14.Neftin yaranmasının III-cü mərhələsi?
Üçüncü mərhələdə, yəni 1860-1931-ci illərdə bir sıra maraqlı fikirlər meydana çıxdı. Alman alimi Karl Enqler Abşeronda çıxan neftin təbiətini və əmələ gəlməsini öyrənmək məqsədilə 1885-ci ildə Bakıya gəldi. Onun 1888-ci ildə dərc etdirdiyi neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsi sonrakı analoji nəzəriyyələrin əsası oldu. Bu nəzəriyyə bir növ D.Mendeleyev və digərləri tərəfindən irəli sürülmüş neftin mineral maddələrdən yaranması nəzəriyyəsinə zidd idi. 1867-ci ilədək neftin üzvi yaranmasının tərəfdarı olan D.Mendeleyev 1877-ci ildə onun mineral yaranması fərziyyəsini inkişaf etdirdi. Sonrakı illərdə neftin qeyri-üzvi yaranmasının müxtəlif ehtimalları irəli sürüldü. D. Mendeleyev Bakıda olarkən alman əsilli rus alimi G.Abixdən neft yataqlarının çox zaman ərazi cəhətdən yer qabığının xüsusi tipli çatlarında – çökmələrində yerləşdiyini öyrənir və bunda fikirlərinin sübutunu görür.
15.Neftin yaranmasının IV-cü mərhələsi?
Mütəxəssislərin fikrincə, dördüncü mərhələdə - 1932-1950-ci illərdə əsasən akademik İ.M.Qubkinin «Neft elmi haqqında» adlı kitabı 1932-ci ildə nəşr ediləndən sonra, ardınca gələn mərhələdə böyük miqdarda dəniz hövzələrinin çöküntülərindən yığılmış üzvi maddələrdən neftin yaranmasına dair fərziyyə hökmranlıq edirdi.
16.Neftin yaranmasının V-ci mərhələsi?
Beşinci mərhələni - 1951-ci ildən indiki dövrədək olan mərhələni isə alimlər cəsarətlə neftin üzvi maddələrdən yaranması nəzəriyyəsinin təşəkkül tapması dövrü adlandırırlar. Bu mərhələnin 1950-ci ildən, məhz sovet və amerikalı alimlər tərəfindən müasir çöküntülərdə karbohidrogen tapıldığı ildən başladığını nəzərə çatdırırlar. Amerikalı tədqiqatçılar P.V.Smitin rəhbərliyi altında Meksika körfəzində, Sakit okeanın Kaliforniyaya yaxın hissəsində və bir neçə şirin sulu hövzələrdə yerləşən müasir çöküntülərdə karbohidrogenlər aşkar etdilər. Sonrakı tədqiqatlar nəticəsində məlum oldu ki, müasir çöküntülərdəki karbohidrogenlər neftdən çox fərqlənir. Bu tədqiqatların olduqca əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər səbəbini belə izah edirlər: Əvvəla, onlar karbohidrogenlərin bitki və heyvanların qalıqları olan çöküntülərdən əmələ gəlməsini göstərdilər və bununla neftin əmələ gəlməsi üçün hansı üzvi maddənin ilk sayıla bilər sualı haqqında təxminən 200 il ərzində davam edən müzakirələrə müvəqqəti son qoyuldu. İkincisi, məlum oldu ki, neft və qazın yaranma prosesi demək olar ki, istənilən su hövzəsi çöküntülərində inkişaf edə bilər və bunun üçün hansısa qeyri-adi şərait tələb olunmur.
17.Azərbaycan ərazisində neftin yaranması?
Dünyanın ən zəngin neft və qaz yataqlarına malik hissələrindən biri də Azərbaycandır. Ona görə də bu ölkəyə ta qədim zamanlardan bu sahənin tədqiqatçıları diqqət göstərib, müxtəlif ölkələrdən olan böyük alimlər yollarını Azərbaycandan salıblar. Bu gün respublikamızın özündə başqa sahələrdə olduğu kimi, neft sahəsində də bacarıqlı alimlər az deyil. Onların araşdırması üçün isə Azərbaycanın böyük neft tarixi var.
Yer kürəsindəki 800 palçıq vulkanının da çoxu Azərbaycanda yerləşir. Onlar mənşəcə neft və təbii qaz yataqları ilə əlaqədardır. Ona görə də neftin və təbii qazın tədqiqatı ilə məşğul olan alimlərin diqqət göstərdiyi sahələrdən biri də palçıq vulkanlarıdır. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi sahələrdə - Lökbatan, NeftDaşları, Qaradağ, Mişovdağ və digər yerlərdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilib. Onların içində Lökbatan palçıq vulkanı fəallığı və yerləşdiyi yerin neft-qazlılıq strukturları ilə sıx əlaqədə olmasıyla fərqlənir. Mütəxəssislər burada vulkanın mütəmadi olaraq öz fəaliyyətini büruzə verdiyini nəzərə çatdırırlar. Alimlər onu da qeyd edirlər ki, məhsuldar qatın neftli layları uzun müddət aşınmaya məruz qalmalarına baxmayaraq, öz neftlilik əlamətlərini bu günə kimi saxlayırlar. Məlumdur ki, təbiətin nadir geoloji muzeyi olan Qırməki dərəsində dərinliyi 30-50 metr olan əllə qazılmış iri diametrli, ağzı açıq iki neft quyusu ölkəmizin neft sənayesinin tarixini öyrənmək baxımından maraqlıdır. Min illərdir şölələnən Qırməki dərəsinin yaxınlığında yerləşən Qırməki palçıq vulkanı və Yanardağın alovları təbiətsevənlər üçün əvəzolunmaz geoloji muzey sayılır. Azərbaycanda, Binəqədi ərazisində olan, dördüncü dövrə aid heyvanat qəbiristanlığı da böyük marağa səbəb olub. 1938-ci ildə Binəqədi qəsəbəsi yaxınlığında qır (bitum) axtaran zaman Azərbaycan Sənaye İnstitutunun tələbəsi, geoloq A.Məstanzadə ibtidai heyvanlara aid sümüklər tapdı. Burada 50 minə yaxın heyvanat aləminə məxsus sümük aşkar edildi. Mütəxəssislərin fikrincə, Binəqədidəki dördüncü dövrə aid heyvanat və bitki aləminin qalıqları o zaman Azərbaycanın bu hissəsinin flora və faunası, eləcə də burada neftin mövcud olması barədə məlumat verir.