Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi
Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
2016-cı ildə yubileyi qeyd olunan
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI
Nəsillərə nümunə
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
(M.Şəhriyar)
Elgiz Kərimov – 45 Şamil Ramazanov-40 Yalçın Nəsirov – 40 Bəşir Kərimov – 40 Etibar Hacıyev-45
Hikmət Nəzərli -50 Nurəddin İbrahimov-65 Rafiq Nəsrəddinov-55 Əsəd Əsədov - 60 Yelmar Edilov-70
Məlumat – biblioqrafik vəsait.
Tərtib edən: Bədirə Niftaliyeva.
“Metodika və biblioqrafiya” şöbəsi. Neftçala – 2016.
Vətənlə döyünən ürək...
Mübarizlik -- qanımdadır, tariximin adındadır,
Qanı ilə Şəhid yazan Qəhrəmanın ruhundadır,
Min bir vətən övladının , tarixləşən adındadır,
Əməli ilə soraq salan yurddaşımın yolundadır...
(N.Bədirə)
Xalqımızın tarixini araşdırarkən, baş vermiş cox əsirlik müharibələrdə, azadlıq uğrunda nə qədər soydaşımızın Vətən üçün, el yolunda şirin canından keçdiyinin şahidi oluruq. Bu mətinlik ,cəsurluq zaman-zaman qanımıza hopan, Dədə Qorqud qopuzundan süzülüb gələn yurdsevərlik ,Vətənsevərlik istəyindən doğmuşdur. Ana Vətən, Ana torpaq sən nə qədər şirinsən candan keçilmək üçün!
Sən nə qədər vüqarlısan-Şəhidlik zirvəsinə qalxmaq üçün!
Tarixin müəyyən mərhələlərində yurdumuzun nə qədər qəsbkarlara qarşı mübarizə aparması, sonrakı dönəmlərdə ,əsasən rus və erməni, cənubdan İranla olan siyasi çəkişmələr xalqımızı, dövlətimizi nə qədər zəiflətsə də, tarix meydanından çıxara bilməmişdir. Bu hadisələrdə əsasən, “köçürmə” siyasətindən istifadə edən rus çarları tarixi Vətən torpaqlarımızda xristian mənşəli əhalini- erməniləri yerləşdirməklə, cənub sərhədlərinin təhlükəsizliyini düşünmüş, zaman-zaman bu məkrli ideyanı müdafiə etmişdirlər. Buna nümunə olaraq, onların köçürülməsində əsas rol oynayan,”Gülüstan”,”Türkmənçay” ,”Ədirnə”,” sülh müqavilələrini qeyd edə bilərik. Bir daha həmin hadisələri xatırladaq...
Çar Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi. Bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.
Erməni-rus münasibətləri çar Rusiyasının Kazanı (1552) və Həştərxanı (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639,1711,1768-1774, 1787-1791 və b.) genişlənmiş, onun Xəzər sahili torpaqları istila etmək cəhdləri ilə daha da möhkəmlənmişdir. Bu hadisələrin gedişi zamanı ermənilərin çar Rusiyaya köçürülməsi və burada erməni koloniyaları yaradılması başlanır. Bu işdə I Pyotrun erməni xalqına dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı. Həmin fərmana görə, çar Rusiyasının işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində çar Rusiyasının qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi" ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı. Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı: "İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zat-alidən xahiş etdim və indi mən cənaba yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın". 1828-ci il fevralın 10-da imzalanmış "Türkmənçay müqaviləsi"nin XV-ci maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. XV –ci maddədən: "Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir… Bundan başqa, o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satılıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir".
Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və s. Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin çar Rusiyasına köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi. Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi. N.İ.Şavrov 1911-ci ildə yazırdı: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür". Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsusi diqqət verilirdi. A.S.Qriboyedov yazırdı: “…rus ordusunun tutduğu rayonlardan - Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır…”. Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi. N.Şavrov yazırdı: "Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır". Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı. 1823-cü il məlumatına görə, Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən cəmi 1,5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişdi. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5%, ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu. 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə, DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur. Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert - Ağdarə rayonunun Marağaşen - Leninavan kəndində xüsusi abidə qoymuşdular.
Ermənilərin köçürülməsi həm çar Rusiyasının, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox hiyləgər olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar.
Bundan başqa Rusiya il Türkiyə arasında 2 sentyabr 1829-cu ildə bağlanan Ədirnə sülh müqaviləsinə görə
-
1827-ci il London konvensiyasının tanınması
-
Anapanın və Potinin Rusiya imperiyasına birləşdirilməsi
-
Serbiyanın, Moldaviyanın və Valaxiyanın müxtariyyətinin təsdiq edilməsi
-
Dunay çayı sahillərində yerləşən bir sıya türk qalalarının ləğv edilməsi
-
Qara dəniz boğazlarında Rusiyanın ticarət naviqasiyasının bərpası
-
Təzminat ödənilməsi.
10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rüsiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi. Sülh danışıqları gərgin və mürəkkəb bir şəraitdə iki mərhələdə - 1829-cu il 30 avqust - 3 sentyabr və 12-14 sentyabr tarixlərdə aparılmışdır.
Osmanlı imperiyası Ahalsıx paşalığının (Ahıska türklərinin yaşadığı ərazi, indiki Gürcüstanın Samtsxe Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedilmiş və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verilmişdir. Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirildi. Bundan əlavə, Osmanlı imperiyası tərəfindən Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunları - Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi rəsmən tanınmışdı.
Göründüyü kimi, təkcə bu günün deyil, böyük bir tarixi dövr ərzində mənfur düşmən içimizə hissə-hissə soxularaq, tarixi Vətən torpaqlarımızı zəbt etmiş, özününküləşdirmişdir. Tarixin bütün mərhələlərində mübariz xalqımız mənfur düşmənin hiylələrinə qarşı mətanətlə dayanmış, vuruşmuşdur. Lakin tarix göstərir ki, bu “özgə torpaqlarından””dövlətli” olan xəyanətkar ermənilər heç zaman kifayətlənməyəcəkdir. Onlar” çayır kimi”,”İlan kimi” söxularaq Azərbaycan torpaqlarını xəritədən çıxarmaq niyyətindədirlər. Bu isə Allahın köməyi, xalqımızın yurdsevərliyi ilə heç zaman baş tutmayacaqdır. Bu gün, müasir tariximizə “Dağlıq Qarabağ müharibəsi” adı ilə daxil olan 1988-91,1992-1994 - cü illərdə, həmçinin sonrakı dövrlərdə atəşkəsin pozulması nəticəsində qəhrəman Vətən oğulları öz canı-qanı ilə Vətən torpaqlarının müdafiəsinə qalxırlar,Vətən yolunda Şəhid olurlar.Bu ədalətsiz müharibə ,haqq səsimizin eşidilməməsi, dünya beynəlxalq təşkilatlarının ermənipərəstliyi ,neçə-neçə anaları gözü yaşlı, körpələri nigaran, atasız qoymuşdur.
Tarixi yurd yerlərimizdə mədəniyyət, tarixi abidələrimiz dağıdılmış, “iz qoymamaq” təsviri ilə -erməniləşdirilmişdir. Bütün bunlar xalqımızın ermənilərə qarşı nə qədər möhkəm bir birlikdə mübarizə aparmasını canlandırır qarşımızda. Və biz, bu mübarizəni görürük. Bu gün sərhədlərimizi qoruyan hər an gözünü qırpmadan döyüşə atılan vətənpərvər oğullar – Azərbaycan dövlətinin, Azərbaycan xalqının fəxridir. Biz Sizinlə fəxr edirik, qürur duyuruq--Ölməz Şəhidlər! Hər an düşmənə zərbə endirən-vüqarlı, mətanətli Əsgərlər! Vətən Sizin hər axan damla qanınızın intiqamını mənfur düşməndə qoymayacaqdır. Allah Şəhid olan Vətən övladlarını rəhmət eləsin,yaralılara şəfa versin,döyüşən əsgərlərimizi qorusun! Amin!
Bu gün torpaqlarımızın 20 %-dən çoxu erməni qəsblarlarnın işğalı altındadır. Ərazi bütövlüyümüz pozulmuşdur. Bu səbəbdən haqq səsimizi planetin dörd bir tərəfinə yaysaq da, yenə mənfur ermənilər öz təbliğatları ilə fikir ayrılığı yaradır, beynəlxalq təşkilatların qətnamələrinə əməl etmirlər.
Torpaqlarımızın azadlığı yolunda fədəkarcasına, qəhrəmanlıq göstərənlər heç zaman unudulmurlar.Torpaq uğrunda Şəhid olan oğullar əbədi olaraq yaşayacaqlar. Onlar Vətən övladları-Unudulmaz Şəhidlərdir.
Torpaq, Vətən uğrunda candan keçənlər heç zaman unudulmurlar. Biz, Babəkin,Koroğlunun,Nəbinin,Mehdinin,Qafurun,Həzinin,Əsədin,Çingizin,Alının,Salatının,Əlifin,Zakirin,Tərlanın,Qaratelin---neçə-neçə adlarını qeyd etmədiyim, lakin bir adla –VƏTƏN ÖVLADLARI_adlandırdığımız yurdsevərlərin davamçılarıyıq.
Bu Vətən bizlərə babaların əmanətidir. Biz onu göz bəbəyimiz kimi qorumalıyıq. Eləcə də bu vəsaitdə, öz Vətənini göz bəbəyi kimi qoruyan ,2016-cı ildə yubileyi qeyd olunan Milli Qəhrəmanlarımız haqqında məlumat toplamışıq. Bu məlumatlarda onların nə qədər fədakarlıqla vuruşduqlarının şahidi olur, gənc ömürlərinin yalnız və yalnız Vətənə həsr etdiklərini görürük.
Siz, hər birimizə nümunəsiniz , unudulmaz Vətən övladları.
M.Araz.
Vətən mənə oğul desə...
Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.
Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.
O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım…
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim —
Xəzanımdır, xəzanımdır, xəzanım.
Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
--------------
Azərbaycanın Milli Qəhrəmanı
Elgiz Kərim oğlu Kərimov – 45 (1971-1992)
Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsa da, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri oldu. Eməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı.
Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu.
İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak oldu.
Onun yarımçıq qalmış gündəliyindəki qeydləri həyəcansız oxmaq mümkün deyil: "Cəbhəyə gedəndə anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım", – Bu gün 91-ci ilin yanvar ayının 5-i, ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünki, ermənilər Əsgəran səmtdən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır: "Ermənilər bizi satın alıblar" – deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə "dığa" gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, necə mənə yalvarır, imdad istəyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır. Allah şeytana lənət eləsin". Şeytan isə onun qan, din, dil, əqidə, məslək tayfalarıydı.
Bir gün icazə alıb evimizə getdim. Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının "hə"sini də alıbmış. Üç gündən sonra yenidən xidmət etdiyim hissəyə qayıtdım.
Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürdülər. Kərkicahanı hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdi. Cəmilli kəndinin müdafiəsi zamanı ağır yaralandım. Üç ay özümdə olmadım.
Yenidən silahdaşlarımızn yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun çəkmədi. Ermənilər Naxçıvanik istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməliydi. 1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi.
Gündəlik yarımçıq qalıb. Həmin gün Elgiz Kərim oğlu Kərimov şəhid olub. Bəy otağı qara boyanıb, bəylik kostyumu görənlərin gözlərini göynədir. Nisgilli anaya oğlunun toyunda oynamaq qismət olmadı. 15 ildir Bərdədə, Şəhidlər xiyabanında oğlunun məzarını ziyarətə gəlir. Atanın, ananın, dost-tanışının bircə təskinlikləri var: Elgiz Kərimov qəhrəmanlıqla həlak olandan üç ay sonra respublika Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri ada layiq görülüb. Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.
Bərdə rayonunda dəfn edilmişdir.
Allah rəhmət eləsin.Amin!
-----------------------
Azərbaycanın Milli Qəhrəmanı
Şamil Ağasəf oğlu Ramazanov - 40 (1976-1995)
Azərbaycan xalqının Milli Qəhrəman Şamil Ramazanov 19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil almışdır.19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995-ci il məlum 13-17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak oldu. Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.
Allah rəhmət eləsin.AMİN!
Azərbaycanın Milli Qəhrəmanı Yalçın Canhəsən oğlu Nəsirov - 40 (1976-1995)
Xalqımızın Milli Qəhrəmanı Yalçın Nəsirov 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982-1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Astara rayonu Sərək kənd orta məktəbi onun adını daşıyır.
Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulmuşdur.
Allah rəhmət eləsin.AMİN!
Azərbaycanın Milli Qəhrəmanı
Bəşir Bəylər oğlu Kərimov – 40 (1976-1995)
2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Qarabağa geniş planlı hücumlar edir. Azərbaycanın əsrlərdən yadigar torpaqlarını işğal edirdilər.
Bəşir, 1993-cü ildə artıq döyüş meydanlarında idi…o, burada patron daşıyır, əsgərlərə yemək çatdırılmasında iştirak edirdi. 1993-cü il ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir də qanlı döyüşə girmişdi. Füzuli rayonu işğal edildikdən sonra isə onun ailəsi İmişli rayonunda məskunlaşır. 1994-cü il 19 may tarixində, Bəşir Milli Ordu sıralarına çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı Kərimov Bəşir qardaş gülləsindən həlak oldu.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin.AMİN!
---------------------
Azərbaycanın Milli Qəhrəmanı
Etibar Firudin oğlu Hacıyev
Etibar Hacıyev 1971-ci ildə fevral ayının 5-də Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür.
1992-ci ildə Etibar könüllü olaraq, Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Subay idi.
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Göygöl rayonunda dəfn edilmişdir.
Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Allah rəhmət eləsin.AMİN!
-------------
Azərbaycanın Milli Qəhrəmanı
Hikmət Baba oğlu Nəzərli – 50 (1966-1992)
Azərbaycan xalqının Milli Qəhrəmanı Nəzərli Hikmət Baba oğlu 7 mart 1966-cı ildə, Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1973-ci ildə Bakının Xətai rayonundakı 27 saylı orta məktəbə gedib, beşinci sinifə qədər burada təhsil alıb. Atasının iş yerinin dəyişməsi ilə əlaqədar Hikmət də ailələri ilə Daşkəndə gedir və orta təhsilini orada tamamlayır.
O, 1982-ci ildə anası və bacıları ilə birlikdə yenidən Bakıya qayıdır.
1984-cü ildə hərbi xidmətə çağrılır və Gürcüstan Resbublikasının Duşefi şəhərindəki kəşfiyyat məktəbinə göndərilir. 1986-cı ildə ordudan tərxis olunur.
Nəzərli Hikmət Baba oğlu Resbublika Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsində işə düzəlir və eyni zamanda Azərbaycan Politexnik İnistitutuna qəbul olunur. Hikmət bir vətənpərvər oğlu kimi, erməni təcavüzünə, soydaşlarımızın öz doğma yurd-yuvalarından qovulmasına biganə qala bilməzdi.
Nəzərli Hikmət Baba oğlu Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılır. 1991-ci ilin dekabrında xidmət etdiyi batalyonun tərkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşür. Həmin gündən vətənin müdafiəsi uğrunda xidmətlərə başlayır. Umudlu, Xocalı yolu isə onun döyüş meydanına çevrilir. Umudlu kəndinin sakinləri təhlükəsiz yerə aparılarkən xəstələnir və bir müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdır.
Həmin günlər Xocalıda tarixdə misli görünməmiş faciə törədilir. Hikmət idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərir. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilir. Sonrakı taleyi barə də heç bir məlumat yoxdur, və beləcə o, itkin düşür. Vətənimizin bütövlüyü və dövlətimizin toxunulmazlığı uğrunda qəhrəmancasına vuruşmuş bütün vətən övladlarının qarşısında baş əyirik-
Nəzərli Hikmət Baba oğlu kimi. Vətən onları unutmayacaq .
Onlar bizim qəlbimizdə həmişə hər an yaşayacaq.
Ailəli idi. Bir övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Allah rəhmət eləsin.Amin!
---------------
Azərbaycanın Milli Qəhrəmanı
Nurəddin İslam oğlu İbrahimov-65(1951-1995)
İbrahimov Nurəddin İslam oğlu 1951-ci il mart ayının 16-da Bakı şəhərində doğulmuşdur. 1969-cu ildə burada 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə Rusiyanın İrkutsk şəhərinin milis idarəsində işə qəbul olunmuşdur. 1988-ci ildə burada İrkutsk şəhər cinayət axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycanda baş verən hadisələrə biganə qalmayan Nurəddin ,1990-cı ildə Bakıya gəlmiş, sonra isə Laçın rayon milis idarəsində sahə müvəkkili işləməyə başlamışdır.
O, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bu döyüşlərin birində ağır yaralanmışdır. Müalicə olunandan sonra Bakının Əzizbəyov rayonunun polis idarəsində işini davam etdirmişdir. Buna baxmayaraq o, yenə də tez-tez cəbhəyə yollanmış, qızğın döyüşlərə girmişdir. 1993-cü ildə Kosalar kəndi və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmiş və mayor rütbəsi almışdır. Nurəddin 10 fevral 1995-ci il Binə qəsəbəsindəki cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı xüsusi fərqlənmiş və qəhrəmancasına həlak olmuşdur.
Aliləli idi, bir övladı var.
Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə ölümündən sonar "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Buzovna qəsəbəsinin qəbristanlığında dəfn edilmişdir. Buzovna qəsəbəsində onun adına küçə var.
Buradakı Mədəniyyət evi də onun adını daşıyır.
Qəsəbədə büstü qoyulub.
Allah rəhmət eləsin.Amin!
---------------
Azərbaycanın Milli Qəhrəmanı
Rafiq Hüseyn oğlu Nəsrəddinov-55(1961-1992)
18 mart 1961-ci il Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almışdır. 1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurur və Bakı Dövlət Universitetinə daxil olur. 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirir. 1992-ci ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılır.
O, 1992-ci ildə zabit kimi Milli Orduda xidmətə başlayıb, tank hərbi hissəsinin qərargah rəisi olub, Ağdərə rayonu istiqamətində bir sıra döyüşlərdə rəşadətlə vuruşub. Təcrübəli döyüşçü olması, cəbhədə onun işini nisbətən asanlaşdırırdı. Erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoymuşdu. Bu kimi üstünlükləri nəzərə alınaraq Rafiq tank bölüyünün rəisi vəzifəsinə təyin edilir. Rafiqin son döyüşü Ağdərənin Qızılqaya kəndində oldu. 6 sentyabr 1992-ci il baş vermiş bu döyüşdə son nəfəsinəcən vuruşan Rafiq qəhrəmancasına həlak oldu.
Ailəli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Oxuduğu 39 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.
Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Allah rəhmət eləsin.AMİN!
Azərbaycanın Milli Qəhrəmanı
Əsəd Əsədov - 60 (1956-1991)
Azərbaycan xalqının Milli Qəhrəmanı Əsəd Əsədov 22 mart 1956-ci ildə Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur.
29 oktyabr 1991-ci il AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxdı. Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdiran AZAL-ın əməkdaşları şərəfli missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düşmən tərəfindən ALAZAN raketi ilə vuruldu.
Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Zəngilan rayonunda dəfn edilmişdir.
Zəngilan rayonu Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır.
Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.
Ailəli idi. Dörd övladı yadigar qalıb.
Allah rəhmət eləsin.AMİN!
------------------
Azərbaycanın Milli Qəhrəmanı
Yelmar Şahmar oğlu Edilov-70 (1946-1994)
Edilov Yelmar Şahmar oğlu 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954-1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minskşəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurdu. M.F. Axundov adına üzümçülük kolxozunda işə düzəlir.
1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavabı verdilər. 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.
Ailəli idi. Yeddi övladı var.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonar "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin.AMİN!
M.Araz.
Əsgər oğul
“İgid əsgər, möhkəm dayan”
Ş.Əlizamanlının oxuduğu mahnıdan.
Sən bu yurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə:
Sən bu yurda söykəlisən, bu yurd sənə!
Son atəş də ,son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul - mərd igiddir.
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür,
Hünər ölmür, mərdlik ölmür -- əsgər ölmür.
Mən bilmirəm, hardan boy al, hara dırman,
Mən bilmirəm, göyə ucal, yerə quylan,
Babaların məzarını qoru, qardaş!
Ataların vüqarını qoru, qardaş!
Körpələrin yuxusunu qoru, qardaş!
“Hünər ölməz” nidasını qoru, qardaş!
Od yurdunun obaısını qoru, qardaş!
Gürşad olub göydən ələn – mən bilmirəm,
Qara bələn, buza bələn - mən bilmirəm,
Harda sirləş, harda filləş - mən bilmirəm,
Mən bilirəm: geriyə yol yoxdu, atam!
Öncül oğul dönüb geri baxmır, atam!
Geridə biz qəbir yeri saxlamışıq,
Bəsdir daha sızlamışıq, ağlamışıq!
Geridə biz qəbir yeri saxlamışıq,
Özümüzə darağac qurmaq üçün
Özümüz öz boynumuzu vurmaq üçün:
Qətl yeri saxlamışıq, qətl yeri!
Qəbir yeri saxlamışıq, qəbir yeri.
Bu torpağın hər qayası deyir bunu,
Bu torpağın min yarası deyir bunu.
Bu torpağın son nəfəri olsan belə,
Son dirisi, son əsgəri olsan belə,
Geri dönmə, son qələbə xəttinəcən,
Son qələbə həddinəcən, səddinəcən.
Dönmə geri üfüqəcən...
Nə zaman ki, bu yer, bu yurd
Yagıları süpürəcək, üfürəcək,
Hər əsgərin, hər nəfərin
Nəfəsi od püskürəcək.
Onda dönüb görəcəksən:
Nakamların qəbri: Məşəl!
Qaliblərin qəlbi: Məşəl!
Məşəl! Məşəl!
Şah dağından qəlbi məşəl!...
(2 noyabr-1993)
-------------
Bəxtiyar Vahabzadə
Azərbaycan.
Azərbaycan,adın oddur,özün-işıq,sözün işıq,
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz,hilalımız.
Nəfəsimiz –ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizimbabaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq,bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.
Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz,
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üçrəngli bayrağımız.
Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, qüzeyimiz,
Vətən bizim namusumuz, biz Vətənik, Vətən də biz.
M.Araz.
AYAĞA DUR, AZƏRBAYCAN !
Nə yatmısan ,qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
Biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çöban, Dəli domrul oğulların.
Çək sinənə ---- qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur ,Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar- mərdliyilə öyünməzlər!
Törpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni
xilas edim.
Neçə “səni”, neçə “məni” xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918 - də vuruşurdu,
Danışmırdı rəncbər atan,
rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan,səninləyəm!
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan ,səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur,Azərbaycan,
Səninləyəm!
(19-mart-1992)
Kitabxanalar qarşısında olan əsas vəzifələr:
Vətənpərvərlik- insanda ən müqəddəs duygudur. Hələ kiçik yaşlarından uşaqlarda bu duyğunun formalaşmasında ailə, məktəblə yanaşı, kitabxana müəssisələri də əhəmiyyətli rol oynayır.Təşkil olunmuş tədbirlər, ucadan oxu, nağıl qəhrəmanları haqqında rəsm çəkilməsi, inşa yazılması, disputlar və s.uşaqları seçilmiş mövzu haqqında düşünməyə sövq edir,dünyagörüşünün formalaşmasına xidmət edir.
Tərtid olunmuş vəsaitlə əlaqədar kitabxanalarda “Qəhrəmanlar unudulmur”,”Nəsillərə nümunə”,”Siz unudulmazlarsınız”,”Vətən Sizi unutmaz-UNUDULMAZ ŞƏHİDLƏR” və s.başlıqlar ilə məlumat günləri təşkil edə bilərlər.Təşkil olunmuş tədbirlərdə sərgilərlə yanaşı Milli Qəhrəmanlarımız, Şəhidlər haqqında da suallar tərtib olunmalı - tədbir iştirakçılaı ilə disput, yaddaşda qalma - formasından istifadə edilə bilər.
Küçirilən tədbirlərdə hərbi təcrübəsi , biliyi olan insanlardan və yaxud hərbiçilərdən də dəvət etmək yaxşı olar.
Belə tədbirlərdə Vətənimizin dövlətçilik tarixindən də suallar tərtib etmək və uşaqlarda tariximizə maraq yaratmaq məqsədilə tarixi kitablardan ibarət sərgilər də təşkil etmək məqsədəuyğun hesab edilir.
Belə sərgilərdə isə
1)”Azərbaycan tarixindən səhifələr...”
2)”Tariximiz və biz”
3)”Öz tarixini sevə-sevə öyrən, qoru və unutma”
4)”BU –Vətən tarixidir-UNUTMA! “və s.başlıqlardan istifadə etmək olar.
İstifadə olunan ədəbiyyat.
1.Əsgərov Vüqar
Azərbaycanın Milli Qəhrəmanları:M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.-Bakı:Dərələyəz-M,2010.-288s.
2.Seyidzadə Mirbəşir Mirsultan oğlu
Milli Qəhrəmanlar zirvəsi.-Bakı:CBS polygraphic production,2010.-256s.
3. https://az.wikipedia.org
Tərtib etdi: Bədirə Niftaliyeva.
Neftçala MKS_”Metodika və biblioqrafiya”şöbəsinin müdiri.
Aprel-2016.
Dostları ilə paylaş: |