http://www.xalqqazeti.com/az/news/news/65671
Xəbərlər
Azərbaycanda sənaye parkları və məhəllələrinin
yaradılması ilə bağlı görülən işlər müzakirə edilmişdir
21.12.2015 09:54 |
Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-
2020-ci illər üçün Dövlət Proqramının icrası: sənaye parkları və sənaye məhəllələri” mövzusunda
konfrans keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənayenin müxtəlif sahələrində fəaliyyət
göstərən müəssisələrin 100-dən çox nümayəndəsi iştirak etmişdir.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov ölkəmizdə
uğurla həyata keçirilən sənayeləşmə siyasəti və dövlət başçısının 26 dekabr 2014-cü il tarixli
sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci
illər üçün Dövlət Proqramı”nın icrası barədə məlumat vermiş, həmin proqram çərçivəsində sənaye
parkları və məhəllələrinin yaradılması istiqamətində görülmüş işləri diqqətə çatdırmışdır.
Bildirmişdir ki, adı çəkilən dövlət proqramı ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb edir və hazırda uğurla icra olunur. Dövlət proqramında qeyd
olunan məqsədlərə nail olmaq üçün mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni
sahələrin təşkili, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ
istehsalın inkişaf etdirilməsi, sənaye zonalarının və klasterlərinin yaradılması və s. nəzərdə tutulur.
Hazırda Sumqayıt, Balaxanı, Mingəçevir və Qaradağda sənaye parklarının, Neftçalada sənaye
məhəlləsinin təşkili istiqamətində tədbirlər həyata keçirilir.
Sənaye parklarına və məhəllələrinə sahibkarlar tərəfindən böyük maraq göstərildiyini qeyd
edən Niyazi Səfərov təkcə Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən istehsal
müəssisələrinin qurulmasına 1 milyard manatdan çox investisiya qoyulduğunu vurğulamışdır.
Nazir müavini demişdir ki, Qaradağ Sənaye Parkının rezidenti olan “Bakı Gəmiqayırma Zavodu”
MMC tərəfindən müqavilə dəyəri 40 milyon ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma
qurğusunun pantonlarının tikintisi başa çatdırılaraq təhvil verilmiş və hazırda burada ümumi
dəyəri 400 milyon ABŞ dollarından çox olan iki sifariş əsasında işlər aparılır.
Ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli olan Balaxanı Sənaye Parkına
rezidentlər tərəfindən ilkin mərhələdə 10 milyon manatdan artıq investisiya qoyulması nəzərdə
tutulur. Gələn ilin birinci yarısında fəaliyyətə başlayacaq Neftçala Sənaye Məhəlləsində isə
hazırda infrastruktur şəbəkəsinin yaradılması işləri aparılır. Ölkənin digər rayonlarında da sənaye
məhəllələrinin yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd
Musayev son zamanlar ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların
özəl bölmənin inkişafında əhəmiyyətli olduğunu qeyd etmiş, həyata keçirilən tədbirlərin
sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına əlavə
stimul verdiyini vurğulamışdır.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxışında
elmi ideyaların sənayeyə tətbiqinin əhəmiyyətini xatırlatmış, bu məqsədlə institut tərəfindən
universitet-sənaye işbirliyi çərçivəsində ali təhsil müəssisələrində texnoparkların yaradılması
istiqamətində araşdırmaların aparıldığını diqqətə çatdırmışdır.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf Azərbaycan
Prezidentinin müvafiq fərmanı ilə sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi
işlərinin təmsil etdiyi şirkətə tapşırıldığını bildirmiş, Neftçala Sənaye Məhəlləsində yaradılan
infrastruktur və sahibkarlara təklif edilən xidmətlər barədə məlumat vermişdir.
Konfransda “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, “Sumqayıt Kimya Sənaye Parkı”
MMC-nin, Qaradağ Sənaye Parkının və “Təmiz Şəhər” ASC-nin nümayəndələri təqdimatlarla
çıxış edərək, sənaye parkları və məhəllələrinin üstünlükləri və rezidentlərə tətbiq olunan güzəştlər
barədə danışmışlar.
Neftçala Sənaye Məhəlləsinin rezidenti “Bakı Neftqazmədən Avadanlıqları” QSC-nin
direktoru İslam Feyziyev, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərtexnolayn” MMC-nin
direktoru Vüsal Ruzmanov, Balaxanı Sənaye Parkının rezidenti “Ekokat” MMC-nin rəhbəri Şəlalə
Əliyeva təmsil etdikləri şirkətlərin sənaye məhəllələri və parklarındakı fəaliyyətinə dair məlumat
vermişlər.
Konfrans çərçivəsində Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək sahibkara rezident
statusunu təsdiq edən şəhadətnamə verilmişdir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.