“Azərbaycan”.-2012.-1 yanvar.- N 1.-S.4.
Nitqin gücü onun səmimiyyətindədir
Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin nitq və
çıxışlarının elmi araşdırılmasına bu gün də ciddi ehtiyac duyulur. Nitqin auditoriyada təsir gücünü
müəyyənləşdirən mühüm amillərdən biri səmimiyyətə söykənməkdir ki, ulu öndərin nitqlərinə səmimiyyət
həmişə hakim olub. Bu səmimiyyət müxtəlif auditoriyalarda, müxtəlif nitq üslublarında Heydər Əliyevin
"nitq üslubuna" uyğun şəkildə özünü qabarıq büruzə verir.
Azərbaycanın hamımızın vətəninə çevrilməsi həm də ana dilimizlə bağlıdır. Canından əziz sevdiyi Azərbaycan
dili haqqında Heydər Əliyevin fikirləri, mülahizələri, dilimizin qorunması yolunda həyata keçirdiyi tədbirlər bu gün
də zamanın nəbzi ilə eyni vurur.
Siyasi natiqliyimizin banisi kimi Heydər Əliyevin nitq mədəniyyətinin formalaşmasındakı rolunu bir məqalə ilə
işıqlandırmaq fikrindən uzağıq. Məqsədimiz səmimiyyət adlı ünsiyyət vasitəsinin böyük natiqin nitqində yerini
müəyyənləşdirməyə cəhd etməkdir. Ulu öndər özü demiş, "bu zəngin dil","bu böyük söz ehtiyatına malik
Azərbaycan dili" ilə ölkəiçi və xarici auditoriyaların fəthi səmimiyyətsiz keçinmir. Bu səmimilik müxtəlif
auditoriyalarda, fərqli nitq üslublarında, ölkə həyatının gərgin və nisbətən gərgin şəraitlərində onun çıxışlarını tərk
etməmişdir.
Heydər Əliyev səmimiyyəti xalq dilindən güc alan, analitik təfəkkürə əsaslanan, dilimizin nitq vasitələri ilə
cazibədar şəkildə harmoniya təşkil edən, poetik duyğulara söykənən, auditoriyaları inandırmaq gücündə olan bir
səmimiyyətdir. Bu səmimiyyət hər şeydən öncə böyük natiqin doğma dilimizə olan münasibətində özünü göstərir.
21 dekabr 1993-cü il tarixdə Fransaya rəsmi səfəri zamanı Parisdə mətbuat konfransında jurnalistin Heydər Əliyevə
"Siz rusca danışırsınız?" sualına verdiyi cavab səmimyyətin güclü məntiqlə əlaqəsinə misaldır: "Mən axırıncı
sualınıza dərhal cavab verəcəyəm, nə üçün rusca danışıram. Bizim doğrudan da, gözəl dilimiz var və mən
Azərbaycan dilini sevirəm. Bu, Azərbaycanın dövlət dilidir, ölkədə yalnız Azərbaycan dilində çıxış edir və
danışıram. Lakin burada, Fransada əvvəla, görüşdüyüm adamlar arasında, hiss etdiyim kimi, rus dilini bilən çoxlu
adam var. Deməli, onlar məndən informasiyanı artıq bilavasitə alırlar, ikincisi, cənab Mitteranın tərcüməçisi ancaq
fransız dilindən rus dilinə və rus dilindən fransız dilinə tərcümə edir. Buna görə də mən burada mövcud olan
qaydanı pozmaq istəmədim".
Heydər Əliyev nitqindəki səmimiyyət müxtəlif nitq üslublarında özünü qabarıq göstərir. Bu səmimiyyət ciddi,
rəsmi üslublarda ilıq bahar günəşi təki parlayır, xalqı səfərbər etməyə, müstəqilliyin möhkəmlənməsi yolunda ciddi
addımlar atmağa səsləyir. Bakıda ümumrespublika müşavirəsindəki çıxışı (24 avqust 1993-cü il) bunun bariz
nümunəsidir: "Düzdür, şəhidlər də verdik, ancaq Azərbaycanın müstəqilliyi yolunda bir çox şəhidlər vermişik. Ola
bilər bundan sonra da verək, Azərbaycan Respublikasının bütövlüyü hər bir adamın həyatından qat-qat yüksəkdir,
mənim də həyatımdan yüksəkdir. Mən də müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü
qorumaq üçün həyatımı qurban verməyə hazıram. Sizə söz verirəm və güman edirəm ki, hamımız birlikdə bu
vəziyyətdən çıxa biləcəyik".
Böyük natiqin çıxışlarındakı fikirlərin sonda reallaşması onu auditoriyaların gözündə ucaldır, insanların öz
liderinə səmimi qəlbdən bağlanmasına gətirib çıxarır. Bu səmimiyyət ulu öndərin, onu böyüdüb başa çatdıran
xalqına qədirbilənliyidir. Bu qədirbilənlik Elmlər Akademiyasında ziyalılarla görüşdə necə də gözəl səslənir:
"Azərbaycan xalqı məni böyüdüb, geniş ictimai-siyasi fəaliyyətlə məşğul olmağım üçün yol açmış, uzun illər mənə
böyük etimad göstərmişdir. Həyatımın ağır dövründə daim Azərbaycan xalqının mənə olan müsbət münasibətini,
hörmətini, uzaqda olsam da, duymuşam, hiss etmişəm. Bu tellər heç vaxt qırılmayıb, məni ağır imtahanlardan,
əzab-əziyyətlərdən və hətta təqiblərə məruz qaldığım ağır dövrdən də çıxarmışdır".
Bütün çıxışlarında "xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək olmaz " prinsipinə söykənən ulu öndər
problemləri xalqla birgə çözməyə üstünlük verir. Elə məhz buna görə də həmin çıxışlar təsirsiz qalmır, qəlblərdə öz
izini qoyur: "Yaşayış üçün ən zəruri olan çörəyin və çörək məmulatının qiymətlərini artırmağın məqsədəuyğunluğu
həmişə çox böyük şübhə yaratmış, tərəddüdlərə səbəb olmuşdur. Ancaq bizim maliyyə vəziyyətimiz getdikcə
ağırlaşdığına və maliyyə-kredit prosesləri çətinləşdiyinə görə, bu məsələləri noyabrın 19-da geniş müzakirə etdik.
Qiymətlərin artırılması ilə əlaqədar müəyyən kompensasiyaların verilməsi, minimum əməkhaqqının artırılması
barədə qərar qəbul olunmuşdur. Bütün bunlar əhalinin güzəranının müəyyən dərəcədə yaxşılaşmasına kömək
edəcəkdir".
Heydər Əliyev səmimiyyətində ciddi dövlətçilik, milli mənafelərin qorunmasına yönələn sərt çalarlı bəyanatlar
birgə təsadüf edir: "Son illərdə Azərbaycanda baş verən proseslərdə, mətbuat səhifələrində, ayrı-ayrı ictimai-siyasi
xadimlərin çıxışlarında belə fikirlər söylənilib ki, əsrlər boyu Azərbaycanın sərvətləri yabançı dövlətlər tərəfindən
vəhşicəsinə, insafsızcasına dağıdılıb, Azərbaycan xalqına bu sərvətlərdən heç nə çatmayıb. Yəqin ki, belə hallar
olub və bundan sonra biz buna yol verə bilmərik. Məhz buna görə də biz iyun ayının 24-də xarici şirkətlərlə demək
olar ki, bağlanmaq ərəfəsində olan müqavilələrin müvəqqəti olaraq dayandırılması qərarını qəbul etdik. Bu heç də o
demək deyil ki, biz bu şirkətlərlə müqavilə bağlamaqdan imtina edirik, yaxud bu şirkətlərin Azərbaycanda fəaliyyət
göstərməsinin qarşısını alırıq.Yox. Sadəcə olaraq biz bu məsələləri daha dərindən araşdırmaq istəyirik".
Şirkət başçıları müqavilənin gecikmə səbəblərini səmimiyyətlə qəbul edirlər. Bu səmimi çıxışda "Azərbaycan
sərvətlərinin sahibi Azərbaycan xalqıdır" həqiqətini dərk edirlər. Milli mənafe, müstəqilliyimiz baxımından ulu
öndər ona arxa çevirənləri çox asanlıqla bağışlaya bilir. 10 avqust 1993-cü il tarixdə "Sobesednik"ə verdiyi
müsahibə bu qəbildəndir: "Axı, məni istefaya göndərməklə insafsızlıq etmişdilər. Sevdiyim, inandığım adamların
95 faizi mənə arxa çevirmişdi.
-Belə şeyi bağışlamaq olarmı?
-Mən onların hamısının günahından keçmişəm.
-Bəs uşaqlıqda kim olmağı arzulayırdınız?
-Şeir yazırdım. Şəkil çəkirdim. Rəssam olmaq arzusundaydım, lakin sonra fikrimdən daşındım və memarlıq
fakültəsinə daxil oldum. Müharibə başladı, dərslər kəsildi. Halbuki mən tikmək istəyirdim. Özü də gözəl binalar
tikmək istəyirdim".
Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və
həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdəki çıxışına nəzər salaq: "Ancaq mən öz dediyim
sözlərin ağasıyam, istəyirəm mənim çıxışlarım verilsin. Əgər etiraz etmirsinizsə sizinki də verilsin. Çıxış
eləyənlərin etirazı yoxdur ki?! Verilsin. Mən deyirəm, verilsin, qoy camaat bilsin".
Öz sözünün ağası olan, dediyi sözlərə, fikirlərə görə açıq efirdən, mətbuatdan çəkinməyən Heydər Əliyev
cəsarəti bütün görüşlərdə özünü büruzə verirdi.
15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışında xalqı birləşdirməyə
yönəlmiş nitq səmimiyyətin bariz nümunəsidir: "Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda
dedi-qoduları kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. İndi
bunun vaxtı deyil".
Erməni işğalından xilas naminə, müstəqillik naminə ulu öndər "Rica edirəm" deyə xahiş etməyi də özünə
sığışdırır. Xalqın azadlığı, müstəqilliyimiz naminə, rica etməyi belə bizlərə öyrədir: "Əgər kimsə, nə vaxtsa mənə
qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən
özümü o kəslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad
göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən, sadəcə, bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət
aparmaq, qisas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə
çərçivəsində, şübhəsiz ki, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolda,
şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm".
Burada səmimiyyət içərisində dövlətçilik tərənnüm olunur. Azərbaycan Respublikasının Milli Məclisinin 5
noyabr 1993-cü il tarixli iclasındakı çıxışında öyrənməyin, təcrübə keçməyin heç vaxt gec olmadığını ulu öndər
addımbaşı bizlərə səmimi bir öyüd kimi səsləndirir: "Qeyd etmək istəyirəm ki, bu dövrdə mənim əvvəlki həyatım
boyu keçdiyim iş təcrübəsinin üzərinə böyük bir təcrübə də gəldi. Milli Məclisə bir neçə ay müddətində rəhbərlik
etmək, onun iclaslarını aparmaq, mürəkkəb məsələlərin həllində Məclis üzvlərinin rəylərini toplayıb daha düzgün
qərarlar qəbul olunmasını təmin etmək - bunların hamısı mənim üçün bir təcrübə məktəbi oldu və mən bu təcrübəyə
görə və bu salonda bərabər çalışdığımıza görə, Milli Məclisə minnətdarlığımı bildirmək istəyirəm".
Ulu öndər Heydər Əliyevin 8 fevral 1994-cü il tarixində Ankarada "Çankaya" köşkündə Azərbaycan
Prezidentinin şərəfinə təşkil olunmuş ziyafətdə söylədiyi nitq dövlət başçısının sadə nitqlərindən biri kimi
dəyərləndirilə bilər. Poetik çalarlarla zəngin olan bu nitq auditoriyanı səmimiyyətlə inandırır. Bugünkü
Azərbaycan-Türkiyə münasibətləri nitqin öncəgörmələrlə zənginliyini bir daha sübut edir: "1992-ci ildə hörmətli
Süleyman bəylə biz Türkiyə ilə Azərbaycan arasında tikilmiş körpünün açılışında iştirak etdik. Ürəkdən-ürəyə olan
körpülər daha da möhkəmləndi və ölkələrimiz arasında körpü salındı. Bu körpü həqiqətən, ümid körpüsü, həsrət
körpüsü kimi tarixə daxil oldu... Ürəklərdən ürəklərə olan hisslər dövlətlər arasında əlaqələrə çevrildi və ötən
illərdə bu sahədə çox iş görüldü. Böyük iftixar hissi ilə, qəlbimdəki böyük çırpıntılarla demək istəyirəm ki, mən də,
mənimlə gəlmiş azərbaycanlılar da burada özümüzü öz məmləkətimizdə, öz evimizdə hiss edirik. Biz belə hesab
etmirik ki, yabançı ölkəyə, xarici ölkəyə gəlmişik".
Heydər Əliyevin səmimiyyətlə yoğrulan nitqləri, çıxışları poetik duyğularla doludur. Zəngin dilimiz bu
duyğularda özünə yer tapır. Xalq şairi Məmməd Araza ünvanlanan təbrik bir neçə cümlə olsa da, bu səmimi
cümlələr zənginlik etibarilə böyük bir çıxışı xatırladır: "Sizi anadan olmağınızın 60 illiyi münasibətilə
səmimi-qəlbdən təbrik edirəm. Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını
zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şeiriniz milyonların qəlbinə
yol taparaq özünə və sizə əbədi yaşamaq hüququ qazandırıb. Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın
mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda bundan belə də yorulmadan çalışacaq, qədim və
zəngin ənənələri olan milli poeziyamıza yeni töhvələr bəxş edəcəksiniz".
"Dərin fəlsəfi lirika", "çağdaş Azərbaycan poeziyası", "istedad və təfəkkürün məhsulu olan yüzlərlə şeir",
"milyonların qəlbinə yol tapmaq", "əbədi yaşamaq hüququ", "mənəvi təkamül", "estetik tərbiyə"... kimi ifadələr
böyük natiqin dilində səmimi duyğulara çevrilir, Azərbaycan ədəbi dilinin, nitq mədəniyyətinin inkişafına,
tərəqqisinə xidmət edir.
Ümummilli lider üçün Allahın əşrəfi sayılan insandan qiymətli heç nə yoxdur. Bakı Kondisionerlər Zavodunda
paytaxtın sənaye müəssisələri, əmək kollektivləri nümayəndələrinin mitinqindəki çıxışında ulu öndər nəinki
insanlarla görüşə, hətta insan əli ilə yaradılan, insanlığa xidmət edən hər bir şeyə sevinə, insanları da o sevincə qoşa
bilir: "Çox sevinirəm ki, uzun fasilədən sonra bir daha buraya gəlmək mənə nəsib oldu və burada o vaxtdan çalışan,
ondan sonrakı dövrdə gəlib bu zavodda işləyən, həyatını bu müəssisə ilə bağlayan adamlarla görüşə bildim. Bu,
həyatımın ən xoşbəxt anlarından biridir, mənim üçün əlamətdar hadisədir. Bir də deyirəm, ona görə ki, burada hər
bir yer mənim üçün doğmadır. Hətta yaxınlıqdakı Moskva prospektindən zavoda dönərkən müəssisənin
ərazisindəki yaşıllıqları, artıq böyümüş ağacları da görəndə sevindim".
Xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdəki çıxışında böyük natiqin şükranlıqla söylədiyi səmimi
nitqin şahidi oluruq: "...İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Nə Rusiyanın, nə sovetlər
birliyinin, nə də başqa bir dövlətin tərkibində deyil. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır... Mən
demirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar köçüb buraya gəlsinlər. Buna ehtiyac da yoxdur. Kimin üçün
hara rahatdır, hara onun üçün münasibdir, qoy orada da yaşasın. Amma hər kəs bilməlidir ki, onun vətəni
Azərbaycandır".
Müstəqilliyə şükürləri sonsuz olan ulu öndərin bu nitqindəki səmimi və poetik duyğular nə qədər də ülvidir:
"Azərbaycan ata ocağıdır. Amma hər kəs bilməlidir ki, onun vətəni Azərbaycandır".
Bunları söyləməklə, ümummilli lider bir daha hər bir vətəndaşın, soydaşın məsuliyyətini yada salır. Heydər
Əliyevin nitqlərindəki səmimiyyət qayğıkeşliklə vəhdət təşkil edir. Səmimiyyətin qayğı ilə dolu olan nümunəsini
aşağıdakı fikirlərində də görürük: " İndi bizim doğma bacı və qardaşlarımızı , müstəqil Azərbaycanın vətəndaşlarını
imkanı olan adamlar - belələri isə çoxdur - öz evlərində saxlasalar, çörəklərini onlarla bölüşdürsələr, bu
problemlərin həlli çox asanlaşar. Şübhəsiz, bu mənim arzumdur. Bir də ki, axı, biz hamımız azərbaycanlıyıq,
hamımız qohumuq. Qohumluq yalnız qan qohumluğu demək deyidir, Azərbaycan xalqının soykökü birdir. Ona görə
də hər bir qaçqını qəbul edib sığınacaq vermək, şərait yaratmaq bizim tarixi, milli, mənəvi ənənələrimizə tam uyğun
olardı".
Bu səmimiyyət ulu öndərin ağsaqqal öyüdünə, mərhəmətinə söykənir. Ulu öndərin hərbi hissələri özbaşına tərk
etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri və yaxın qohumları ilə görüşündəki
çıxışında (2 yanvar 1994-cü il) bunun bariz nümunəsini görürük: "Buradan əsgərlərin hamısına bir daha deyirəm:
günahınızı bağışlayıram, sizi cəzadan azad edirəm. Əziz balalarım, övladlarım, sizə uğurlu hərbi xidmət arzulayır,
sizdən qəhrəmanlıq nümunələri gözləyirəm".
Məhz belə bir çıxışdan sonra gənclərdə "öz vətəndaşlıq borclarını anlamaq", "milli hisslərin oyanışı" başladı:
"Hərə bir söz deyirdi: "fərariləri asıb-kəsək, fərari ora getdi, bura qaçdı"- "İndi müdafiə naziri, baş qərargah rəisi
mənə zəng vurub deyirlər ki, qəbul məntəqələrinə, hazırlıq keçilən məntəqələrə o qədər fərarilər gəlirlər ki, onları
yerləşdirməyə imkan yoxdur. Bunlar həmin adamlardır, həmin gənclərdir. Deməli, bunlar öz vətəndaşlıq borcunu
anlayıblar, onların milli hissləri oyanıbdır. Halbuki bu milli hisslər boğulmuş, əzilmiş, tapdalanmışdır".
Səmimiyyət ən ağır dövrlərdə belə ümummilli liderin nitqini tərk etmir: "Mən, şübhəsiz, illüziyaya qapılmıram
və sizi də aldatmaq niyyətində deyiləm ki, bu ağır problemlər qısa müddətdə dərhal həll oluna bilər. Ancaq bir var
ki, bu problemlərdən özünü kənara çəkəsən, onları görmək istəməyəsən, o problemləri yaxına buraxmayasan, bir də
var ki, bunları görəsən, biləsən, onların vacibliyini dərk edəsən və bu problemlərin həlli üçün çarə tapasan, çıxış
yolları axtarasan, tədbirlər görəsən. Mən bildirmək istəyirəm ki, biz bu yolla gedəcəyik və bu problemlərin həll
olunması üçün bütün imkanlardan istifadə edəcəyik".
Bu nitq gəncliyi gələcək çətinliklərə, müstəqillik yolunun hamar olmaması qənaətinə gəlməyə hazırlayır.
Çətinlikləri səmimiyyətlə dilinə gətirən böyük natiq " biz bu yolla gedəcəyik", "bütün imkanlardan istifadə
edəcəyik" kimi qətiyyət bildirən fikir və ifadələrlə pessimist ovqatın gəncliyə sirayət etmək təhlükəsini öz nitqiylə
uzaqlaşdırır.
Azərbaycan Respublikası Milli Məclisinin 29 sentyabr 1993-cü il tarixli iclasında qanunların hamıya aid
olduğunu dilə gətirən ulu öndər çıxışlarında səmimidir. Səmimilik qanunlara riayət olunmasından gedir: "Ona görə
yox ki, İbrahim İbrahimov deyir: "Məni heç kəs Məclis üzvlüyündən çıxara bilməz! Hamını çıxara bilərlər.
Buradan məni də çıxara bilərlər, sizi də çıxara bilərlər. Məclis istəsə, deməli, çıxarılmalıdır. Bu, məclisin
səlahiyyətinə daxildir. Ancaq mən belə hesab edirəm ki, bu məsələləri müzakirəyə qoymağa ehtiyac yoxdur. Çünki
bunlar bizim məclisin ab-havasına, ictimai ab-havaya xeyir gətirməz. Biz bir-birimizlə fikir mübadiləsi
aparmalıyıq. Əgər istəyirsinizsə, lap fikir mübadiləsi aparaq. Amma zorla, qol gücünə yox".
Heydər Əliyev nitqindəki "Buradan məni də, sizi də çıxara bilərlər" səmimi ifadələri qanunların hamıya aid,
dövlətçiliyə söykənməyin hər bir vətəndaşın borcu olduğunu bizlərə öyrədir. Heydər Əliyev səmimiyyəti onu
opponentlərinin, müxaliflərin də gözündə ucaldır. Milli Məclisin iclaslarının birində çoxpartiyalılığı normal hal
kimi qəbul edərək deyir: "Lakin burada deyilən bir fikirdə müəyyən qədər məntiq var. O da bundan ibarətdir ki, biz
çoxpartiyalılıq tərəfdarıyıq. Partiyalar çoxdur, 40 partiya var. Qoy lap 45 olsun".
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimindəki nitqi
iqtidar-müxalifət münasibətlərinə bir aydınlıq gətirir, ölkəmizin çiçəklənməsi yolunda hamımızı səfərbər edir:
"Çoxpartiyalı cəmiyyətdə müxalifətin də böyük rolu var. Biz müxalifətə bundan sonra da böyük hörmətlə münasibət
göstərəcəyik və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan cəmiyyətində müxalifət mövqeyində olan
partiyalar, siyasi qüvvələr konstruktiv əməkdaşlıq mövqeyindən çıxış edəcəklər və bu da Azərbaycanda həqiqi
demokratiyanın inkişafı üçün daha geniş imkanlar yaradacaq".
Böyük natiq öz səmimiyyəti ilə auditoriyanı çaşqınlıqdan çıxara bilir. Məntiqə söykənən nitqi ilə auditoriyanı
inandıra bilir. Zaman isə ulu öndərin çıxışlarındakı öncəgörmələri təsdiq edir: "Ancaq bir həqiqəti bilməlisiniz.
Keçən ilin sentyabrında Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmuşdur. Bəzi xarici
ölkələrin, o cümlədən Türkiyənin də mətbuatında belə yazılar gedir ki, guya Azərbaycan Respublikasının MDB-yə
daxil olması onun istiqlaliyyətini əlindən alır. Bu, yanlış fikirdir. Keçmiş Sovetlər İttifaqına daxil olan 15
respublikadan 12-si, o cümlədən Azərbaycan indi MDB-nin üzvüdür. Biz bu birliyə daxil olmaqla nə uduzduq? Heç
nə uduzmadıq, amma qazandığımız o oldu ki, biz MDB-yə daxil olanda vaxtilə möhkəm, sıx əlaqələrimiz olan
həmin respublikalarla əlaqələri saxlayaraq, həm iqtisadiyyatımızın inkişafı üçün müəyyən şərait yaradırıq, həm də
Azərbaycanın müstəqilliyini təmin etmək, Ermənistanın respublikamıza qarşı təcavüzkarlığını həmin dövlətlərə
sübut etmək üçün imkanımız olur".
Heydər Əliyevin səmimiyyət dolu çıxışları auditoriyada izahlarsız keçmir. Məhz bu izahedici nitq auditoriyanı
böyük natiqin səmimiyyətinə inandırır. Hər şey olduğu kimi öz izahını tapır, situasiya bütün ciddiliyi, ağırlığı,
çılpaqlığı ilə dinləyicilərə çatdırılır. Sonda isə ağır vəziyyətdən qurtuluşun mümkünlüyü böyük natiqin optimist,
nikbin nitqi ilə yekunlaşır: "O ki qaldı bizə, Azərbaycanda yaşayan azərbaycanlılara, bilməlisiniz ki, daxili
vəziyyətimiz nə qədər çətin olsa da - Azərbaycan sosial-iqtisadi böhran içərisindədir. Son illərdə iqtisadiyyat
dağılmışdır. Azərbaycanda yaranmış böyük sənaye, kənd təsərrüfatı potensialı bərbad vəziyyətə düşmüşdür, elm,
təhsil ocaqlarının çoxu pis gündədir. Sosial sahə çox ağır vəziyyətdədir - lakin Azərbaycan xalqı yaşayır, gələcəyə
böyük ümidlə və nikbinliklə baxır. Güman edirəm ki, xalqımız bu vəziyyətdən çıxacaq və Azərbaycan öz
torpaqlarının, öz taleyinin sahibi, öz dövlətinin sahibi kimi gələcəkdə də müstəqil dövlət olaraq yaşayacaqdır"
(Londonun Hilton hotelində Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşündəki çıxışdan, 23 fevral 1994 cü
il).
İqdisadiyyatla bağlı çıxışlarında böyük natiq situasiyanı olduğu kimi qiymətləndirir. Səmimiyyət burada da
hakim olur: "Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqdisadiyyat
sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da
gərginləşdirmişdir".
"Bu sahədə demokratik islahatlar keçirmək, ağıllı hərəkət etmək bizim borcumuzdur və əmin ola bilərsiniz ki,
biz bu yolla gedəcəyik".
Böyük natiqin çıxışlarında nitqin səmimiyyətinə xidmət edən nitq vasitələri işə düşür, ritorik suallar şəfəq kimi
parlayır, auditoriyanı silkələyir, ayıldır: "İndi nə edək? Yenə də bənd-bərəni bağlayaq və deyək ki, həmin
iqtisadiyyatı saxlamaq lazımdır?! Nə vaxtadək saxlayaq? Sizinlə fikir mübadiləsi edirəm. Bəli, bəzi mafioz qruplar
qeyri-qanuni yollarla sərvət toplamışlar...".
Böyük natiq cəmiyyətin narahatçılıq keçirdiyi rüşvətxorluqla mübarizədə öz fikirlərini açıqca çatdırır: "Gəlin
açıq danışaq. Mən bütün həyatım boyu rüşvətxorluğa qarşı mübarizə aparmışam və bundan sonra da aparacağam...
Mən tamamilə razıyam ki, indi yox , dünən də, on il, iyirmi il bundan qabaq da bizim mənəviyyatımızı pozan
rüşvətxorluq olub və ilbəil inkişaf edibdir. Bununla hamı, həm də hərə öz sahəsində mübarizə aparmalıdır".
Heydər Əliyev səmimiyyəti qarşı tərəfin mənafelərinin həllinə yönələn inandırıcı, təkidli elementlərlə də
zəngindir. 10 fevral 1994-cü il tarixində Türkiyənin iş adamlarının böyük bir qrupu ilə görüşdə Azərbaycanın
ictimai-siyasi vəziyyətini səmimiyyətlə araşdırır, iş adamlarını təkidlə Azərbaycana dəvət edir: "Azərbaycanda
ictimai-siyasi sabitliyə gəlincə əmin ola bilərsiniz ki, bunlar xırda məsələlərdir. Ümumiyyətlə, bütövlükdə
Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabitdir və bundan sonra daha da sabitləşəcəkdir. Sizi tamamilə əmin
edə bilərəm ki, bu sabitlik getdikcə, gündən-günə daha da möhkəmlənəcəkdir. Sözün qısası, Türkiyənin iş adamları
gecikməməli, fürsəti əldən verməməli, Azərbaycan kimi zəngin bir ölkədə öz işlərinin bünövrəsini qoymalıdırlar".
Heydər Əliyev nitqindəki səmimiyyət dini mövzunun tələb etdiyi formalarda da özünü göstərir. Belə ki,
İstanbulda "Sülh və səbir" beynalxalq konfrans nümayəndələri qarşısında çıxışı dini mövzuda səmimiyyətin
təzahürü kimi səslənir: "Yer üzündə yaşayan insanlara Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri
ilə xoş məramda, sülh şəraitində, bir-birilə qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində yaşasınlar. Ona görə də
din xadimlərinin vicdana çağırış, səbir sülhün təmin olunması ilə bağlı təşəbbüsləri Allahın göstərdiyi yolla getmək
deməkdir, həm də yer üzərində insanların sülh şəraitində yaşamalarına böyük köməkdir. Sizin bu konfransınız
müxtəlif dinləri təmsil edən xadimlərin toplaşaraq bir məsələni, bütün dünya xalqlarını narahat edən məsələni -
vicdana çağırış, sülh, səbir məsələlərini müzakirə etməsi buna canlı sübutdur. Mən sizin bu təşəbbüsünüzü və belə
fədakar fəaliyyətinizi alqışlayır, ürəkdən bəyənirəm".
Böyük natiqin dilində səslənən yüzlərlə səmimi "gəlin açıq danışaq", "xalqdan heç kəs inciyə bilməz",
"mən rica edirəm", "mən öz dediyim sözlərin ağasıyam", "mən açıq danışmağı sevirəm", "heç nə vəd
etmirəm", "səmimi qəlbdən təbrik edirəm", "şükürlər olsun ki, Azərbaycan müstəqil dövlətdir", "axı, biz
hamımız azərbaycanlıyıq", "biz müxalifətə bundan sonrada böyük hörmətlə münasibət göstərəcəyik", " sizi
tamamilə əmin edə bilərəm ki"... ifadələr milyonların ürəyinə yol tapır, qəlbləri işıqlandırır, insanları
mənəvi cəhətdən kamilləşməyə çağırır. Həm də Azərbaycan nitq mədəniyyətinin inkiş afına təkan verir.
Dostları ilə paylaş: |