BRAHMANLAR (ARHATLAR) HAQQINDA FƏSIL
383
Axını durdur, irəli get, arzuları qov, ey brahmana! Sankharaların məhvini dərk etdikcə, yaradılmamışı tanıyacaqsan, ey brahmana!
384
Brahmana iki dhammada2 qarşı sahilə çatırsa, ondan, bu “bilən”dən, bütün buxovlar açılır.
385
Mən o kəsi brahmana adlandırıram ki, onunçün nə bu sahil var, nə o sahil, nə də ikisi birlikdə, o kəs ki, qorxusuzdur və bağlılıqlardan azaddır.
386
Mən o kəsi brahmana adlandırıram ki, o düşünür, ehtiraslardan azaddır, sakitdir, öz işini görür, arzuları dəf edir, o kəs ki, ali xeyirə qovuşmuşdur.
387
Günəş gündüz parlayır, ay gecə işıqlanır. Döyüşçü zirehdə işıq saçır, brahmana zikrdə. Lakin gecə də, gündüz də parlaq işıq saçır nurlanmış.
388
Zülmün daşını atan brahmana adlanır; sakitlikdə yaşayan – zahid; öz çirkini atmış “təmizlənmiş” sayılır.
389
Brahmananı vurmaq olmaz, lakin brahmana da qoy öz qəzəbini zülmkarın üzərinə tökməsin. Brahmananı vurana ayıb olsun, lakin qəzəbini zülmkarının üzərinə tökmüşə daha böyük ayıb olsun.
390
Brahmana üçün ağlını xoşagələn şeylərdən çəkindirməkdən daha yüksək heç nə yoxdur. İncitmək arzusu yoxa çıxan yerdə əzab da qurtarır.
391
Mən o kəsi brahmana adlandırıram ki, o nə bədəni ilə, nə sözü ilə, nə də fikri ilə zülm etməmişdir – özünü bu üç şeydə nəzarətdə saxlayanı.
392
Kamil nurlanmış birisindən dhammanı öyrəndiyimiz zaman, o kəsə gərəkən sayğılar göstərmək lazımdır, brahmana qurbangahın oduna sayğı ilə yanaşdığı kimi.
393
Dolaşıq saçlara, əsil-nəcabətə yaxud doğuluşuna görə brahmana olmurlar. Həqiqət və dhamma kimdədirsə, o kəs xoşbəxtdir və o – brahmanadır.
394
Dolaşıq saçlardan sənə nə fayda var, ay axmaq! Dəridən paltarda sənə nə fayda var! Axı daxilində cəngəllik var, sənsə yalnız xarici görkəmin barədə düşünürsən.
395
Tozlu paltarlar geyən, arıqlığından damarları üzə çıxmış, meşədə zikr edən tənha insanı mən brahmana adlandırıram.
396
Lakin mən insanı yalnız doğuluşuna görə və ya anasına görə brahmana adlandırmıram. Bağlılıqları olanın adı “bho deyən”dir1. Mənsə o kəsi brahmana adlandırıram ki, bağlılıqlardan azaddır və fəqirdir.
397
Mən o kəsi brahmana adlandırıram ki, o, buxovları qırmış və o həqiqətən də qorxudan əsmir, bağlılıqları aşmış və tərki-dünya olmuşdur.
398
Mən o nurlanmışı brahmana adlandırıram ki, o, maneələri aradan qaldırmış və kəməri, qamçını və zəncirli yüyəni qırmışdır1.
399
O kəsi mən brahmana adlandırıram ki, o, günahkar olmaya-olmaya iradlara, cəzalara, həbslərə səbr edir, o kəsin ki, səbri – gücdür, güc isə – qoşundur.
400
O kəsi mən brahmana adlandırıram ki, o, qəzəbdən azaddır, əhdinə sadiqdir, xeyirxahdır və şəhvətsizdir, o kəs ki, çəkingəndir və onun üçün bu bədən axırıncıdır.
401
O kəsi mən brahmana adlandırıram ki, o, hissi həzlərə yapışmır, su şanagüllə yarpağına yaxud xardal toxumu bizin ucuna yapışmayan kimi.
402
O kəsi mən brahmana adlandırıram ki, o, yükü yerə qoymuş və sarsılmazdır, o kəs ki, hətta bu dünyada öz əzablarının sonunu bilir.
403
O kəs ki, müdrikdir, bilikləri dərindir, doğru yolu və yanlış yolu bilir və ali xeyirə qovuşmuşdur,- məhz onu mən brahmana adlandırıram.
404
O kəs ki, arzusuzdur, evi yoxdur, nə ev sahibləri, nə evsizlərlə bağlı deyil, – onu mən brahmana adlandırıram.
405
O kəs ki, öldürmür və öldürməyə də vadar etmir, o kəs ki, qorxaq və ya güclü olmasından asılı olmayaraq canlı məxluqlara ağac qaldırmır, - onu mən brahmana adlandırıram.
406
O kəs ki, həyəcanlılar içərisində həyəcansız, ağac qaldıranlar içərisində sakit qalır, dünyaya bağlılar içərisində bağlılıqlardan azaddır, - onu mən brahmana adlandırıram.
407
O kəsdən ki, ehtiras da, nifrət də, təkəbbür də, riyakarlıq da xardal dənəsi bizin ucundan asanlıqla düşən kimi düşür, - onu mən brahmana adlandırıram.
408
Doğru, ibrətamiz, yumşaq sözlər deyən, nitqi ilə heç kəsi yaralamayan insanı mən brahmana adlandırıram.
409
Mən o kəsi brahmana adlandırıram ki, o bu dünyada verilməmişi almır, uzun ya qısa, balaca ya böyük, xeyirli ya ziyanlı.
410
Mən o kəsi brahmana adlandırıram ki, onun nə bu dünya ilə, nə də o birisi ilə bağlı arzusu yoxdur, o arzusuz və azaddır.
411
Mən o kəsi brahmana adlandırıram ki, onun arzusu yoxdur, biliyin köməyi ilə şübhələrdən qurtulmuş və ölümsüzlükdə bərqərar olmuşdur.
412
Mən o kəsi brahmana adlandırıram ki, o burada həm yaxşıya, həm də pisə olan bağlılığı aşmış, qüssəsiz, ehtirassız və təmizdir.
413
Mən o kəsi brahmana adlandırıram ki, o, ay kimi ləkəsiz, təmiz, həyəcansızdır, onun yaşamaq sevinci sönmüşdür.
414
Mən o kəsi brahmana adlandırıram ki, o, bu palçıqlı, çətin yolu, sansaranı, aldanışı aşmış, üzərək o biri sahilə yetişmişdir, o, düşüncəlidir, arzulardan azaddır və şübhələrdən xalidir, bağlılıqları yoxdur və sakitdir.
415
Mən o kəsi brahmana adlandırıram ki, o, evsiz, burada ehtirasdan imtina edərək ətrafda gəzişir, onun yaşamaq sevinci sönmüşdür.
416
Mən o kəsi brahmana adlandırıram ki, o, o, evsiz, burada arzudan imtina edərək ətrafda gəzişir, onun yaşamaq sevinci sönmüşdür.
417
Mən o kəsi brahmana adlandırıram ki, o, insanı bağları tərk edərək, göy bağlılıqlarını da dəf etmişdir, o, bütün bağlılıqlardan arınmışdır.
418
Bütün aləmlərə qalib gəlmiş, xoş və naxoş olandan imtina etmiş, soyuqqanlı olan və özünün yeni doğuluşa olan yolunu kəsən kəsi mən brahmana adlandırıram.
419
Canlı məxluqların ölümü və doğuluşu barədə hər şeyi bilən, bağlılıqlardan azad və nurlanmış olanı, Suqata olanı mən brahmana adlandırıram.
420
O kəsin ki, nəsibini nə tanrılar, nə qandharvlar, nə də insanlar bilir, arzuları yox olmuş Arhatı mən brahmana adlandırıram.
421
Bağlılıqlardan azad və heç nəyi olmayanı, nə keçmişində, nə gələcəyində, nə də indidə bağlanacağı bir şeyi olmayanı mən brahmana adlandırıram.
422
Öküz kimi güclü, nəcib, cəsarətli, qəhhar olanı, böyük müdrikliyə malik olanı, arzusuz, kamil və nurlanmış olanı mən brahmana adlandırıram.
423
Əvvəlki mövcudluğunu biləni, cənnəti və cəhənnəmi görəni, kamil bilik sahibi olan müdrik kimi doğulmaların sonunu kəsmişi, etmək mümkün olanın hamısını edəni mən brahmana adlandırıram.
Rus və ingilis dillərindən müqayisəli tərcümə edən
Dostları ilə paylaş: |