4. Müasir iqtisad elminin istiqamətləri. Müasir iqtisadi nəzəriyyə dedikdə XIX əsrin sonu XX əsrin əvvəllərindən yaranan elmi
cərəyanlar nəzərdə tutulur. XIX əsrin sonlarında geniş yayılmış klassik və marjinalist
nəzəriyyələrin vahid konsepsiyada birləşdirilməsi zərurəti yarandı.İlk dəfə bu problem
neoklassik məktəbin banilərindən biri A.Marşalın əsərlərində dərindən təhlil edilir. Beləliklə
neoklassik məktəb yaranır, sonrakı dövrlərdə yaranmış keynsçilik və institusional – sosioloji
məktəblər də müasir iqtisad elminin əsas istiqamətlərinə aiddir.
Neoklassiklər bazar mexanizminin tənzimləyici roluna daha çox əhəmiyyət verməklə
iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması tərəfdarları idi. Bu nəzəriyyənin
tərəfdarları kimi o dövrdə monetarist, neoliberalist və başqa cərəyanlar yarandı. Lakin 1929-
1933-cü illərin ümumdünya bövranı iqtisadiyyata bazarın tənzimləyici mexanizm olması
haqqında fikirləri inkar etdi.
XX əsrin 30-cu illərində C.Keyns dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyini
əsaslandıran təlim yaratdı. Bu müasir iqtisad elminin ikinci istiqamətinin keynsçiliyin yaranması
idi. Keynsin təlimi bir çox alimlərin əsərlərində makroiqtisadi tənzimləmə nəzəriyyələri kimi
geniş yayılmışdır.
Müasir iqtisad elminin üçüncü istiqaməti institusionalizmin banisi T.Veblen sayılır.
İnstitusionalistlər iqtisadiyyatda sosial amillərin təsirinə xüsusi yer verirlər. Onlar sosial, mədəni,
texniki, texnoloji amillərin iqtisadiyyatla funksional asılıqda olduğunu iddia edir və cəmiyyətin
fəaliyyətini institutların inkişafı kimi təhlil edilməsini zəruri hesab edirlər. Müasir dövrdə
institusional – sosioloji istiqamət iqtisad elminin ən geniş yayılmış cərəyanlarından hesab edilir.
Son illərdə iqtisad elminin inkişafında iqtisadi artım, neokonstitusional, iqtisadi qlobalizm və
başqa elmi cərəyanların yayılması da müasir istiqamətlərə aid edilir.