Nəqliyyatın iqtisadiyyatı fənnindən mühazirələr Giriş


Mühazirə 1. Fənnin predmeti, məzmunu və metodları



Yüklə 29,84 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü29,84 Kb.
#40477
növüMühazirə
1   2
Nəq iq. Mühazirə 1

Mühazirə 1. Fənnin predmeti, məzmunu və metodları

1.1.Nəqliyyatın iqtisadiyyatı fənninin tədqiqat obyekti və predmeti;

1.2. Fənnin məqsədi, vəzifələri;

1.3. Nəqliyyatın iqtisadiyyatı fənninin nəzəri və metodoloji əsasları, metodları.

1.4.Fənnin digər elmlərlə qarşılıqlı əlaqəsi.

Cəmiyyətin inkişafının müəyyən mərhələsində maddi is­tehsal müstəqil fəaliyyət göstərən ictimai istehsal sahələrinə ayrılır və onlar müxtəlif elmlər tərəfindən öyrənilir. Başqa sözlə desək ictimai istehsalın texniki və ictimai sahələri for­malaşır.

İstehsalın texniki sahəsini, təbiət qüvvələrini və onların insanlar tərəfindən tətbiqini təbiət və texniki elmlər öyrənir.

İstehsalın ictimai tərəfini, yəni insanların istehsal prosesin­də münasibətlərini isə iqtisadi elmlər öyrənir.

Cəmiyyət yaşamaq üçün maddi nemətlər istehsal etməlidir. Maddi nemətlər istehsalı sahələrindən biri də nəqliyyatdır.

Nəqliyyat maddi istehsalın müstəqil sahəsi kimi iki, yəni texniki və iqtisadi cəhətdən öyrənilir.

Birinci texniki cəhətdir ki, buraya nəqdiyyatın əsas texniki konstruksiyaları: hərəkət tərkibi, yol, süni qurğular, eləcə də texnoloji proseslər baxımından hərəkət tərkibinin yer də­yiş­məsi, onların təmiri, yolların tikintisi və sairə daxildir. Nəq­liyyatın texniki sahələrinin bu elementləri texniki elmlərin tədqiqi obyektidir.

Nəqliyyatın ikinci sahəsi ictimai münasibətlər cəhətidir və bu iqtisadi qanunların nəqliyyatda təzahürünü, onun geniş tək­rar istehsalda rolunu, xalq təsərrüfatının digər sahələrilə qarşı­lıqlı əlaqələrini, planlaşdırmanı, idarəetməni, maliyyəni və s. tədqiq edir. Nəqliyyatın ictimai münasibətlərini təşkil edən elementlər nəqliyyatın sahə iqtisadi elmləri tərəfindən öyrə­ni­lir.

Vahid ictimai istehsalın tərəflərini öyrənən bu elmlər bir-birilə sıxı sürətdə əlaqədədir. Texnika və texnologiyda baş ve­rən tərəqqi müvafiq sahələrin iqtisadiyyatının inkişafına təkan verir. Məsələn, müasir lokomotivlərin, vaqonların, av­tomo­billərin və nəqliyyatın digər sahələrində hərəkət tər­ki­binin istehsalı əmək məhsuldarlığının və rentabelliyin artı­rıl­masına, daşımaların maya dəyərinin aşağı salınmasına və son nəticədə ictimai əməyin səmərəlililyinin yük­səl­dil­məsinə sə­bəb olacaq.

İctimai istehsalın texniki sahələrində elə bir mühəndis qə­rarları yoxdur ki, onlar iqtisadiyyat elmləri tərəfindən öy­rə­nilməsin və istehsala tətbiqi əsaslandırılmasın. Ona görə də belə qərarların istehsala tətbiqinin mümkünlüyü texniki – iq­tisadi əsaslandırmalardan sonra müəyyən edilir. Belə əsas­lan­dırmalar ictimai istehsalın bütün sahələrində olduğu kimi nəqliyyatda da baş verən texniki – tərəqqinin bütün isti­qa­mət­lərini əhatə edir.

Nəqliyyatda yük və sərnişin daşınmalarında mütərəqqi elə­cə də səmərəli metodların seçilməsinin, hərəkət tər­ki­bin­dən istifadənin yaxşılaşdırılmasının, onların arasında daşı­maların məqsədəuyğun bölüşdürülməsinin, sahənin istehsal – təsər­rü­fat fəaliyyətinin planlaşdırılmasının, təşkilinin və idarə olun­masının tədqiqi iqtisadi kursların predmetinin tər­kib hissə­ləri­dir.

İqtisadiyyatın nəqliyyatın fəaliyyət dairəsi digər sahələr­dən fərqli olaraq müqayisəedilməz dərəcədə genişdir. Sə­nayenin, kənd təsərrüfatının və digər sahələrin hər bir müəs­sisəsi bir-birilə dar çərçivədə qarşılıqlı əlaqədə olurlar. Bu əlaqə xammalın, yanacağın, hazır məhsulun və sairənin mübadiləsilə məhdudlaşır. Sahə müəssisələri arasındakı iqti­sadi əlaqələr da­i­rəsi ixtisaslaşdır­ma, kooperativləşdirmə və ya texnoloji pro­ses­lə­rin xüsusiyyətləri nəticəsində mey­da­na gəlir. Nəqliyyat isə ic­ti­mai istehsalın bütün sahələrilə qar­şılıqlı əlaqədədir. Yəni nəq­liy­yat iqtisadiyyatın bütün sahə­lərinə daxil olan müəssisələrin texnoloji prosesinin baş­lan­masında və tamamlanmasında yeganə vasitəçidir. Beləki, nəq­liyyat, müəssisələrin istehsal prosesinin baş verməsi üçün lazım olan bütün xammalı, materialları, ya­na­cağı və s. onlara çatdırır və istehsal olunmuş hazır məhsulu isə onlardan digər istehlakçılara daşıyır.

Nəqliyyata xas olan özünəməxsus bu əlamətlər onun iqtisadiyyatın digər sahələrindən fərqləndirici xüsusiyyətlərə sə­bəb olmasını əks etdirir. Bu baxımdan nəqliyyatın iq­ti­sa­diyyat fənlərinin tədqiqat obyektlərinin digər sahələrinin təd­qiqat ob­yektlərinin eyniliyilə bərabər fərqləndirici xüsu­siy­yətlərinə də səbəb olur.

Nəqliyyat qarşısında duran əsas vəzifələrdən asılı olaraq bu vəzifələri öyrənən iqtisadi fənlərin predmeti dəqiq for­ma­laş­dırılmalıdır və onlar aşağıdakılardan ibarətdir:

- sahənin bütövlükdə və onun ayrı-ayrı müəssisələrinin idarəetmə quruluşunu, prinsiplərini, metodlarını və idarəet­mə­nin təkmilləşdirilmə istiqamətlərini təyin etmək;

- iqtisadiyyatın yük və sərnişin daşınmalarına olan tələbatını fasiləsiz və ahəngdar yerinə yetirmək üçün planların işlənməsi və proqnozların verilməsi;

- əsas fondlardan birinci növbədə hərəkət tərkibindən intensiv istifadənin istiqamətlərini araşdırmaq və onların opti­mal quruluşunu müəyyənləşdirmək;

- daşınmaların səmərəliliyinin yüksəldilməsi məqsədilə texniki-təşkilatı tədbirlər planlarının tərtib edilməsi;

- daşınmaların fasiləsiz davam etdirilməsi üçün maddi-texniki təchizat planlarının işlənməsi. Buraya müəssisəyə la­zım olan materialların, yanacağın, ehtiyat hissələrinin çat­dı­rıl­ma xərclərinin azalmasını və onların ehtiyatlarının minimum səviyyəsinin təyin edilməsini, dövriyyə vəsaitlərinin dövrlər sürətinin artırılmasını və s. daxil etmək olar,

- kadrlara olan tələbatın planlaşdırılmasını, onların düzgün seçilməsini, əmək haqqının məqsədəuyğun forma və sistem­lə­rinin tətbiqini və əmək haqqı fondunun müəy­yən­ləş­di­rilməsi;

- hərəkət tərkibindən istifadənin texniki-istismar gös­tə­ri­ci­lərinin yaxşılaşdırılması;

- daşımaların perspektiv inkişafına müvafiq olaraq əsaslı ti­kinti və əsaslı vəsait qoyuluşu planlarının işlənilməsi. Buraya yeni və ikinci xətlərin çəkilişi, onların elektrikləşdirilməsi, yo­lun üst tikililərinin möhkəmləndirilməsi və bu işləri yerinə ye­tirmək üçün tələb olunan pul vəsaitlərinin həcmi daxildir;

- daşımalarda müxtəlif nəqliyyat növlərinin üstünlüklərini nəzərə almaq. Hər bir nəqliyyvat növünün özünəməxsus texniki-iqtisadi xüsusiyyətlərindən asılı olaraq onların yük da­şımalarında səmərəli tətbiq dairəsi mövcuddur və bu iqtisadi elmlər tərəfindən tədqiq edilərək müəyyənləşdirilir;

- daşımalarla əlaqədar olan istismar xərclərinin aşağı sa­lın­ması məqsədilə onlara təsir edən texniki–istismar və sosial-iqtisadi amillərin aşkarlanması və təhlili.

Kursun təsərrüfat-maliyyə sahəsində əsas vəzifələrinə gəl­dikdə onlar aşağıdakılardan ibarətdir:

- maddi və əmək ehtiyatlarına qənaət məqsədilə nəq­liy­yat­da elmi-texniki tərəqqini nəzərə almaqla, mütərəqqi norma və normativlərin işlənməsi;

- maliyyə intizamına ciddi əməl edilməsi;

- sahənin tarif (qiymət) siyasətinin xalq təsərrüfatı marağı ilə uzlaşdırılması;

- müəssisədaxili təsərrüfat hesabının möhkəmləndirilməsi.

Nəqliyyatın iqtisadiyyatı fənninin metodoloji əsası dərk etmə, sosial fəlsəfə nəzəriyyəsidir. Bu odeməkdir ki, Nəqliyyatın iqtisadiyyati elmi nəqliyyat sahəsində baş verən iqtisadi hadisə və prosesləri qarşılıqlı əlaqədə, asılılıqda, daim dəyişməkdə və inkişafda tədqiq edir. Texniki, texnoloji və iqtisadi hadisələrin belə formada öyrənilməsi sosial fəlsəfənin müddəalarından irəli gəlir. Kəmiyyət və keyfiyyət, zərurət və təsadüfilik, səbəb, qanunauyğunluq və digər bu kimi kateqoriyaların sosial fəlsəfə tərəfindən elmi işlənilməsi “Nəqliyyatın iqtisadiyyatı” elminin predmeti, metod və vəzifələrini düzgün dərk etməyə imkan verir.

Dialektik metod “Nəqliyyatın iqtisadiyyatı” elminə iqtisadi hadisələri düzgün öyrənmək üçün metodoloji əsasdır. Bununla bərabər, nəqliyyatın iqtisadiyyatı bir elm kimi nəqliyyat sahəsinin texniki və texnoloji tərəflərindən ayırmadan öyrənmək üçün özünə məxsus xarakterik üsul və metodlara malikdir. Predmetini öyrənmək üçün istifadə etdiyi xarakterik üsul və metodlar bu elminin metodologiyasını təşkil edir.

Kursun tədqiqat predmeti olduğu kimi onu öyrənən me­tod­lar da mövcuddur və onlar aşağıdakılardan ibarətdir.



  1. Statistiki müşahidə və müqayisəli təhlil metodları. Bu metodlar vasitəsilə daşımalarla əlaqədar olan göstəricilərin rə­qəmlərlə ifadəsi müşahidə metodları vasitəsilə toplanılır, müxtəlif əlamətlərə görə qruplaşdırılır, tutuşdurulur və son nə­ticədə isə mütləq və nisbi kəmiyyətlərlə dinamikası tərtib edilm­­əklə ümumi qanunauyğunluq və ondan kənara sərt me­yillilik müəyyənləşdrilir. Bunların nəticələri digər nəqliyyat mü­əssisələrinin eyni göstəriıcilərilə müqayisə edilərək daşı­ma­ların səmərəliləşdirilməsi imkanları aşkar edilir.

  2. Nəqliyyat-iqtisadi balans metodu. Yük daşımalarının bütün planları balans metodu əsasında işlənilir. Yük daşı­ma­la­rına uyğun olaraq balans metodunun mahiyyəti belədir. Yük­lərin yollanılmasını və daxil olmasını, kənara və kənardan da­şınmasını, eləcə də məntəqə və rayon istehsalçılarının mən­tə­qə və rayon istehlakçılarına düzgün təhkim eilməsi üçün nəq­liyyat-iqtisadi balansın tərtib edilməsi zəruridir. Balans­ların tərtib edilməsində baza xalq təsərrüfatının inkişaf planıdır.

Ehtimallı və proqnozlaşdırma metodları. Bu metodlar vasitəsisilə sahənin və onu təşkil edən müəssisələrin təsər­rü­fat strategiyaları işlənilir, mühüm sahibkarlıq qərarları qəbul edilir.

  1. Riyazi modellər və qrafiki təsvir metodları. Bu metodlar müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin müxtəlif tə­rəf­lə­ri­nin bir-birindən asılı olan göstəriciləri arasında nis­bətləri düz­gün dərk etməyə, iqtisadi vəziyyətin təsiri ilə onların «davranışını» qiymətləndirməyə imkan verir.

“Nəqliyyatın iqtisadiyyatı” fənni bir sra iqtisadi, texniki, texnoloji və diğər fənlərlə qarşılıqlı əlaqəli öyrənilir. Məsələn, “Vahid nəqliyyat sistemi”, “ Yük daşımalarının təşkili”, Sərnişin daşımalarının təşkili”, “Loğistika”, “Marketinq”, “Dünya iqtisadiyyatı”, “Statistika”, “Menecment” vəs.
Yüklə 29,84 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin