ÖZÜNÜ qoru, xalqim



Yüklə 1,8 Mb.
səhifə13/13
tarix23.02.2017
ölçüsü1,8 Mb.
#9411
1   ...   5   6   7   8   9   10   11   12   13

7.
Məni dağlar öz qoynundan buraxmayırdı,

Deyirdilər, demək sən də atırsan bizi.

Anam isə hey boynumu qucaqlayırdı,

Tutulurdu, kövrəlirdi, dolurdu gözü…


İlk dəfəydi ayrılırdım mən ondan, axı,

Cin ürkərdi köhnə, taxta çamadanımdan.

Hələ ana uşağıydım, ana uşağı,

Yüküm nimdaş-ayaqqabım, şərfim, papağım…


Şer ilə nəfəs alır qanadlanırdım,

Poeziya məcnunuydum,dəlisi idim.

Xəyallarım Düratlarım,Qıratlarımdı,

Çox sehrli bir aləmə tələsiyirdim…


Qırx səkkizdə axır məndə şəhərli oldum,

Pedməktəbdə tanış olduq elə o zaman…

İlk baxışdan görən kimi ona vuruldum,

Mən Xızıdan gəlmiş idim, o İrəvandan…


O şəhərli qızı idi, mən dağlar oğlu,

O inciydi, zərif idi, mən yonulmamış.

İlk zəng oldu, hamı birdən sinifə doldu,

Yadlar durub bir-biriylə oldular tanış…


O axırda gəlib çıxdı,gördüm ki, tanrı,

Yerişini itiribdir utandığından.

Tez yığışdı dövrəsinə Bakı qızları,

Hərə bir şey sual edib, soruşdu ondan…


O, qızların hüzurunda çaşdı, duruxdu,

Bir sadəlöhv, bir günahsız uşaqdı sanki…

Qara saçlar ilahidən buruq-buruqdu,

Ala gözlər bir sehirli bulaqdı sanki.


Mən anamın gözlərindən başqa dünyada,

Heç bir zaman o cür şəfaf göz görməmişdim…

Kəndimizdə qızlar vardı namuslu, sadə,

Amma heç vaxt bu həyatda qız görməmişdim…


Görməmişdim, yəqin şeç vaxt görməyəcəkdim,

Həyatımın axırına, sonuna kimi…

İllər boyu mənə yandı, qayğımı çəkdi,

Bir vəfalı ömür dostu, bir ana kimi…


Sonra bildim qaçqındılar, tavansızdılar,

Bizə qonşu olanların ovudu onlar.

Sonra bildim yurdsuzdu onlar, ünvansızdılar,

Sonra bildim İrəvandan qovulub onlar…


Bir dəhşətli heyran hissi üarandı məndə,

Elə bil ki, azıb qaldım duman içində.

Pedaqoji məktəb varmış ana dilində,

Bağlayıblar, dağıdıblar bir an içində.


Mən sonralar başa düşdüm düzü bunları,

Tutularmış hər kimsənin cınqırı çıxsa…


Ulu rəhbər rəhm eləyib özü onlara,

Sürürlərmiş hamısını Sibirə yoxsa.


Sonra bildim yüz minəcən azərbaycanlı,

Qədim, ulu torpağından olub didərgin,

Mən sonralar bu dəhşəti anladım, qandım,

Səfurayla evimizə köçdü bu dərd də…


Sonra gördüm, sonra bildim ötdükcə zaman,

Kirayədə yaşayırlar Mirzəağada.

Ailədə altı qız var, tək bircə oğlan,

Qaldıqları quşxanada ev ürək dağıdır.


Stol altda, pəncərədə yatır körpələr,

Ər-arvad da bir-birini görmürlər əsla.

Krantlarda ayda, ildə bir yol su gələr,

Tarakanlar ədab-ərkan bilmirlər əsla.


…Olurmuşlar İrəvanın düz ortasında,

Dörd tərəfdə Azərbaycan məhəllələri…

Köçürtdülər elə günün günortasında,

Köçürtdülər-necə gəldi buna əlləri.


Sonra gördüm altı qızın hamısı göyçək,

Sonra gördüm altı qızın hamısı xallı.

İrəvanda xal qalmadı, de mənə görək,

İrəvanda xal qalmadı, onda nə qaldı?


Ataları atam oldu-Hüseyn kişi,

Ermənicə qurtarmışdı məktəbi yazıq…

Sanardım ki, peyğəmbərin burnundan düşüb,

Aqranomdu… qəlbi varlı, cibləri kasıb…


İrəvanda min dil ilə aldatmışdılar,

Demişdilər…Bakıya get gözləyir evin.

Bakıda da başına min oyun açdılar,

Gündə bir cür cəfəng sözlər, yalanlar deyib.


Zülm çəkdilər xırda qızlar, körpə cücələr,

Üstləri yorğan görmədi, başları yastıq.

Bir gözüylə yazıq kişi uzun gecələr,

Rəhbərlərə elə ümid naməsi yazdı.


Birisi də sayıb cavab vermədi ona,

48-dən aylar ötüb, sənələr keçdi.

Yenə bizim Güllü xanım ev verdi ona,

Güc-bəlayla min doqquz yüz altmış üçdə.


Yazıq kişi nə yaxşı ki, ev görə bildi,

Heç olmasa həyatının qoca çağında…

Əbədilik mənzilində uyuyur indi,

Böyük qızı Səfuranın qonşuluğunda.


Anaları anam oldu-Səriyyə ana,

Özü də tünd seyid idi Mirabbas qızı.

Səxavətli tanrı hər şey vermişdi ona,

Gözəl idi, boy-buxunu,qaməti, gözü…


Nəcibliyi, insanlığı qədərsiz, saysız,

Daş qəlbinin dəyməz idi qəlbinə belə…

Sözü, mehri, məhəbbəti rəngsiz, qalaysız,

Nur dolardı ayaqları toxunan yerə.


Qızlar hamı çəkmidilər analarına,

Səfuraydı ilk övladı, canı-ciyəri,

Ana eyzən bala idi, bala da ana,

Sanardın ki, köhnə çinar təzə göyərir.


Yağı düşmən kəsilsə də zəmanə ona,

Hərdən-birdən qımışdı o, gözləri güldü.

Heç olmasa toy elədi balalarına,

Heç olmasa oğul evi, qız evi gördü.


Tanrı bir vaxt öz əliylə hördüklərini,

Öz əliylə viran qoydu,tanrını gör bir.

Bir zamanlar səxavətlə verdiklərini,

Peşiman olub ondan aldı geriyə bir-bir…


Yumaq kimi əyirdilər sərt illər onu,

Laxlatdılar qamətini sanki qəsd ilə…

Bir vaxt gözəl qiyafədə görənlər onu,

İndiysə görsəydilər tanımazdılar.


Yorulmuşdu keçmişlərin sonası idi,

Kürəyində qocalıq tək yük daşıyırdı.

On beş nəvə, yeddi övlad anası idi

Dörd divarın arasında tək yaşayırdı.


Nə etmişəm eşqin ilə etmişəm ancaq,

Gör ki, neçə aydır, ildir, sənədir, xalqım…

Allahımsan, ilahimsən dünya durunca,

İlk xitabım, son sözüm də sənədi, xalqım…


8.
Adın ilə bu dünyaya doğulmuşam mən,

Adın ilə bu dünyaya göz yumacağam…

Südün ilə, xəmrin ilə yoğrulmuşam mən,

Sənsən ancaq bu dünyada tək umacağım…


Sən daimi nicat yolum, sənsən son dayaq,

Sən Leylisən, bir Məcnun tək həsrətindəyəm.

Yalnız səni birləşdirmək arzusundayam,

Yalnız səni birləşdirmək həsrətindəyəm…


Sənsiz mənə bütün dünya nəfəssiz, soyuq,

Lalam, karam sən içimdə qurulmayınca.

Nə yaşamaq, nə də ölmək ixtiyarım yox,

İkiləşmiş Azərbaycan bir olmayınca.


Yetər, qəflət yuxusuna getməyin yetər,

Yetər, sən də qalxmalısan, ayılmalısan.

Alır bir-bir öz haqqını xalqlar, ölkələr,

Sən də xalqlar arasında sayılmalısan.


Haqqı asan verməyirlər, döyüşmək gərək,

Döyüş, vuruş daha növbən çatıbdı, xalqım…

Deyirlər ki, o ayılmaz, yatıbdı bərk-bərk,

Ölən vaxtı ayılacaq yatıbdı xalqım.


Bu sözləri nifrətimlə lənətləyirəm,

Bu sözlərdə qəzəb də var, həqiqət də var.

Yenə sənə qalx deyirəm, oyan deyirəm,

Oyanıbdır ən balaca ölkələr, xalqlar.


Daha bizim yelkənləri yelləyir külək,

Nə zamandı bütün dillər kilidli idi.

Yetmiş ildi millət demək, xalq adı çəkmək,

Əsl mərdlik, qəhrəmanlıq, igidlik idi.


Bu əsəri azca əvvəl yazsaydım əgər,

Tutardılar bir adicə sözümdən məni.

Varaqlara kibrit atıb od tökərdilər,

Salardılar camaatın gözündən məni.


Eh, indi də bəlkə onu buraxmadılar,

Köhnə, qorxunc zərrəbinlər işləyir hələ.

Qorxa-qorxa oxudular varaqladılar,

Bəd illərdən miras qalan şübhələr ilə.


Bu sətirlər amma mütləq doğulmalıydı,

Qopmalıydı gözlərimdən, bəbəklərimdən.

Ürəyimdən kağızlara dağılmalıydı,

Qətrə-qətrə çıxmalıydı iliklərimdən.


Misra-misra, vergül-vergül, sözbəsöz, xətt-xətt,

Onlar mütləq söz açmalı, doğulmalıydı.

Çatmalıydı millətimə, xalqıma mütləq,

Heç olmasa xalq qəlbimdə dərc olmalıydı.


-Diqqət, diqqət… alman xalqı bəyanat verir,

Bütün ərzin ekranları göstərir bu dəm.

Tarix özü bu birliyə zəmanət verir,

Mən də bərkdən əl çalıram, alqış deyirəm.


-İki Berlin bir məcrada axır, çağlayır,

Axır insan dəryaları insanın üstə,

Bir yandan da ruhum əsir, könlüm ağlayır,

Elə bil ki, duz səpirlər yaramın üstə.


Mən baxıram bu üzlərə sevinc içində,

Bir gör necə qucaqlaşır almanla alman.

Elə bil ki,yüz-yüz ocaq yanır içimdə,

Bəs sən nə vaxt qardaşına qovuşacaqsan?..


Qırx dörd ilə dözmədilər almanlar amma,

Bəs sən, əsr yarım keçib necə dözürsən?

Uyuyuram, anam Təbriz girir yuxuma,

İkiləşmiş Astaramız durur gözümdə.


Parçalanmış Culfa çökür sinəmə bərk-bərk,

O tay, bu tay möhkəm-möhkəm tutur yaxamdan.

Kür quruyur, sal odlanır, solur gül-çiçək,

Savalana od tökülür sinə dağımdan.


Nəqədər ki, parçalanmış bir diyarım var,

Gülməyəcək göz doyunca, ürək doyunca…

Nə yaşamaq, nə də ölmək ixtiyarım var-

İkiləşmiş Azərbaycan bir olmayınca…


1988-1989.





Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin