1. Faydalı qazıntılar, istifadə və problemlər.
Faydalı qazıntılardan və ilkin xammaldan kompleks şəkildə istifadə olunması
təsərrüfat sahələrinin müxtəlif məhsullara tələbatının ödənilməsi, əhalinin müxtəlif
tələbat mallarına ehtiyacını ödəmək zərurətindən irəli gəlir.
Elm və texnikanın sürətli inkişafı müxtəlif xammal və məhsula olan tələbatını
da artırır. Bu isə öz növbəsində ilkin xammalın emalında tam və kompleks yanaşmanı
tələb edir ki, bu iqtisadi, sosial, ekoloji və təbiəti mühafizə nöqteyi-nəzərincə daha
önəmlidir. Təbii resurslara kompleks istifadə nöqteyi-nəzərincə yanaşma sənayenin
ərazi təşkilini asanlaşdırır və stimullaşdırır. Təbii sərvətlərdən kompleks istifadə
hələlik ölkəmizdə neft və təbii qaza münasibətdə formalaşmışdır və onun iqtisadi
- 74 -
qiymətləndirilməsi, stimullaşdırılması tam olaraq həyata keçirilir. Respublikamız
dünyada neft və təbii qaz resursları ilə zəngin ölkələrdən biridir və ərazinin 70%-i
perspektivli süxurlara malikdir. Xarici şirkətlərlə aparılan tədqiqat işləri göstərir ki,
bu resursların böyük ehtiyatı Xəzərin şelf hissəsindədir. Hesablamalar göstərir ki, ildə
20-30 mln. ton həcmində neft istehsal olunarsa, bu 100 il neft hasilatına imkan verər.
Abşeron yarımadasında 1878-ci ildən sənaye üsulu ilə neft istehsal olunur. Indi
Xəzərin şelfində, xüsusilə də Bakı və Abşeron arxipelaqlarında çox zəngin neft-qaz
yataqları kəşf olunmuşdur və axtarış – layihə işləri davam etməkdədir. Bununla
yanaşı Qobustan, Cənub-Şərqi Şirvan, Muğan ərazilərində iri neft yataqları
mövcuddur. Gəncə-Qazax iqtisadi rayonunun Qazanbulaq, Dəliməmmədli, Borsunlu,
Tərsdəllər, Kəmaləddin və Ceyrançöl ərazilərində neft-qaz yataqları kəşf edilərək
istismara verilmişdir. Hazırda ölkədə 70-dən çox neft və təbii qaz yataqlarından
istifadə olunur. Keçən dövr ərzində potensial neft ehtiyatının 40%-i, qaz ehtiyatının
20%-i istifadə olunmuşdur. Son illər aparılan kəşfiyyat işləri göstərir ki, ölkənin qaz
ehtiyatı yaxın illərdə ixrac əhəmiyətini daha da artıracaqdır.
Respublika ərazisində neft və qazla yanaşı çoxlu miqdarda tikinti materialları,
mineral, termal, yodlu-bromlu sular, filiz, qeyri-filiz, kimya və digər növ xammallarla
zəngindir. Böyük və Kiçik Qafqaz, Naxçıvan əraziləri xüsusilə də filiz resirsları ilə
zəngindir. Şəki-Zaqatala rayonunda Filizçay polimetal, Daşkəsən rayonunda dəmir
filizi ehtiyatları iri yataqlarda yerləşir. Daşkəsənin dəmir filiz ehtiyatı təxminən 280
mln. ton olub cənubi Qafqazda ən iri yataq hesab edilir. Dəmir filizinin müəyyən
qədər ehtiyatı Gədəbəy, Ordubad, Şəmkir rayonunun ərazilərində də aşkar edilmişdir.
Kiçik Qafqazın şimal yamacında kobalt, kükürd kolçedanı, mis filizi, qranit, mərmər,
fülüslü əhəng daşları, barit və digər resurslarla zəngindir. Mis filizinin iri yataqları
həmçinin Gədəbəylə yanaşı Tovuz, Qazax, Daşkəsən, Ordubadda, Şəki-Zaqatalanın
Filizçay, Kasdağ və Katex yataqlarında da var. Respublikamızda əlvan metallardan
alunit, polimetal qarışığı, mis, qızıl, qurğuşun, sink, molibden, civə, sürmə, kobalt,
seolit ehtiyatları sənaye əhəmiyyətlidir. Zəylik yatağının aluniti kompleks xammaldır,
ondan alüminium oksidi, sulfat turşusu, kükürd qazı, kalium gübrəsi və kalium duzu
- 75 -
alınır. Ölkə ərazisində polimetal filiz ehtiyatı geniş yayılmışdır. Qarabağda
Mehmana, Naxçıvanda Gümüşlü, Parağaçay, Qapıcıq, Balakəndə Filizçay
yataqlarında onun ehtiyatı çox olsa da, hələlik sənaye üsulu ilə istismar edilmir. Son
illər respublika ərazisindəki polimetal yataqlarında 2500 ton gümüş, 400 ton qızıl, 1.5
mln. ton misin ehtiyatı aşkarlanmışdır. Ekspertlərin rəyinə əsasən qızılın ehtiyatı
Kəlbəcərdə kvars-qızıl, Ağdərə mis-kvars-qızıl, Gədəbəydə qızıl-mis-kolçedan,
Zəngilanda kvars-qızıl, Qazax və Tovuzda qızıl-sulfid qarışıqlı olmaqla 1000 tondan
çoxdur. Lakin qızılın kəşf olunmuş ehtiyatı 50 ton, təsdiq olunmuş ehtiyatı isə 10 ton
qiymətləndirilir. Civə ehtiyatı 50-dən artıq yataqda müəyyən edilmişdir. Kəlbəcər-
Laçın iqtisadi rayonu ərazisində 6 civə yatağı aşkar edilmişdir və bunların içərisində
Şorbulaq, Ağyataq və Löhçay yataqları daha perspektivli sayılır. Bütövlükdə
qurğuşunun ehtiyatı 1.7 mln. ton hesablanmışdır ki, metal tutumluğu 1.54% təşkil
edir.
Gəncə-Qazax iqtisadi rayonu bir çox təbii resurslarla, o cümlədən sənayenin
müxtəlif sahələrində, xüsusilə də, neft sənayesində geniş istifadə olunan bentonit gil
ehtiyatı ilə də zəngindir. Qazax rayonunun Daş Salahlı bentonit gil yatağından
müxtəlif sahələrə tətbiq olunan xammal ehtiyatı vardır. Bu xammaldan qara
metallurgiyada metallaşdırılmış dəmir filizi diyircəkləri istehsalında, neft hasilatında,
tikinti-materialları sənayesində, irriqasiya qurğularının tikintisində, şərabçılıqda geniş
istifadə edilir.
Ölkə ərazisində kimya sənayesinin inkişafını təmin etmək üçün qeyri-metal
xammal ehtiyatları da kifayət qədərdir. Belə ki, Neftçala, Babazənən, Xıllı,
Mişovdağ, Muğan, Şirvan, Böyükşor yodlu-bromlu suları kimya sənayesinin inkişafı
üçün böyük ehtiyatlara malikdir. Cənub-Şərqi Şirvanda yerləşən yodlu-bromlu
suların ehtiyatı sutkada 250 min kub km-ə bərabərdir. Kəşf olunmuş ehtiyatına və
yüksək keyfiyyətinə görə onun başqa xammal mənbələrindən xeyli fərqi var. Hazırda
Neftçala və Xıllı yataqları əsasında Neftçala, Abşeron mədən suları əsasında isə
Suraxanı yod-brom zavodları fəaliyyət göstərir. Abşeron və Qobustandakı çöküntü
duz ehtiyatları, Göygöl rayonu ərazisində Başqışlaq və Çovdardakı barit, Balakən,
- 76 -
Gədəbəy, Toğanalı və Çıraqdərədəki kükürd kolçedanı, Laçın rayonundakı Qorçu
yatağında və Yuxarı Ağca kəndindəki kopal, Nehrəmdə dolomit, Göygöldəki Çovdar
və Mirzin mineral boyalar və piqmentlər, Naxçıvanın daş duz yataqları kimya
sənayesi üçün əsas xammal mənbəyidir.
Ölkə ərazisi tikinti materialları ilə tam təmin olunmuşdur. Sənaye ehtiyatı 126
mln. ton olan Zəngilan rayonunda əhəng daşı yatağı vardır. Ölkə ərazisində 400-ə
qədər müxtəlif növ qeyri-filiz və tikinti materialları yataqları kəşf edilmişdir. Bura
ümumi ehtiyatı 403.5 mln. ton olan 10 sement istehsalına yararlı əhəng daşı, 477 mln
kub. km olan 44 divar daşı, 55 mln. kub. km olan 22 üzlük daşı, 3.7 mln. kub km
ehtiyata malik dekorativ qırma daş ehtiyatı 16 mln. kub km olan 2 keramika xammalı,
ehtiyatı 204.4 mln. kub. km 24 inşaat daşı, 160.7 mln. kub. km 73 gil, 1.03 mlrd. kub.
km 61 qum-çınqıl, 48.4 mln. kub. km qum, 13 kub km ehtiyatla 11 mln. 2 perlit və
pemza yataqları daxildir (E.Yusifov. səh.88). Yuxarı Ağcakənd yüksək keyfiyyətli
yataq digərləri ilə birlikdə ildə 500 min ton gips verir ki, bu da sənayedə və kənd
təsərrüfatında geniş istifadə olunur. Gipsə olan tələbatın getdikcə artması onun
istehsal və emalını təmin edən yeni müəssisələrin yaradılmasını tələb edir. Digər
tikinti materiallarından kvars, tikinti qumu, əhəng daşı, qumdaşı, mişar daşı, mərmər,
mərmərəbənzər əhəng daşı, travertin, tikinti daşı, kərpic, keramit gili, çınqıl və s.
böyük ehtiyatları ölkə ərazisində kifayət qədərdir. Böyük Qafqaz, Kiçik Qafqaz,
Naxçıvan təbii vilayətləri, Lənkəran-Masallı regionu mineral və termal sularla
zəngindir.
Ölkəmizdə təbii resurslardan istifadə, xüsusilə onun daha dinamik, iqtisadi
cəhətdən daha əlverişli resursu sayılan neftin hasilatı tarixi hələ eramızdan əvvəl VII-
VI əsrlərə aid edilir. Tarixi mənbələrdə ölkə ərazisində XV əsrdə 500-dən çox
quyunun olması barədə məlumatlar vardır. Balaxanı mədənlərində aşkarlanan köhnə
neft quyusu ətrafındakı daş kitabədə quyunun dərinliyinin 64 metr olduğu göstərilir.
1871-ci ildə Balaxanı kəndi yaxınlığında 42 metr dərinliyi olan mexaniki üsulla
qazılan quyudan neft fontan verir və bu tarix Azərbaycanda neftin sənaye üsulu ilə
hasil edilməsinin başlanğıcı hesab edilir. Artıq XIX əsrin sonlarında Balaxanı-
- 77 -
Sabunçu-Ramana sahəsində çıxarılan neftin həcmi dünya ilə müqayisədə 44% - təşkil
edirdi. 1901-ci ilin hesabatında göstərilir ki, Bakı dünya neft hasilatının 50%-ni,
Rusiyada istehsalın isə 95%-ni vermişdir. Dünyada ilk neft quyularının quruda
fontanla neft verdiyi Azərbaycan həmçinin dənizdə ilk neft hasilatının da Vətəninə
çevrilmişdir. Tarixə “Yeddi gəmi adası” adı ilə başlayan və 1949-cu ildə fontan verən
neft hasilatı sonralar “Neft Daşları” kimi məşhurlaşmış və bu gün nəhəng yaşayış və
istehsal kompleksinə çevrilmişdir.
XX əsrin 90-cı illərinin əvvəlində sosializm sisteminin, eyni zamanda SSRİ-nin
dağılması bütün postsovet məkanında bir çox sahələr kimi neft hasilatı və emalına da
ciddi təsir göstərmişdir. Bu illərdə neft hasilatının azalması, eyni zamanda da neftə,
neft məhsullarına tələbatın artması müstəqil Azərbaycanın neft sənayesini inkişaf
etdirmək, bu məhsulu dünya bazarına çıxarma, zəif iqtisadiyyatı möhkəmləndirmək,
dünyanın aparıcı neft şirkətlərini ölkəmizə cəlb etmək imkanı yaratdı. Bu dövrlərdə
ölkənin neft strategiyasını düzgün həyata keçirmək, ölkə iqtisadiyyatını dirçəltmək,
beynəlxalq nüfuz sahibi olmaq, dünyanın aparıcı və qüdrətli dövlətlərindən birinə
çevrilmək imkanı yarandı. Hələ 1782-ci ildə ingilis səyyahı Forster haqlı olaraq
yazırdı ki, Bakıda gələcək üçün böyük bir xəzinə vardır. Həqiqətən də Azərbaycanın
məqsədyönlü iqtisadi-siyasi strategiyası əməli işində bunu bir daha sübut etdi. 20
sentyabr 1994-cü ildə dünyanın ən iri transmilli neft şirkətləri ilə birgə “Əsrin
müqaviləsi” imzalandı. Bu müqaviləyə əsasən 30 il müddətində “Azəri”, “Günəşli”,
“Çıraq” yataqlarından 511 mln. ton neft, 55 mlrd. kub. metr qazın çıxarılması nəzərdə
tutulmuşdur. Bu müqavilə nəinki respublikamızın, hətta bütövlükdə Cənubi Qafqazın
iqtisadiyyatında böyük bir mərhələnin başlanğıcını qoydu. Bakı-Tiflis-Ceyhan neft
kəməri Azərbaycan neftini dünya bazarına çıxarmaqla ölkənin beynəlxalq imicini
yüksəklərə qaldırdı, ölkə büdcəsini, ehtiyat valyuta fondunun yüksək səviyyədə
tənzimlədi.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin neft və qaz istehsalını
artırmaq üçün aşağıdakı müqavilələri imzalamışdır:
- 78 -
1.
1994-cü il sentyabrın 20-də “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarını birgə
işləmək üçün “Əsrin müqaviləsi” imzalanmışdır. Bu müqavilədə dünyanın
aparıcı şirkətləri olan ABŞ-ın “AMOKO”, “Mak Dermot”, “Yunoka”,
B.Britaniyanın “Britiş Petrolium”, “Remko”, Norveçin “Statoyl”, “Türk
petrolları”, S.Ərəbistanının “Delta” iştirak edir.
2.
1995-ci il noyabrın 10-da Qarabağ yatağının “Likoyl”, “Penzoyl”, “ACYP”,
Rusiya və İtaliyanın “LUKACİP” neft şirkətlərinin birgə hasil etməsi üçün
müqavilə imzalamışdır. Lakin istismar olunacaq yataqda neftin miqdarının az
olması müəyyənləşdikdən sonra 21 yanvar 1999-cu ildə müqavilənin fəaliyyəti
dayandırılmışdır.
3.
1996-cı il iyulun 4-də Bakıda “Şahdəniz” yatağının istismarı üçün “Britiş
Petrolium”, “Statoyl”, “Lukoyl”, “Türk petrolları”, Fransanın “Elf Akiten” və
İran neft şirkəti ilə birgə müqavilə imzalanmışdır. 1999-cu ildə bu yataqda
təbii qazın ehtiyatının 0.7-1.5 trln. kub metr olduğu müəyyənləşdiyindən yaxın
illərdə qaz hasilatını artırıb ixrac etmək nəzərdə tutulmuşdur.
4.
1996-cı il dekabrın 14-də Bakıda “Dan ulduzu” və “Əşrəfi” neft yataqlarının
birgə istismarı üçün ABŞ-ın “AMOKO”, “YUNOKAL”, Yaponiyanın “İtoçu”,
Səudiyyə Ərəbistanının “Delta” neft şirkətləri ilə müqavilə imzalanmışdır.
Lakin sonradan bu yataqlarda qazılan kəşfiyyat quyuları nəticəsində lazımi
qədər neft ehtiyatları olmadığı müəyyənləşdirilmişdir.
5.
1997-ci il yanvarın 13-də Parisdə “Lənkəran-dəniz” və “Talış-dəniz”
yataqlarından neft hasilatı üçün Fransanın “Elf Akiten” və “Total”,
Almaniyanın “Deminenks”, İtaliyanın “ACYP” və İranın neft şirkəti ilə
müqavilə imzalanmışdır.
6.
1997-ci ilin iyulun 4-də Moskvada Rusiyanın “Lukoyl” və “Rosnet” şirkətləri
ilə birgə hasilatı nəzərdə tutulan “Kəpəz” və “Yalama” neft yataqlarının
istismarı haqqında 2 illik müqavilə imzalanmışdır.
7.
1997-ci ilin avqustun 1-də Vaşinqtonda “Abşeron”, “Naxçıvan”, “Oğuz” və
“İnam” yataqlarının birgə istismarı üçün ABŞ-ın “Şirvan”, “AMOKO”,
- 79 -
“EKSSON”, “Mobil” və Fransanın “Total” neft şirkətləri ilə müqavilə
imzalanmışdır.
8.
1997-ci il sentyabrın 25-də İtaliyada “Kürdaşı”, “Araz” və “Hirkan”
yataqlarının istismarı üçün İtaliyanın “Eni ACYP”, İspaniyanın “Repsol” və
Türkiyənin “Türk petrolları” şirkətləri ilə müqavilə imzalanmışdır.
9.
1998-ci il iyunun 2-də Bakıda “Kürdaşı” (1940-cı ildə kəşf olunmuş) yatağının
birgə işlənməsi üçün Yaponiyanın “Mitsui” bə Türkiyənin “Türk petrolları”
neft şirkətləri ilə müqavilə imzalanmışdır.
10.
1998-ci il iyulun 2-də Lindonda “Araz”, “Alov” və “Şərq” yataqlarının birgə
istismarı üçün B.Britaniyanın Norveç müştərək şirkəti olan “Bi-Pi-Statoyl” ilə
“İnam” yatağının qalan hissəsinin ABŞ-ın “AMOKO”, B.Britaniyanın
“Monument oil and gaz” və Rusiyanın Mərkəzi Yanacaq şirkəti ilə müqavilə
bağlanmışdır.
11.
1998-ci ilin dekabrın 25-də “Yanan tava”, “Atəşgah” və “Muğan-dəniz”
yataqlarının birgə istismarı üçün Yaponiyanın “Capanpetrolium”, “İndoneziya
petrolium”, “İtoçu”, “Teykoku oyl” neft şirkətləri ilə müqavilə imzalanmışdır.
12.
1999-cu il aprelin 27-də Vaşinqtonda “Zəfər” və “Məşəl” yataqlarından ABŞ-
ın “Eksson”, “Savalan”, “Dalğa”, “Lerik-dəniz” və “Cənub” neft yataqlarından
“Mobil” şirkətləri ilə müqavilə imzalanmışdır.
Eyni zamanda quruda olan köhnə və yeni quyuların xarici ölkə şirkətləri ilə
yenidən qurulması, bərpası və istismarı ilə bağlı bir neçə müqavilə də imzalanmışdır:
1.
1998-ci il iyunun 2-də Cənub-Qərbi Qobustana aid olan sahələrin ABŞ-ın
“Yunion Teksas”, B.Britaniya və Kanadanın “Komonvels oyl ənd qaz”,
“Kürsəngi-Qarabağlı” yatağının ABŞ-ın “Amirada Hess”, Səudiyyə
Ərəbistanının “Delta” və ABŞ-ın “Frontera Resorses Korporeyşn” neft
şirkətlərinin birgə işlənməsi barədə müqavilə imzalanmışdır.
2.
1998-ci il iyulun 21-də Londonda “Muradxanlı”, “Cəfərli” və “Zərdab”
yataqlarının B.Britaniyanın “Remko” şirkəti ilə istismarı barədə müqavilə
imzalanmışdır.
- 80 -
3.
1999-cu il aprelin 27-də Vaşinqtonda Şamaxı və Hacıqabul rayonları
ərazisində yerləşən “Padar”, “Böyük və Kiçik Hərəmi”, “Qırlıq” yataqlarının
hasilatı barədə ABŞ-ın “Monikrif” neft şirkəti ilə müqavilə imzalanmışdır.
Dünyanın aparıcı neft şirkətləri ilə bağlanan bu müqavilələrin nəinki iqtisadi
inkişafın, həmçinin siyasi müstəqilliyin əldə olunmasına, Dağlıq Qarabağ
probleminin həllinə də ciddi köməyi danılmazdır.
Dostları ilə paylaş: |