Köpüklə təsir üsulu. Laylara köpük vurulması onların su keçiriciliyini azaldır və neftin sıxışdırılma qabiliyyətini yaxşılaşdırır. Köpük maye halında emulsiyalı qazdan ibarətdir. Köpüyün maye fazası su, turşu və yaxud karbohidrogenlərdən biri ola bilər, qaz fazası isə adətən azotdan ibarət olur və bəzi hallarda CO2-dən də istifadə olunur. Üsulun tətbiqindən layın effektiv qalınlığı 20 m, neftin özlülüyü 1-100 mPas, qeyri-bircinsli kollektorlarda, çatsız süxurlarda, kollektor süxurların keçiriciliyi 0,05 mkm2, neftlə doyumluluq 50%, lay temperaturu 900C-dən çox olduqda yüksək effekt alınır. Köpük vurulmasında layların yatım dərinliyinə görə məhdudiyyət yoxdur. Bundan əlavə üsul kiçik lay təzyiqinə malik və yüksək sulaşma ilə xarakterizə olunan yataqlarda da tətbiq oluna bilər. Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 3-4 % artırmaq mümkündür.
Neftvermə əmsalının artırılmasında özlülüyü çox olan neftlərin köpüklə sıxışdırılması da perspektivli üsuldur. Köpüyün özlülüyü, suyun özlülüyündən çox olduğundan yaxşı sıxışdırıcı xassəyə malikdir. Köpüyün hazırlanması üçün mayenin çəkisinə görə 0,2 -1%-ə qədər köpük yaradan SAM tələb olunduğu halda, başqa kimyəvi maddələrlə suyun özlülüyünün eyni qədər artırılmasında külli miqdar material və xərc tələb edilir. Köpüyün qabarcıqları süxurlara ayrı-ayrı nöqtələrdə toxunduqlarından, SAM-ın adsorbsiyası çox az olur.
Köpüyün özlülüyünün, onun hərəkət etdiyi kapillyarın diametrindən asılı olması xüsusi əhəmiyyət kəsb edir; kapillyarın diametri artdıqca köpüyün özlülüyü artır. Bu onu göstərir ki, böyük kapillyarlarda köpüyün hərəkəti kiçik kapillyarlara nisbətən daha böyük təzyiq qradiyenti tələb edir. Köpüyün bu xüsusiyyəti neftin qeyri-bircinsli laylarda bərabər sıxışdırılmasını təmin edir.
Neftin köpüklə sıxışdırılması ən əvvəl böyük məsaməli kanallarda baş verir; köpüyün bu kanallara daxil olmasına kiçik müqavimət göstərilir. Böyük kanalların köpüklə dolmasından sonra onun sıxışdırılması üçün böyük təzyiqlər fərqi tələb olunur (iri diametrli kanallarda köpüyün özlülüyü artır). Təzyiqin artması köpüyün kişik diametrli məsamələrə daxil olmasına və ardıcıl olaraq layın bütün en kəsiyinin dolmasına şərait yaradır.
Köpüyün vaxta görə dayanıqlılığı onun stabilliyi ilə ölçülür. Yüksək stabil köpüklər yüksək aktivlikli köpük yaradan məhlullardan əmələ gəldiyindən məsaməli mühiti tez bir zamanda tutur və köpüklü araqatının hərəkəti dayanır. Qeyri-stabil köpüklər isə tez bir zamanda parçalandığından effektli sayılmır.