Sitatların növləri onlardan istifadə qaydaları
Tədqiqatçı apardığı elmi işin əlyazmasını tərtib etdikdə çox vaxt işdə
göstərilən arqumentləri isbat etmək üçün kənar elmi işlərdən sitatların
gətirilməsinə ehtiyac yaranır. Bu, humanitar sahələr üçün tipik olsa da ondan
istifadə qaydaları bütün sahələrə şamil edilir. Kənar mənbələrdən olan elmi
nəticələrdən istifadə etmək qadağan deyil. Burada əsas diqqət onların işdə necə
istifadə edilməsi və dəqiq göstərilməsindən ibarətdir. Əks halda işdə plagiatın yer
alması baş verir ki, bu da yol verilməzdir.
Nəyi sitat kimi göstərmək olar
Sitatların mənbələrinin işdə göstərilməsindən əlavə, istifadə olunan biliyin
mütləq sitat şəklində göstərilməsinə olan ehtiyac da yoxlanmalıdır. Yəni, ümumi
halda hamıya məlum olanların mütləq sitat kimi göstərilməsi düzgündürmü? –
sualına cavab verilməlidr. Sitatların işdə göstərilməsi üçün əsas meyarlardan biri
onun biblioqrafik verilənlərinin və mənbəyinin asanlıqla tapılmasından və beləliklə
gətirilən sitatın düzgünlüyünün yoxlana bilinməsindən ibarətdir. Yəni yalnız
ictimaiyyətə əlçatan olan mənbələrdən istifadə edilməsi məqbul sayılır.
Ən geniş yayılmış sitat mənbələri kitablar, məqalələr, hüquqi normativlər və
dissertasiyalardır. İnternetdən sitat gətirilməsinə xüsusi tələblər qoyulur. Bu haqda
aşağıda ətraflı söhbət açılır.
Sitat gətirməyə qoyulan tələblər
Sitatların işdə göstərilməsi zamanı aşağıdakı qaydalara əməl olunması tələb
olunur:
1. Sitatın mətni dırnaq arasına alınır və ilkin mənbədə verildiyi kimi işdə qeyd
edilir. Yazma zamanı sitatın mətnindəki köhnə qrammatik qaydaları yenisi ilə əvəz
etməyə yol verilir. Bu halda dəyişməyə izahat verilməlidir. Sitat gətirilən səhifənin
alt hissəsində sitatın dəqiq mənbəyi göstərilir. Sitatla əsas mətnin arasından bütöv
xətt çəkilir. Digər müəlliflər tərəfindən təklif olunmuş anlayışlar yalnız polemikaya
səbəb olduqda dırnaq arasına alınır, əks halda buna ehtiyac duyulmur.
2. Sitat, müəllifin fikrini təhrif etmədən verilməlidir. Bəzi hallarda verilən
sitatın həcmini kiçiltmək məqsədilə sözlərin buraxılmasına yol verilir. Bu halda
arada çoxlu nöqtələr qoyulur.
Məsələn:
İlkin mənbə: “Müasir tibbdə əldə olunan uğurlar uyğun müalicə
vasitələrindən istifadə etməklə istənilən yüksək sağlamlıq səviyyəsini hər kəs üçün
əlçatan etməyə imkan verir.”
Şəxsi variant: “... tibbdə əldə olunan uğurlar ... yüksək sağlamlıq səviyyəsini
əlçatan etməyə imkan verir.”
3. Dolayısı yolla gətirilən sitatlar (başqa müəlliflərin fikirlərini öz sözləri ilə
izah etmədə) böyük mətnə qənaət etməyə imkan verir. Belə olan halda da müəlifin
fikrini təhrif etməyə yol verilmir. Sitatın sonunda “Bax.” qeydi ilə oxucu mənbəyə
yönəldilir.
İlkin mənbə: “Reabilitasiya sahəsi xəstəxanalara nisbətən daha çox inkişaf
etməkdədir.”
Mənası dyişdirilmiş halda: Reabilitasiya sahəsi xəstəxana sektoruna nisbətən
daha yüksək dinamikaya malikdir.
4. Həddən artıq sitatlardan istifadə etmək arzu olunmur, çünki, bu işin elmi
səviyyəsini aşağı salır.
5. Əgər tədqiqatçı göstərilən sitatda kursivlə bəzi sözləri ayırmaq istəyirsə, o
bunu məxsusi olaraq göstərməlidir. Yəni sitatda ayrılmış sözdən sonra şəxsi izahat
verilir, bunun ardınca isə müəllifin inisialları göstərilir. İzahat mətni mötərizəyə
alınır. Belə izahatlara misal olaraq: (haşiyə mənimkidir. – R.Ə.), (mənim
tərəfimdən vurğulanmışdır. – R.Ə.), (kursv mənimkidir. – R.Ə.) göstərmək olar.
6. Hər sitatın mənbəyi mətndə göstərilir və nömrələnir. Uyğun mənbəyə
istinad iki variantda aparılır:
- Birinci variantda sitatın mənbəyi bütövlükdə onun daxil edildiyi mətndə
verilir. Üstün cəhətinə o aiddir ki, oxucu ədəbiyyat mənbəyi haqqında birbaşa
məlumat alır. Ancaq mətnə geniş əlavə informasiyanın daxil edilməsi fikrin
dağılmasına gətirib çıxarır. Bu da onun çatışmayan cəhətini göstərir.
- İkinci variantda ədəbiyyat mənbəyi sətiraltı göstərilir və kənar informasiya
kimi təsir göstərir. Bu informasiya oxucunun diqqətini mətnin məzmununa
yönəldilməsinə maneəçilik göstərmir və lazım gəldikdə dəqiq nəzərdən keçirilə
bilər. Burada mənbənin iki cür göstərilməsi mümkündür: tam və ya ixtisarla.
Oxucunu səlis oxuma tempindən ayırmamaq üçün çox vaxt qısa yazılma
formasından istifadə edilir. Qısa məlumatın önündə mənbə kimi istifadə olunmuş
ədəbiyyatların siyahıdakı yeri göstərilir. Burada yalnız müəllifin adı və mənbənin
siyahıdakı nömrəsini göstərmək kifayət edir.
7. Sitatların əlyazmada göstərilməsi zamanı onların mütləq vahid formada
tərtibinə çalışmaq lazımdır.
8. Xarici dildə olan sitatlardan imkan daxilində az istifadə edilməsi məsləhət
görülür, çünki onun azərbaycan dilinə tərcüməsi tələb olunur. Xarici dildə olan
sitatlardan yalnız o zaman istifadə əlverişlidir ki, onun nisbətən dəqiq, başqa
interpretasiyalara yol verməyən tərcüməsi mövcud olsun. Bu sitatlardan istifadə
tədqiqatçının xarici dil səviyyəsini yoxlamaq üçün nəzərdə tutulmur. Yazma
zamanı başqa tərcümələrin də istifadəsinə yol verilir. Bu halda tərcüməçinin adını
altsətirdə qeyd etmək lazımdır.
Mətndə aşağıdakı sözlərdən istifadə etməklə oxucunun diqqətini sitata
yönəltmək olar: “məlum olduğu kimi...”, “əgər nəzərə alsaq ki,...”, “təkcə bu doğru
deyil ki,...”, “ və bu da tamamilə doğrudur...” və i.a. Sitatların göstərilməsində ilkin
və yoxlanmış mənbələrdən istifadə etmək məqsədəuyğundur.
Texniki elmlərdə sitatlardan istifadə
Humanitar elmlərdə sitatların gətirilməsi və analizi yeni biliklərin əldə
olunmasını göstərməkdirsə, texniki sahələrdə bu tamam başqa, daha doğrusu az
məna kəsb edir. Texniki mətnləri yazma prosesində tədqiqatçının öz şəxsi biliyinin
artırılması öndə durmur. Burada söhbət çox vaxt eksperimentlər və ya mütaliə
zamanı qazanılmış faktiki biliklərin başadüşülən şəkildə təsvir olunmasından gedir.
Hətta, ədəbiyyatların toplanması və analizi mərhələsində də yalnız müəyyən
tapşırığa uyğun informasiyaların toplanmasına cəhd edilir. Ədəbiyyatlar burada
daha az interpretasiya edilir. O, daşıdığı informasiya dolğunluğuna görə
qiymətləndirilərək ümumiləşdirilir. Uyğun olaraq çox nadir hallarda kitab və
məqalələrdən digər müəllifin mövqeyi və arqumentasiyası götürülərək yazarın öz
sözləri ilə ümumiləşdirilir və başqa mövqelərlə müqayisə edilir. Mühəndislik
elminin inkişafına baxmayaraq mətnlərin analizi elmi metod kimi yalnız humanitar
elmlər üçün prioritet olaraq qalır.
İnternet materiallarından sitatların gətirilməsi
Yuxarıda qeyd edildiyi kimi, istifadə olunan mənbələrin elmi işdə dəqiq və
düzgün verilməsi vacib tələblərdəndir. Bu, internetdən götürülmüş materiallar üçün
də eyni qaydada qüvvədədir. Onu da qeyd etmək lazımdır ki, intenet mənbələrinin
yoxlanması digərlərinə nisbətən daha tez və asandır. İndiyə qədər internet
mənbələrindən sitatların göstərilməsi üçün bir neçə təklifin işlənməsinə
baxmayaraq onlardan istifadə zamanı müxtəlif dərəcəli çətinliklər meydana çıxır.
Bu çətinlik bir tərəfdən ondan ibarətdir ki, internet materiallarının müəllifini heç də
həmişə asanlıqla tapmaq mümkün olmur. Digər tərəfdən rəqəmsal media
mənbələrinin (verilənlər bankı, bloqlar, məzmunu dinamik dəyişilən portallar)
çoxsaylı olması sitatların gətirilməsini elə də asan etmir. Başlıca problem ondan
ibarətdir ki, təkcə URL–lər yox, həmçinin onların məzmunu və veb–səhifələrinin
strukturu daimi olaraq yenilənir. Bu problemlərə o da əlavə olunur ki, əksər
internet mənbələrinin arxivləşdirilib uzun müddət istifadəçilər üçün əlçatan
olmasına baxmayaraq, bəzi səhifələr müəyyən vaxtdan sonra pozulur və ya başqa
ünvana köçürülürlər. İnternetdə verilmiş mətnlərin neçə səhifədə yerləşməsini
ayırd etmək heç də həmişə mümkün olmur. Ciddi internet portalları öz
səhifələrində mətnləri səhifələrə bölünmüş şəkildə yerləşdirirlər. Bu arzuolunan
olsa da, ona heç də həmişə rast gəlinmir.
|