Dinamiki geologiya- yer qabığının və onun səthinin quruluşunu dəyişdirən müxtəlif prosesləri öyrənməklə məşquldur.
Tarixi geologiya- yer qabığının bütövlükdə geoloji inkişaf tarixini, ayrı-ayrı mərhələlərdə üzvi aləmini, çöküntülərin əmələgəlmə ardıcıllığını və stratiqrafiyasını öyrənir.
Hidrogeologiya- yeraltı sular haqqında elmdir. Yeraltı suların yatım şəraitini, fiziki-kimyəvi xassələrini, hərəkət qanunlarını və mənşəyini tədqiq edir.
Geologiya bir təbiət elmi olaraq, tamamilə sərbəst, yəni başqa elmlərlə əlaqədar olmadan yaşaya bilməz. Buna görə də müxtəlif heyvan və bitki qalıqlarını öyrəndikdə zoologiya və botanikaya müraciət etməlidir. Geologiya Yer ilə məşğul olduğu halda, ona bir göy cismi kimi baxmalı, onun kainatda, Günəş sistemində, planetlər ailəsində tutduğu mövqeyini aydınlaşdırmalıdır.
Geologiyanın inkişaf tarixi çox qədimdir. Hələ antik dövrün yunan filosoflarının əsərlərində təbiət qanunları və Yer kürəsi haqqında, primitiv halda olsa da, müəyyən fikirlər söylənilmişdir.
Geologiyanın inkişafında 1724-cü ildə təşkil edilmiş Rusiya Elmlər Akademiyasının və onun rəhbərlik etdiyi geoloji ekspedisiyaların böyük rolu olmuşdur. Bu mərhələ böyük rus alimi M.V.Lomonosovun (1711-1765) adı ilə bağlıdır. O, Rusiyada elmi geologiyanın əsas problemlərini “Yerin təbəqələri haqqında” əsərində şərh etmiş, ilk dəfə olaraq tarixi tədqiqat metodunu və aktualizm prinsipini tətbiq və inkişaf etdirmişdir.
1833-cü ildə məşhur ingilis alimi Çarlz Layyel “Geologiyanın əsasları“ adlı kitabını nəşr etdikdən sonra meydana çıxmışdır. Lakin qeyd etmək lazımdır ki, Yer haqqında təsəvvürata mədəni xalqlarda eramızdan 6 əsr qabaq rast gəlmək olur. Belə ki, Heraklitin fikrincə (eramızdan 5 əsr qabaq) bütün aləm daimi yaşayır, lakin həmişə dəyişir, gah dağılma, gah toplanma, yaradılma dövrləri keçirir.
Azərbaycanın geoloji cəhətdən öyrənilməsi akad. G.Abix tərəfindən 1840-1844-cü illərdə aparılmışdır.
XX-ci əsrin başlanğıcı Azərbaycanın geologiyasını öyrənməkdə yeni mərhələ təşkil edir. Bu zamandan başlayaraq Geoloji Komitə tərəfindən Şimali Qafqazın və Azərbaycanın neftli rayonlarının sistematik öyrənilməsinə başlanmışdır.
Azərbaycanda ayrı-ayrı neftli rayonların müfəssəl öyrənilməsinə Bakıdan uzaqda yerləşmiş xarici neftlilik əlamətləri olan sahələrdən- Bakıdan şimala doğru sahil boyundan (Qılızı, Çandahar, Nardaran) və Quba qəzasından başlanmış və birinci illərdə qiymətli nəticələr əldə edilmişdir.
Azərbaycanın müxtəlif faydalı qazıntı yataqları (neftdən başqa) demək olar ki, öyrənilməmiş qalırdı. 1900-1910 illərdə Gədəbəy və Daşkəsən filiz rayonlarının öyrənilməsinə (A.Q.Ern, N.S.Uspenski, Y.S.Fyodorov), petroqrafik xarakterli və filizlərin genezisinə aid bir sıra əsərlər meydana çıxır.
1930-cu illərdən sonra respublikamızda geoloji tədqiqat işləri artmış, bunun da səbəbi yerli kadrların yetişməsi olmuşdur. Bunlardan Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.C.Sultanov, M.M.Əliyev, Ə.Ə.Əlizadə, Q.Ə.Əlizadə, Ş.F.Mehdiyev, Ə.Ə.Yaqubov, H.Ə.Əhmədov, Ə.Ş.Şixəlibəyli, Q.M.Sultanov və başqalarını göstərmək olar.