Azərbaycanda turizmin inkişafı, turizm və ekskursiya bürolarının genişlənməsi 1970-1980-ci illərə aid
edilir. Bu, ümummilli lider Heydər Əliyevin həmin sahəyə bilavasitə diqqətinin və qayğısının nəticəsində
mümkün olmuşdur.
1993-cü ildə ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycan
tarixində yeni mərhələ başlandı. Ölkədə siyasi vəziyyət tədricən sabitləşməyə, iqtisadi-sosial həyatın bütün
sahələri, o cümlədən turizm sahəsi yüksəlişə başladı. Azərbaycanın turizm regionları hesab edilən və 1990-
cı illərin əvvəllərində ən narahat bölgələr olan Qusar-Quba-Xaçmaz, Zaqatala-Qax-Şəki, Masallı-Lənkəran
zonalarında ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində sabitlik bərpa olundu, qonşu dövlətlərlə
sərhədlərimiz möhkəmləndirildi. Həmin ərazilərdə turizm inkişaf etməyə başladı. Azərbaycan həmkarlar
ittifaqlarının bu regionlarda yerləşən istirahət bazalarına turist yollayışlarının verilməsi bərpa olundu.
1995-ci ildə "Əsrin müqaviləsi" imzalandı. Həmin ərəfədə ulu öndər Heydər Əliyevin xarici və yerli iş
adamlarını Azərbaycanda hotelçilik və turizm biznesinə sərmayə qoyuluşuna çağırışı tezliklə öz bəhrəsini
verdi. Müasir tələblərə cavab verən hotellərin tikintisi genişlənməyə başladı.
Turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə Milli
Məclisdə "Turizm haqqında" qanun qəbul edildi. 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev "Turizm
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzaladı. Bu qanun
Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət
siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri
tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli
istifadə olunması qaydalarını müəyyən etdi.
Müasir zamanda ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən biri də turizm sektorunun
inkişafıdır. Bu istiqamət 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunmuşdur. XX əsrin fenomeni
adlandırılan turizm iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biridir. Ümumdünya Turizm Şirkəti
olan UNWTO-nun məlumatlarına görə, dünya üzrə turizmin illik inkişaf templəri 4-4.5%, gəlirlərinin artım
tempi isə 4% təşkil edir. Turizmin inkişafına qloballaşma, kommunikasiyaların inkişafı, informasiya
cəmiyyəti bilavasitə təsir edir. Azərbaycanda turizmin prioritetləri 6 dekabr 2016-cı ildə Prezident İlham
Əliyev tərəfindən təsdiqlənmiş Strateji Yol Xəritələrində öz əksini tapmışdır. “Azərbaycan Respublika-
sında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində” sahənin əsas hədəfləri və
inkişaf vektorları müəyyən olunmuşdur. Qəbul olunmuş sənəddə turizmin inkişafına dövlət dəstəyinin
göstərilməsi, təklif olunan turizm xidmətlərinin keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi,
ölkəyə yeni investisiya layihələrinin cəlb olunması və regional turizmin inkişafı nəzərdə tutulur.
Son dövrlərdə Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanınması, xarici turistləri ölkəyə
cəlb etmək, turizmin potensial sahələrini inkişaf etdirilməsi, turizm infrastrukturlarının müasir tələblərə
cavab verməsini təmin etmək, yeni infrastrukturların qurulması istiqamətində geniş tədbirlər həyata
keçirilir. Bu inkişafda özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli
tədbirlər ictimai həyatın bütün fəaliyyət istiqamətlərində, o cümlədən turizm sahəsində də əsaslı
nailiyyətlərin əldə olunmasını təmin etmişdir. Turizm sektoru regionun sosial-iqtisadi inkişafında mühüm
rol oynayır. Regional turizm - müəyyən ərazi çərçivəsində turizmin inkişafını şərtləndirən və turizm
tələbatlarının ödənilməsi funksiyalarını yerinə yetirən, bir-birilə sıx əlaqəli olan çoxsaylı elementlərdən
(rekreasiya resursları, turizm infrastrukturu, ekoloji və fərdi təhlükəsizlik və s.) ibarət mürəkkəb sistemdir.
Muxtar respublikada regional turizmin inkişafına bir sıra amillər təsir edir ki, bunlara ticarətin və ictimai-
iaşənin inkişafı, nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi, mehmanxana komplekslərinin tikilməsi,
informasiya texnologiyalarının inkişafı, regionda əhalinin sayının artması, əhalinin real gəlirlərinin və
alıcılıq qabiliyyətinin artması, regionda əhalinin iş və asudə vaxtının nisbətinin dəyişməsi, istehlak
tələbatının strukturunun dəyişməsi (xidmətlərə tələbatın artması, o cümlədən, turizm, təhsil, səhiyyə
xidmətlərinə) aid edilir. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna
və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.