Mühazirə 1. Fənnin predmeti, məzmunu və metodları
1.1.Nəqliyyatın iqtisadiyyatı fənninin tədqiqat obyekti və predmeti;
1.2. Fənnin məqsədi, vəzifələri;
1.3. Nəqliyyatın iqtisadiyyatı fənninin nəzəri və metodoloji əsasları, metodları.
1.4.Fənnin digər elmlərlə qarşılıqlı əlaqəsi.
Cəmiyyətin inkişafının müəyyən mərhələsində maddi istehsal müstəqil fəaliyyət göstərən ictimai istehsal sahələrinə ayrılır və onlar müxtəlif elmlər tərəfindən öyrənilir. Başqa sözlə desək ictimai istehsalın texniki və ictimai sahələri formalaşır.
İstehsalın texniki sahəsini, təbiət qüvvələrini və onların insanlar tərəfindən tətbiqini təbiət və texniki elmlər öyrənir.
İstehsalın ictimai tərəfini, yəni insanların istehsal prosesində münasibətlərini isə iqtisadi elmlər öyrənir.
Cəmiyyət yaşamaq üçün maddi nemətlər istehsal etməlidir. Maddi nemətlər istehsalı sahələrindən biri də nəqliyyatdır.
Nəqliyyat maddi istehsalın müstəqil sahəsi kimi iki, yəni texniki və iqtisadi cəhətdən öyrənilir.
Birinci texniki cəhətdir ki, buraya nəqdiyyatın əsas texniki konstruksiyaları: hərəkət tərkibi, yol, süni qurğular, eləcə də texnoloji proseslər baxımından hərəkət tərkibinin yer dəyişməsi, onların təmiri, yolların tikintisi və sairə daxildir. Nəqliyyatın texniki sahələrinin bu elementləri texniki elmlərin tədqiqi obyektidir.
Nəqliyyatın ikinci sahəsi ictimai münasibətlər cəhətidir və bu iqtisadi qanunların nəqliyyatda təzahürünü, onun geniş təkrar istehsalda rolunu, xalq təsərrüfatının digər sahələrilə qarşılıqlı əlaqələrini, planlaşdırmanı, idarəetməni, maliyyəni və s. tədqiq edir. Nəqliyyatın ictimai münasibətlərini təşkil edən elementlər nəqliyyatın sahə iqtisadi elmləri tərəfindən öyrənilir.
Vahid ictimai istehsalın tərəflərini öyrənən bu elmlər bir-birilə sıxı sürətdə əlaqədədir. Texnika və texnologiyda baş verən tərəqqi müvafiq sahələrin iqtisadiyyatının inkişafına təkan verir. Məsələn, müasir lokomotivlərin, vaqonların, avtomobillərin və nəqliyyatın digər sahələrində hərəkət tərkibinin istehsalı əmək məhsuldarlığının və rentabelliyin artırılmasına, daşımaların maya dəyərinin aşağı salınmasına və son nəticədə ictimai əməyin səmərəlililyinin yüksəldilməsinə səbəb olacaq.
İctimai istehsalın texniki sahələrində elə bir mühəndis qərarları yoxdur ki, onlar iqtisadiyyat elmləri tərəfindən öyrənilməsin və istehsala tətbiqi əsaslandırılmasın. Ona görə də belə qərarların istehsala tətbiqinin mümkünlüyü texniki – iqtisadi əsaslandırmalardan sonra müəyyən edilir. Belə əsaslandırmalar ictimai istehsalın bütün sahələrində olduğu kimi nəqliyyatda da baş verən texniki – tərəqqinin bütün istiqamətlərini əhatə edir.
Nəqliyyatda yük və sərnişin daşınmalarında mütərəqqi eləcə də səmərəli metodların seçilməsinin, hərəkət tərkibindən istifadənin yaxşılaşdırılmasının, onların arasında daşımaların məqsədəuyğun bölüşdürülməsinin, sahənin istehsal – təsərrüfat fəaliyyətinin planlaşdırılmasının, təşkilinin və idarə olunmasının tədqiqi iqtisadi kursların predmetinin tərkib hissələridir.
İqtisadiyyatın nəqliyyatın fəaliyyət dairəsi digər sahələrdən fərqli olaraq müqayisəedilməz dərəcədə genişdir. Sənayenin, kənd təsərrüfatının və digər sahələrin hər bir müəssisəsi bir-birilə dar çərçivədə qarşılıqlı əlaqədə olurlar. Bu əlaqə xammalın, yanacağın, hazır məhsulun və sairənin mübadiləsilə məhdudlaşır. Sahə müəssisələri arasındakı iqtisadi əlaqələr dairəsi ixtisaslaşdırma, kooperativləşdirmə və ya texnoloji proseslərin xüsusiyyətləri nəticəsində meydana gəlir. Nəqliyyat isə ictimai istehsalın bütün sahələrilə qarşılıqlı əlaqədədir. Yəni nəqliyyat iqtisadiyyatın bütün sahələrinə daxil olan müəssisələrin texnoloji prosesinin başlanmasında və tamamlanmasında yeganə vasitəçidir. Beləki, nəqliyyat, müəssisələrin istehsal prosesinin baş verməsi üçün lazım olan bütün xammalı, materialları, yanacağı və s. onlara çatdırır və istehsal olunmuş hazır məhsulu isə onlardan digər istehlakçılara daşıyır.
Nəqliyyata xas olan özünəməxsus bu əlamətlər onun iqtisadiyyatın digər sahələrindən fərqləndirici xüsusiyyətlərə səbəb olmasını əks etdirir. Bu baxımdan nəqliyyatın iqtisadiyyat fənlərinin tədqiqat obyektlərinin digər sahələrinin tədqiqat obyektlərinin eyniliyilə bərabər fərqləndirici xüsusiyyətlərinə də səbəb olur.
Nəqliyyat qarşısında duran əsas vəzifələrdən asılı olaraq bu vəzifələri öyrənən iqtisadi fənlərin predmeti dəqiq formalaşdırılmalıdır və onlar aşağıdakılardan ibarətdir:
- sahənin bütövlükdə və onun ayrı-ayrı müəssisələrinin idarəetmə quruluşunu, prinsiplərini, metodlarını və idarəetmənin təkmilləşdirilmə istiqamətlərini təyin etmək;
- iqtisadiyyatın yük və sərnişin daşınmalarına olan tələbatını fasiləsiz və ahəngdar yerinə yetirmək üçün planların işlənməsi və proqnozların verilməsi;
- əsas fondlardan birinci növbədə hərəkət tərkibindən intensiv istifadənin istiqamətlərini araşdırmaq və onların optimal quruluşunu müəyyənləşdirmək;
- daşınmaların səmərəliliyinin yüksəldilməsi məqsədilə texniki-təşkilatı tədbirlər planlarının tərtib edilməsi;
- daşınmaların fasiləsiz davam etdirilməsi üçün maddi-texniki təchizat planlarının işlənməsi. Buraya müəssisəyə lazım olan materialların, yanacağın, ehtiyat hissələrinin çatdırılma xərclərinin azalmasını və onların ehtiyatlarının minimum səviyyəsinin təyin edilməsini, dövriyyə vəsaitlərinin dövrlər sürətinin artırılmasını və s. daxil etmək olar,
- kadrlara olan tələbatın planlaşdırılmasını, onların düzgün seçilməsini, əmək haqqının məqsədəuyğun forma və sistemlərinin tətbiqini və əmək haqqı fondunun müəyyənləşdirilməsi;
- hərəkət tərkibindən istifadənin texniki-istismar göstəricilərinin yaxşılaşdırılması;
- daşımaların perspektiv inkişafına müvafiq olaraq əsaslı tikinti və əsaslı vəsait qoyuluşu planlarının işlənilməsi. Buraya yeni və ikinci xətlərin çəkilişi, onların elektrikləşdirilməsi, yolun üst tikililərinin möhkəmləndirilməsi və bu işləri yerinə yetirmək üçün tələb olunan pul vəsaitlərinin həcmi daxildir;
- daşımalarda müxtəlif nəqliyyat növlərinin üstünlüklərini nəzərə almaq. Hər bir nəqliyyvat növünün özünəməxsus texniki-iqtisadi xüsusiyyətlərindən asılı olaraq onların yük daşımalarında səmərəli tətbiq dairəsi mövcuddur və bu iqtisadi elmlər tərəfindən tədqiq edilərək müəyyənləşdirilir;
- daşımalarla əlaqədar olan istismar xərclərinin aşağı salınması məqsədilə onlara təsir edən texniki–istismar və sosial-iqtisadi amillərin aşkarlanması və təhlili.
Kursun təsərrüfat-maliyyə sahəsində əsas vəzifələrinə gəldikdə onlar aşağıdakılardan ibarətdir:
- maddi və əmək ehtiyatlarına qənaət məqsədilə nəqliyyatda elmi-texniki tərəqqini nəzərə almaqla, mütərəqqi norma və normativlərin işlənməsi;
- maliyyə intizamına ciddi əməl edilməsi;
- sahənin tarif (qiymət) siyasətinin xalq təsərrüfatı marağı ilə uzlaşdırılması;
- müəssisədaxili təsərrüfat hesabının möhkəmləndirilməsi.
Nəqliyyatın iqtisadiyyatı fənninin metodoloji əsası dərk etmə, sosial fəlsəfə nəzəriyyəsidir. Bu odeməkdir ki, Nəqliyyatın iqtisadiyyati elmi nəqliyyat sahəsində baş verən iqtisadi hadisə və prosesləri qarşılıqlı əlaqədə, asılılıqda, daim dəyişməkdə və inkişafda tədqiq edir. Texniki, texnoloji və iqtisadi hadisələrin belə formada öyrənilməsi sosial fəlsəfənin müddəalarından irəli gəlir. Kəmiyyət və keyfiyyət, zərurət və təsadüfilik, səbəb, qanunauyğunluq və digər bu kimi kateqoriyaların sosial fəlsəfə tərəfindən elmi işlənilməsi “Nəqliyyatın iqtisadiyyatı” elminin predmeti, metod və vəzifələrini düzgün dərk etməyə imkan verir.
Dialektik metod “Nəqliyyatın iqtisadiyyatı” elminə iqtisadi hadisələri düzgün öyrənmək üçün metodoloji əsasdır. Bununla bərabər, nəqliyyatın iqtisadiyyatı bir elm kimi nəqliyyat sahəsinin texniki və texnoloji tərəflərindən ayırmadan öyrənmək üçün özünə məxsus xarakterik üsul və metodlara malikdir. Predmetini öyrənmək üçün istifadə etdiyi xarakterik üsul və metodlar bu elminin metodologiyasını təşkil edir.
Kursun tədqiqat predmeti olduğu kimi onu öyrənən metodlar da mövcuddur və onlar aşağıdakılardan ibarətdir.
Statistiki müşahidə və müqayisəli təhlil metodları. Bu metodlar vasitəsilə daşımalarla əlaqədar olan göstəricilərin rəqəmlərlə ifadəsi müşahidə metodları vasitəsilə toplanılır, müxtəlif əlamətlərə görə qruplaşdırılır, tutuşdurulur və son nəticədə isə mütləq və nisbi kəmiyyətlərlə dinamikası tərtib edilməklə ümumi qanunauyğunluq və ondan kənara sərt meyillilik müəyyənləşdrilir. Bunların nəticələri digər nəqliyyat müəssisələrinin eyni göstəriıcilərilə müqayisə edilərək daşımaların səmərəliləşdirilməsi imkanları aşkar edilir.
Nəqliyyat-iqtisadi balans metodu. Yük daşımalarının bütün planları balans metodu əsasında işlənilir. Yük daşımalarına uyğun olaraq balans metodunun mahiyyəti belədir. Yüklərin yollanılmasını və daxil olmasını, kənara və kənardan daşınmasını, eləcə də məntəqə və rayon istehsalçılarının məntəqə və rayon istehlakçılarına düzgün təhkim eilməsi üçün nəqliyyat-iqtisadi balansın tərtib edilməsi zəruridir. Balansların tərtib edilməsində baza xalq təsərrüfatının inkişaf planıdır.
Ehtimallı və proqnozlaşdırma metodları. Bu metodlar vasitəsisilə sahənin və onu təşkil edən müəssisələrin təsərrüfat strategiyaları işlənilir, mühüm sahibkarlıq qərarları qəbul edilir.
Riyazi modellər və qrafiki təsvir metodları. Bu metodlar müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin müxtəlif tərəflərinin bir-birindən asılı olan göstəriciləri arasında nisbətləri düzgün dərk etməyə, iqtisadi vəziyyətin təsiri ilə onların «davranışını» qiymətləndirməyə imkan verir.
“Nəqliyyatın iqtisadiyyatı” fənni bir sra iqtisadi, texniki, texnoloji və diğər fənlərlə qarşılıqlı əlaqəli öyrənilir. Məsələn, “Vahid nəqliyyat sistemi”, “ Yük daşımalarının təşkili”, Sərnişin daşımalarının təşkili”, “Loğistika”, “Marketinq”, “Dünya iqtisadiyyatı”, “Statistika”, “Menecment” vəs.
Dostları ilə paylaş: |