NİTQİN RABİTƏLİLİYİ. Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır.
Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir:
Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq nitqin predmetini -haqqında danışacağı (və ya yazacağı) əşyanı, hadisəni, əhvalatı və s.-ni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Əgər şərhçi beynəlxalq aləmdə baş verən hadisəni, onu doğuran səbəbləri özü yaxşı bilmir, aydın təsəvvür etmirsə, həmin hadisənin nə ilə nəticələnəcəyi proqnozunu verə bilmirsə, onun söhbəti, şübhəsiz ki, dinləyici üçün qənaətləndirici ola bilməz. Başqa bir misal. Əgər müəllim təhlil edəcəyi bədii əsəri oxumayıb, onun haqda başqalarının fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu, lazımi effekti verə bilməz.
Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır.Başqa cür desək, fikrin izah olunması ardıcıllığı məntiqə əsaslanmalıdır. Məsələn, tutaq ki, mühazirəçi Azərbaycan dilinin orfoqrafiyası barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla şərh etməlidir.
Orfoqrafiya haqqında məlumat, orfoepiya anlayışı
Orfoqrafik qaydalara əməl olunmasının vacibliyi.
Orfoqrafiyanın orfoepiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri.
Azərbaycan dili orfoqrafiyasının tarixi, onun formalaşması və inkişafı.
Müasir Azərbaycan dili orfoqrafiyasının əsas qaydaları:
saitlərin təsnifatı;
samitlərin təsnifatı;
bəzi qrammatik formaların yazılış qaydaları.
Belə bir ardıcıllıqla şərh olunan material, söylənilən fikir yaxşı dinlənilir, asan başa düşülür. Əks halda nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır.