Statistika uçotu xalq təsərrüfatının iqtisadiyyatın, elmin, təhsilin müxtəlif sahələrində baş verən kütləvi əməliyyatları öyrənir. Statistika uçotu iqtisadiyyatın vəziyyəti, onun inkişafı tendensiyası, fəhlə qüvvəsinin hərəkəti, əmtəə-material ehtiyatı, ölkə əhalisinin sayı, onların yaş, cins, ixtisas və s. göstəriciləri üzrə informasiyalar toplayır və araşdırma aparır. Statistika uçotu vasitəsilə geniş həcmdə müşahidə aparılmaqla yanaşı əhalinin vahid uçotunu təşkil edir. Bu məqsədlə statistika uçotu mühasibat və operativ uçotu informasiyalarından da istifadə edə bilər.
Statistika uçotu məlumatları əsasında dövlət idarəetmə orqanları proqnozları müəyyən edir, iqtisadi siyasət sahəsində qərarlar qəbul edir, ölkənin iqtisadiyyatının idarə olunması ilə əlaqədar olaraq konkret operativ tədbirlər görür.
Mühasibat uçotu təsərrüfat əməliyyatlarının kəmiyyət və keyfiyyət göstəricilərini mövcud qanunçuluqla müəyyən olunmuş sənədlər əsasında, pul və miqdar ifadəsində əks etdirməklə öyrənir və fasiləsiz nəzarəti həyata keçirir. Mühasibat uçotunda bütün əməliyyatlar tam və ardıcıl olaraq yalnız sənədlər əsasında həyata keçirilir. Mühasibat uçotunda əsasən pul ölçüsündən istifadə edilir.
Təsərrüfat uçotunun qəbul olunmuş üç forması bir-birilə sıx əlaqədə olmaqla biri digərini tamamlayır və vahid təsərrüfat uçotu sistemini təşkil edir. Lakin bu uçot formaları içərisində mühasibat uçotu aparıcı mövqe tutur. Mühasibat uçotunun informasiyaları əsasında müəssisənin bütün təsərrüfat-maliyyə fəaliyyətinə nəzarət təmin edilir və idarəetmədə əsaslı şəkildə istifadə olunur.
Mühasibat uçotu-iqtisadi elmdir. İlkin olaraq mühasibat uçotunun bir elm olması Benedetto Kotruli (1458) və Luki Paçoli (1494) əsərlərində qeyd olunur. Bilavasitə onlar mühasibat uçotunun müəssisənin idarə olunmasında rolunu əsaslı şəkildə göstərməklə, həm də elmi metodoloji əsaslarını şərh etmişdir.
Bununla yanaşı olaraq mühasibat uçotunun bir iqtisadi elm kimi nəzəri və metodiki əsasları xeyli sonra dünya ölkələrinin bir sıra alimləri və mütəxəssisləri tərəfindən daha ətraflı göstərilmişdir.
Mühasibat uçotunun mühüm əhəmiyyətini nəzərə alaraq hələ 1590-cı ildə ispan alimi Bartolomeo de Salazio yazmışdır: «Mühasibat uçotu bütün elm və incəsənətdən yüksəkdə dayanır, çünki hamının ona ehtiyacı olduğu halda, onun heç kimə ehtiyacı yoxdur. Mühasibat uçotu olmadan dünya qəbul olunmaz olardı, insanlar isə bir-birini başa düşməzdilər».