Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin yaranması, müxtəlif mülkiyyət formalarının istifadəsi, xarici ölkə şirkətlərinin iştirakı ilə müəssisələrin təşkili əsasında Beynəlxalq mühasibat uçotu standartlarından istifadə olunması prinsipləri, ölkədə idarəetmə prinsiplərinin təkmilləşdirilməsi mühasibat uçotunun rolunu daha da artırılmasını tələb edir.
Azərbaycan Respublikasında müasir şəraitdə təsərrüfat uçotu sistemi bir-birilə əlaqədar olan üç formada ifadə olunur. Bunlardan birincisi operativ, ikincisi statistika və üçüncüsü mühasibat uçotudur.
Operativ uçot vasitəsilə idarə, müəssisələrin, istehsal sahələri, sexlərin fəaliyyətinə gündəlik rəhbərlikdə istifadə edilir. Operativ uçot vasitəsilə müəssisənin idarə heyətinə müəssisədə material ehtiyatlarının hərəkəti, məhsul buraxılışının həcmi, onun alıcı təşkilatlara yüklənməsi və miqdarı, istehsal ehtiyatlarının həcmi və s. informasiyalar daxil olur. Bu kimi informasiyaların alınması mənbəələri sənədlər əsasında, telefon, teletayp, faks və şifahi formada verilə bilər. Operativ uçot bir sıra hallarda həmin məlumatlara tələbat olduğu vəziyyətdə hazırlanır və təqdim olunur.
Operativ uçot bir qayda olaraq tələb olunduğu halda aparılır. Onun təqdim olunması üçün vaxt müəyyən olunmur. Bu isə göstərilən uçot formasının başqa uçot formalarından fərqləndirən birinci göstəricidir.
Operativ informasiyanın ikinci fərqi onun istənilən vaxtda, sənədləşdirilmədən hazırlanıb təqdim olunmasıdır. Yuxarıda qeyd olunduğu kimi operativ informasiyanın şifahi formada, telefon, teleqraf və teletaypla verilməsi də onu digər uçot formalarından fərqləndirən əlamət hesab olunur.
Bir sıra hallarda, ehtiyac olması lazım gələn şəraitdə operativ uçot statistika və mühasibat uçotu informasiyalarından da istifadə edilə bilər.