Bir həftədən sonra.
Telefon bar-bar bağıraraq özünü öldürürdü. Mərifət birtəhəri gözlərini açdı:
-Alo! Mərifət müəllim, mənəm ey, rəisin sürücüsü…
- Hə, eşidirəm.
- Sizi aşağıda gözləyirəm. Rəis əmanət verib, sizə çatdırmalıyam.
Beş dəqiqədən sonra Mərifət aşağıda idi. Qapını açıb maşında əyləşdi.
- Bilirsiniz də, cinayətkarı yaxaladıq. Köpək oğlu sən demə…
Mərifət onun sözünü yarımçıq kəsdi:
- Mənimçün maraqlı deyil, kimdir cinayətkar, niyə öldürüb, nə üçün öldürüb… Əmanəti ver!
Sürücü mısmırığını sallayıb bir bükülü uzatdı.
- Elə bu? Hamısı budur? – Mərifət bağlamadakı pula baxıb soruşdu.
- Hə! – Sürücü də eyni qaydada dedi.
- Bəs pulun qalanı? Biz rəislə belə danışmamışdıq axı?
- Rəislə nə danışdığınız da mənim üçün maraqlı deyil! – Deyib sürücü maşını işə saldı.
Mərifət maşından düşdü, bir pula baxdı, bir gedən maşına, sonra başını bulayıb əlini yellədi. Və dodağının altında uzun-uzadı nəsə dedi.
Oktyabr 2012-ci il
2.
Mərifət müəllim və Gözəl xala
Mərifətin başı ağrıyırdı. Dünənkindən idi. Bir az içmişdi.
Onu kiminsə çağırdığını eşitdi, amma heç nə anlamadı, adi bir səs kimi qəbul etdi. Sonra isə başını qaldırdı, qonşu Gözəl xalanı gördü.
- Mərifət, bala, eşitmirsən?
Mərifət gözlərini döydü. Dünənki haqq-hesabdan qalan iyirmi manatı hara qoyduğunu xatırlamağa çalışdı.
- Səninləyəm ey, Mərifət...
«Bax, dünən cibimdə bir dənə iyirmilik, beş dənə bir manatlıq, bir də xeyli qəpik var idi, təxminən otuz qəpik. İndi cəmi iyirmi qəpik qalıb...»
- Ay bala, bir cavab ver də...
- Hə. Verdim.
Gözəl xala orta boylu, yumru bir qadındır. Yaşı yetmişdən çoxdur. Qonşudakı bütün gəlinlərin qaynanası, uşaqların nənəsidir. Yəni hamısına söyə bilir.
- Bala, bütün şəhərə səndən danışır. Adam öldürənləri tapırsan, dolaşıq işləri açırsan...
«Əvvəlcə bahalı araqdan bir dənə aldıq, bir manat əlli qəpiyə. Sonra iki dənə bir manat iyirmi qəpiklik araq gəldi. Elədi üç manat ... üç manat... üç manat doxsan qəpik...»
- Bir bizim də dərdimizə çarə qıl də, nə olar ki?
- Nə qılım?
- Çarə...
«Sonra bir dənə də bir iyirmilik araq gəldi, qaldı iyirmi qəpik...»
- Oğlumun pasportu oğurlanıb...
«Bəs iyirmi manat hanı?»
- Get polisə.
- Getmişdim. Milisəner Qulunun yanına.
Mərifət əllərini bir daha şalvarının ciblərinə saldı. Heç nə yox idi.
- Qulu nə dedi?
- Qovdu.
- Niyə?
- Dedi ki, evdə qarıların bir şeyi itəndə uçastkovı tapmalıdır?
Mərifət köynəyinin cibinə baxmaq istədi. Sonra yadına düşdü ki, keçən il cibi cırılmışdı, o da tamam sökdü. İndi köynəyi cibsizdir.
- Pasport itib, ya oğurlanıb?
- Nə bilim, vallah, ya itib, ya oğurlanıb.
«Yaxşı, iyirmi manat hanı?»
- Qulu düz deyir də, arvadların evdə tumanları itəndə uçastkovı tapmalıdır?
- Elə o vurğun vurmuş da səni kimi dedi.
«Qəliz işdir. Bütün iyirmiliyi itirmək...»
- Bəs sən nə dedin?
- Söydüm. Dədəsinə. Sonra anasına. Sonra da dedim ki, qarı o bürüşük arvadındır.
- Kimin arvadıdır?
- Qulunun...
«Çətin olacaq... İyirmi manatsız...»
Mərifət yerindən qalxdı, mətbəxdəki çaydandan bir stəkan su töküb içdi. Yox! Burada iş təkcə araqla ötüşməyib: ciyəri yaman yanırdı.
- Pasportu harada itirmisən?
Gözəl xala stulu çəkib əyləşdi. Dəsmalını çıxarıb alnının tərini sildi.
- Ay bala, bilirsən də, keçən həftə xalam oğlu qızına toy edirdi, biz də oraya getmişdik. Oğlum da birbaşa pasport verilən idarədən şadlıq evinə gəlmişdi. Stolumuz da musiqiçilərə yaxın idi, baş-beyin qalmamışdı bizdə. Xalam oğlu it oğlu qəsdən bizi o stola salmışdı, yəni musiqiçilərə yaxın. Çünki bacım ləçər yetimini evləndirəndə, qız evi ilə yer üstündə bir balaca qalmağal oldu: dedilər ki adamımız çoxdur...
«Axı deyəsən arada cüvəllağı ilə vələdüzna gedib bir litr çaxır da gətirdilər. Hə, hə! Təkcə araq olmadı, çaxır da içdik!»
- Nənə, bir az qısa elə!
- Yaxşı, qadan alım, sonra söyləyərəm... Nə isə, mən çantamı götürüb getdim stolun o başına, böyük bacımın yanına. Orada da o zəhrimar kondisioner düz kürəyimə vururdu. Bacımdan jiletini istədim ki, çiynimə salım. Qancıq vermədi! Yaxşı, borc olsun, ona göstərərəm, allahın altında istəmişəm ki, soyuğa düşsün, bir ləçək də tapmasın üstünə örtməyə...
«Axmaq çaxır idi...»
- Amma sağ olsun qardaşım oğlu! Eşidən kimi pencəyini çıxırtdı, saldı çiynimə. Arvadı baxa-baxa qaldı! Yandı-yandı, cızdağı çıxdı...
Mərifət bir stəkan da su tökdü, başına çəkdi.
- Bu ara oğlum yaxınlaşdı ki, al pasportumu saxla, bəy-gəlinlə şəkil çəkdirməyə gedirəm, köynəyimin cibində pis görsənər, şalvarın da cibinə qoymaq istəmirəm, oradan da sifariş verib rəqs edəcəyik, əzilər...
«Elə bil cüvəllağı çaxır içmədi... Mən çaxırı kimlə içdim?»
- Kimlə?
Gözəl xala təəccüblə Mərifətə baxdı:
- Kimlə rəqs edəcək? Qaynatası, qaynanası, qayınları, baldızları ilə!!! Bəxtəvər başına Gözəl xalanın!!! Kişim sağ olanda toylarda ortadan çıxmırdıq... İndi dəvət edən də yoxdur...
«Vələdüzna dedi ki, dükançının sözlərinə görə, çaxır çoxdanın çaxırıdır. Neçə ilsə əvvəl buraxılıb...»
- Neçə il əvvəl?
Gözəl xala köksünü ötürdü:
- Eh, nə bilim ay bala... qırx... otuz... yox, iyirmi il əvvəl olar...
Dəsmalını çıxarıb, ucu ilə gözlərinin kənarlarını sildi:
- Nə isə, gəldik evə. Oğlum pasportunu istədi. Çantamı axtardım. Tapılmadı ki, tapılmadı...
«Deyəsən, mən dedim ki, çaxır turşuyub, sirkəyə dönüb... vələdüzna istədi ki... »
- Getsin başqasını alsın...
- A bala, təzə pasporta onda pul nə gəzir?
«... dedi ki, pulu yoxdur... Pul demişkən, bəs mənim iyirmi manatım hanı?»
- Bəs...
- ...pasport hanı? Elə mən də bilmirəm də, ay bala. Səhərisi tezdən getdim kiçik bacımgilə, özü hələ yatırdı, əri kəlpeysər evdə idi, ələk-vələk elədim çantasını... A bala, çantaya nələr qoyularmış? Rəhmətlik nənəmiş ömrü boyu çantası olmamışdı, yanımıza da gələndə, özü ilə boxca gətirərdi. İçində də üç dənə konfet, üç dənə də alma... amma bununkunda... dəsmal, pudra, mobil telefon, güzgü, quru salfet, dırnaqtutan, telefonun qulağa taxılanı, dezodorant, qələm, bank kartı, yaş salfet, gün eynəyi, evin açarı, baş ağrısı dərmanı, yenə açar, aseton, təzyiq dərmanı, yelpik, dırnaq lakı, gözə çəkilən tuş, sancaq, telefon kitabçası, karandaş, metro kartı, nə bilim nə vəsiqəsi, yenə dəsmal, işıq pulu çeki, qayçı, ətir, pul... Ancaq pasport yox idi..
- Oradan getdim böyük bacımgilə...
«Vələdüzna onda artıq stolun arxasında yatırdı».
- Yatırdı?
- Yox, - Gözəl xala dedi, - yatmırdı. Tıxırdı.
- Nə edirdi?
- Səhər yeməyi yeyirdi. Soruşdum ki, bəlkə oğlumun pasportunu səhvən onun çantasına qoymuşam, durdu, mırıldaya-mırıldaya getdi, mən heç bir yaxma yeməmişdim ki, gəldi, dedi «Yoxdur»!
«Cüvəllağı məndən pul istədi, dedim ki, nəyim var idi, vermişəm, daha yoxdur».
- İnanmadım! O da qoymadı ki, mən çantasına baxım... Görüm nə var.
«Cüvəllağı inanmadı, istədi cibimi yoxlasın, qoymadım».
- Mən də kor-peşiman durdum evə gəldim.
«Cüvəllağı acıq elədi, durdu ki, «Gedirəm», koridora çıxanda iyirmiliyi götürdüm, qoydum....»!!!
- Gözəl xala, dəqiq yadınızdadır ki, toyda pasportu çantanıza qoymusunuz?
- Mərifət, bala, adam əmanəti çantasına qoyar da!!!
Mərifət başını qaşıdı, sonra əlinin arxasını burnuna çəkdi:
- Qadınlar –hə! Çantalarına qoyarlar. Sonra da çantalarında axtararlar. Təbiidir ki, çantalarına qoymamışlarsa, orada olmayacaq.
- Nə sayaqlayırsan, a bala? – Gözəl xala çaşmış halda soruşdu. – Yenə o ilki kimi qızdırman qalxıb?
- Yox, Gözəl xala. Oğlun pasportu sənə verən zaman nəsə oldu?
- Yooox... Salamatçılıq idi...
- Onu demirəm! bəlkə həmin zaman sizi kimsə çağırdı, stuldan yıxıldınız, ofisiant əlindəki yeməyi kiminsə üsiünə tökdü...
- Hə, hə! Şampan açdılar! O da fısqırdı, köpükləndi, üstümə töküldü...
- Siz də...
- ... Mən də salfeti götürüb üstümü sildim...
- Tez-tez, hə?
- Hə!
- Bəs əyninizdi nə var idi?
- Nə olası idi? Dayan, əynimdə... çiynimdə qardaşım oğlunun pencəyi var idi...
Gözəl xala yerindən qalxıb qapıya tərəf qaçdı...
Mərifət gülümsədi, divana yaxınlaşdı.
- Qadınlar çantaya qoymadıqları şeyləri həmişə çantada axtarırlar, kişilər isə ciblərinə qoymadıqlarını ciblərində... – Deyib, əlini yerdəki tozlu əl çantasının içərisinə saldı, bütün iyirmiliyi çıxardıb səliqə ilə hamarladı, sonra qatlayıb cibinə qoydu...
Oktyabr, 2012
3.
Mərifət müəllim və biznesmen
Mərifət müəllimin pulu yox idi. Ona görə kefi də yox idi.
Sağ olsun çayçı Səlimi – Mərifətin küncdəki stolda tək əyləşdiyini görüb, bir stəkan çay süzdü, gətirdi, qarşısına qoydu və salamlaşdı. Daha kef-hal soruşmadı, güzadan, ev-eşikdən, havaadan, məhəllədə olub-keçənlərdən, nə bilim Mozambik - Qvatemala qarşıdurmasından və sair belə vacib şeylərdən söhbət salmadı. Çünki Mərifət müəllim onun oğlunu o il şər-xətadan qurtarmışdı və belə söhbətləri də çayçı Səlim zəhləsi getdiyi müştəriləri ilə edirdi. Lap zəhləsi getdiklərindən isə «Xeyli vaxtdır görsənmirdiniz, azarlayıb eləməmişdiniz ki?» deyə soruşurdu və sonra əlavə edirdi «Allah eləməsin...». Mərifət müəllimlə danışmaq istəyəndə isə stul çəkib yanında otururdu, beş dəqiqə susurdu, Mərifətin üzünə baxırdı, o başı ilə «hə» işarəsi verəndə durub bir qutu siqaret gətirirdi və stolun üstünə qoyurdu. Mərifət də «sağ ol» deyirdi.
Dünən Səlim siqaret vermişdi, ona görə də gəlib yanında oturmadı.
Siqareti isə vələdüznalar axşam çəkib axırına çıxmışdılar. Cəmi bir dənəsi qalmışdı.
Mərifət axırıncı siqareti yandırdı, bir qullab vurdu, sonra külqabına qoydu. Çaydan bir qurtum içdi.
Səlimin çayxanasında cəmi üç stol yerləşirdi. Dördüncünün üstündə isə samovar var idi. Ində yay olduğundan stolları bayıra çıxarmışdılar və əlavə iki stol da qoymuşdular. Həmin stollar qədimi məktəb partalarına bənzəyirdi, amma üstündə çay içmək olurdu.
Mərifət siqareti götürdü, damağına qoydu, bir nəfəs də vurmaq istədi, amma siqaret sönmüşdü: filtrinədək islanmışdı. Yəqin, külqabıa yuyulandan sonra su qalıbmış.
- Salam!
Mərifət başını qaldırdı: bir tin aşağıda yaşayan qonşusu idi.
- Salam. – Könülsüz cavab verdi. Onsuz da bədlik basmışdı bu gün...
- Sizinlə bir balaca işim var...
Qonşu rəhmətlik Xanım müəllimənin oğlu idi, babat da işi-gücü var idi deyəsən. Heç kəslə işi yox idi, məhəllədə az görsənirdi, çayxanaya isə gəldiyini Mərifət birinci dəfə görürdü.
Səlim yaxınlaşdı:
- Çay gətirim?
Qonşu duruxdu:
- Yox! – Sonra tez düzəliş etdi: - Hə. Gətir!
Səlim gicin biri idi, çayxanaya gələn adam çay istəməyəndə soruşurdu ki, «Onda buraya nəyə gəlmisən? Boş-boşuna oturmaq istəyirsənsə, get Ali Sovetin sessiyasına!». Bir dəfə kimsə dedi ki, «Ali Sovet iyirmi ildir ki, ləğv olub». Səlim də cavabını verdi ki, «Əvəzinə başqa söz deyim – xətaya düşüm?».
Amma qonşunun, yəqin ki, belə söhbətlərdən xəbəri olmazdı, sadəcə özü başa düşdü ki, çayxanaya gəlmisənsə, deməli, çay içməlisən, ya da, heç olmasa, çaydan imtina etməməlisən.
- Eşidirəm sizi. – Mərifət ətrafa baxdı. Çayxanada iki qoca kişidən başqa müştəri yox idi. Onlar da, deyəsən, bütün mövzularını iyirmi il əvvəl müzakirə edib qurtarmışdılar, qarşılarına bir stəkan çay qoyub biri şərqə baxırdı, biri də qərbə.
- Mərifət müəllim, mən sizi yaxşı...
- Keçin mətləbə...
Qonşu qurcuxdu, nəzərlərini stola dikdi.
- Evimdən pul oğurlanıb...
- Nə qədər?
- Əlli min avro, on min dollar və iki min manat.
Mərifət nəsə fikirləşdi, qaşlarını çatdı:
- Bir aləm puldur ki... İndi ətraflı danışın.
- İki gün əvvəl ailəmi rayona yola salmışam. Qardaşımgilə. Dünən axşam pulu evə gətirdim. Səhər tezdən çıxdım, bir saat əvvəl gəldim ki, pulu götürüm, gördüm yoxdur. Hər yeri ələk-vələk etdim. Tapa bilmədim.
Mərifət qonşunun üzünə baxdı.
- Necə deyərlər, biznesmenəm... Malımız gəlməlidir, şəriklərimdən yığmışam...
«Dərd dəysin belə biznesmenliyə. Quru hamballıqdır, edirəm. Kənardan baxan elə bilir ki, qaz vurub, qazan doldururam. Amma bilən yoxdur ki, nə zülmdəyəm. Nə gecəm var, nə də gündüzüm. Malın üzərinə iyirmi faiz qoyuruq, axırda çıxanda görürük ki, heç beş faiz mənfəət qalmayıb. Vergisi, töycüsü, yol xərci, ofis xərci, departamenti, lisenziyası... Şəriklərim də qazanca şərikdirlər, biri dayılıq edir, biri əmilik, işə yox, xeyirə şərikdirlər. Hər dəfə də burunların sallayırlar ki, «bu nə puldur, mayanı banka əmanətə qoysaydıq, bundan çox faiz alardıq». Amma, bir tərəfdən də atalarına rəhmət, istəyəndə pul buraxırlar».
- Evdən başqa bir şey aparıblar?
- Yox... Məncə, yox. Hətta, yoldaşımın üzüyü ilə sırğaları da yataq otağında mizin üstündə qalıb...
«Axı nəyim var, nə aparsınlar? Arvadımın beş-üç qır-qızılı var, onun da yarısı boynunda-qulağında. O qalanlar da evdən çıxhaçıxda unudub qoyduqlarıdır. Bir maşınım var, altıncı ildir sürürəm, televizoru dalına alıb aparası deyildilər ki»?
- Evə necə giriblər?
- Bilmirəm. Qapı-pəncərə salamat idi.
- Bəlkə...
- Yox! Evin açarları məndən başqa heç kəsdə yoxdur... Təbii, yoldaşımdan başqa. O da ki, rayondadır və istəsə də heç kəsə verə bilməz. Çünki, beş-on gündən sonra gələndə, mən evdə olmaya bilərəm. Uşaqlarım isə balacadırlar, hələ ibtidai sinifə gedirlər.
- Qohum-əqrəba, qulluqçu-filan...
«Qulluqçu! Bəxtəvər başıma! Doğrudan, kənardan belə zəngin görsənirəm»?
- Yox!
- Polisə xəbər vermisiniz? Ümumiyyətlə, bu barədə kiməsə bir söz demisiniz?
«Özümü əlavə azara sala bilmərəm! Ətrafa da söz yayılsa, borclularım üstümə gələrlər ki, «Bəs filankəsin başına iş gəlib, birdən müflis olar, ona verdiyim batar. Vaxt ikən başqalarından əvvəl gedim, pulumu qopardım».
- Yox!
Mərifət stuldan durdu, əynindəki, cins şalvarın arxasını çırpdı, idman köynəyinin yaxasını düzəltdi:
- Gedib yerində baxmaq olar?
Qonşu da qalxdı. Çayçı Səlimə tərəf baxdı, stolun üstünə bir manat qoydu.
- Müəllim, çoxdur ey! – Səlim manatı bir ucundan qaldıraraq dedi, - gözləyin, qalığını verim.
- Eybi yox, bir azdan yenə gəlib çay içərik, - Mərifət tələsik cavab verdi.
- Hə. Qoyun qalsın. – Qonşu əlavə etdi.
«Bunu çox tərifləyirlər, görək nə olur... Amma, düzü, ağlım bir şey kəsmir. Əgər əvvəlcədən deməsəydilər ki, üst-başına, geyiminə fikir vermə, bədbəxtin biridir, heç qapıma yaxın da qoymazdım...»
Xanım müəllimənin evi yaxında idi. Küçə ilə bir az gedirdin, sola – dalana dönürdün, iyirmi addım getməmiş soldakı ev. Elə də dəbdəbəli deyildi – birmərtəbəli, kürsülü, üstü kirəmitlə örtülü. Təkcə darvazası təzə idi.
Həyətə daxil oldular. Balaca bağı var idi, amma ağaclar böyük idi. Meyvə ağacları. Alma, armud, bir dənə də nar. Ağaclar da, bağ da baxımsız idi.
- Heç cür əlim çatmır bağa qulluq edim. – Qonşu Mərifətin bağa baxdığını görüb dilləndi.
«Dərd-azar qoyur ki, əlim çatsın? Yazıq anam sağ olanda söylənirdm, danlayırdı, sonra bir az özü qurdalanırdı, bir az da ona-buna təmizlədirdi».
Mərifət dinmədi. Qonşunun arxasınca evə sarı yönəldi.
Dəmir qapını açıb evə girdilər. Mərifət boylandı: balaca koridorda idilər. «Təmiz deyil, tavanın künclərində hörümçək torları var. Evdən çıxan qadın, heç olmasa yüngülvari əl gəzdirməli idi».
- Ayaqqabılarınızı çıxarmasanız da olar, bir az tələsik çıxmışıq rayona uşaqları yola salanda...
Mərifətin onsuz da ayaqqabı çıxarmaq fikri yox idi. Corabları pis gündə idi.
İri bir otağa girdilər.
- Pul bu otaqda, masanın siyirməsində idi.
«Deyəsən, ev sahibəsinin təmizliklə arası yoxdur. Qonşu da bunu bilir, ona qalsa idi, məni bura gətirməzdi, amma – əlacı yoxdur. Odur ey, ayağı ilə gizlicə uşaq paltarını divanın altına itələyir».
- Pullar bağlamada idi?
- Avro ilə dollar bank bağlamasında idilər.
- Bəs manatlar?
- İyirmi ədəd yüzlük idi.
- Bir şeyə bükmüşdünüz?
- Yox, balaca sellofan torbaya qoymuşdum.
- Torba şəffaf idi?
- Nə?
- Yəni, kənardan baxanda içərisində pul olduğu bilinirdi?
Qonşu fikrə getdi.
«Əslində o torba deyildi, içərisinə «A-4» formatda kağız qoymaq üçün üzlük idi»...
- Hə!
- İş yerində pul götürdüyünüzü bilən var idi?
- Təkcə mühasibim bilirdi. Amma ona inanıram. Beş ildir mənimlə işləyir. Əlli dəfə bundan da çox pulu əlimdə görüb. İkincisi də o heç evimi də tanımır.
- Mühasibin kişidir?
«Kişi mühasib saxlamaq olar? Dəqiqədə bir deyəcək ki, «Maaşımı artır, ailə saxlayıram». Bu dəqiqə əksər yerdə mühasiblər qadındır».
- Yox. Qadındır. Orta yaşlı.
- Pulu gətirdiyinizi, yəni əlinizdi bağlama gəldiyinizi görən olmuşdu?
Qonşu yenə fikrə getdi.
«Heç ətrafıma fikir verirəm ki? Başım o qədər dumanlı, fikirli olur ki, evə necə gəlib çatdığımı da bilmirəm».
- Deyə bilmərəm. Maşınımı yüngülvari təmirə vermişəm, məni evə şərikim gətirdi, daha dalana girməyə qoymadım, küçədə düşdüm. Yolda kimisə görməyim yadımda deyil. Bəlkə də var idi, ancaq yadımda deyil.
- Kefli deyildiniz?
- Nə?
- İçməmişdiniz ki?
- Yoox, heç dilimə də vurmamışdım. Ümumiyyətlə, axırıncı dəfə nə vaxt içdiyim yadımda deyil.
Mərifət otağa göz gəzdirdi: sağda iki kreslo, aralarında da jurnal masası, üstündə kül qabı, divan, küncdə televizor, yerdə sintetik xalı, solda tumba, qapı, içəridə yığılmamış yataq dəsti görsənən daha bir qapı...
Qonşu yataq otağının qapısını yavaşca özünə çəkərək örtdü.
- Örtməyin, pəncərəyə baxacağam!
- Bayırdan dəmir çərçivəsi var, oradan girmək mümkün deyil.
- Yaxşı, onda bayırdan baxaram.
Evin mebeli babat idi: nə ucuz, nə də bahalı.
- Pul bu masanın siyirməsində idi?
- Hə.
- Otaqlarınız elə bunlardır?
- Hə. Bu otaq, yataq otağı, uşaqlarınkı,- qonşu əli ilə tumbanın yanındakı qapıya işərə etdi, - mətbəx və hamama isə koridordan keçmək olar. Baxırsınız?
- Yox. Çıxaq həyətə.
Çıxdılar. Evin ətrafına dolandılar. Bütün pəncərələrin dəmir çərçivəsi var idi. Hamısı da sağ-salamat.
Qonşu siqaret çıxartdı.
- Çəkirsiniz?
- Hə.
İki-üç dəqiqə dayandılar.
- Gedək! – Mərifət sükutu pozdu.
- Elə bu?
- Hə. Axşam saat səkkizdə həmin çayxanada görüşərik. Amma, çox xahiş edirəm: bir adama belə bu barədə söz deməyin! Kimliyindən asılı olmayaraq!
- Axşam saat onda malın pulunu ödəməliyəm... Nəsə etmək mümkündür?
- Görüşərik. Gün ərzində evdə olacaqsınız?
- Yox.
- Hə, az qala unutmuşdum: cari xərclər üçün beş-on manatınız olar?
- Nə qədər?
- Beş-on. Beş. Nə qədər olsa.
Qonşu əlini cibinə saldı:
- Dörd manat xırdam var.
- Ver.
***
Mərifət bazara tərəf yollandı. Əslində, buranın adı bazar idi. Adi günlərdə beş-üç qadın göyərti satırdı, qəssab milçək qovurdu, xırdavat, qab-qacaq, paltar dükanlarının satıcıları isə müntəzəm davamlılıqla əsnəşirdilər. Bazar günlərində də eynilə, sadəcə, əsnəyənlərin sayı çox olurdu, bir-iki nəfər də yarıyuxulu müştəri gözə dəyirdi.
Küncdəki pinəçinin yanında çömbəlib oturmuş şapkalını görüb çağırdı:
- Ağıllı!
“Ağıllı” çevrilib baxdı.
- Gəl bura!
Şapkalı başı ilə «yox» dedi.
Mərifət qonşudan aldığı manatlıqlardan birini çıxartdı.
“Ağıllı” könülsüz yerindən qalxdı, yaxınlaşdı. Əlini manata uzatdı.
- Dayan! İşi görəndən sonra verəcəyəm. Özü də iki manat.
- Nə işdir elə?
- İki nəfər də tap...
Şapkalı əlini yelləyib arxasını çevirdi.
- Dayan...
- İki manatı üç nəfərin arasında necə bölüm? Adama altmış altı qəpikdən bir az çox düşür...
- Onda get pinəçinin yanında axşamadək acqarına otur.
“Ağıllı” dərindən köksünü ötürdü:
- İstismarçı! Proletariatın qanını soran! İnsafsız! «Qalx, ey lənətlə damğalanmış, qullar və nə bilim nələr dünyası!»
Mərifət onun «ariyasını» kəsdi:
- «Beynəlmiləl»i bələdiyyənin qarşısında oxuyarsan. Bura bax, heç sənə əllilik, yüzlük verməmişəm?
- Vermisən – sağ ol! Xərcləmisən – sağ ol! Biz də sən nə demisən – onu yerinə yetirmişik!
- Uzun danışma: dediklərimi edəcəksən, ya yox?
Ağıllı başını aşağı saldı, yenə köksünü ötürdü:
- Əlacım yoxdur, etməliyəm... Eybi yox, vaxt gələr, bizim də küçədə... Gedim görüm kimi tapıram...
- Etibarlı adamlar olsunlar ha!
Ağıllı şapkasını çıxartdı:
- Bizim tərəflərdə etibarsız adam olmur! Etibarsız –vəzifə sahibləri olur. Yəni onlara nəyisə etibar edirlər. Odur ey! Ermitajın müdirinə vaqonlarla daş-qaş, nə bilim, var-dövlət etibar etmişdilər, o da satıb-dağıtmışdı. Hələ ...
- Yaxşı, yaxşı! Kimi tapa bilərsən?
- Dosent ət dükanının arxasında olmalıdır...
- Nə edir orada?
- Nə edəcək? Yatır.
- Ağzı bütövdür?
- Əlbəttə! Keçən həftə uçastkovı nə qədər ... soruşsa da, «Şahmatçı»nın yerini demədi...
- O həqiqətən dosent olub?
- Bəs necə! On yeddi il elektrotexnika kafedrasında işləyib.
- Bəs ikinci kim olacaq?
- Əgər ayıqdırsa, Vaska. Ağzıbütövdür. Üstəlik də, bir qəpiyi belə yoxdur. Yaxşı, heç demədin, biz nə etməliyik?
- Bir nəfər aşağı tindəki avtobus dayanacağında durmalıdır, bir nəfər burada, bir nəfər isə Səlimin çayxanasında...
- Yox! Səlim axmağın biridir, heç birimizi çayxanaya qoymur.
- Yaxşı, onda orada özüm olaram. Bir nəfər isə .... – Mərifət «Ağıllının» qulağına iki dəqiqə nəsə dedi.
- Elə bu? – «Ağıllı» şapkasını başına qoyub, qulağını qaşıdı.
- Hə.
- Bəs pul?
- İndi versəm, gedib arağa verəcəksiniz, iş qurtarandan sonra!
- Onsuz da arağa verəcəyik də... – «Ağıllı» mızıldandı.
- Yarım saatdan sonra yerinizdə olun!
- İstismarçı! Qansoran! Vaxtilə cəmiyyətdə yüksək mövqe tutmuş, yüksək səviyyəli intellektual imkanlara malik olmuş, lakin həyat tərəfindən uçuruma atılmış...
- ... araq tərəfindən... – Mərifət düzəliş etdi.
- ... insanları istismar edirsən... «Qalx, ey lənətlə damğalanmış...»
***
Mərifətin növbəti səfəri hamamın yanındakı paltar dükanı oldu:
- Salam, ay dünya gözəli!
Kassanın arxasında əyləşib yelpiklənən qırx beş-əlli yaşlı xanım gözlərini süzdürdü:
- Kül sənin başına! Vaxtında məni almadın ki, səni adam edim. Getdin o tuladan yapışdın, o da səni yarıyolda qoydu. «Dünya gözəli»... Mən o vaxt gözəl idim, ində nəyim qalıb ki? Bir azacıq yalvarsaydın, sənə «Hə» deyərdim. Elçi göndərərdin, adam kimi nişanlanardıq, toy edərdik... İndi bomjlarla oturub-durursan.
Mərifət piştaxta arxasında dayanıb onlara baxaraq gülən balaca boylu satıcı qıza işarə etdi:
- Ayıbdır, uşağın yanında ağzına gələni danışma. Qızım, müdirinin sözlərinə fikir vermə.
- Eybi yox, Mərifət müəllim, adət etmişəm. Həm də, axı müdirim bunları təmiz ürəklə deyir... Sizin də xətrinizi çox istəyir...
Müdir xanım yelpiyi kənara qoydu.
- Əvvəla, bu uşaq dediyinin üç körpəsi var, əlli dəfə demişəm, ikincisi, təmiz ürəklə desəm də, düzünü deyirəm, üçüncüsü, gec deyil, bəlkə məni alasan?
Mərifət qımışıb başını yellədi:
- Yox!
- Ölmüşdü bunu!!! – Xanım ayağa qalxdı, - guya sənə gələn var idi... Sən canın, o vaxt məni niyə almadın?
- Eeee!!! Neçə dəfə deyərlər? Mən əskərlikdən gələndə sən artıq ikinci ərdə idin! O mismarsatan kişidə!
- O rəhmətliklə işin olmasın! Həm də o, tək mismar satmırdı ki? Təsərrüfat malları mağazasında işləyirdi. Gözəl günlər var idi... – Xanım ağlamsındı. – Kababı isti-isti gətizdirirdi mənimçün...
- Yemək bişirə bilmirdin, ona görə!
- Kəs səsini! Özü qoymurdu ki, mən mətbəxə keçim...
Dostları ilə paylaş: |