Ayə 59:
﴿الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ الرَّحْمَنُ فَاسْأَلْ بِهِ خَبِيرًا﴾
“Göyləri, yeri və onlar arasında olanları altı gündə yaradan Odur. Sonra ərşə hakim oldu. (Aləmin idarə olunmasına başladı.) Odur Rəhman Allah. Ondan istə, O hər şeydən agahdır. (Ya da Onun haqqında bilən kəsdən soruş.)”
Nöqtələr
●Dünyanın altı gündə yaradılması ilə bağlı ayələrdə altı dəfə məlumat verilir. Altı gün dedikdə ya altı mərhələ, ya da təbii altı günə bərabər müddət nəzərdə tutulur. Mövləvi deyir:
Tədricən yarandı gördüyün hər nə,
Altı gün içində gəldi ərsəyə.
Yoxsa ki, desəydi «ol!» o Yaradan,
Yarada bilərdi yüzlərlə cavan.
Bu tədricilikdə öyüd var sənə:
Səbirlə düz iş gör, yol vermə qəmə.
●İslam leksikonunda “ərş” dedikdə yaranışa rəhbərlik və tədbir mərkəzi nəzərdə tutulur. “Ərşə hakim olmaq” dedikdə ilahi hökm və tədbir nəzərdə tutulur.1
●İlahi rəhmət hər şeyi əhatə etmişdir:
1. Kainatın nizamı, aləmin yaranışı rəhmət əsasındadır;
2. İnsanın yaranış nizamı rəhmət əsasındadır.2
3. Şəriət nizamı və qanunçuluq rəhmət əsasındadır.3
4. Qiyamət və hesab-kitab nizamı rəhmət əsasındadır.4
Dostları ilə paylaş: |