Nəcəf Talıbov Mərifət müəllim və başqaları



Yüklə 229,5 Kb.
səhifə3/3
tarix14.01.2017
ölçüsü229,5 Kb.
#5584
1   2   3

- Yəqin yağ-soğan iylənirmişsən...

- Xeyr! Sevirdi!

- Sevərdi də! Səndən qırx üç yaş böyük idi!

- …otuz üç yaş!!!

Satıcı qız uğunub getmişdi. Müdirə ona təpindi:

- Ay qız, bu avaranın sözlərinə fikir vermə! – Sonra isə Mərifətə tərəf döndü: - Xeyir ola, nəyə gəlmisən? Bəlkə, pul-zad lazımdır?

Mərifət başını yellədi:

- Heç səndən indiyədək pul istəmişəm?

- Yox. Bilirəm, prinsipialsan. Nə lazımdır?

- Şəhər telefonu.

- Buyur!

Mərifət piştaxtanın arxasına keçib telefonun dəstəyini götürdü, sual dolu nəzərlərlə xanıma və satıcıya baxdı.

Xanım satıcıya dedi:

- Bir-iki dəqiqəliyə bayıra çıx. Bu, avaranın biridir, ağzından biədəb söz-zad qaçırar, gül kimi uşaqsan.

Satıcı maraq dolu nəzərlərlə Mərifətə baxa-baxa bayıra çıxdı.

Mərifət nömrə yığdı, sonra alçaq və xırıltılı səslə bir neçə söz dedi, bir az gözlədi, sonra qısaca «hə» deyib dəstəyi yerinə qoydu.

- Birdən məni zibilə salarsan ha! – Xanım dilləndi.

- Arxayın ol, ay gözəl, - deyib Mərifət qapıya sarı yönəldi. – Çox sağ ol!

- Dəyməz, - xanım dedi. – Təklifimə razı olsan, bildir.

- Dəli-zadam? Mən hələ yaşamaq istəyirəm. Beş kişiyə ərə gedibsən, hamısı ölüb...

- Altı... Nə edim ki, qoca idilər də... Təki sən də onlar qədər yaşa...
***
On dəqiqədən sonra məhəllədə hay-həşir qopdu: iki polis maşını siqnal verə-verə küçədə görsəndilər. Dalanın qarşısında polis nəfərləri maşınlardan tökülüşüb, evlərə sarı yüyürdülər. Hamının «milisəner Qulu» kimi tanıdığı polis nəfəri isə tində dayandı.

Qonşu Əlabbasın on-on iki yaşlı oğlu Quluya tərəf qaçdı. Tut ağacının kölgəsində mürgüləyən küçə iti də ona qoşuldu. Qulu əlindəki dəyənəyi yelləyərək hündürdən dedi:

- Dağılışın! Gedin işinizlə məşğul olun! Hadisə yerinə yaxın gəlmək qadağandır!

Əlabbasın oğlu ilə küçə iti Qulunun sözlərinə məhəl qoymadılar. Çünki uşaq tərbiyəsizin biri idi və siqaret çəkirdi, it isə uşağa baxıb özünə ürək-dirək verirdi. Əslində, hər ikisi - it və uşaq - küçədə bir böyümüşdülər.

- Deyirəm sizə «tolpa» yaratmayın! – Qulu yenə bağırdı.

«Tolpa» - yəni uşaqla it heç veclərinə də almadılar. Qulu nəsə dedi, uşaq cavab qaytardı. İt hürüdü. Qulu dəyənəyi uşağa tərəf fırladı. Uşaq da qaçdı, it də.

Səlimin çayxanasındakı qocaların ikisi də başlarını bu dəfə cənuba – Quluya tərəf çevirdilər.

- Yəqin nəsə olub! – Biri dedi.

- Hə. Nəsə olub. – O birisi təsdiq etdi.

- Görəsən nə olub?

- Bəlkə Həsən arvadını döyüb?

- Yox əşşi! Onların tayfasında arvad döyən olmayıb. Atası Əbdül yadındadır də?

- Hə.

- Ömründə bir dəfə arvadına əl qaldırmışdı...



- ... qaldırmaq istəmişdi...

- ... hə, atan rəhmətlik, qaldırmaq istəmişdi, qayınları gəlib, o ki var çırpmışdılar.

- Hə, çırpmışdılar. Müharibədən iki il əvvəl. Özü də yaxşı çırpmışdılar. Xurd-xəşil eləmişdilər. Ona görə də Stalin onu müharibəyə aparmadı.

- Yox əşşi... Dəlilik kağızı almışdı, müharibəyə ona görə aparmadılar...

- Doğrudan? İndi bilirəm... Bəs onda nə olub orada?

- Bilmirəm. Yəqin nəsə olub.

- Hə. Nəsə olub...

Qonşulardan bir-iki qadın başlarını qapıdan çıxartdılar. Biri soruşdu:

- Ay Qulu qardaş! Nə olub?

- Keç evinə! Sənlik deyil! İstintaq gedən vaxt söz demək olmaz!

- Booy!!! Artıq istintaqmı gedir?

- Gedir, gedir! İndi gəlib sizdən də izahat alacağıq!

Qadın bir anda yox oldu. Qapının arxasından bağlanan cəftənin səsi gəldi.

Hay-haraya çıxan kişilər küçədə görsəndilər. Bir-ikisi Quluya tərəf getdi, əksəriyyəti isə Səlimin çayxanasına üz tutdu.

- Nə olub orada?

- Vallah, bilmirəm, mən də səs-küyə çıxmışam bayıra.

- Mənim də xəbərim yoxdur.

Əlabbasın yetimi və iti bir az Qulunun ətrafında hərlənib çayxanaya yaxınlaşdılar.

- Ay bala, bir şey gördün? Orada nə olub?

- Polislər dalanın sonundakı zibillikdə terrorist tuturlar! – Uşaq şəstlə dedi. İt də hürüdü.

- Qulu dedi?

- Yox! Qulu mənə söydü, mən də ona!

- Bəs haradan bilirsən ki, terrorist tuturlar!

- Hamı tutur, biz də tuturuq də!!! Axşamadək televizorda göstərirlər!

Yarım saatdan sonra çayxanada boş yer yox idi. Səlim çay çatdıra bilmirdi. Hələ qonşudakı dükandan dörd dəst təzə stəkan-nəlbəki də aldırmışdı.

Polis maşınları artıq getmişdi. Ancaq yenə də nə baş verdiyindən xəbəri olan yox idi.

- Zibillikdə nəsə axtarırdılar...

- Yox, bu terrorist söhbəti deyil...

- Dustaq qaçıb türmədən...

- Deyirlər, atışma da olub...

Bir az keçməmiş aşağı məhəllədən də bir neçə nəfər gəldi. Söhbət qızışdı:

- Əlabbasın oğlu deyir oradan meyid çıxarıblar...

- ... ikisini! Birinin başı kəsilibmiş!

- Yox əşşi! Silahlı adamlar olub, polisə müqavimət göstəriblər...

- Əməlli başlı atışma olub, eşitməmisiniz?

- Kim deyir?

- Deyirdilər.

- Sizin xəbəriniz yoxdur! Şəhərin mərkəzindən maşın qaçırıblar, polis də düşüb dallarınca...

- Nə maşını olub?

- O televizorda reklamı gedən maşın var ey, qarda gedəndə təkərlərindən itlər çıxıb maşını çəkən, görmüsən? Bax ondan!

- Hə, görmüşəm!

- Ay camaat, bu kişi gözü ilə görüb!!! Söylə görək necə oldu?

- Mən reklamını görmüşəm ey...

- Kişi, görübsən, niyə danırsan! Söylə görək necə oldu!

- Söylə də!

- Sən öl, söhbət burada qalacaq!

- Mən o maşının reklamını görmüşəm axı...

- Qədeş canı, bizi təhqir edirsən, heç kimə deyən deyilik! Bizi kişi saymırsan???

Maşının reklamını görən bir az döyükdü, ətrafına baxdı. Camaatın nəzərləri ona zillənmişdi.

- Vallah, öz gözlərimlə görməmişəm...

- Danış gəlsin!

- Eşitdiklərini danış...

Kişi lap duruxdu. Onun yanındakı köməyinə çatdı:

- Nə istəyirsiniz bundan? Görməyib, amma inanılmış... eee... mənbələrdən eşitdiyinə görə şəhərin mərkəzindən bərk gedən bir maşın qaçırıblar, hansısa nazirliyin qabağından. Üzlərində maska olub. Polis də düşüb dallarınca! Atışa-atışa düz bizim küçəyə gəliblər...

- ... başlarına yer qəhət imiş?

- ... mane olmayın, qoy söyləsin...

- Ölən və yaralananlar olub. Çoxsaylı... hətta Quluya da güllə dəyirmiş az qala...

- ... anası namaz üstə doğub...

- … heyif…

Mərifət sakitcə durub maraqla danışılanlara qulaq asırdı. Xeyli camaat yığışmışdı. Hətta «Ağıllı» da onların arasında idi, hərdən bir gözaltı Səlimə tərəf baxırdı.

- ...deyilənlər görə, maşındakılardan ikisi qaçıb...

- ... biri yaralı olub...

- ... görəsən nə yaxşı televiziyadan gəlib çəkən-zad yoxdur?

- Yəqin hələ bilmirlər, yoxsa bura müxbirlə dolu olardı...

- Gəlmişdilər, gəlmişdilər!

- ...polislər mikrofonları ilə kameralarını əllərindən alıblar...

- ... o qız var idi ey, müxbir, şəxsən burada olub!

«Ağıllı» şapkasını başından çıxartdı, sonra yenə başına qoydu. İkinci dəfə başına qoydu.

Mərifət onun üzünə baxdı.

«Ağıllı» gözləri ilə sağ tərəfində duran əli sarıqlı kişini göstərdi.

Mərifət yerindən qalxdı. «Ağıllı»nın yanına getdi. O nəsə pıçıldadı.

Mərifət «Ağıllı»nın işarə etdiyi kişiyə yaxınlaşdı:

- Sizi bir dəqiqə olar?
***
- Əgər polis bu dəqiqə sizin əl izlərinizi, ayaqqabınızın izlərinin hadisə yerindəki izlərlə tutuşdursa, evinizdə axtarış aparıb oğurlanmış pulları tapsa, başınıza nələr gələcəyini fikirləşirsiniz?

Kişi əlləri ilə başını sıxıb skamyada oturmuşdu. Mərifət siqaret çəkirdi.

- Axı haradan bilirsiniz ki, pulu mən aparmışam?

- Sizin üçün nə fərqi var?

- Hə… Fərqi yoxdur.

- Nəzərinə çatdırım ki, mən polis işçisi deyiləm...

- Bunun da mənim üçün fərqi yoxdur.

Mərifət bir siqaret də yandırdı.

- Pul üstünüzdədir?

- Yox. Evdədir.

- Gedək!

- Haraya?

- Evinizə...

Evləri xeyli aralı idi. O qədər də hündür olmayan hasar, köhnə taxta qapı. Balaca bir həyət. Kiçik bir şüşəbəndə girdilər. Bura həm də mətbəx idi: bir küncdə qaz plitəsi qoyulmuşdu. Soyuducu, mətbəx stolu, su kranı, üstünə çay dəsmalı salınmış iki-üç stəkan, nəlbəki, boşqab...

Otağa keçdilər.

Mərifət çoxdan belə təmiz ev görməmişdi. Təmiz və kasıb. Təmiz və səliqəli. Təmiz və köhnə. Qədimi televizor, divan, arxası əyməli köhnə stullar. Masa. Üstündə gül qabı. Kitab rəfi.

Mərifət qapının sol tərəfindəki divanda əyləşdi.

Kişi rəfdən bir kitab götürdü. Remark, «Zəfər tağı».

Arasındakı pulları stolun üstünə qoydu. Yüz manatlıqlar.

Mərifət təəccüblə başını qaldırdı:

- Bəs avro? Dollar?

- Onları götürmədim. Daha doğrusu, götürdüm, ancaq sonra koridordakı ayaqqabı dolabının arxasına atdım.

- Niyə?

Kişi çiyinlərini çəkdi.



Mərifət götürüb pulları saydı: on doqquz ədəd yüz manatlıq idi.

Şüşəbənddəki qapı açıldı.

Mərifət əyləşdiyi yerdən içəri kim girdiyini görə bilmədi.

- Ata, evdəsən? Biz anamla dükana getmişdik. – Uşaq səsi fəxrlə dedi.

- Hə, Ramiz, dükana getmişdik. – Qadın səsi gəldi.

Ramiz dinmədi.

Şüşəbənddən mətbəx stolunun üstünə boşaldılan selofan bağlamaların xışıltısı gəldi.

- Altı kilo makaron-vermişel aldım. Üç kilo da kartof-soğan. Bir kilodan azacıq az da ət, yaman baha idi. Arxayın ol, bədxərclik etməmişəm, uşağın məktəb paltarının, dəftər-kitabının pulunu saxlamışam. Paltara gərək başqa yerlərdə də baxam, bir dükanda ucuz olur, digərində baha...

Otağa balaca bir qız uşağı girdi, əlində də qovrulmuş şirin qarğıdalı torbası. Mərifəti görüb dayandı.

- Camaatımızın qəribə psixologiyası var ey, - qadın davam edirdi, - ətsatan əvvəlcə məni tanımadı, tanıyanda da dedi ki, «Dörd aydır ki, məndən ət almırsınız». Yaxşı ki, dükanda başqa alıcı yox idi.

Mərifət diqqətlə qadına qulaq asırdı.

Qadın Mərifəti görmürdü.

Təkcə uşaq diqqətlə ona baxırdı.

- Hələ o zibil qutularının yanında tumsatan yaşlı qadın var ey, nə desə yaxşıdır? «Filankəs imkanlıdır – gündə iki kisə zibil atır, filankəs isə ondan da imkanlıdır, o üç kisə atır». Zibil onlar üçün ailənin maddi vəziyyətinin barometri rolunu oynayır. Əslində düz deyir, amma bunu demək, hamının yanında xüsusi vurğulamaq lazımdırmı? Sənin xəbərin var, arada bir-iki dəfə həyəti süpürüb torbaya yığmışam, aparıb atmışam ki, qarı nənə bizim barədə pis fikrə düşməsin...

Qadın güldü.

- Şükür, işə girmisən, avans da almısan, yəqin atmağa zibilimiz olar...

Qadın yenə güldü.

Fasilə yarandı. Mətbəxdən boşaldılan kartof-soğanın səsi gəldi.

- Deyirsən ki, yaralı əlin sənə mane olmayacaq? Təki olmasın, amma imkan tapan kimi ilk növbədə əlini müalicə etdirmək lazımdır... Yenə mebel, dülgər işidir? Deyirlər ki, indi o plastik qapı-pəncərə sexlərində yaxşı maaş verirlər... Sonra da, sən canın, gör televizoru təmir etdirə bilirsənmi... Uşaq bütün günü evdədir, aradabir cizgi filminə baxar. Elə biz də konserti –zadı dinləyərik..

Kişi yavaşdan öskürdü.

Sakitlik çökdü.

- Pulun qalanını bura gətir.- Kişi yavaşdan dedi.

Qadın otağa girdi. Mat-mat Mərifətə, onun əlindəki pullara baxdı. Sonra ovcunda tutduğu beş-altı kağız pulu stolun üstünə qoydu, qəpikləri də üstünə tökdü. Dayandı. Ərinə baxdı. Geri qayıdıb şüşəbənddən, içərisindən makaron, vermişel, iki litrlik günəbaxan yağı butulkası, bükülü ət görsənən selofan kisələri gətirdi, stola yığdı. Sonda bayaqdan Mərifətə baxan qız uşağının əlindəki qovrulmuş qarğıdalı kisəciyini də alıb, kisələrin yanına qoydu.

Uşaq ağladı.

Qadın sakitcə uşağın başını tumarladı. Qız səsini kəsdi, anasına sığındı.

Mərifət daşa dönmüşdü.

Haradansa sərçələrin cikkiltisi gəldi. Külək ağacın budağını pəncərəyə vurdu.

Mərifət sakitcə pulları stolun üstünə qoydu:

- Ramiz, məni düzgün başa düşmədin. Deyirəm ki, bu pulları da götür, əlini müalicə etdir, qoy lap iki-üç ay çəksin, həm də mənim dostumun sexinə rəhbərlik et. – Sonra qadına tərəf çevrildi: - Bacı, bağışlayın, evə ayaqqabılı girmişəm. Ramiz, çıxaq bayıra, bir siqaret də çəkim, söhbətimizi açıq havada davam edək.

Həyətə çıxdılar. Oradan da küçəyə.

Mərifət susmuşdu. Harayasa uzaqlara baxırdı.

Ramiz dilləndi:

- Altı aydır işləmirəm. Ustayam, əlim dəzgahın arasında qaldı. Həkimlər dedilər, düzgün müalicə olunsa, əlinin hərəkəti bərpa oluna bilər.

- İş yerindən kömək etmədilər? Xəstəliyə görə yardım, nə bilim nə?

- Nə kömək? Mən dülgər sexində yer və dəzgah icarəyə götürmüşdüm. Heç müqavilə-zad da bağlanmamışdı. Ayın əvvəlində icarə haqqını ödəyirdim, işləyirdim. Az da olurdu, çox da olurdu, dolanmamıza yetirdi. Yoldaşlarım da dedilər ki, sosial müdafiədən nəsə kömək etməlidirlər. Ancaq sex sahibi hay-həşir saldı ki, özüm təhlükəsizlik qaydalarını pozduğuma görə xəsarət almışam. Əmək müfəttişliyindən gəlib, çək-çevirə salanda kim cavab verəcək? Qaldım belə... Söz verdi ki, sağalan kimi yerimi özümə verəcək. Amma mən çıxandan iki gün sonra başqa adama icarəyə verdi.

- Evdə... səndən başqa işləyən yoxdur?

- Yox. Yoldaşım ixtisasca texnoloqdur, toxuculuq üzrə, işsizdir. Qızım da ki, ögrdün də, balacadır. On gündən sonra birinci sinifə gedəsidir...

- Bəs bu ... hadisə necə oldu?

- Bir siqaret olar? Çəkən deyiləm, ancaq...

Mərifət Raimzə siqaret uzatdı, yandırdı.

- Axşam pulu gətirəndə gördüm. Şəffaf selofan torbada idi. Səhərisi də, təsadüfən onun necə evdən çıxdığını gördüm. Yay vaxtıdır, köynəkdə idi. Pul üstündə olsa idi, mütləq hiss olunardı. Məni də yoldan elə bu çıxartdı...

Fasilə yarandı.

- Başa düşürsünüz, altı aydır bir qəpik əldə edə bilmirəm. Evdə bir manatlıq belə ərzaq yox idi. Uşaq məktəbə necə gedəcəkdi, artıq heç cür təsəvvür etmirdim...

Yenə fasilə yarandı. Ramiz öskürdü, siqareti yerə atdı.

- Hasardan aşdım. Qapını beş dəqiqəyə açdım...

Mərifət təəccüblə soruşdu:

- Seyf qapısını?

- Nəzərə alın ki, mən ustayam. Mebel, dülgər, xarrat işi... Hər şey əlimdən gəlir... Heç beş dəqiqə də çəkmədi... Evə girdim. Gözümə ilk dəyən masa oldu. Üstü toz idi, təkcə siyirmə olan hissəsində, üstdə toz silinmişdi. Yüzlük manatları götürüb cibimə qoydum. Avro ilə dolları isə, bayaq dediyim kimi, dolabın arxasına atdım. Koridorda…

Fasilə yarandı.

- Yaxşı, Ramiz. – Mərifət gülümsündü, - dostumun sexinə rəhbərlik etməyə hazırlaş. Əlini də mütləq müalicə etdir.

Ramiz duruxdu:

- Bəs pullar?

- Qaytararsan. Qazananda…

- Dostunuzun həqiqətən sexi var?

Mərifət «dostlar»ını gözünün qabağına gətirdi. Şaqqanaq çəkib güldü:

- Yox! Yoxdur! Gərək özün tapasan sexi...

- Bəs... bəs.. necə məni... tapdınız?

Mərifət uğundu:

- Polisə zəng eləyib ... kimsə demişdi ki, dalanın sonundakı zibillikdə üç-dörd nəfər dalaşır... onlar də gəldilər... camaatın nə danışdığını isə özün eşidirdin... terroristlər, atışma, maşın qaçırdanlar... heç kəs evdən... pul aparıldığını demirdi... – Mərifət bu dəfə lap uğundu. – Təkcə səndən başqa...

Ramiz bir az fikirləşdi, sonra qımışdı:

- Mən lap axmaq imişəm ki...

- Özü də yekəsindən!!!!!!!!! – Mərifət əlavə etdi.

Və yenə güldü.

Taxta qapı azacıq açıldı, Ramizin yoldaşı və qızı görsəndi. Uşaq onlara baxdı, sonra gülümsədi.

Ağacda sərçələr mehriban-mehriban cikkildəşirdilər. Hasarın üstündə tənbəl-tənbəl uzanmış pişik bic-bic onlara baxırdı. Yay günəşi insanlara əl edərək öz yolu ilə gedirdi. Külək adamları sərinlətmək üçün ehmallıca əsirdi....
***
- Hə, bir şey edə bildin?

Mərifət başını qaldırdı: qonşu idi, Xanım müəllimənin oğlu.

Stuldan qalxdı, çayçı Səlimə «sağ ol» deyib dilləndi:

- Gedək!


- Hara?

- Sizə!!!

- Səhər getmişdik də?

- Bir də gedək də...

Qonşu tək deyildi. Yanında özü kimi birisi də var idi.

Getdilər.

Əvvəlcə həyətə, sonra evə girdilər.

Mərifət otağa göz gəzdirdi. Yerə diqqətlə baxa-baxa dal-dala koridora keçdi, sağdakı ayaqqabı dolabının içinə baxdı, sonra əlini dolabın arxasına saldı. Bir paçka beşyüzlük avro, bir paçka yüzlük dollar...

- Aaa!!! – Qonşunun ağzı açıq qaldı. – Bunlar buraya necə düşüb?

Mərifət çiyinlərini çəkdi:

- Nə bilim? Yəqin kefli olmusan, salmısan buraya.

- Mən içki içmirəm!

- Onda anaşadan-zaddan çəkibmişsən!

Qonşu qurudu:

- Sən ... nə... danışırsan???

Mərifət əli ilə pulları göstərdi, bir daha çiyinlərini çəkdi.

Qonşunun yanındakı dilləndi:

- Əsas odur ki, pullar tapıldı... Elə bu idi???

- Doğrudan ey!!! Bəs iki min manat hanı? – Qonşu pullara baxdı.

- Yəqin onları da yolda-zadda salıb itirmisən! – Mərifət dedi.

- Axı bir bağlamada idilər...

- Mən nə bilim ey? Buxarlanıblar! Qanad çalıb uçublar!!! Saxta imişlər, Mərkəzi Bank dövriyyədən çıxarıb! – Mərifət az qala bağırdı.

Qonşu ilə yanındakı duruxdular.

- Nə isə, buna da şükür!!! Pulun üstünü birtəhəri düzəldərik. Gedək!

Həyətə çıxdılar.

Mərifət nəsə fikirləşib ayaq saxladı.

- Niyə dayandın? Mən gecikirəm, aparıb malın pulunu çatdırmalıyam,- qonşu dedi.

- Bəs... mənə bir şey vermirsən? – Mərifət qaşqabaqla soruşdu.

- Nə verim ey? Oğurluğun üstünü açmısan? Oğrunu tutmusan? Pul idi, unudub salmışdım dolabın arxasına, sən də tapdın, sağ ol!!! – Qonşu birnəfəsə dedi. Sonra isə dodağının altındı mızıldandı: - Elə məndən ötəri özünü güllə qabağına verib...

Yanındakı əlini cibinə saldı, beş manat çıxardıb Mərifətə uzatdı:

- Bəsindir! Bir araq al, iç, kef elə!

Mərifət götürmədi, arxasını çevirib həyətdən çıxdı.

Sərçələr alçaq-alçaq cikkildəşirdilər. Pişik bir gözünü yumub, o biri gözünün altından murdar-murdar onlara baxırdı. Günəş yekəxana-yekəxana batmağa doğru gedirdi. Külək qancıq-qancıq yerdəki zir-zibili qaldırıb adamların üzünə çırpırdı...
***

Mərifət müəllimin kefi yox idi...



Oktyabr 2012-ci il.
Yüklə 229,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin