«İdarəedici»nin vəzifələri: idarəetmə müqaviləsini imzalandığı gündən icra etmək;
çoxmənzilli binanın ümumi əmlakının sanitar və texniki təminatının həyata keçirilməsi;
çoxmənzilli binanın sahə mülkiyyətçilərinin mülkiyyət hüququnda payına uyğun olaraq ümumi əmlakın saxlanması və təmiri üzrə onların öhdəliklərinin icrasının tələb edilməsi;
ümumi əmlaka sahiblik, istifadə və sərəncam vermə hüququ ilə əlaqədar şərt və qaydaların müəyyən edilməsi zamanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqi və qanuni maraqlarının təmin edilməsi;
üçüncü şəxslərin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni maraqlarına qarşı yönəlmiş fəaliyyətlərinin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;
müəyyən olunmuş məcburi haqların çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən təyin olunmuş vaxtda ödənilməsinə nəzarətin təşkil edilməsi;
müvafiq il üçün gəlir-xərclər smetasını və maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatın hazırlanması və sahə mülkiyyətçilərinin ümumi yığıncağında baxılması üçün təqdim edilməsi;
çoxmənzilli binanın idarə edilməsi üzrə şəffaflığın təmin olunması üçün mühasibat-uçotu, kargüzarlıq, statistika və digər zəruri işlərin təşkil edilməsinin həyata keçirilməsi;
kənardan alınan xidmətlər əsasında çoxmənzilli binanın sahə mülkiyyətçilərinin kommunal xidmətlər ilə təmin olunmasını təşkil etmək;
təsdiq edilmiş plana uyğun olaraq çoxmənzilli binaya, mühəndis sistemlərinə və avadanlıqlara texniki baxışı vaxtında təmin etmək, cari təmirini həyata keçirmək;
çoxmənzilli binanın sahə mülkiyyətçilərinə cari təmir üzrə xidmətlərin göstərilməsi zamanı müvafiq qanunvericiliyin tələblərinə əməl etmək;
çoxmənzilli binanın saxlanması və təmiri üzrə maliyyə xərclərinin tənzimlənməsini həyata keçirmək;
çoxmənzilli binanın sahə mülkiyyətçilərini (və ya onların seçilmiş nümayəndələrini) mövcud tariflərin dəyişməsinə səbəb olan hallar barədə əvvəlcədən məlumatlandırmaq;
çoxmənzilli binanın sahə mülkiyyətçilərinin razılığı və sığorta müəssisəsi ilə bağlanmış müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinin sığortalanmasını həyata keçirmək, sığorta haqlarını yığmaq və bununla bağlı digər məsələləri həyata keçirmək;
çoxmənzilli binanın idarə edilməsi ilə bağlı görülmüş işlər barədə sahə mülkiyyətçilərinə (və ya onların seçilmiş nümayəndələrinə) hər rüb üçün həmin rübdən sonrakı növbəti ayın 20-dək gəlir və xərclərə dair hesabat təqdim etmək;
mövcud qanunvericilikdən irəli gələn digər vəzifələr.