______________Milli Kitabxana_____________
269
nəslə keçmişdir. Lakin eramızın ilk əsrlərindən etibarən qədim
Azərbaycanda ilan kultu və digər totemistik təsəvvürlər ay kultu
tərəfindən sıxışdırılır. Bunun nəticəsində ilan və başqa totemistik
motivlər dulusçuluqda olduğu kimi getdikcə ideya əhəmiyyətini
və təsvir tamlığını itirir, şəkilcə təhrif olunaraq ornamental
formaya çevrilir. Belə ideoloji dəyişiklik kənd təsərrüfatının,
xüsusilə suvarma kanalları şəbəkəsinin genişləndirilməsi ilə
əlaqədardır. Belə ki, əvvəllər dinə görə axirət dünyasının allahı
sayılan Ay, sonralar suvarma sisteminin hamisi hesab edilirdi.
Qədim Azərbaycanda şüşə istehsalının mövcud olduğunu
sübut edən arxeoloji abidələrə misal olaraq Torpaqqalada (IV-VI
əsrlər) və Qəbələdə (VII-VIII əsrlər) tapılmış şüşə bişirən
emalatxanaların qalıqlarını göstərmək lazımdır.
Şüşə məmulatı içərisində kiçik qablar öz bədii keyfiyyəti ilə
diqqəti daha çox cəlb edir. Azərbaycan Dövlət Tarix muzeyində
saxlanan şüşə qabları zahiri görkəminə görə altı qrupa bölmək
olar.
Birinci qrupun qabları küpə şəklindədir. Onlar əksər
hallarda bəzəksiz olur. Lakin bəzi qabların üzərində şüşə
saplarının gəzdirilməsindən alınan naxışlara da rast gəlirik. Buna
misal olaraq I-III əsrlərdə yaradılmış Mingəçevir qabını göstərə
bilərik. Onun gövdəsi ilanyolu-sınıq xətlərlə bəzədilmişdir. Həmin
dövrdə türk tayfaları belə ziqzaq xətlərin fövqəladə sehrkar
qüvvəsinə inanırdılar. Belə xətlər gecənin zülmətini dağıdan
şimşəyin, göyləri lərzəyə salan ildırımın timsalı kimi qəbul
edilmişdi. Xalq belə xətlərdən bədxah qüvvələrə, bədnəzərə qarşı
mühafizəedici bir nişan kimi istifadə edir, onların sehrkar
qüvvəsinə inanırdı. Buna görə də o dövrün gil qablarında, metal
əşyalarında, taxta və sümük daraqlarda ziqzaq xətlərə tez-tez
təsadüf edirik.
Mingəçevirdən tapılmış bu qrupun nümunələri içərisində
gövdəsi kannelyurlarla bəzədilmiş bənövşəyi rəngli qablara da
təsadüf edirik. Onların bəziləri I-II, bəziləri isə IV-VIII əsrlərdə
yaradılmışdır. Ədəbiyyatda bu tip qabların qədim Finikiyadan
gətirildiyi qeyd edilir. Lakin bunların Azərbaycanda geniş
miqyasda işlədildiyini və buna görə də yerli ustalar tərəfindən
|