Qurani-Kərimin ilk dörd cüzünün təfsirinin hazırlanmasında höccətül-islam Dehşiri və höccətül-islam Cəfəri həftənin yarı hissəsini Tehrana gəlib, mənə kömək etdilər.
Beşinci cüzdən on altıncı cüzədək isə höccətül-islam Seyyid Cavad Behişti və höccətül-islam Şeyx Mahmud Mütəvəssil bu müqəddəs işdə həmkarlıq etmişlər.
İmtiyazlar
1. Bu təfsirdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami, fəlsəfi terminlərdən pəhriz edilmişdir.
2. Rəy əsasında təfsirdən pəhriz olunmuş, yalnız Quran ayələri və Peyğəmbər (s) Əhli-beytindən (ə) olan rəvayətlərə istinad edilmişdir.
3. Bir çox bildiriş və dərslərdə mötəbər şiə və sünni təfsirlərindən istifadə edilmiş, bəzi nöqtələr isə müəllif və əziz həmkarlar tərəfindən açıqlanmışdır.
Allahdan istəyirik ki, hər birimizə ixlas, düşüncə, əməl, təbliğ və Quran maarifinin yayılması və bu müqəddəs işi başa çatdırmaq tövfiqi mərhəmət buyurub, Quranı bizim üçün dünya, bərzəx və Qiyamət nuru qərar versin.
Xalqdan istəyim budur ki, Quran təlimində yalnız tilavət, təcvid, tərtil və təvaşihlə kifayətlənməyib, Quranda düşünməyi və ona əməl etməyi əsas götürsünlər.
Alim və fazillərdən təmənnam budur ki, təbliğ və tədrisdə Quran ali bir məqsəd kimi qarşıya qoyulsun və bütün məntəqələrdəki elmi mərkəzlərdə, mədəniyyət ocaqlarında, məscidlərdə və mədrəsələrdə Quran təfsiri dərsləri təşkil edilsin.
İslam, Quran və Peyğəmbər (s) Əhli-beyti (ə) ilə tanışlığımda rolu olanlara təkbətək təşəkkür edir, onlar üçün, xüsusi ilə də ustadlarım, atam-anam üçün bağışlayan Allahdan mərhəmət diləyirəm.
Eləcə də, bu təfsirin yazılmasında, tərtibində, islahında, çapında və yayılmasında mənə yardım edənlərə və işin təkmilləşməsi üçün qurucu və faydalı tənqid və təklif verənlərə təşəkkür edirəm.
Möhsün Qəraəti
Dostları ilə paylaş: |