Neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2,17 dollar bahalaşaraq 31,83 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,32 dollar artaraq 34,71 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1 dollar bahalaşaraq 35,09 dollar təşkil edib.
Təhminə
Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində düşmənin təxribat qrupunun 3 üzvü məhv edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid əsgər İmran Mirzəyevin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Tural
Avstriyada işsizlərin sayı durmadan artır
Avstriyada məşğulluq bazarında vəziyyət getdikcə gərginləşib və işsizlərin sayı son illərdə ən yüksək həddə çatıb. Bu ilin yanvar ayının göstəricilərinə əsasən, ölkədə 490 246 nəfər işsiz var. Bununla da Avstriyanın əmək qabiliyyətli əhalisinin 10,9 faizi iş axtarışındadır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə işsizlərin sayı 3,7 faiz və ya 17 700 nəfər artıb. İşsizlərin əsas hissəsi ölkə paytaxtı Vyananın payına düşür, burada 166 min nəfər Əmək Məşğulluğu Xidmətində qeydiyyatdadır.
Ekspertlərin rəyinə görə, tezliklə işsizlərin sayı 500 minlik psixoloji sərhədə çatacaq. İş axtaranların əsas hissəsi sosial xidmət, pərakəndə satış və turizm sektorlarında çalışanlardır.
Ölkənin sosial məsələlər naziri Alois Ştöqer iş bazarındakı mənfi tendensiyanın qarşısının alınmasının hələlik mümkün olmadığını bildirib. Ölkəyə gələn qaçqınlar, işini itirmiş yaşlı insanların məşğulluq bazarında yenidən iş tapmaq şanslarının aşağı olması və nəhayət dünyadakı qlobal iqtisadi proseslər yaxın aylarda işsizlərin sayının artmasına təkan verəcək amillərdir.
Tural
Bank of Azerbaijan-ın əmanətçilərinə kompensasiyaların yarıdan çoxu ödənilib
Beş gün ərzində sığorta hadisəsi baş vermiş Bank of Azerbaijan-ın əmanətçilərinə 12 milyondan artıq kompensasiya ödənilib. Bu barədə Azərbaycan Əmanətlərin Sığorta Fondunun (ADİF) məlumatında qeyd olunub.
Ödənişlər bank-agent təyin edilmiş Muganbank və Rabitabank-ın filiallarında həyata keçirilir.
Bank of Azerbaijan-da sığorta olunmuş əmanətlərin ümumi həcmi 24,2 milyon manat təşkil edir.
Tural
İki rayona yeni prokuror təyin edilib
Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişikliyi olub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Məlumata görə, Baş prokuror Zakir Qaralovun əmrləri ilə Şəmkir rayon prokuroru Allahverdi Novruzov tutduğu vəzifədən azad edilərək Masallı rayon prokuroru, Gəncə şəhər prokurorunun müavini Elçin Məmmədov isə tutduğu vəzifədən azad edilərək Lənkəran rayon prokuroru vəzifəsinə təyin ediliblər.
Yararsız ət məhsulları zərərsizləşdirilib
Yanvarın 24-də Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu Bakı şəhərinə satış üçün Ağcabədi rayonunun Aşağı Avşar kəndindən gətirdikləri 1100 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri, sümükdən ayrılmış ətlər, baş-ayaq və daxili orqanlarla dolu “Ford Transit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşın saxlanılıb, qanunvericiliyə uyğun cəmdəklərdən nümunələr götürülüb, laboratoriyanın 25 yanvar 2016-cı il tarixli 0052 nömrəli ekspertizasınına əsasən götürülən nümunələr bakterioloji (BÇQB, stafılakokkus aureus) məruz qalmış, nümunələrin olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib, eyni zamanda müayinə edilən nümunələrin 7-də at əti olması aşkar edilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, yanvarın 27-də isə həmin cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.
Təəssüflər olsun ki, aparılan tədbirlərə, edilən xəbərdarlıqlara baxmayaraq Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu öz çirkin əməllərindən əl çəkməyiblər. Onlar yenidən 1200 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərini və ət məhsullarını Bakı şəhərinə satış üçün gətirməyə cəhd edərkən yanvarın 29-da alınmış məlumat əsasında (içərisində ölmüş heyvan əti və at əti olduğu bildirilən) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda saxlanılıb.
“Ford Transit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman xeyli sayda hissələrə ayrılmış heyvan cəmdəkləri, eləcə də heyvanların daxili orqanları, baş-ayaqları, yelini, qarın və quyruq nahiyələri aşkar olunub. Hissələrə ayrılmış heyvan cəmdəklərinin bir hissəsi yük avtomaşınında primitiv quraşdırılımış dəmir qarmaqlardan asılmış vəziyyətdə olsa da, digər əsas hissəsi isə baytarlıq-sanitariya qaydalarına riayət edilmədən avtomaşının döşəməsinə, içərisində heyvanların daxili orqanları, baş-ayaqları, yelini, qarın və quyruq nahiyələri üst-üstə tökülmüş çirkli vəziyyətdə aşkar edilib.
Yük avtomaşınında olan hissələrə ayrılmış heyvan cəmdəyinin mənşəyinə və sağlamlığına dair sürücünün adına yazılan 012760 №-li baytarlıq şəhadətnaməsində (forma № 2) 8 (səkkiz) baş mal əti (1200 kq) göstərilsə də həmin sənədin kim tərəfindən verilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Cəmdək hissələrinin üzərinə vurulan möhürün ətin müayinəsi zamanı qida üçün yararlığını təsdiq edən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığı müəyyən edilmişdir. Eləcə də avtomobilə yüklənmiş daxili orqanlar, baş-ayaqları, heyvan yelini və digər nahiyələr müşayiətedici sənəddə öz əksini tapmayıb.
Yük avtomaşınında olan heyvan ətinin müşayiətedici baytarlıq şəhadətnaməsinin kim tərəfindən verildiyi məlum olmadığına və ət cəmdəklərinin üzərinə vurulan möhürün qida üçün yararlığını təsdiq edən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığına görə laboratoriya müayinəsi üçün nümunələrin götürülməsi məqsədi ilə avtomaşın "Baytarlıq şəhərciyi" nə gətirilib, hissələrə ayrılmış heyvan cəmdəklərindən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub.
RBL-nın ekspertizasına əsasən 24 nümunə ətdə və 2 nümunə daxili orqanda (işgənbə, ağciyər və qaraciyər) bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı isə 24 ət nümunəsinin və 2 daxili orqanın (işgənbə, ağciyər və qaraciyər) keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.
Aparılan müayinələr zamanı daxil olan nümunələrin hamısının iribuynuzlu heyvana məxsus olduğu müəyyən edilib.
Cəmdəklərin, daxili orqanların, baş-ayaqların, yelinin, qarın və quyruğun heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq fevralın 3-də cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər respublikanın şəhər və rayonlarında mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
Tural
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması müsbət haldır
Şəffaflılığın təmin edilməsi üçün Palata kollegial idarəçilik prinsipləri ilə idarə olunacaq bu zaman əməliyyat və maliyyə müstəqilliyi prinsipləri əsas götürüləcəkdir. Fərmana müvafiq olaraq 1 ay ərzində Palatanın nizamnaməsi, strukturu və idarəetmə tərkibi ölkə başçısı tərəfindən müəyyən ediləcək və bu andan Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam veriləcəkdir. Bu da, müvafiq sahələrdə vahid tənzimlənmənin davamlı və ardıcıl tətbiqini təmin edəcək.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində struktur islahatları davam etdirilir. Bu kontekstdə, ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının təmin olunması, bu sahədə tənzimlənmə və nəzarətin mütərəqqi metod və mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında qərar qəbul edilib.
Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq Azərbaycanda qiymətli kağızlar və sığorta bazarları, investisiya fondları, ödəniş sistemləri və kredit təşkilatları, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcəkdir. Qeyd olunan sahələr üzrə lisenziyalaşdırılma, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı, Palata həmçinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində fəaliyyəti də əlaqələndirəcək.
Maliyyə bazarlarında vahid tənzimləyici yanaşması qlobal maliyyə mərkəzlərində uğurla tətbiq edilir və Palata öz fəaliyyətində məhz belə mütərəqqi beynəlxalq təcrübəni rəhbər tutacaq.
Tural
Apellyasiya Şuraları sahibkarların hüquqlarının qorunması üçün atılan addımdır
Ölkə Prezidentinin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı növbəti addım 03.02.2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasıdır.
Bu barədə Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin məlumatında bildirilib.
Xidmətdən bildirilib ki, sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir. Bu siyasətin həyata keçirilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənmişdir. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və sahibkarlar ölkə rəhbərinin qərarlarının, tapşırıqlarının, imzaladığı fərman və sərəncamların onların fəaliyyətinə geniş imkanlar açacağına əmindirlər.
Qeyd olunan Fərmanının qəbul edilməsinin zərurəti sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi və mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsi məqsədi daşıyır.
Fərmanın qəbul edilməsindən sonra sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, mərkəzi icra hakimiyyəti orqanının və onun yerli (struktur) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına müraciət edə biləcəklər. Bundan əlavə sahibkarlar yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət edə biləcəklər.
Qeyd olunan islahatın nəticəsində yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyəti bir qədər də artmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamədə Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmək hüququnun, şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq hüququnun və Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək hüququnun təsbit edilməsi bunun bariz nümunəsidir.
Ümumiyyətlə, sahibkarların hüquqlarının qorunması fonunda ölkə prezidentinin həyata keçirdiyi islahat sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaqdır.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti görülmüş və görüləcək işlər barədə məlumatları mütəmadi olaraq ictimaiyyətə mətbuat vasitəsilə çatdıracaqdır.
Fürsətdən istifadə edərək, bütün KİV nümayəndələrinə səmərəli əməkdaşlığa görə minnətdarlığımızı bildirir, yaranacaq suallara da növbəti açıqlamalarımızda münasibət bildiriləcəyini diqqətə çatdırırıq.
Tural
Bölgələrdə irimiqyaslı layihələr həyata keçirilir
“Azəryolservis” ASC-də 2015-ci ilin yekunlarına və 2016-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.
ASC-dən verilən məlumata görə, iclasda “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.
Respublikanın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirildiyini bildirən S. Məmmədov bu çərçivədə kənd yollarının yenidən qurulmasının da xüsusi əhəmiyyət kəsb etdiyini əlavə edib.
İclasda qeyd olunub ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub, təmir olunub.
Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, təmir olunub, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib. Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilib, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilib.
Bundan başqa, 2015-ci il ərzində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min kvadratmetr sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min kvadratmetrdən artıq sahədə çala təmiri işləri yerinə yetirilib.
S. Məmmədov kənd yollarının tikintisinin sürətləndirilməsi ilə bağlı 2016-cı ildə də genişmiqyaslı işlərin aparılacağını qeyd edib. Bununla bağlı cəmiyyət sədri tərəfindən müvafiq idarə və şöbələrin rəhbərlərinə göstərişlər verilib.
Tural
“Qaçqın axını ilə Avropaya cinayətkarlar da daxil olur”
“Ölkələrindəki müsibətlərdən qurtulan yox, sadəcə özlərinə rahat həyat axtaran miqrantlara sığınacaq verilməməlidir”.
TASS agentliyinin verdiyi məlumata görə, bunu Finlandiyanın baş naziri Yuxa Sipilya bəyan edib.
O həmçinin əlavə edib ki, qaçqın axını ilə Avropa ölkələrinə cinayətkarlar da daxil olur.
Fevralın 3-də parlamentdə çıxış edən Finlandiya prezidenti Sauli Niinistö isə bildirib ki, Avropa hazırkı miqrant dalğasına davam gətirə bilməz.
Qeyd edək ki, 2015-ci ildə Finlandiyaya 33 minə yaxın qaçqın gəlib. Onların əksəriyyəti İraq vətəndaşlarıdır.
Tural
Məcburi köçkün məktəbləri üçün layihə başlanıb
Masazır qəsəbəsindəki məcburi köçkün şəhərciyində “Astrid Lindqren yaradıcılığı Azərbaycan dilində” adlı sosial layihənin təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və İsveç Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, Azərbaycanın bütün bölgələrini əhatə edən layihə 610 qaçqın və məcburi köçkün məktəbini əhatə edir. Layihə çərçivəsində məktəblər İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə yeni tərcümə edilmiş 9 kitabı ilə təmin olunacaq.
Bildirək ki, layihənin məqsədi qaçqın və məcburi köçkün məktəbliləri oxumağa həvəsləndirməkdir. Eyni zamanda, layihə İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında məlumatın yayılmasına kömək edəcək.
Mərasimdə o da bildirilib ki, uşaq ədəbiyyatı üzrə mütəxəssislər arasında müzakirələrin aparılması, qarşılıqlı maraq kəsb edən digər layihələrin həyata keçirilməsi Azərbaycan ilə İsveç arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Qeyd edək ki, İsveç Krallığının ölkəmizdəki səfirliyi Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaq. Buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına salınmasına dəstəyi göstərmək olar.
Tədbirin sonunda məcburi köçkün uşaqları tərəfindən “Uzuncorab Poppi”, “Damda yaşayan Karlsson” əsərlərindən səhnəciklər təqdim edilib.
Nigar
Xəzər regionunun neft bazalarına həsr olunmuş beynəlxalq konfrans
Mayın 16-17-də Qazaxıstanın paytaxtı Astanada “Xəzər regionunun neft bazaları və terminalları: müasir layihələndirmədən səmərəli istismaradək” mövzusunda ikinci beynəlxalq konfrans keçiriləcək.
Konfransın media-tərəfdaşı xəbər verir ki, tədbirin təşkilatçısı Xəzərdəki neft bazalarını və terminallarını tədqiq edən “Vostok Capital” şirkətidır. Yüzdən çox ekspertin, o cümlədən neft bazaları və terminalları rəhbərlərinin, aparıcı avadanlıq və texnologiya təchizatçılarının, tənzimləyici orqanların nümayəndələrinin iştirak etdiyi tədqiqatda Xəzər regionunun ən perspektivli investisiya layihələri tədqiq edilib, istehsalın lokallaşması və idxalın əvəz edilməsi şəraitində neft bazaları rəhbərlərinin texnologiya və avadanlıq, neft terminalları və yanacaqdoldurma stansiyaları seçmək meyarları müəyyən olunub, Xəzər dənizində neft bazaları və terminalları üçün praktiki yenidənqurma, istismar və texniki həll nümunələri göstərilib, neft-qaz obyektlərinin tikintisi və yenidən qurulması layihələrində avadanlıq, təftiş, müşayiət və nəzarət seçiminin xüsusiyyətləri aşkar edilib.
Konfransın təşkilatçıları bildirirlər ki, “Xəzər dənizinin neft bazaları və terminalları: müasir layihələndirmədən səmərəli istismaradək” mövzusunda ikinci beynəlxalq konfransda neft bazaları və terminallarının layihələndirilməsinin və istismarının ən mühüm aspektləri müzakirə olunacaq.
Nigar
Afaq Əliyeva: “Epidemioloji vəziyyət tam sabitdir”
“Bu ilin yanvarında 300-dən çox şəxs müayinə olunub. Nəticədə Azərbaycanda “donuz qripi” qeydə alınmayıb. Ötən il isə 1400 nəfər üzərində müayinə aparılıb. Onların da arasında “donuz qripi”nə rast gəlinməyib”. Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, sərhəd-keçid məntəqələrində “donuz qripi”nin qeydə alındığı ölkələrdən gələn şəxslər müayinədən keçirilir. A. Əliyeva əlavə edib ki, Bakı şəhərindəki bütün məktəblər və uşaq bağçalarında 100 faiz dezinfeksiya işləri başa çatdırılıb: “Hər ay məktəb və uşaq bağçalarında iki dəfə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Yaxın zamanlarda məktəb və uşaq bağçalarında dezinfeksiya işləri şənbə və bazar günləri həyata keçiriləcək. Hələ ötən ilin dekabrında Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında “donuz qripi” aşkarlandı. Bununla bağlı həmin ay səhiyyə naziri tərəfindən əmr imzalandı. Dərman preparatları, laborator müayinələrin aparılması, lazımi avadanlıqlarla təminatla bağlı tapşırıqlar verildi”.
Direktor müavini qeyd edib ki, xəstəliklər haqda gündəlik məlumatlar toplanır: “2009-cu ildən başlayaraq, Bakı şəhərinin ən böyük xəstəxanalarında kəşfiyyat xarakterli epidemioloji nəzarət tədbirləri təşkil olunur. Epidemioloji vəziyyət tam sabitdir. Eyni zamanda, ağır keçirən xəstələrin yaxmaların götürülməsi üçün ləvazimatlar göndərilib”. A. Əliyeva onu da qeyd edib ki, Azərbaycanda Zika virusu ilə bağlı narahatlıq yoxdur: “Zika virusuna Azərbaycanda yoluxma ehtimalı yoxdur”.
Nigar
“Azərişıq” Nardaranda yeni ofis açdı
“Azərişıq” ASC Nardaran qəsəbəsində inşa etdiyi yeni inzibati binanın açılışını edib.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O qeyd edib ki, 3000-ə yaxın abonentin hər birinə yeni CSM tipli sayğaclar quraşdırılıb, yeni SİP kabel xətləri çəkilib, komplekt transformator məntəqələri quraşdırılıb. Yeni dayaqlar basdırılıb.
Ölkəyə qeyri-qanuni qızıl keçirməyin qarşısı alınıb
Azərbaycan gömrükçüləri külli miqdarda qızıl-zinət əşyalarının ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsi cəhdinin qarşısını alıblar. Gömrük Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, Moskva-Bakı aviareysinin sərnişini, Rusiya Federasiyasının vətəndaşı Patimat Kurbanovanın əl çantası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılarkən həmin çantada “Nebula”, “TİTAN” və “Guess” markalı cəmi 3 ədəd qol saatı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük aşkar olunub.
P.Kurbanovanın üzərində şəxsi yoxlama zamanı isə “TİTAN” markalı daha 2 ədəd qol saatı, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və üzərində ürək formalı kulon olan 1 ədəd qızıl boyunbağı aşkar edilərək götürülüb.
Tural
“Bu il “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyaları istifadəyə veriləcək”
Bakı Metropoliteninin yeni “Bənövşəyi xəttində” yeddi vaqonlu qatarlar hərəkət edəcək. Bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə görə bənövşəyi xəttin 12 stansiyası olacaq. Həmin xətt Avtovağzaldan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanacaq: "Hazırda inşası tamamlanmaq üzrə olan “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyaları həmin xətdə yerləşir. Bənövşəyi xəttin yaşıl və qırmızı xətlə əlaqəsi yalnız keçid stansiyalar vasitəsilə mümkün olacaq. Məsələn, bənövşəyi xəttin Memar Əcəmi-2 stansiyasında sərnişinlər yaşıl xəttin Memar Əcəmi stansiyasına keçə biləcəklər. Bu il “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyaları istifadəyə veriləcək. “Bənövşəyi xətt” tamamilə ayrı xətdir".
N.Paşayev deyib ki, bənövşəyi xəttin stansiyaları 7 vaqonlu qatarlar üçün nəzərdə tutulsa da, ilkin mərhələdə 5 vaqonlu qatarlardan istifadə ediləcək.
Tural
Multikulturalizmin Azərbaycan modeli
Misir Ərəb Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosioloji və hüquqi baxış” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən təşkil olunan tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən birgə reallaşdırılıb.
Nigar
Bu gündən “Gəncəbank”ın əmanətçilərinə kompensasiyalar verilir
“Gəncəbank” ASC-nin əmanətçilərinə bu gündən başlayaraq kompensasiyalar verilir.
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Fonddan bildirilib ki, 30 iyul 2007 -cı ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib. Fondun Himayəçilik Şurasının 2 fevral 2016-cı il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapital Bank” ASC seçilib.
Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılacaq.
Ərizə formalarını qorunan əmanətçilər 4 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.
Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Gəncəbank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər:
Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Tural
Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı sadələşdirilib
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu tərəfindən muxtar respublikanın ucqar kənd yaşayış məntəqələrində əhaliyə xidmət göstərilir.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ildən etibarən vətəndaşlara səyyar qaydada göstərilən xidmətlərin sayı artırılıb. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın texniki pasportunun hazırlanması, torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi üçün sənədlərin qəbuluna başlanılıb.
Qeyd edək ki, ötən il səyyar xidmət qrupu tərəfindən 85 yaşayış məntəqəsində 1502 vətəndaşın müraciətinə baxılıb.
Səyyar xidmət zamanı yaşadıqları ərazidə vətəndaşların ərizələri qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib, elektron sistemə daxil edilərək texniki sənədlər hazırlanıb. Vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədləri – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, dövlət aktları, qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilib.
Həmçinin, ahıl, sağlamlıq imkanları məhdud insanlara onların yaşadıqları ünvanlarda xidmət göstərilir.
İlham Əliyevin də iştirakı ilə “Suriyaya və regiona dəstək” konfransı başlayıb
Londonda “Suriyaya və regiona dəstək” donor konfransı başlayıb.
APA-nın məlumatına görə, tədbir Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.
Dövlət başçısı http://az.apa.az/tag/%3Ca href=BMT-nin baş katibi http://az.apa.az/tag/Pan+Gi+MunPan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri http://az.apa.az/tag/Devid+KemeronDevid Kemeron, Almaniya kansleri http://az.apa.az/tag/Angela+MerkelAngela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə tədbirə qatılıb.
Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni layihə
Azərbaycanda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb.
Nazirliyin məlumatına görə, sənəd müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.
Torpaq Məcəlləsinə əlavə olunan maddədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər müəyyənləşdirilib. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsiz qalması ictimai mənafelərə ziddir. Belə torpaqların ardıcıl olaraq iki il ərzində istifadəsiz qalmasına yol verilmir. Mülkiyyətçi (sahib), icarəçi və ya istifadəçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində torpaq sahəsinin ardıcıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalması inzibati məsuliyyətə səbəb olması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il yanvarın 27-də keçirilmiş regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Nigar
İrəvanda küçədə yatanların sayı 400 nəfərdən artıqdır Ermənilərə xoşbəxt, çiçəklənən Ermənistan vəd edən erməni rəhbərlərinin arzuları fiaskoya uğramaqdadır. Deyəsən, bu ölkənin çiçəklənməsi artıq qara qiyamətə qalıb. Ölkədəki səfalət yerli əhalinin bomj həddinə gəlib çatmasına vüsət verib. Belə ki, «Aykakan jamanak» qəzetinin verdiyi məlumata görə, təkcə İrəvanda evsizlərin sayı 400 nəfərdən artıqdır. Verilən məlumatlara görə, onlardan 103 nəfəri müvəqqəti sığınacaqda məskunlaşıblar. Qalan 300 nəfərin küçələrdə taleyin ümidinə qaldığını bildirən sığınacaq rəhbəri əlavə edib ki, burada spirtli içkilərin içilməsinə yasaq qoyulduğundan çoxları sığınacağa gəlməkdən imtina edirlər. Ağasəf
Dostları ilə paylaş: |