◘Həzrət Sadiq (ə) buyurur: “Atamdan Qur`anda və Peyğəmbər (s) sünnəsində haram olan cinsi yaxınlıqlar barədə soruşdular. Buyurdu: Bunlar otuz dörddür, on yeddisinin adı Qur`anda, on yeddisinin adı isə Peyğəmbər (s) sünnəsində göstərilib. Qur`anda buyurulanlar bunlardır:
Zina; atanın arvadı ilə evlənmək; ana ilə yaxınlıq; öz qızı ilə yaxınlıq; bacı ilə yaxınlıq; bibi ilə yaxınlıq; xala ilə yaxınlıq; qardaşın qızı ilə yaxınlıq; süd anası ilə yaxınlıq; süd bacısı ilə yaxınlıq; qayınana ilə yaxınlıq; yaxınlıq etdiyi qadının qızı ilə yaxınlıq; doğma oğulun arvadı ilə yaxınlıq; iki bacı ilə yaxınlıq (biri öldükdən sonra ikincisi ilə evlənmək haram deyil); heyz halında olan qadınla yaxınlıq; e`tikaf halında yaxınlıq.
Sünnədə göstərilən haram yaxınlıqlar isə bunlardır:
Mübarək Ramazan ayının gündüzlərində olan yaxınlıq; “lian” edilmiş qadınla evlənmək; ehram halında öz qadını ilə yaxınlıq; ehram halında evlənmək, yaxud qarşı tərəf ehram halında olarkən onunla evlənmək; “zihar”dan1 sonra kəffarə verilməmiş edilən yaxınlıq; müşrik qadınla evlənmək; doqquz dəfə talaq verilmiş qadınla evlənmək;
Qırx-əlli tərkibli nəsihətlərdən ibarət olan bölmə
◘Fəzl İbn Yəssar deyir: “Həzrət Sadiq (ə) buyurmuşdur ki, hər kəs şərab içsə qırx gün namazı qəbul olunmaz. Əgər bu günlərdə namaz qılmazsa əzabı iki qat olar. Hər kəs əvvəl qırx mö`min qardaşı üçün dua edib sonra özü üçün dua etsə, Allah həm onun duasını qəbul edər və həm də onun qardaşları barədə etdiyi duaları.”
◘Yenə İmam Cə’fər Sadiq (ə) buyurub: “Elə ki, bir mö`min dünyadan getdi və mö`minlərdən qırx nəfəri onun dəfn mərasimində iştirak edib “Pərvərdigara, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik, Sən Özün onun vəziyyətindən daha agahsan.” - desələr Allah tərəfindən xitab olunar: “Mən sizin sözünüzü qəbul etdim və onun sizin xəbəriniz olmadığı günahlarını da qəbul etdim.” (Bir şərtlə ki, əqidəsi səhih olmuş olsun.)
◘Həzrət Əli (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Müsəlman qarnının altında (insanın cinsiyyət üzvünün ətrafında) olan tükləri təmizləməyi qırx gündən artıq tə`xirə salmamalıdır.”
◘Həzrət Riza (ə) ata-babalarından (ə) həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Me`racda olarkən ərşdən asılmış bir kişi gördüm ki, öz qohumlarından şikayət edirdi. Ondan soruşdum: “Şikayət etdiyin qohumunla sənin aranda nə qədər fasilə var?” Dedi: “Qırx ata.” (yə`ni insan gərək bacardığı və tanıdığı qədər öz ata-babalarını yad edərək, hətta, qırx nəsil özündən qabaqkıların da, əldən vermiş olduqları əməlləri yerinə yetirib, onlar barəsində dua və ehsan etsin.)
◘Yenə də həzrət Peyğəmbərdən (s) nəql olunur: “Mənim ümmətimdən hər kəs camaatın ehtiyac duyduğu məsələlər barədə qırx hədis əzbərləyib (onlara çatdırsa), Allah-təala Qiyamət günü onu fəqih kimi məhşur edər.”
◘Həzrət İmam Cə’fər Sadiq (ə) Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətlərində belə buyurduğunu nəql edir: “Mənim ümmətimdən olan hər kəs Allahın razılığını qazanmaqdan ötrü qırx hədis əzbərləsə, Allah-təala Qiyamət günü onu peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə məhşur edər. Bunlar çox gözəl dostlardır.” Həzrət Əli (ə) ərz etdi: “Ya Rəsuləllah, bu hədislərdə məqsəd nədir?” Həzrət buyurdu: “Məqsəd budur ki, heç bir şəriki olmayan yeganə Allaha iman gətirəsən, Ondan başqa heç kəsə pərəstiş etməyəsən, fərəh və həvəslə dəstəmaz alıb namazlarını öz vaxtında qılasan, çünki, heç bir üzrü olmadan namazı tə`xirə salmaq Allahın qəzəbinə səbəb olar, zəkat verəsən, Mübarək Ramazan ayının orucunu tutasan, imkanın çatsa Allah evinin ziyarətinə gedəsən, ata-ananı incitməyəsən, yetimin malını haqsız yerə yeməyəsən, riba yeməyəsən, şərab və heç bir məstedici içki içməyəsən, ləvat etməyəsən, söz gəzdirməyəsən, yalandan Allaha and içməyəsən, israf etməyəsən, heç kəs barəsində istər yaxın olsun, istərsə də uzaq, yalandan şahidlik etməyəsən, böyük, kiçik hər kəsdən haqqı qəbul edəsən, zalıma - yaxın qohumun olsa da, e`timad etməyəsən, nəfsani istəklərinə uymayasan, pakdamən qadınlara böhtan atmayasan, azacıq da olsa riya etməyəsən, çünki, azacıq riya Allaha şərik qoşmaq deməkdir. Eyiblərini üzlərinə vurmaqdan ötrü balaca boylu insana “balacaboy”, hündür boylu insana da “uzunduraz” deməyəsən, Allahın yaratdıqlarından heç birini məsxərə etməyəsən, bəla və müsibətlər müqabilində səbirli olasan, Allahın verdiyi ne`mətlərə görə Ona şükür edəsən, özünü etdiyin günahların cəzasından amanda hiss etməyəsən, Allahın rəhmətindən naümid olmayasan, günahlarından tövbə edəsən, çünki, tövbə edən günahı etməyən kimidir. Günahı israrla təkrarlamayasan və ardıcıl olaraq istiğfar edəsən. Günahda davamlı olmaq Allahı və peyğəmbərləri məsxərəyə qoymaq deməkdir. Bil ki, sənə yetişən hər hansı bir şey (Alahın təqdirinə uyğun olaraq) qarşısıalınmazdır və əlinə gəlməyən bir şeyin də yetişməsi qeyri-mümkün olmuşdur. Camaatı razı salmaqdan ötrü Allahı qəzəbləndirmə və heç vaxt dünyanı axirətdən üstün tutma. Çünki, dünya fani və müvəqqəti, axirət isə əbədidir. Əlində olanları xəsiscəsinə qardaşlarından gizlətmə. Batinin də zahirin də bir olsun, zahirin gözəl batininsə çirkin olmasın, çünki, belə olsa münafiq hesab olunarsan. Yalan demə, yalançılarla yoldaşlıq etmə və onlarla əlaqə saxlama, haqq sözü eşidəndə qəzəblənmə, özünə, həyat yoldaşına və övladlarına qarşı bacardığın qədər ədəbli ol, elminə əməl et, Allahın yaratdıqlarına qarşı düzgün rəftar et, onlarla nahaq davranma, qohumlara və yadlara qarşı sərt və xırdaçı olma, zülümkar və qəddar olma, “Sübhanallah” və “La ilahə illəllah” zikrlərini çox təkrar et, çoxlu dua et, ölümü və ölümdən sonrakı həyatı (məadı, cənnət və cəhənnəmi) çox yad et, çoxlu Qur`an oxu və öz rəftarını da ona uyğunlaşdır, mö`min və mö`minələrə ehsan etməyi qənimət bil, diqqətli ol, özün üçün bəyənmədiyin bir şeyi başqalarına da rəva bilmə, xeyir işdən bezmə, öz yükünü başqasının çiyninə atma. Elə ki, bir kəsə yaxşılıq etdin, bu yaxşılığına görə ona minnət qoyma. Dünyanı özün üçün zindan bil ki, Allah da sənə behişt qismət etsin. Hər kəs bu dediyim qırx hədisi əzbərləyib onlara əməl etsə və ümmətə çatdırsa Allahın rəhməti sayəsində behiştə gedər. Belə bir şəxs Allah yanında peyğəmbərlər və vəsilərdən sonra ən sevimli bəndələr hesab olunar və Qiyamət günü peyğəmbərlər, vəsilər, şəhidlər, salehlər və siddiqlərlə məhşur olar. Bunların nə gözəl dostları var!!!”
◘Həzrət Sadiq (ə) buyurub: ”Hər bir bəndə qırx yaşına qədər genişlik və rahatlıqda olur. Elə ki, qırx yaşına çatdı Allah-təala onun əməllərinə nəzarət edən mələklərə əmr edər ki, Mən Öz bəndəmə uzun ömür verdim. Artıq, bundan sonra onun hər bir kiçicik əməllərini də diqqətlə yazın və ona qarşı daha tələbkar olun.”
Əmirəl-mö`mininin (ə) Kumeyl ibn Ziyada nəsihətlərindən
◘Ey Kumeyl! Hər gün Allahın adını çək və de ki, Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Allaha təvəkkül et. Bizi də yad et və bizim adlarımızı çək, bizə salavat və salam göndər.
◘Ey Kumeyl! Allah Öz rəsulunu tərbiyələndirib ona ədəb qaydalarını öyrətdi. O, əziz isə məni tərbiyələndirib ədəbləndirdi. Mən də mö`minlərə tərbiyə verib ədəbləndirirəm və bu ədəb qaydalarını ali və nəcib insanlara irs olaraq verirəm.
◘Ey Kumeyl! Elə bir elm yoxdur ki, mən onu bilməmiş olum və agah olmadığım heç bir sirr yoxdur.
◘Ey Kumeyl! (Ali-İmran surəsinin 34-cü ayəsində olan) Əhli-beyt (ə) və imamət silsiləsindən olanlar elə bir nəsil və elə bir övladlardır ki, onlardan bə`ziləri bə`zilərinin övladlarıdır, Allah eşidən və biləndir.
◘Ey Kumeyl! Bizdən başqa heç kəsdən dini və elmi məsələ, yaxud hədis öyrənmə ki, həmişə bizdən olasan!
◘Ey Kumeyl! Yemək yeyən zaman Allahın adını çək, çünki, Onun adı ilə heç bir xəstəlik insana zərər yetirməz və Onun adında hər bir dərdin çarəsi var.
◘Ey Kumeyl! Başqalarına təam ver və onları yedizdir. Bu işdə xəsislik göstərmə. Bu işinə görə Allah sənin mükafatını qat-qat artıq edər. Əxlaqını gözəlləşdir, oturub-durduğun adamlarla xoş münasibətdə ol və öz xidmətçilərinə yersiz töhmətlər vurma.
◘Ey Kumeyl! Süfrə kənarında oturarkən yemək yediyin vaxtı uzat ki, səninlə bir süfrə kənarında oturan süfrədə olanlar da kamil şəkildə bəhrələnə bilsin.
◘Ey Kumeyl! Elə ki, yeməyini yeyib qurtardın sənə verdiyi ne`mətlərə görə Allaha şükür et. Şükr edərkən də elə səslə de ki, başqaları eşitsin və onlar da şükr etsin. Belə etsən sənin savabın daha da artıq olar.
◘Ey Kumeyl! Mə`dəni yeməklə doldurub ağırlaşdırma. Yeməkdən əlavə onun bir hissəsini su və bir hissəsini də nəfəs almaqdan ötrü boş saxla. Yeməkdən doymamış əlini çək. Əgər belə etsən həmin yemək sənin üçün dadlı olacaq və bil ki, bədənin sağlamlığı az yemək və az içməkdən irəli gəlir.
◘Ey Kumeyl! Xeyir-bərəkət o kəsin malındadır ki, zəkat verir, mö`minlərə kömək və xeyirxahlıq edir və yaxınları və qohumları ilə əlaqə saxlayıb onlara ehsan və yaxşılıq edir.
◘Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan mö`minlərə (səninlə qohum olmayan sair mö`minlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.
◘Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli boş qaytarma, hətta, yarım dənə üzüm giləsi də olsa ona ver. Çünki, sədəqə Allah dərgahına ucaldıqca böyüyür.
◘Ey Kumeyl! Mö`minin ən gözəl zinəti təvazökarlıqdır, onun gözəlliyi pakdamənlik və iffətdir, şərəfi fəhm, (dində) bəsirət və elmdir, başıucalığı isə bihudə danışıqları tərk etməkdir.
◘Ey Kumeyl! Hər bir cəmiyyətdə bir dəstə insan digərindən üstündür. Məbada onların alçaq fərdləri ilə mübahisə edəsən! Hətta, sənə nalayiq sözlər desələr də onlara baş qoşma. Təmkinli ol və o kəslərdən ol ki, Allah-təala onların barəsində belə buyurur: “Elə ki, nadan insanlar onlarla danışmaq istəyir, onlara sadəcə, salam deyirlər.”1
◘Ey Kumeyl! Hər bir halda haqq söz danış. Təqvalılarla dostluq et və fasiqlərdən uzaq ol. Münafiqlərdən də kənar gəz. Xainlərlə əlaqə saxlama.
◘Ey Kumeyl! Zülümkarların qapısını döymə və onlarla qətiyyən əlaqə yaratma, məbada onlara tə`zim və ehtiram edəsən və onların məclislərində əsla iştirak etmə! Əgər, məcbur olub onların məclisində iştirak etməli olsan, ardıcıl olaraq təkrar-təkrar Allahı yad et, Ona təvəkkül et və şərlərindən Allaha sığın. Qəlbində onlara qarşı müxalif ol və uca səslə özünün Allaha olan tə`zim və ehtiramını onların eşidə biləcəyi tərzdə dilə gətir.
◘Ey Kumeyl! Allah bəndələri içərsində Onu tanıyıb, elçisini (s) və övliyalarını (ə) iqrar etdikdən sonra təqva, səbr, təmkin və davamiyyət sahəsində ən çox ciddiyyət göstərənlər Allahın ən çalışqan bəndələri hesab olunur.
◘Ey Kumeyl! Öz çətinliklərini camaata bildirmə. Allahın savabına ümidvar olaraq izzət və heysiyyətlə öz fəqirlik və yoxsulluğuna səbr et.
◘Ey Kumeyl! Öz sirrini qardaşına deməyin heç bir eybi yoxdur. Lakin, qardaşın kimdir?! Sənin qardaşın o kəsdir ki, çətinlik zamanı səni tərk etmir, günaha getdiyin zaman səni qaytarmaqdan ötrü nəsihət və hidayətini əsirgəmir, sənə imkan vermir ki, öz ehtiyacını ona bildirəsən, səni öz işlərinlə baş-başa buraxmır ki, onu agah edəsən (yə`ni, onu agah etməyə ehtiyac olmur, bütün işlərinlə maraqlanır), əgər işlərində nöqsan əmələ gəlsə onu aradan aparıb islah etməyə çalışır.
◘Ey Kumeyl! Mö`min mö`minin güzgüsüdür. Çünki, ona baxıb diqqət yetirir, çatışmazlıqlarını aradan aparır.
◘Ey Kumeyl! Mö`minlər qardaşdırlar və qardaşdan ötrü də qardaşından da dəyərli bir şey yoxdur.
◘Ey Kumeyl! Əgər qardaşını sevmirsənsə onun qardaşı deyilsən. Mö`min odur ki, bizim dediklərimizi desin. Hər kəs bizim dediklərimizdən uzaq gəzsə bizdən deyil, hər kəs də bizdən olmasa Cəhənnəmin ən aşağı dərəcəsinə yuvarlanar.
◘Ey Kumeyl! Bizdən hesab edilən kəs dərdini sənə bildirsə və səndən bunu gizli saxlamağını istəsə, məbada onun üstünü açasan. Çünki belə etsən, sənə tövbə yoxdur. Hər kəsdən ötrü də tövbə olmasa, Cəhənnəm əhli olacaq.
◘Ey Kumeyl! Ali-Məhəmmədin (s) sirrini yaymaq məqbul deyil. Buna heç kəsin dözümü və təhəmmülü çatmaz. Ali-Məhəmmədin (s) dediklərini yalnız müvəffəq mö`minlər yanında açıb de.
◘Ey Kumeyl! Hər cür çətinlik zamanı “La həvlə və la qüvvətə illa billah” Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur desən, həmin çətinlikdən qurtararsan. Hər bir ne`mət zamanı da “Əlhəmdu lillah” Həmd Allaha məxsusdur desən, ne`mətlər artar. Elə ki, ruzin gecikdi, istiğfar et və Allahdan bağışlanma dilə. Belə etsən, Allah işlərini yoluna qoyar.
◘Ey Kumeyl! Bizim vilayətimiz vasitəsi ilə şeytanın sənin mal və övladına şərik olmasından azad ola bilərsən.
◘Ey Kumeyl! Heç bir vacib əməli tərk etmək olmaz və heç bir nafilə və müstəhəb əməli yerinə yetirmək də vacib deyil.
◘Ey Kumeyl! Sənin günahların yaxşı əməllərindən çoxdur, qəflətin də Allahı yada salmaqdan və Onu zikr etməkdən çoxdur və Allahın sənə olan ne`mətləri sənin əməllərindən çoxdur.
◘Ey Kumeyl! Sən hər bir an Allahın ne`mətlərinə, Onun sənə əta etdiyi salamatlıq və afiyətə qərq olmuş haldasan. Elə isə sən də heç vaxt Ona sitayiş və həmd-səna etməkdən, Ona təsbih deyib Onu təqdis etməkdən, eləcə də daim Onu yad və zikr etməkdən yorulma.
◘Ey Kumeyl! O kəslərdən olma ki, Allah-təala onlar haqqında belə buyurur: “Onlar Allahı unutdular, Allah da onlara özlərini unutdurdu.” Belə kəsləri Allah-təala fasiqlər zümrəsinə aid edib buyurur: “Onlar fasiqlərdir”1
◘Ey Kumeyl! Namaz qılıb, oruc tutub, sədəqə verməyin elə də mühüm deyil, mühüm olan odur ki, namaz pak qəlblə, Allah yanında bəyənilmiş əməllərlə, xüzu-xüşu və təvazökarlıqla yanaşı olsun və bax gör ki, nədə (necə paltarda), nəyin üzərində namaz qılarsan. Çünki əgər onlar səhih və halal yoldan ələ gətirilmiş olmazsa, namazın qəbul olunmaz.
◘Ey Kumeyl! Dil (sözü, danışığı) qəlbdən çəkib çıxarır, qəlb də (yə`ni, onun pak olub-olmaması) yeməkdən asılıdır. Elə isə bədəninə və qəlbinə verdiyin yeməyə nəzarət et, çünki, əgər o, halal olmasa, Allah sənin şükr və təsbihini qəbul etməz.
◘Ey Kumeyl! Bil və agah ol! Biz yaradılmış olan heç bir varlığın əmanətini qaytarmamağa icazə vermirik. Hər kəs məndən bu məsələyə icazə verməyim barədə hədis rəvayət etsə, yalan demişdir. And içirəm ki, Həzrət Rəsul (s) dünyadan getməmişdən bir saat öncə üç dəfə təkrarən mənə belə buyurdu: “Ey Əbəlhəsən, əmanəti sahibinə qaytar, istər yaxşı adama olsun, istər pisə, istər az olsun, istərsə də çox, istər sap olsun, istərsə də iynə.”
◘Ey Kumeyl! Adil imamsız müharibə, cihad və fazil imamsız qənimət caiz deyil.
◘Ey Kumeyl! Din yalnız Allah tərəfindəndir və Allah rəsul, nəbi və vəsidən başqa heç kəs vasitəsi ilə dinini ayağa qaldırmaz.
◘Ey Kumeyl! Allah-təala böyük, səbirli, əzəmətli və mehribandır. Allah bizi Özünün əxlaqına uyğun tərbiyələndirdi və göstəriş verdi ki, onu əxz edək və camaata öyrədək. Biz heç bir yanlışlığa yol vermədən bunu yerinə yetirdik, təkzib və inkar etmədən bunu təsdiq etdik və heç bir şəkk-şübhə olmadan qəbul etdik.
◘Ey Kumeyl! And olsun Allaha! Mənə itaət edib, sözümə qulaq asmaqdan ötrü sözbazlıq etmirəm və heç kəsə var-dövlət və vəzifə söz verməmişəm ki, sözümdən çıxıb mənə qarşı itaətsizlik göstərsinlər. Mən ərəbin rəzil, alçaq və şəxsiyyətsizlərinə Əmirəlmö`minin (ə) olmaqdan ötrü üz tutacaq deyiləm.
◘Ey Kumeyl! Arzusuna çatanlar bu fani və keçib gedən dünyada arzuya çatıblar, biz isə öz istəklərimizə əbədi axirətdə çatacağıq.
◘Ey Kumeyl! Bu iki dəstə insanın hər ikisi üzü axirətə tərəf gedir. Bizim rəğbət bəslədiyimiz şey Allahın razılığı və behiştin uca məqamlarıdır. Allah bunları təqvalı olanlara əta edər.
◘Ey Kumeyl! Behiştə getməyən kəsi qəmli əzab və zillətlə müjdələ!
◘Ey Kumeyl! Mən Allahın verdiyi tövfiq sayəsində hər bir halda ona həmd və səna edirəm. İstədiyin vaxt qalxa bilərsən.
Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən
◘Qədir-xum günü həzrət Peyğəmbərin (s) göstərişinə əsasən onun üçün hazırlanmış minbərə qalxıb xütbə oxudu. Xütbə əsnasında əlli dəfədən artıq camaata xitab edib vilayət, Həzrət Əlinin (ə) canişinliyi, xilafətə tə`yin olunması barədə onlara göstərişlər verdi və bu məsələlərdə çoxlu tə`kid edib bu məsələni onlara tamam-kamal çatdırdı. İndi biz o həzrətin (s) misilsiz və qiymətli sözlərindən bə`zilərini sizə təqdim edirik:
◘Ey camaat! Allah onu (Əlini (ə)) sizə rəhbər tə`yin edib. Ona itaət etmək ənsar, mühacir və tabeindən olan saleh əməl sahiblərinə, şəhərli və kəndli, ərəb və əcəm, azad və qul, kiçik və böyük, ağ və qara dərili və yeganə Allaha sitayiş edən hər kəsə vacibdir. Onun hikməti rəvan, danışığı haqq, fərmanı itaət olunmalıdır. Onunla müxalifət edən məl`undur. Ona itaət edən Allahın rəhmətinə qovuşar.
◘Ey camaat! Bura mənim dayanacağım axırıncı yerdir. Eşidin və itaət edin. Öz Pərvərdigarınızın fərmanı qarşısında baş əyin. Allah sizin yeganə mə`budunuz və yeganə rəbbinizdir. Ondan sonra itaət olunmalı kəs onun elçisi Məhəmməddir (s). Məndən sonra itaət olunmalı şəxs isə Əlidir. O sizin vəliniz, rəhbəriniz və imamınızdır. İmamət nəsli Qiyamətə qədər mənim nəslimdən və onun övladlarındandır. Allahın halal etdiklərindən başqa halal və Onun haram etdiklərindən başqa haram yoxdur.
◘Ey camaat! Allah bütün elmləri mənə öyrətmiş, mən də Allahın mənə öyrətdiyi bütün elmləri Əliyə öyrətmişəm.
◘Ey camaat! Əli (ə) barədə yolunuzu azmayın, ondan uzaq düşməyin və dediklərindən üz döndərib ona qarşı itaətsizlik göstərməyin.
◘Ey camaat! Allahın onu üstün tutduğu kimi siz də üstün tutun və onu tanıyıb qəbul edin. Çünki onu Allah seçib tə`yin edib.
◘Ey camaat! Bilin ki, o, Allah tərəfindən tə`yin olunmuş bir imamdır. Buna görə də Allah onun vilayətini inkar edənləri bağışlamaz və heç vaxt onların bu günahlarından keçməz!
◘Ey camaat! Allah bu fəzilət və üstünlüyü mənə əta edib və bunun vasitəsi ilə mənə minnət qoyub və mənə ehsan edib.
◘Ey camaat! Əlini yüksək tutun və ona ikram edin. O məndən sonra bütün insanlardan – istər kişi olsun, istərsə də qadın - üstündür. Allah bizim vücudumuzun bərəkətinə görə məxluqatına ruzi verir və onları saxlayıb yaşadır.
◘Ey camaat! Bilin ki, o, “Cənbillah”dır. (yə`ni, onun vilayətini qəbul etmək, Allaha itaət və bəndəlikdir). Allah-təala Öz nazil etdiyi kitabda buyurur:
”Cənbillah” barəsində etdiyim səhlənkarlıqlara görə vay halıma!
◘Ey camaat! Qur`an üzərində dərindən düşünün, onun ayələrini dərk edin, onda olan möhkəm ayələrə nəzər salın və mütəşabih ayələrin ardınca getməyin. And olsun Allaha! Mənim əlindən tutduğum kəsdən başqa (yə`ni, Əlidən (ə) başqa) kimsə sizə Allahın nəhy etdiklərini bəyan etməz və həmin ayələrin düzgün izahını verə bilməz.
◘Ey camaat! Əli (ə) və nəslimdən olan pak imamlar “siqli-əsğər” (yə`ni, çox böyük dəyərə malik olan kiçik əmanət) və Qur`an isə “siqli-əkbər”dir (yəni, çox böyük dəyərə malik olan böyük əmanət). Bunların hər biri digərindən xəbər verir. Bunların heç biri Behiştdəki Kövsər Hovuzunun yanında mənə qovuşanadək digərindən ayrılmaz.
◘Ey camaat! Əli (ə) mənim qardaşım, vəsim, elmimin varisi, məndən sonra ümmətim arasında və Allahın kitabının təfsirində mənim canişinimdir. Allahın fərmanına əsasən deyirəm: “İlahi, onunla dost olanla dost, düşmən olanla da düşmən ol!”
◘Ey camaat! Bilin ki, Allah sizin dininizi Əlinin (ə) imaməti ilə kamil etdi. Kim ona və onun mənim nəslimdən olan övladlarına iqtida etməsə və onları öz imamı kimi qəbul etməsə, o həmin kəslərdən olacaq ki, onların əməlləri batil və özləri də e`tibardan düşmüş kəslərdir.
◘Ey camaat! Əli (ə) mənə sizin hamınızdan artıq kömək edib və mənim üçün sizin hamınızdan daha yaxın və daha layiqlidir. Mütəal Allah da, mən də ondan çox razıyıq.
◘Ey camaat! O, Allah dininin yavəri, Allah rəsulunun müdafiəsindən ötrü döyüşçüdür. O, pak təqvalı və hidayət olmuş hidayətçidir. Sizin peyğəmbəriniz (s) peyğəmbərlərin ən üstünü, Əli (ə) vəsilərin ən üstünü, onun mənim nəslimdən olan övladları da canişinlərim və imamların ən üstünüdür.
◘Hər bir peyğəmbərin canişinləri onun öz sülbündəndir. Mənim canişinlərim isə Əlinin sülbündəndir.
◘Ey camaat! Bilin ki, İblis Adəmi həsəd üzündən Behiştdən çıxardı. Elə isə Əliyə (ə) həsəd aparmayın. Əgər belə etsəniz, əməlləriniz batil olar və hədərə gedər, qədəmləriniz titrəyər.
◘Ey camaat! Allaha, Onun peyğəmbərinə və nazil etdiyi Nura iman gətirin!
◘Ey camaat! Mən sizi qorxudub çəkindirirəm. Mən Allahın sizin üçün göndərdiyi elçisiyəm. Məndən öncə də peyğəmbərlər gəlib getmişdir. Məgər ölsəm yaxud öldürülsəm keçmiş cahiliyyətinizə gerimi dönəcəksiniz?
◘Ey camaat! Müsəlman olduğunuza görə Allaha minnət qoymayın, yoxsa Onun sizə qəzəbi tutar və sizə əzab göndərər. Həqiqətən, Allahın əzabı günahkarların püsqusundadır.
◘Ey camaat! Məndən sonra sizə elə kəslər rəhbərlik edəcək ki, sizi ona tərəf də`vət edib, Qiyamət günü də sizə heç bir kömək etməyəcəklər.
◘Ey camaat! Allah da, mən də həmin rəhbərlərə nifrət edirik.
◘Ey camaat! Onlar, onların tərəfdarları, ardıcılları və dostları Cəhənnəmin ən dərin qatlarına yuvarlanacaqlar.
◘Ey camaat! Mən imamət və xilafəti özümdən sonra sizin aranızda Qiyamət gününə qədər irs və əmanət olaraq qoyub gedirəm. Mən sizə çatdırmaqdan ötrü mə`mur olunduğum vəzifəmi yerinə yetirdim. Burada olanlar bunu qaib olanlara çatdırsınlar.
◘Ey camaat! Allah, Onu, ayələrini, hökmlərini inkar etmələri üzündən hər bir abadı bərbad edər. Allah sizin vəlinizdir. Bunlar onun və`dələridir. Allah və`d etdiyi hər bir sözdə haqlıdır və və`d etdiyi hər bir sözünə də vəfa edər.
◘Ey camaat! Sizdən öncə bir çox ümmətlər yollarını azdılar. Allah da onları məhv etdi. Allah keçmişdəkiləri də, gələcəkdəkiləri də məhv etməyə qadirdir.
◘Ey camaat! Cənnətlə cəhənnəm arasında təfavüt çoxdur. Bizim düşmənlərimiz Allahın lə`nət etdiyi kəslərdir. Dostlarımız da Onun sevdiyi kəslərdir.
◘Ey camaat! Bilin ki, mən peyğəmbərəm, Əli isə mənim vəsim, canişinimdir. Agah olun ki, axırıncı imam olan Həzrət Məhdiyyi-Qaim də (ə) bizdəndir.
◘Ey camaat! “Həcc”, “Səfa”, “Mərva” və “Ümrə” ilahi mərasimlərdəndir. Hər kəs Həcc, yaxud Ümrə ziyarətini yerinə yetirsə, iki dəfə təvaf etməyinin heç bir eybi yoxdur.
◘Ey camaat! Allah evinin həcc ziyarətini yerinə yetirin. Bu ziyarəti yerinə yetirən elə bir yoxsul yoxdur ki, sonradan dövlətli olsun və bu ziyarətdən üz döndərən elə bir imkanlı şəxs yoxdur ki, sonradan fəqir və yoxsul olsun.
◘Ey camaat! Həcc mərasimi zamanı Ərəfatda dayanan elə bir mö`min yoxdur ki, Allah onun bütün keçmiş günahlarını əfv edər və həcc mərasimi bitdikdən sonra onun əməlləri yenidən yazılmağa başlayar.
◘Ey camaat! Hacılara kömək olunar, onların çəkdikləri xərclərin hamısı ödənilər. Allah yaxşı əməl sahiblərinin səylərini zay etməz.
◘Ey camaat! Həcc ziyarətini düzgün din, fəhm və biliklə yerinə yetirin və bu ziyarəti yerinə yetirərkən müqəddəs məkanlardan tövbə və günahlardan qayıtmaqla geri dönün.
◘Ey camaat! Allahın sizə buyurduğu kimi namaz qılın və zəkat verin. Əgər, müddət sizin üçün uzun olsa, ya səhlənkarlıq etsəniz, yaxud da unutsanız, Əli sizin rəhbəriniz və (dini məsələləri) açıqlayanınızdır.
◘Ey camaat! Sizi hidayət etdiyim hər bir halal və çəkindirdiyim hər bir haram olduğu kimi qalır. Mən onların heç birini əvəz etməmişəm. Agah olun ki, əmr be mə`rufun başı budur ki, mənim nə dediyimi biləsiniz, onu eşidib-bilməyənə çatdırasınız, ona həmin sözü qəbul etməsini göstəriş verəsiniz və onu bu sözlə müxalifət etməkdən çəkindirəsiniz.
◘Ey camaat! Qur`an sizə imamətin Əlidən sonra onun övladlarına çatacağını bildirir. Mən sizi agah etdim ki, onlar mənim və Əlinin nəslindəndir. Allah-təala buyurur:
Onu nəslində həmişəlik bir söz qərar verdi.
Mən də sizə deyirəm həmin bu iki şeydən (Qur`an və itrətdən) yapışsanız, heç vaxt yolunuzu azmazsınız.
◘Ey camaat! Təqva! Təqva! Qiyamətdən qorxun. Allah buyurur:
Həqiqətən, Qiyamətin zəlzələsi çox böyük və dəhşətli bir şeydir.
◘Ey camaat! Sizin sayınız çoxdur və hamınız bir-bir gəlib bey`ət edə bilməzsiniz. Allah-təala mənə göstəriş verib ki, sizdən Əlinin və ondan sonra onun mənim nəslimdən olan övladlarının mö`minlərin rəhbəri və xilafətin canişinləri olmağını dildə iqrar etməyinizlə söz alım. Elə isə, siz də hamılıqla deyin: “Biz eşitdik və itaət edirik.”
◘Ey camaat! Nə deyirsiniz? Bəs, elə isə, Allah hər bir gizli səsdən və nəfəsdən də agahdır. Hər kəs hidayəti seçsə, onun öz xeyrinədir və hər kəs də zəlaləti seçsə, öz zərərinədir. Hər kəs bey`ət etsə, Allaha bey`ət edib:
Allahın (qüdrət) əli onların əllərinin üzərindədir.
◘Ey camaat! Allahdan qorxun, Əli, Həsən, Hüseyn və digər imamlarla bey`ət edin.
◘Ey camaat! Sizə dediklərimi deyin, Əliyə “əmirəlmö`minin” kimi salam verin və deyin: “Eşitdik və itaət etdik. Pərvərdigara, bizi bağışla, axır dönüş Sənədir. Həmd olsun Allaha ki, bizi hadayət etdi. Əgər Allah bizi hidayət etməsəydi, yolu tapmaz və hidayət olmazdıq.”
◘Ey camaat! Həqiqətən, Əliyyibni-Əbutalibin (ə) fəzilətləri Allahın sizə nazil etdiyi Qur`anda kifayət qədər bəyan olunub.
◘Ey camaat! Hər kəs Allaha, Onun rəsuluna, Əliyə və sair imamlara itaət etsə, həqiqətən də böyük bir hidayətə, böyük bir nicata nail olmuşdur.
◘Ey camaat! Ona ilk öncə bey`ət edənlər, onu sevənlər, ona “Əmirəl-mö`minin” kimi salam verənlər nicat tapacaq və ne`mətlərlə dolu olan behiştlərdə olacaqlar.
◘Ey camaat! Allahın sizdən razı olmasına səbəb olacaq sözü deyin. Əgər yer üzərində olan insanların hamısı kafir olsalar, Allaha heç bir ziyan verə bilməzlər. İlahi, mö`min və mö`minələri bağışla və kafirlərə qəzəb et! Həmd olsun aləmlərin rəbbinə!”
Bu zaman hamı Peyğəmbərin (s) çağırışına cavab olaraq bir ağızdan uca səslə dedi: “Bəli, eşitdik və Allahın, Onun Rəsulunun (s) göstərişinə qəlbimiz, dilimiz və əllərimizlə itaət edirik.”
Dostları ilə paylaş: |