NiTQİn düZGÜNLÜYÜ



Yüklə 31,25 Kb.
səhifə1/11
tarix03.12.2022
ölçüsü31,25 Kb.
#72138
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   10   11
NİTQİN


NİTQİN DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.
Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır.
Düzgünlük kommunikativ keyfiyyətdir. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Düzgünlük nitqin struktur təşkilini müəyyən edir. Onun komponentlərinə təkrarlanma. yerləşdirilmə, birləşdirilmə və dəyişdirilmə daxildir.
Düzgünlük cəhətdən nitq iki formadadır: düzgün nitq və qeyri-düzgün nitq. Düzgün nitq gerçəklik haqqında məlumatın daha düzgün formasıdır. Düzgün olmayan nitq mətni anlamaq işini çətinləşdirə və ya strukturda ciddi pozulma yarada bilər, onun gerçəklik haqqında verdiyi məlumat dəqiq olmaz. Yanlışlıq qeyri-dəqiqlik törədir. Düzgün nitqin məzmunu qaydalı formalaşdığı və ifadə olunduğu üçün əlverişli sayılır, çünki hərəkidir.
Nitq mədəniyyəti qrammatik cəhətdən cümlələrin düzgün qurulması, sözlərin düzgün işlədilməsi, düzgün tələffüz edilməsi, fikrin aydın, dəqiq və məntiqi ardıcıllıqla ədəbi tələffüz normalarına uyqun ifadə etməyi bacarmaq deməkdir. N.Q.Çernışevskinin sözləri ilə desək, “ifadənin qeyri-dəqiqliyi və dolaşıqlığı, əlbəttə, fikrin dolaşıqlığına təsir göstərir. Dil şüurun ifadə formasıdır; dil düzgün deyildirsə, deməli, şüur da qüsurludur. Əgər dil (nitq) səliqəsiz və anlaşılmazdırsa, deməli, orada fikrin özü də qeyri-dəqiqdir».
Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür.
Nümunəvi nitqin mühüm şərtlərindən biri də cümlələrin düzgün qurulmasıdır. Bu cəhətdən natiqin nitqi başqalarından fərqlənməlidir. O, dinləyicilərlə ünsiyyətin bütün formalarında fikrini dolğun, sanballı, aydın və təsirli cümlələrlə ifadə etməyi bacarmalıdır. Danışıq prosesində yaxşı cümlə qurmaq məqsədilə fikirləşmək və nümunəvi cümlələr düzəltmək mümkün deyildir və buna ehtiyac da yoxdur. Belə bacarıq xüsusilə natiqlərdə möhkəm nitq vərdişinə çevrilməli, nəzərdə tutulan fikir özünəmüvafiq forma ilə verilməlidir.
Nitqin düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söyləyən şəxs bədii təsvir vasitələrindən, sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərb-məsəllərdən, aforizmlərdən məqamında bəhrələnsin.
Danışan bu vasitələrlə ən incə mətləbləri dinləyicilərə çatdıra bilməlidir. Belə obrazlı ifadələr yerində, məqamında işləndikdə nitq xoşagəlimli olur, onun bədiiliyi, təsir gücü artır.
Deməli nitqin düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri, məntiqi vurğu nəzərdə saxlanılmalıdır.

Yüklə 31,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin