Yolların ən yaxşısı – səkkizlidir; həqiqətlərdən ən yaxşısı – dörd sözdür; dhammalardan ən yaxşısı – ehtirasların məhvidir; ikiayaqlılardan ən yaxşısı – bəsirətli olandır.
274
Yol budur və görməni təmizləmək üçün başqası yoxdur. Onunla gedin. Başqa hər şey – Maranın vəsvəsəsidir.
275
Onunla gedərək əzablara son qoyacaqsınız. Bu yolu mən bəyan etdim, tikanları aradan qaldırmağı öyrənincə.
276
Özünüz cəhd göstərməlisiniz. Tathaqatlar – yeganə müəllimlərdir. Bu yolla gedənlər və özünə dalanlar Maranın buxovlarından qurtulacaqlar.
277
“Bütün sankharalar keçicidirlər”. Buna müdrikcəsinə baxanda, şərə qarşı ikrah hiss edərlər. Təmizlənməyə aparan yol budur.
278
“Bütün sankharalar dərdgətiricidirlər”. Buna müdrikcəsinə baxanda, şərə qarşı ikrah hiss edərlər. Təmizlənməyə aparan yol budur.
279
“Bütün dhammalar cansızdırlar”. Buna müdrikcəsinə baxanda, şərə qarşı ikrah hiss edərlər. Təmizlənməyə aparan yol budur.
280
Durmaq zamanı yetişəndə durmayan; cavanlığa və qüvvətə rəğmən tənbəl olan; qətiyyəti və fikri cılız olan, - belə qafil və tənbəl müdrikliyin yolunu tapmayacaqdır.
281
Sözə diqqətli olan, öz ağlını tam sakitləşdirmiş insan, qoy o, bədəni ilə pis heç nə eləməsin, qoy o bu üç əməl yolunu təmizləsin, qoy o, müdriklərin göstərdiyi cığıra çatsın.
282
Həqiqətən: düşüncədən müdriklik doğulur; düşüncəsizlikdən – müdrikliyin məhvi. Həyata və həyatın məhvinə aparan bu ikili yolu bilərək qoy o elə eləsin ki, müdriklik artmaqda olsun.
283
Meşəni qırın, təkcə bir ağacı yox. Qorxu meşədən yaranır. Meşəni də, kolluğu da qırandan sonra, ey bhikşular, siz azad olacaqsınız1.
284
Kişinin qadınlara qarşı arzusu ləğv olmayıbsa, lap az miqdarda belə qalıbsa, onun ağlı bağlıdır, anasının südünü əmən dana kimi.
285
Arzunu qopart, payız şanagülləsini əllə qopardan kimi. Sakitlik yolu ilə Suqatanın2 göstərdiyi Nirvanaya doğru get.
286
“Burda yağışlar zamanı yaşayacağam, burda isə yayda və qışda”, – axmaq belə düşünür. O, təhlükə barədə düşünmür.
287
Uşaqlarda və mal-qarada başını itirmiş belə insanı ölüm oğurlayır, yatmış kəndi sel aparan təki.
288
Nə uşaqlar, nə atası və nə də qohumları ölümün yaxaladığı kəsi müdafiə edə bilməzlər. Doğmalarda müdafiə tapmaq mümkün deyil.
289
Bu həqiqəti bilərək, qoy, daxilən təmkinli müdrik tez özü üçün Nirvanaya aparan yolu təmizləsin.