb etdiyindən sonra gələn nəsillərin bu ideyanı necə davam etdirməsi probleminə çevrilir.
Dinlər də bax, beləcə, ilk dövrdə həmin din olaraq yayılır, kütlələr yiyələnır...sonra çoxlu kiçik ideya mərkəzləri – təriqətlər yaranır və yayılır və paralel surətdə mollaların şüur səviyyəsinə uyğunlaşmış, cırlaşmış surroqatlar. Yenə kiməsə lazımdır ki, ideya onda təzahür etsin və canlansın.
Böyük filosoflar, ixtiraçılar və s. zaman keçdikcə heykəlləşir, onların ideyaları kitablarda qalır, maddi müstəvidə, ictimai müstəvidən artıq çıxarılmış olur və ya qatışıq şəkildə istifadə edildiyindən müəllif itir, qatışıb yox olur.
Nə vaxtsa, kimsə onu canlandırır. İdeya yeni bir iradə ilə birləşir. Heykəl canlanır və yeni ideyalarla birgə fəaliyyətə başlayır.
Dostları ilə paylaş: |