Özünüyoxlama sualları
Təsərrüfat uçotunun yaranması hansı dövrə təsadüf edir?
Təsərrüfat uçotunun hansı növləri mövcuddur?
Operativ texniki uçot, statistik uçot və mühasibat uçotunun oxşar və fərqli cəhətlərini izah edir.
II MÖVZU: MÜHASİBAT UÇOTUNUN PREDMETİ VƏ METODU
Mühasibat uçotunun predmeti və onun obyektləri. Təsərrüfat vəsaitləri və vəsait mənbələrinin təsnifatı
Mühasibat uçotunun metodu və onun əsas ünsürləri
ƏLAVƏ ƏDƏBİYYAT
Kirğənova Z.V. Teoriə buxqalterskoqo uçeta. M., İzd., «Finansı i statistika», 1999
2.1. Mühasibat uçotunun predmeti və onun obyektləri. Təsərrüfat vəsaitləri və vəsait mənbələrinin təsnifatı
Azərbaycan Respublikasında mühasibat uçotunun tənzimlənməsi, hesabların tərtib olunması və mühasibat informasiyalarının düzgün, etibarlı olması dövlət tərəfindən qəbul olunmuş qanunla idarə olunur. Həmin sənədlər sistemində «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının 24 mart 1995-ci il qanunu, Maliyyə Nazirliyinin «Müəssisələrin mühasibat uçotunun hesablar Planı və onun tətbiqinə dair 01 yanvar 1996-cı il Təlimatı», «Müəssislərin uçot siyasəti haqqında» 23 yanvar 1997-ci il Əsasnaməsi və mühasibat uçotunun təşkilinə aid olan digər qanunlar və normativ aktlar aiddir:
Mövcud olan qanunçuluğa əsasən mühasibat uçotunun əsas prinsipləri aşağıdakı qaydada müəyyən olunmuşdur:
-mühasibat uçotunun fasiləsizliyi - yəni müəssisənin yarandığı gündən ləğv edilddiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğv etmə zamanı mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;
mühasibat uçotu hesablarının tətbiqi - yəni müəssisə əmlakının, öhdəçiliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərclərə, mənfəət və zərəri və bu kimi bütün başqa göstəricilərinin yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;
təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı: - müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçotu siyasətində kommersiya sirri kimi qorunub saxlanması;
təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı: - müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəət və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işlərinin ehtiyatlılığının təmin edilməsi;
qiymətləndirmənin təminatı: - müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərini, öhdəliklərini və digər sərvətlərini ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.
Mühasibat uçotunun göstərilən prinsiplərinə uyğun olaraq, onun metodu və predmeti müəyyənləşdirilmişdir.
Mühasibat uçotunun predmeti müəssisənin mövcud olan əmlakı, onun hərəkəti, əmələ gəlmə mənbəələri və formalaşmasını əhatə edir. Buna uyğun olaraq mühasibat uçotu bir iqtisadi elm olmaqla, onun ümumi şəkildə predmeti istehsal münasibətlərini əks etdirməklə məzmununu müəyyən edir.
Müəssisələr təsərrüfat fəaliyyətini həyata keçirmək üçün əsas fondlara, dövriyyə vəsaitlərinə və digər əşyalara malik olur. Təsərrüfat fəaliyyəti ilə əlaqədar müəssisə materiallar, əsas vəsaitlər, qeyri-maddi aktivlər alır, onlardan istifadə edir, istehsal prosesinə xərc çəkir, məhsul istehsal edir, onu satır, satışdan pul vəsaiti və mənfəət əldə edir. Beləliklə, müəssisə vəsaitləri, onların əmələ gəlmə mənbələri, hər bir müəssisədə baş verən təsərrüfat prosesləri zamanı yaranan təsərrüfat əməliyyatları mühasibat uçotunun obyektləri hesab olunur.
Mühasibat uçotunun predmetini şərh edərkən onun tarixi inkişafına xüsusi diqqət verilməlidir. Belə ki, mühasibat uçotunun predmetinin məzmunu cəmiyyətin iqtisadi-ictimai formasiyalarının inkişafı ilə əlaqədar olaraq dəyişilir. Məsələn, quldarlıq quruluşu dövründə istehsal üzərində tam hakimiyyət hökm sürmüş və burada qullar da uçotun predmetini təşkil etmişdir.
Kapitalizm cəmiyyətində mühasibat uçotunun predmeti fərdi kapitalın dövranı hesab olunurdu. Sosializm cəmiyyətində mühasibat uçotunun predmetinin xüsusiyyətləri sosialist mülkiyyətinin ictimai xarakteri ilə əlaqədar olmuşdur.
Mühasibat uçotu obyektləri sırasında tədavül fondları xüsusi yer tutur. Tədavül fondlarına dövriyyədə olan pul vəsaitləri, bankdakı pul vəsaitləri, müəssisə anbarında satış üçün istehsal olunmuş hazır məhsullar və alıcılara yüklənmiş mallar aiddir.
Dostları ilə paylaş: |