Tez-tələsik məqsədə atılan dhammaya riayət edən deyil. Müdrik isə həm bunu, həm də o birini tərəziyə qoyur: doğrunu və doğru olmayanı.
257
O, başqalarını zor tətbiq etmədən aparır, dhammaya müvafiq olaraq, ehtirassız. Dhammanı qoruyanı, müdrik olanı “dhammaya riayət edən” adlandırırlar.
258
Çox danışdığına görə deyil ki, o müdrikdir. Sakit olanı, nifrətdən azad olanı, qorxu bilməzi “müdrik” adlandırırlar.
259
Çox danışdığına görə deyil ki, o dhammaya bələddir. O kəs ki, dhammaya qarşı sayğısız deyil, o kəs ki, az savadlı olsa belə, onu bütün bədəni ilə hiss edir, o, həqiqətən, dhammaya bələddir.
260
Başı ağardığına görə deyil ki, o böyükdür. O qoca yaşlarındadır, lakin onu “əbəs yerə qocalmış” adlandırırlar.
261
O kəsdə ki, həqiqət və dhamma, özününü məhdudlaşdırma, təslimiyyət var, o kəs ki, qüsursuz və müdrikdir, onu “böyük” adlandırırlar.
262
Paxıl, xəsis, sürüşkən insan təkcə bəlağət yaxud gözəl sifət hesabına cəlbedici olmur.
263
O kəsdə ki, bu məhv edilmişdir, kökündən qoparılmışdır, ləğv edilmişdir,o kəs ki, müdrikdir və nifrətdən imtina etmişdir, onu “cəlbedici” adlandırırlar.
264
Sözəbaxmaz və yalançı təkcə qırxılmış başa görə zahid olmur. Bu nə zahiddir, əgər o simicdirsə və arzularla doludursa?
265
Lakin o kəs ki, şəri tamamilə tabe etdirir, – balacasını, ya böyüyünü, – o kəsi “zahid” adlandırırlar, zira o şəri sakitləşdirmişdir.
266
O ona görə bhikşu deyildir ki, başqalarından sədəqə istəyir. Bütün dhammanı öyrənmədən bhikşu olmurlar.
267
O kəs ki, bu dünyada xeyir və şərdən yüksəkdə durur, yaxud saleh həyat tərzi sürür, kim ki, burada bilikli yaşayır, məhz beləsini “bhikşu” adlandırırlar.
268-269
Axmaq, cahil hətta susmağa riayət edirsə belə muni olmur. O müdrik ki, tərəziyə malik kimi yaxşını seçir və pisdən yayınır, muni odur; məhz ona görə də o munidir. Bu dünyada həm bunu, həm də onu tərəziyə qoyan, elə məhz o “muni” çağırılır1.
270
O nəcib deyil, əgər canlı məxluqlar üzərində zorakılıq edirsə. Onu onda nəcib adlandırırlar ki, o heç bir canlı məxluq üzərində zorakılıq etmir.
271-272
Yalnız itaətlə və rituallarla və ya həmçinin çox elmliliklə yaxud özünədalma ilə yaxud tənha gecələmə ilə - mən adi dünyəvilər üçün əlçatmaz olan arhatlığa yetişə bilməyəcəm! Ey bhikşu! Məgər siz arzularınızın məhvinə nail olmadan məmnun ola bilərdinizmi?