ÖZÜNÜ qoru, xalqim


Mənimki sözdür, sizinki para



Yüklə 1,8 Mb.
səhifə10/13
tarix23.02.2017
ölçüsü1,8 Mb.
#9411
1   ...   5   6   7   8   9   10   11   12   13

Mənimki sözdür, sizinki para...
Siz rüşvət alan, mən şer yazan,

Möhtəkir hara, sənqətkar hara?!

Mənimki çətin, sizinki asan,

Mənimki sözdür, sizinki para...

Şairlər heç vaxt zəngin olmayım,

Rüşvət alanda mənlik olmayıb,

Ha söküb, yeyib, doymayıb heç vaxt...

Mənim şerdir əziz sərvətim,

Siz qızıl yığın, yığın cah-cəlal...

Siz altun yığın, mən söz sərvəti,

Sizinki haram, mənimki halal...

Bizə də qəhmər çıxan tapılar,

Darsa da indi şerin məkanı...

Amma deyirlər müdrik babalar,

Saxla samanı, gələr zamanı...

Sənət zamandan, məkandan uca,

Ürəklərdədir gəlir-çıxarı...

Bir allah durur tək ondan uca,

Bir vətən durur ondan yuxarı...

Zərə-zinətə güldüm həmişə,

Təmiz amala inam bəslədim...

Bədbəxt, binəva gördüm həmişə,

Pulda səadət tapan kəslərin...

Mən şerin qulu, siz nəfsin qulu,

Tamahkar hara, sənətkar hara?..

Məsləkiniz boş, cibiniz dolu,

Mən əsl şair, siz əsl alan,

Mənim sərvətim kitablarımdır,

Çətində onlar tutdu qolumdan...

Çətində sözüm mənə yarındı,

Ömrümü qoydum onun yolunda...

Siz eli, xalqı etdiniz talan,

Talançı hara, sənətkar hara?

Mən şer yazan, siz pulu kalan,

Mənimki sözdür, sizinki para...

Mənim param yox, bilirsini z siz,

Gülün, nə qədər gücünüz çatar.

Mənə lağ gülürsünüz siz...

Bu qoca dünya tutandan qərar

Çox varlı-karlı natəmiz, lotu,

Rişxənd ediblər sənətkarlara...

Amma bunu da biliblər, onlar,

Sənətkar durub, ölüblər onlar...

Şairin olmur dini-imanı məgər...
Siyasət şairləri dəbə düşüblər,

Bircə misra becərib yetirməyənlər.

Siyasət meydanına tökülüşüblər,

Söz meydanında duruş gətirməyənlər...


Hamı da buqələmun, hamı da dəllal,

Elə xal toplayırlar, maya yığırlar.

Siyasət dəryasına girirlər, allah,

Min yol dibə çökürlər, üzə çıxırlar...


Şerdən qeyri hər nə desən yazırlar,

Donos, pamflet, qərar, çıxış, məruzə.

Kürsülərdən kütləni küyə basırlar,

Ekrandan özlərini soxurlar gözə...


Qəzetləri zəbt edib qamarlayırlar,

Nə qədər tutqun gözü dumanlayırlar...

Gələn başçını dərhal tumarlayırlar,

Gedən başçını dərhal yamanlayırlar...


Şair gərək şerini otura, yaza,

Bir özgə əqidəsi, yolu olmaya...

İlhamının səsinə o, qulaq asa,

O siyasət köləsi, qulu olmaya...


Siyasət yedirtdilər illərlə bizə,

Dadı, rəngi nə imirş, biz onu gördük...

Siyasət qısır etdi şerimizi,

Siyasi şairlərin sonunu gördük...


Söz ayaqlara düşdü, söz xırdalandı,

Söz xırdalandıqca da ad aldı onlar.

Sənətin xəlbiriylə xəlbirlənəndə,

Yalançı padşahtək lüt qaldı onlar...


Birdən cücəyə döndü nə qədər zırı,

Elə bil uca dağlar təpəyə döndü...

Töküldü sözlərindən zəmanənin kiri,

Bütün yazdıqları da köpüyə döndü...


Şerimiz əvvəlkitək bazardır, bazar,

Yenə onda siyasət üfunəti var...

Yenə sözü hərraca qoyub satırlar,

Yenə söz qoşanların min sifəti var...


Sənətdə at oynadıb yenə düşüklər,

Şairin olmur dini-imanı məgər...

Siyasət meydanına tökülüşürlər,

Söz meydanında duruş gətirməyənlər.


1992

İstefa vermişəm şerə görə
Mən qalan ömrümü həbs eləyirəm,

Onu təkcə şerə həbs eləyirəm.

Mənəm, dörd divardır, kağız-qələmdir,

Mənə söz qalandır, sənət qalamdır.

Gecəli, gündüzlü yazmaqdır peşəm,

Bütün ad-sanlara dal çevirmişəm.

Bütün şöhrətlərə tüpürmüşəm mən,

Yolumun üstündən süpürmüşəm mən.

Bütün əngəlləri yıxıb keçmişəm,

Özümə könüllü zindan seçmişəm,

Öz iş otağımı, öz iş yerimi,

Qanımla yazıram sətirlərimi...

Şersiz btüşən günlərim sizdən,

İndi miluon kərə üzr istəyirəm...

Mənəm, dörd divardır, kağız-qələmdir,

Yarımçıq şairlik mənə haramdır...

İstefa vermişəm şerə görə,

Bütün qulluqlara, vəzifələrə...

İstefa vermişəm şerə görə,

Bütün məzələrə, əyləncələrə...

Mənəm, dörd divardır, kağız-qələmdir,

Şersiz bu dünya puçdur, yalandır.

İstefa vermişəm şerə görə,

Bütün günəşlərə, səyyarələrə...

Bütün qatarlara, təyyarələrə,

Dağlara, düzlərə, çəmənliklərə

İstefa vermişəm şerə görə,

Mənəm, dörd divardır, kağız qələmdir,

Ymidim, köməyim yalnız qələmdir...
1993.
Şer yazmayanları görüb vəcdəyə gəldim
Şer ilə yaşadım həftələri, ayları,

Qələmimi yormadı sözün sərt dolayları,

Məni ilham səslədi, çağırdı, harayladı,

Onun havası ilə sözə səcdəyə gəldim,

Bu meydanda mən də öz köhlənimi səyirtdim,

Şer yazmayanları görüb vəcdəyə gəldim,

Şer yazanlar məni çiyrəndirdi şerdən...
Mən onlarda Sabirdən heç nişanə görmədim,

Azca əgər görmədim Nəsimidən,Hadidən,

Gözlərində eşqdən bir işarə görmədim,

Paxıllıqdı çoxunun işi, gücü, adəti...

Bu aləmə mən Müşfiq, mən Vurğun deyə gəldim.

Həm də haqqın verdiyi ilham adlı sehrlə...

Şer yazmayanları görüb, vəcdəyə gəldim,

Şer yazanlar məni çiyrəndirdi şerdən...


Mən onlara baxanda qəlbim düşdü təşvişə...

Dedim bəlkə keçibdir şerin vaxtı, əyyamı...

Sənətkarlar gözümdə allah olub həmişə,

Yenə allah sayıram Şəhriyarı, Xəyyamı...

Əlim qələm tutalı bu fikrə-rəyə gəldim...

Bu inam mənimlədir o vaxtdan, o dövrdən...

Şer yazmayanları görüb, vəcdəyə gəldim,

Şer yazanlar məni çiyirdindi şerdən...


Aşıq Cuma düz deyib, düz yazıb Molla Cuma,

Əsil dost da, şair də, ya bir olar, ya iki...

Bizdə nəzm qoşanlar xalqa keçib hücuma,

Beş deyil, on beş deyil, bir ordudur bizimki...

Qoy Xəqani, Natəvan gəsin, köməyə gəlsin,

Qoymayın, bu naşılar söz mülkünü devirdi...

Şer yazmayanları görüb, gəcdəyə gəldim,

Şer yazanlar məni çiyrəndirdi şerdən...


Yazanlar, and verirəm şairlərin canına,

Qələmləri tullayın, vərəqləri tapdayın...

Gedəyin söz loğmanı Nizaminin yanına,

Bu müşkülə, bu dərdə bəlkə əlac tapdı o...

Füzuli də İraqdan qədim Gəncəyə gəlsin...

O da nəhəng möhtəşəm,o da pirdi şerdə...

Şer yazmayanları görüb, vəcdəyə gəldim,

Şer yazanlar məni çiyəndirdi şerdən...


1993.

Amma ki, bizimkilər heç onlara bənzəməz...
Mən şairlər tanıram, baş əyməyir bir kəsə,

Amma ki, bizimkilər heç onlara bənzəməz...

Balaca zaman dönə, balaca külək əsə,

Sürətlə dəyişirlər, başlanır bir bəhsə-bəhs...

Belələri nə cürə qələm tutur görəsən,

Belələri xudaya, necə şer yazır bəs?


Mən böyüklər tanıram, xalqının cəfakeşi,

Amma ki, bizimkilər heç onlara bənzəməz...

Vəzifəyə keçdimi elin gözünü deşər,

Sorar nə ki, qanı var, qoymaz ki, alsın nəfəs,

Çapıb, yemək, talamaq olar amalı, işi,

Altına dollar yığar, qarajına «Mersedes».


Mən milyoner tanıram Tağıyev tək bir düha,

İndi milyarderlər də o kişiyə bənzəməz...

Kimə azca əl tuta edəcək reklam, şüar,

Bu da bir cürə azar, bu da bir cürə mərəz...

Bilməm daha nə deyim, bilməm nə yazım daha,

İnciməyin sözümdən kamil deyilik qərəz...


1992

Görməyirsən, dağlar necə ağlayır...
Bahar günlərində dostum Əbülhəsən, sehrkar qarmonçu Aftandil, Xızı mahalının onlarla bərbad olmuş qədim yurd yerlərindən biri – Xanagə kəndini ziyarətə getdik... Gördüklərimiz uçuq evlər idi, gözəl bahar idi, ulu günəş idi, bir də bu yerləri qoyub gedən babaların nəvə-nəticələri biz idik, bir də bizimlə həsrətimiz, xəcalətimiz idi. Aftandil hündür bir çay daşı tapıb üstündə oturdu, üzünü xarabəliklərə tutub qarmonunu səsləndirməyə başladı. Ölüm sükunətinə qərb olmuş bu aləm elə birdən-birə cana gəldi. Elə bir əfsanələr içinə düşdüm. Axı uzun-uzun dövrlərdən sonra ilk dəfə idi burada qarmon səslənirdi. Özü də səslənən adi qarmon deyil, Aftandilin qarmonu idi. Bu heyrətəmiz duyğular içində mən də bu sətirləri oxumağa başladım:
Yenə gördüm bu xaraba yerləri,

Yenə mənim şair könlüm talandı.

Çal qarmonu, nalə çəksin dilləri,

Çal Aftandil, çal qardaşım, amandı...

Çal, həsrətin bəlkə gözü ovula,

Bu qəflətdən yurd yerləri oyana...

İblis sükut bəlkə burdan qovula,

Çal qardaşım, hay verirəm hayına...

Görməyirsən dağlar necə ağlayır,

Uşaq kimi kövrəlirlər məzarlar...

Bu yolları kimlər belə bağladı,

Bu torpağı kimlər saldı nəzərdən...

«Vağzalı» çal, əlli ildir, yüz ildir,

Bir yol gəlin gəlməyibdir bu kəndə...

Çal, bəlkə də Novruz baban dirildi,

Səda çıxdı bəlkə Xanım nənəmdən...

Çal, tükləri biz-biz durur adamın,

Çal, açılar bəlkə bağlı qapılar?..

Çal, bəlkə də cavan ölmüş atamın

İtib-batmış məzar yeri tapıla?..

Harda qaldı bu yerlərin ərləri,

Necə oldu bu kəndləri salanlar?

Çal, Aftandil, qəlbim qübar eyləyir,

Ovunuram qarmonunu çalanda...

Çal, yerin də qulağı var, qulağı,

O da bizi eşidəcək axırda...

Əcdadların ruhu qalxıb ayağa,

Sanki bizə küskün-küskün baxırlar...

Xəcalətik soyumuzun yanında,

Tək qoymuşuq bu yerlərdə onları...

Babaların qanı axır qanında,

Görmürsən ki, necə çəkir qan qanı?..

Görmürsən ki, məzarıstan qaynayır,

Qəbirlərin bizə baxır gözləri?..

Xərabələr yallı gedir, oynayır,

Göyə qalxır nalələri, tozları...

Görmürsən ki, kövrəlibdir sal qaya,

Həsrətində nə iz qalıb, nə əsər...

Sən o qara qarğaya bax, qarğaya,

Necə durub qulaq asır bu səsə?..

İtib-batmış cığırlar da dirildi,

Bulaqlardan birdən qalxdı lap zilə...

Canavarlar yuvasına giribdir,

Tülküyün unudubdur tülkülər...

Çal, qardaşım, birdə, birdə çal onu,

Elə bil ki, möcüzə var dilində...

Mənim şerim, sənində ki, qarmonun,

Bəlkə ölmüş bu yerləri dirildə.



Neçə təzə şair gələr bu dünyaya...
Sal qayayam, yoğrulmuşam qüdrət ilə,

Heç bir rüzgar bu səfimi yara bilməz.

Lap əzrayıl canımı da ala bilər,

Amma məndən qələmimi ala bilməz.


Söz rişəmi soyu, kökü dərindədir,

Həm ləşkəri, həm kişvəri yerindədir.

Qüvvəm, gücüm ilhamım əlindədir,

Kimsə məni öz taxtımdan sala bilməz.


Aşıq üçün təbib başqa, dərman başqa,

Qanun başqa, qayda başqa, fərman başqa.

Bir şerdən, bir də nazlı yardan başqa

Heç Allah da dərdlərinə çarə bilməz.


Bir gün ölüm didər məni, dələr məni,

Son məqamım, son saatım gələr mənim.

Gözlərimə qara zülmət dolar mənim,

Sözlərimə qara zülmət dola bilməz.


Təzə kəslər düşər eşqə, təmənnaya,

Təzə sözlər köhnələri salar saya.

Neçə təzə şair gələr bu dünyaya,

Amma biri Cabir Novruz ola bilməz.


1992

Yaltaqdan şair olmaz
Yaltaqdan «şair» olar,

Şairdən yaltaqdan olmaz,

Şairin qürurunu

Heç nəylə almaq olmaz...

Oyuncaqdır əllərdə

Yenə bəzi yazarlar,

Əsl şair heç zaman

Əldə oyuncaq olmaz...

Məddahlardır yenə də

Əl-ayağa dolaşan.

Onları nə ki yazar,

Heç insan saymaq olmaz...

Kişiklikdir şairin

Ömrü, yolu, amalı,

Qorxaqların sözünə,

Şerinə uymaq olmaz...

Ürəyi sapdan incə,

İradəsi poladdan.

Şair tək müdrik insan,

Şair tək uşaq olmaz...

Bütün şahlar, xaqanlar

Baş əyiblər şairə

Şair əyildi, ondan

Xalqına dayaq olmaz...

Şahsız da keçinərik,

Bəysiz də dolanarıq,

Füzulisiz, Sabirsiz

Fəqət yaşamaq olmaz.

Şairi yalnız millət

Mühakimə eləyər,

Ayrı yerdə şairin

Məhkəməsi baxılmaz...


1992

Gecikmiş məhəbbət mahnısı
Sən elə bir vaxtda rast gəldin mənə...
Sən elə bir vaxtda rast gəldin mənə,

Qurumuş bulağam, bulanmış suyam...

Sən elə bir vaxtda rast gəldin mənə,

Oxunmuş nəğməyəm, çalınmış toyam.


Nə gücüm çatdı ki, səndən yapışım,

Nə gücüm çatdı ki, səndən qaçam mən...

Nə odum oldu ki, yanam, alışam,

Nə sehrim oldu ki, cavannaşam mən...


Sən elə bir vaxtda rast gəldin mənə,

Ömrün payız vaxtı, xəzəl çağıydı...

Sən elə bir vaxtda rast gəldin mənə,

Sənin gəncliyinin gözəl çağıydı...


deyə bildim ki, tutmaz sevdamız,

Nə deyə bildim ki, tuta bizimki...

Bizimdir səmada axan o ulduz,

O uzaqda itən qatar bizimdir...


Sən elə bir vaxtda rast gəldin mənə,

Dayanıb durmuşdum yol ayrıcında...

Sən elə bir vaxtda rast gəldin mənə,

Bir üzüm cavandı, bir üzüm qoca...


Nə deyə bildim ki, sevən çağımdı,

Nə dedim sevirəm, mənə dayaq ol...

Nə deyə bildim ki, mənə yaxın dur,

Nə deyə bildim ki, məndən uzaq ol...


Sən elə bir vaxtda rast gəldin mənə,

Ömrün eşq badəsi içilmiş idi...

Sən elə bir vaxtda rast gəldin mənə,

Mənzilimin çoxu keçilmiş idi...


Nə deyə bildim ki, ürəksən mənə,

Nə deyə bildim ki, ürək deyilsən...

Nə deyə bildim ki, gərəksən mənə,

Nə deyə bildim ki, gərək deyilsən...


Sən elə bir vaxtda rast gəldin mənə,

Bu necə fəsildi, necə vaxt idi...

Sən bir vaxtda rast gəldin mənə,

Bu necə taleydi, necə bəxt idi...


Nə deyə bildim ki, pənahsızam mən,

Nə deyə bildim ki, pənah məndədir...

Nə deyə bildim ki, günahsızam mən,

Nə deyə bildim ki, günah məndədir...


Sən elə bir vaxtda rast gəldin mənə,

Özüm öz halıma gülmək istədim...

Sən elə bir vaxtda rast gəldin mənə,

Təzədən dünyaya gəlmək istədim...


Eşq-məhəbbət ölməyəcək
Xalqlar üz-üzə dursa da,

Eşq-məhəbbət ölməyəcək...

Bəşəriyyət qırılsa da,

Eşq-məhəbbət ölməyəcək...

Məhəbbəti yerə basdır,

Göyərib üzə çıxacaq.

Məhəbbətin məzara qoy,

Məzardan səsi çıxacaq.

Poladın içində saxla

Poladı kəsib çıxacaq,

Sevən gözlər kor olsa da,

Eşq-məhəbbət ölməyəcək...

Hətta günəş qaralsa da,

Eşq-məhəbbət ölməyəcək...


Bütün ərzin yollarını

Kərgədanlar kəsə belə,

Qəbilələr bir-birinin

Başlarını kəsə belə,

Lap millətlər bir-birini

Diri-diri yesə belə,

Ordular üzə dursa da,

Eşq-məhəbbət ölməyəcək...

Hər şey tar-mar olsa da,

Eşq-məhəbbət ölməyəcək...


Nə Leylinin, nə Məcnunun

Kimsəyə kini olmayıb,

Sevənin sevgidən özgə

Milləti, dini olmayıb.

Qoca ərzin, vallah, billah

Eşqsiz günü olmayır,

Bu aləm zindan olsa da,

Eşq-məhəbbət ölməyəcək...

Hər gün ölüm, qan olsa da,

Eşq-məhəbbət ölməyəcək...

İnsan insanı duymasa,

Ruhu ölər, bağrı çatlar,

Yenə qardaş olacaqlar

Bir-biriylə bütün yadlar.

Məhəbbətdən aşağıdır

Ədavətlər, küdurətlər,

And içirəm etiqada

Eşq-məhəbbət ölməyəcək,

Sevənə yox zaval, xəta

Eşq-məhəbbət ölməyəcək...


Ərzin vulkanları dönə

Od dövrünə, köz dövrünə,

Həyat qayıda əvvəlki

Su dövrünə, buz dövrünə.

Lap planet qədəm qoya

Hətta insansız dövrünə,

Lap meymun əsri gəlsə də,

Eşq-məhəbbət ölməyəcək.

Dünya ölüb-dirilsə də,

Eşq-məhəbbət ölməyəcək...


1994

Necə ömür eylər insanlar...
Hamı laqeyd olub daş tək, hamı biganəyə dönmüş,

Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş.

Məhəbbət, sevgi qeyb olmuş, tamam əfsanəyə dönmüş,

Küdurət indi hakimdir, odur ki, hey axır qanlar,

Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?
Bəşərçün ondan özgə bir xilas yoxdur, ümid yoxdur,

Onunla bir keçən ömrə ölüm yoxdur, süqut yoxdur.

Onun ölməzliyinə həm dəlil, həm də sübut çoxdur,

Onunla göz açıb xilqət, onunla dövr edir qanlar,

Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?
Haçan ki, Qeys ilə Leyli bu eşqin badəsin içdi,

Bu bir əfsanəyə döndü, gəzib dildən dilə düşdü,

Məhəbbətsiz min il sağ qalsa da, məxluq yenə heçdir,

Eh, onsuz bir müqəvvadır bütün huriyi qılmanlar,

Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?
Çox adi daşdı-torpaqdı məhəbbətsiz vətən varsa,

Məhəbbətdir bu torpaqda vətənçün bir yanan varsa,

Onun uğrunda öl, can ver bir azca qeyrətin varsa,

Ölümdən güclüdür min yol anacanlar, vətəncanlar,

Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?
Nəyə lazımdı insanlıq əgərçi sevgisi yoxsa,

Adamlar bir növ heyvandır əyərçi sevgisi yoxsa,

Aya, Marsa çevir ərzi əyərçi sevgisi yoxsa,

Dağıtsın ərzi vulkanlar, tökülsün qanlı leysanlar,

Xudaya, bəs məhəbbətsiz necə ömr eylər insanlar?
1994

Gecikmiş məhəbbət mahnısı
Sən gizli gəlmisən ömrümə, inan,

Bu gizli eşq ilə yaşayacağam.

Dünyanın ən ağır yükü sayılan,

Gecikmiş məhəbbət daşıyacağam.

Sən mənim ömrümdə açan çiçəksən,

Onu ürəyimdə bəsləyəcəyəm.

Sən məni heç zaman görməyəcəksən,

Mən səni hər zaman gözləyəcəyəm.

Uzaqdan göz qoyub gözünə sənin,

Sanki görəcəyəm Allahımı mən.

Düşüb qarış-qarış izinə sənin,

Əzbərləyəcəyəm yollarını mən.

Səni zərrə-zərrə kəşf edəcəyəm,

Səni milyon kərə kəşf edəcəyəm,

Hər günü adınla başlayacağam,

Hər günü adınla bitirəcəyəm.

Səni röyalarda oxşayacağam,

Səni xəyallarda itirəcəyəm.

Sən məni heç zaman duymayacaqsan,

Mən bütün ömrünü izləyəcəyəm.

Sən mənə məhəl də qoymayacaqsan,

Mən səni həmişə səsləyəcəyəm,

Hər gün mənim üçün doğulacaqsan,

Hər gün mənim üçün yox olacaqsan.

Mənim sevincim də sən olacaqsan,

Mənim kədərim də sən olacaqsan.

Mən sənin adını hər saat, hər an,

Qəlbimdə məktublar yollayacağam.

Sən heç vaxt fikrimdən çıxmayacaqsan,

Mən heç vaxt yadında qalmayacağam.

Belə həsrətlə qocalacağam,

Belə enəcəyəm, ucalacaqam.

Keçib bir alovdan, keçib hər oddan,

Böyük əzabından şad olacağam,

Sən mənə həyatda ən doğma adam,

Mən sənə yaddan da yad olacağam.

Sən ömr edəcəksən ayrı adamla,

Mən kiməm, nəçiyəm, bilməyəcəksən.

Bir gün bu dünyadan sənin adınla

Köçüb gedəcəyəm bilməyəcəksən.


Sən oldun
Bu sevgini öz əlində bəslədin,

Anası da, balası da sən oldun.

Özün məni harayladın, səslədin,

Dərdlərimin çarəsi də sən oldun...


Sakit-sakit şer, nəğmə ötürdüm,

Tənha, yalqız bu dünyadan gedirdim,

Birdən-birə öz səmtimi itirdim,

Həyatım da, xilasım da sən oldun...


Nə çox idi seviləsi qız, qadın,

Hər yetənə baxıb məftun olmadım.

Tale özü səni mənə yolladı,

Qış ömrümün son yazı da oldun...


Sən köklədin kökdən düşmüş könlümü,

Həsrətlərdə yanıb, bişən könlümü,

Bu yanıqlı, bu pərişan könlümün,

Sevinci də, naləsi də sən oldun...


Xəyal kimi hər gün girdin yuxuma,

Nəfəs kimi axdın, doldun ruhuma,

Əvvəl-əvvəl dərman oldun ruhuma,

Axır dərdi-bəlası da sən oldun...


1994

Sonet
Günlərim calanıb ömür yoluna,

Sözlərim səpilib ayaqlarına...

Sənin nur şəfəqli baxışlarından

Yandırdın eşqimin çıraqlarını...

Qəlbimin başından vurub asmışam,

Sevgi dövlətlərinin bayraqlarını...

Bir soyuq baxışın söndürə bilər,

Sinəmdə məhəbbət ocaqlarını,

Sənin ənlik-kirşan nəyinə gərək,

Qismətin allayır yanaqlarını...

Mənə dodaqların eylədi əvəz

Anamın ən dadlı qaymaqlarını.

Desən hicran gəlir, qaçaq, qurtulaq,

Keçərəm Şillerin qaçaqlarını...


1994

Səsim səsinə öyrəşib...
Sənsiz məndə dözüm yoxdur,

Səndən özgə kəsim yoxdur,

Səsin yoxsa, səsim yoxdur,

Səsim səsinə öyrəşib...


Çox baxmışam yollarına,

Qol salmışam qollarına,

Bəxtim qızıl xallarına,

Üzüm üzünə öyrəşib...


Əlim zərif əllərinə,

Dilim şirin dillərinə,

Telim ipək tellərinə,

Gözüm gözünə öyrəşib...


Aylar, illər keçə-keçə,

Bir olmuşuq gündüz-gecə,

Səndən sonra, axı, necə,

Mən özgəsinə öyrəşim?..


Bu eşqin möhkəmdi himi,

Dəmir kimi, polad kimi,

Ruhum qaynar həyat kimi,

Bu el qızına öyrəşib...


1990

Heç demə burayacan
Heç demə burayacan,

Sən məni yaşadırdın...

Sənsiz oldum yarıcan,

Bir soyuq daşa döndüm...


Nə güc qaldı, nə nəfəs,

Düz köksümdən vuruldum.

Oldum bom-boş bir qəfəs,

Ruhsuz bir bədən oldum...


Heç demə burayacan,

Səninlə insan idim.

Sən verdin mənə can,

Sənin bir parçan idim...


Sən getdin sanki birdən,

Özümdən aralandım...

Ayrıldım məhbərindən,

Dağıldım, paralandım...


Heç demə burayacan,

Sən mənə dayaq idin...

Səninlə sevgi dünyam,

Bütöv idi, sağ idi...


Qanını qat qanıma,

Nə dərd bildim, nə sitəm...

Qaytar yarı canımı,

Ki, dirilsin təzədən...


1990

Bu nə cürə məhəbbətdi
Özü yandı, özü söndü,

Bu nə cürə məhəbbətdi?

Birdən-birə üzü döndü,

Bu nə cürə məhəbbətdi?


Bir qisməti həsrət imiş,

Bir qisməti möhnət imiş,

Bir qisməti nifrət imiş,

Bu nə cürə məhəbbətdi?


Əvvəl idi, axır oldu,

Həmdəm idi, yağı oldu,

Həqiqəti nağıl oldu,

Bu nə cürə məhəbbətdi?


Bir adı qəbahət imiş,

Bir adı xəyanət imiş,

Bir adı fəlakət imiş,

Bu nə cürə məhəbbətdi?


Çox-çox illərim heyf oldu,

Xəyala döndü qeyb oldu,

Külü göylərə sovruldu,

Bu nə cürə məhəbbətdi?


1996

Adam da adamı bu qədər istəyər...
Deyirlər sevginin öz dövrü, yaşı var,

Peşiman oluram baxanda güzgüyə...

Bəs bu nə sevdadır vurubdur başıma,

Adam da adamı bu qədər istəyər?..


Axı, nə sən Leylisən, nə mən Məcnunam,

Bəs niyə ürəyim adını səsləyər?..

Bu sirri mən sənə açmağa məcburam,

Adam da adamı bu qədər istəyər?..


Nə sən çox cavansan, nə mən çox ahılam,

Bəs nədən sönməyir bu eşqim, istəyim?..

Mən ikimizi də növcavan sayıram,

Adam da adamı bu qədər istəyər?..


Tənhalıq daşını atmışam daha mən,

Gecə də, gündüz də qulağı səsdəyəm?..

Könlümün gözüylə baxıram cahana,

Adam da adamı bu qədər istəyər?..


Mən sənin özünəm, sən mənim özümsən,

Araya ayrılıq düşübdüır bəs niyə?

Gecələr röyamsan, gündüzlər gözümsən,

Adam da adamı bu qədər istəyər?..


Sən qadın olsan da qız kimi təmizsən,

Nə qədər təmizsən, qorxuram göz dəyər...

Necə də dadlısan, şirinsən, əzizsən,

Adam da adamı bu qədər istəyər?..


Sonuncu şansımsan sən mənim son andım,

Məhəbbət oduna tutulmuş xəstəyəm...

Bu eşqsiz, sevgisiz, amansız zamanda,

Adam da adamı bu qədər istəyər?..


Sən mənim dilbərim, mələyim, Allahım,

Gecə də, gündüz də üstündə əsdiyim...

Sən məni istəsən demərəm bir daha,

Adam da adamı bu qədər istəyər?..


1993
Səni unutmaqdan ötrü…
Ən dözülməz ağrılara, əzablara tab edirəm,

Şeytandan ümid umuram, iblisə xitab edirəm,

Ürəyimin al qanını döndərib şərab edirəm,

Başıma çəkib içirəm səni unutmaqdan ötrü,

Arzumu kəsib-biçirəm səni unutmaqdan ötrü…
Röyalara meyl edirəm bəlkə yadımdan çıxasan,

Gözlərimi qırpan təki görürəm mənə baxırsan…

Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan,

Öz-özümlə döyüşürəm səni unutmaqdan ötrü,

Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü.
Köksümü cırıb açıram ayrılığın küləyinə,

Bütün keçmiş keçənləri xəlbirləyib ələyirəm.

Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,

Acı-acı gülüşürəm səni unutmaqdan ötrü,

Hicran ilə öpüşürəm səni unutmaqdan ötrü…
Ayla həmfikir oluram uzun-uzun gecələri,

Gündüzləri sağa-sola hey ölçürəm küçələri,

Otağımda gizlənirəm sındırırsan pəncərəmi,

Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,

Daha nə yollar düşünüm səni unutmaqdan ötrü…
Çözələnir xatirələr, könlüm, ruhum qubarlanır,

Tarım durur əsəblərim, enir, qalxır damarlarım,

Su verirəm meynələrə, mis vururam divarlara,

Zülmət quyuya düşürəm səni unutmaqdan ötrü,

Sinəmi söküb deşirəm səni unutmaqdan ötrü.
İş olmayan yerdə belə özümə iş gördürürəm,

Qışda qar təmizləyirəm, yayda milçək öldürürəm,

Bütün sək-rəqibləri öz üstümə güldürürəm,

Hey haldan-hala düşürəm səni unutmaqdan ötrü,

Ürəyimlə ötüşürəm səni unutmaqdan ötrü.
Səndən qeyri nə vurğunam, nə möhtacam kimə isə,

Səndən qeyri olmasa da ehtiyacım kimə isə,

İstəyirəm ürəyimi qəsdən açım kimə isə,

Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,

Mələklərlə «görüşürəm» səni unutmaqdan ötrü…
Gözümdən çətin gedəsən gözümə qor dolmayınca,

Canımdan çətin çıxasan canım rahat olmayınca,

Son ümidim, son pənahım o dünyaya qalıb ancaq,

Bu dünyamı dəyişərəm səni unutmaqdan ötrü,

Ölümə elçi düşərəm səni unutmaqdan ötrü…
1994


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin