IV
Zəng bayıra vurulanda Aslan müəllim işarə ilə məni çağırdı. Biz birlikdə
bağçaya endik. Heç bir söz danışmadan yasəmən ağacının yanına gəldik. İndi
onun yerində başı hamar kəsilmiş bir kötük qalmışdı.
Aslan müəllim bir neçə saniyə ağaca baxdıqdan sonra mənə tərəf döndü və
dedi:
– Biz dünyaya, onu daha da gözəlləşdirmək üçün gəlmişik. Biz onun
gözəlliklərini məhv etmək üçün doğulmamışıq!
Mən onun üzünə baxmadan:
– Məni bağışla, müəllim, – dedim.
... Gələn bahar yasəmən ağacının kötüyündən yeni pöhrələr qalxdı. Mən indi
həmin pöhrələrə sevə-sevə qulluq edir, onları qoruyuram. Axı, doğrudan da, biz
dünyanın gözəlliklərini məhv etmək üçün yox, daha da gözəlləşdirmək üçün
doğulmuşuq!..
İ. Əfəndiyev
KÖÇ
I
Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.
Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa
gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də:
“Qalx, oğlum! Səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.
Dərhal dimdik qalxdım. Paltarımı geydim. Əl-üzümü yudum. Bir fincan çay
içər-içməz pilləkənləri gup-gup başıaşağı endim. Öküz arabası qapımızın ağzında
durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi. Ailəmizin
hamısı aşağıda idi. Hətta “Mərmər” adlı ağ pişiyimi, sarı, iri tüklü toyuğumu
cücələri ilə bərabər bir səbət içində götürmüşdük. Sevinirdim... Hamımız arabaya
doluşduq. Salman kişi də arabanın boynuna oturdu. Araba hərəkət etməyə
başladı. Atam da ata minib, yanımızca gəlirdi. Şəhərin iri, geniş küçələri ilə
gedirdik. Hər zaman gözümüzün alışdığı geniş küçələr, böyük evlər, iri şüşəli
mağazalar...
Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şəfəqi bürüyən qırmızılıqdan
üfüqlərdə dağ silsiləsi kimi görünən buludlar əlvan rəngə boyanırdı.
Şəhərin səsli, gurultulu küçələrindən, isti havasından get-gedə uzaqlaşırdıq.
Arabamız iki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yolla gedirdi.
II
Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti var. Səhərlərə məxsus olan
nəsimdən arabir yarpaqlar qımıldanır, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif,
yumşaq otlar, çicəklər dəniz kimi dalğalanır, yaşıl yarpaqlar arasına sığınmış
213
quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik,
təpəlik, irəlilədikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı lövhələr
açılır. İri, kələ-kötür, ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından
yuxarı qalxdıqca təbiət və hava başqalaşır, insan ürəkdolusu nəfəs alır. Yumşaq
otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu.
Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini
qucaqlamış kimi durur. Qocaman bir dağın təpəsinə qalxdıq. Qarşımıza daha
böyük bir dağ çıxdı. Bu dağı da aşdıq, çiçəklər səltənəti kimi bir açıqlığa çıxdıq.
Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı.
Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. Artıq
yetişmişdik.
Arabamız bir alaçığın ağzında durdu. Yerə endik... Bizi keçədən qayrılmış
bir alaçığa gətirdilər. Bir anda kənd qadınları və uşaqları ətrafımızı aldılar.
III
Qadınlar anamla öpüşür, danışır, gülüşürdülər. Uşaqlar isə inci kimi
düzülmüş ağ dişlərini göstərərək, mənimlə danışmaq, oynamaq istədiklərini
anladırdılar. Mən isə utancaq bir uşaq olduğumdan anamın yanında büzüşüb
durur, arabir onların təbəssümlərində iştirak edir kimi görünürdüm. Atam da
alaçığın böyründə Kərim baba ilə köhnə bir palazın üstündə oturub, söhbət edirdi.
O gün hava çox isti idi.
Az sonra atam Kərim babadan soruşdu:
– Ay Kərim, bizim alaçıq üçün çubuq hazırlamısanmı?
Kərim baba soyuq bir halda:
– Bilmirəm bu oxumuşların səbri nə üçün az olur? Gəldiyiniz indidir, nə
xəbər? – dedi.
Atam:
– Vaxt keçir, hər halda alaçıq hazır olmalıdır, – dedi.
Kərim baba sakitcə:
– Nəyinə gərək, axşama qədər sən alaçığını məndən istə, mənim əlimdə o nə
çətin işdir?!
Atam Kərim baba ilə alaçıq qurmağa getdi. Alaçığımız obadan bir az uzaq,
atamın bəyəndiyi axar-baxarlı, gözəl bir yerdə quruldu. Bir saat sonra alaçığımıza
köçdük.
IV
Bu yerlərin səhərləri, axşamları mənə hər şeyi unutdururdu. Axşamlar
qoyun-quzu mələşə-mələşə obaya dönərkən, səsdən qulaq tutulurdu. Xüsusən
yavaş-yavaş nəfəs alan səhərlərin, axşamların qanadları ucundan yayılan sərinlik,
dağ çiçəklərinin, cökə ağaclarının rayihəsi, qoruqlarda, tarlalarda biçilmiş təzə
otların gözəl ətri, meşənin axşamlara, səhərlərə məxsus rütubət qoxusu, bulaqların
şırıltısı, quşların ötüşməsi, quzuların mələşməsi, itlərin hürüşməsi bir-birinə
qarışaraq, obaya başqa bir rəng, başqa bir şəkil verirdi. Bir saat əvvəl səssizlikdən
ölgün kimi görünən təbiət birdən-birə canlanırdı, hər şeydə bir yenilik, bir təravət
214
görünürdü. Bundan böyük məşğələ nə ola bilərdi?! Dəyənəyi əlimə alıb, obaya
gedirdim. Analarını əmməsinlər deyə quzuları bir ağıla doldururdular. Mən kənd
uşaqları ilə ağıla atılıb o şux quzularla doyunca oynar, onlarla bərabər atılıb-
düşərdim.
Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən ana-bala mələşə-
mələşə qaçaraq bir-birinə qarışırdı. Həsrətlərinə qovuşmuş heyvancığazlar
ayaqlarını bükərək, quyruqlarını oynada-oynada analarını əmərdilər.
Obanı yenə də həzin bir sükut almış, yalnız ara-sıra çobanların səsi, itlərin
hürüşməsi,uşaqların bağırtısı eşidilirdi. Bu kiçik heyvanları sevdiyim kimi,
çobanlarını da sevər, çox vaxtımı da onlarla keçirərdim. Onların sadə və sərbəst
sandığım məişəti xoşuma gələrdi. Hətta o bəxtiyar bildiyim insanlara qibtə
edərək, “bu açıq, geniş obalarda, bu gözəl yamaclarda çoban olmaq, pisdirmi?” –
deyərdim. Mən də kiçik çomağımı alıb, çox zaman onlarla bir təpədə oturardıq.
Çobanlar tütək çalar, həzin mahnı oxuyar, keçmiş günlərdən və gələcəkdən dadlı-
dadlı söhbət edərdilər.
A. Şaiq
Dostları ilə paylaş: |