12.Neftin yaranmasının I-ci mərhələsi?
Qədimlərdən 1760-cı ilədək olan dövrü əhatə edən birinci mərhələdə neftin yaranması ilə bağlı müxtəlif fikirlər meydana çıxıb. Birinci nəzəriyyə 950-ci ildə ərəb alimi İh-van-əs-Səfa tərəfindən irəli sürülüb. O yazırdı:«Su və hava atəş təsiri altında yetişir və alovlu kükürdü və su civəsini yaradır. Bu ikincidərəcəli elementlər müxtəlif torpaq miqdarı ilə qarışır və temperaturdan asılı olaraq yerin içində yerləşən mineralları, o cümlədən neft kimi bituminoz substansiyasını yaradırlar. Buna görə onların yüksək havası var və neft sıxılır, tez alışır». Bir başqa alim - italyan alimi P.S.Bekkone XVII əsrdə ingilis alimi V.Çarmetona istinad edərək, kəhrəba və qırın (bitumların) mənşəyinin eyni olduğunu və neftin yerdən gələn vulkanik güclərdən və kükürddən əmələ gəldiyini qeyd edirdi. XVII əsrin axırında fransız alimi Lemerenin elmi işlərinin mühakiməsinə əsasən, neftin kəhrəbanın təbii distilləsi nəticəsində yaranması fikri formalaşdı. Daş kömür bu distillənin qalığıdır. Lemere özü isə neftin yaranmasının bitumun distilləsi nəticəsində baş verdiyini düşünürdü. XVIII əsrin əvvəllərində alman alimi Henkel qeyd edirdi ki, neft heyvan və bitkilərin qalıqlarından yaranır. 1739-cu ildə alman əsilli rus akademiki İ.Veybrext neftlə bağlı fikirləri ümumiləşdirdi. O, neftin - dəniz suyunun qoyduğu islahedilmiş yanar duzlardan ibarət olduğunu diqqətə çatdırdı. «Bitkilərin yağlı hissələrinin xassələrinin neft yağına yaxın olması» tədqiqat zamanı əsaslandırıldı. Buna istinadən belə fikir meydana çıxdı: «Ola bilər bütün bitkilərin alovlu və yağlı hissələri bitkilərin yerin təkindən çəkdikləri neftdən yaranır». Mütəxəssislər bu fikrin daha çox qəbul olunduğunu diqqətə çatdırırlar. 1750-ci ildə alman alimi Şpilman yazırdı ki, neft bitkilərdən, əsasən küknar ağacından yaranır. Fransa Elmlər Akademiyasının üzvü, kimyaçı P.J.Maker 1758-ci ildə bitumların bitki yağlarının və turşuların qarşılıqlı təsiri nəticəsində yarandığını bildirdi.
13.Neftin yaranmasının II-ci mərhələsi?
Mütəxəssislər 1761-1859-cu illəri əhatə edən ikinci mərhələdə neftin üzvi yaranması nəzəriyyəsinin əsasını M.V.Lomonosovun qoyduğunu yazırlar. XVIII yüzilliyin ortalarında rus alimi neftin daş kömürdən üzvi yolla yarandığını bildirdi: «Yerin təkində yaranan daş kömürdən yeraltı hərarətin gücünə boz və qara rəngli yağlar üzə çıxır. …müxtəlif növ yanar mayelərin və bərk quru maddələrin yaranması baş verir (mahiyyətcə bu daş yağ, maye qatran, neftdir). Onlar (tərkibinin) təmizliyi ilə fərqlənir, lakin bir mənbədən törəyirlər». XIX əsrdə neftin mənşəyi haqqında əsasən M.V.Lomonosovun fikirləri qəbul olundu.