NİTQİN EKSPESSİVLİYİ VƏ EMOSİONALLIĞI. Ekspressivlik (mənalılıq, təsirlilik, ifadəlilik) nitqin obrazlığı, emosional keyfiyyəti, təsirliliyi deməkdir. Emosionallıq (həyəcan) emosiyanın ifadə edilməsi, emosiya ilə dolu olan, həyəcanlı, tez təsirlənən, tez mütəəssir olan mənadır.
Ekspressivlik, emosionallıq və obrazlılıq bir-bir ilə əlaqədardır, onlar birgə təzahür edir. Emosionallıq ancaq patetik çıxışlarda, qızğın və coşqun nitqlərdə, məntiqi ardıcıllıq və təmkinlə söylənilən mühazirələrdə özünü göstərir.
Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif vasitələrin köməyi ilə əldə edilir: fonetika, intonasiyanın ünsürləri (ton, vurğu, temp, fasilə və s.); leksika (sinonim, antonim, frazeologizm və s.); morfologiya (zaman, növ, şəkil, nida və s.); sintaksis (nəqli, əmr, elliptik, ritorik sual və s. cümlələrlə); ekspressivliyə xidmət edən vasitələrlə.
Emosionallıq yaradan başlıca dil vahidləri bunlardır:
hiss adları olan sözlər (təəssüf, kinayə, sevinc və s.);
deyilən fikrə danışanın emosional münasibətini ifadə edən səciyyələndirici sözlər (alçaq, şərəfsiz, dələduz, fırıldaq, əziz);
neytral sözlərdə emosional qiymətləndirici sinonim kimi işlənən sözlər (qaçmaq-əkilmək, getmək - sürüşmək, ölmək-gəbərmək, cəhənnəmə vasil olmaq və s.);
məcazi mənalı sözlər və birləşmələr;
sintaktik və morfoloji ekspressiv vasitələr (ritorik fiqurlar, emosional qiymətləndirici şəkillər və s.;
emosional nidalar və ədatlar (heyhat, əfsus, yazdı ki, ay gəldi ha). Emosional boya əlavə məna çalarıdır. Emosional boya dil faktı, dil hadisəsidir. Emosionallığın “rəngli” növləri üslubi cəhətdən neytral olan nitq fonunda təzahür edir. Sözün bütün emosional boyalarını iki böyük qrupda əks etdirmək olar:
a) müsbət çalarlı emosional boyalar (təntənəli, dəbdəbəli, adi və s.);
b) mənfi çalarlı emosional boyalar (etinasızlıq, dolama, həqarət və s).