Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik və şairlik, rəssamlıq, bəstəkarlıq, müğənnilik kimi sənətdir. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ancaq hər kəs nitqini tərbiyə etməyə, normaları öyrənməyə çalışmalıdır. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır. Təsadüfi deyil ki, bir sıra Avropa xalqlarında “ədəbi dil” adlandırdığımız anlayışa “mədəni dil”, “mədəniyyət dili” deyirlər. Yəni nitqin mədəniliyi dilin – danışığın gözəlliyi bütövlükdə millətin mədəniyyətinin tərkib hissəsidir.