______________Milli Kitabxana_____________
118
haqqında fərziyyələr irəli sürürdülər. Artıq e.ə. III minillikdə
Şumerdə elə mütəfəkkirlər və pedaqoqlar meydana gəlmişdi ki,
bəşəri sualları irəli sürür və ona cavablar axtarıb tapmağa
çalışırdılar. Onlar özlərinin kosmologiya və teologiyasını
yaratmışdır. Həmin mütəfəkkirlərin yaratdığı baxışlar sistemi o
qədər inandırıcı olmuşdur ki, Yaxın Şərqin əksər ölkələri həmin
sistemi etirazsız qəbul etmişlər.
Qədim Şumer ədəbiyyatında şumer kosmologiya və
teologiyasının sistemli fəlsəfi şərhini axtarmaq mənasızdır. Çünki
Şumer mütəfəkkirləri idrakın əvəzedilməz silahı olan
müəyyənetmə və ümumiləşdirmə kimi elmi metodlarına
yiyələnməmişdilər. Gündəlik həyatın bu asılılıq haqqında minlərlə
nümunə verməsinə baxmayaraq, Şumer mütəfəkkirləri həmin
nümunələrdən hər şeyi ümumi və hərtərəfli əhatə edən qanunu
çıxara bilməmişdilər. Qədim Şumer fəlsəfəsi, teologiya və
kosmologiyası haqqında məlumatın ayrı-ayrı ədəbi əsərlərdən,
miflərdən, epik əsatir və himnlərdən toplanması heç də təəccüb
doğurmur. Şumerlərin fəlsəfi və teoloji nəzəriyyələrinin, habelə
dünya haqqında təsəvvürlərinin ilkin və əsas ünsürləri torpaq və
səma (yer və göy) idi. Onlar kainatı «an-ki»-»yer-göy»
adlandırırdılar.
Şumerlərə görə yer yastı disk, göy isə boş məkan olub
aşağıdan və yuxarıdan möhkəm səthə söykənmişdir. Onlar bu
səthin hansı materialdan hazırlandığını bilmirdilər. Yerlə göy
arasında üçüncü element - «külək» - hava, «ruh» yerləşirdi. Bu,
bizim anlayışla atmosferə uyğun gəlirdi. Günəş, ay, planetlər və
ulduzlar atmosferin yarandığı şeydən yaranmışdır və fərqi ondadır
ki, işıq sala bilirlər. «Göy-Yer» aşağıdan, yuxarıdan, hər iki
tərəfdən ucsuz-bucaqsız okeanlarla əhatə olunmuşdur.
Şumer mütəfəkkirləri özlərinin kosmoqoniyasını bu əsas
təsəvvürlərlə qururdular. Onların fikrincə, birinci okean olmuşdur.
Okean «birinci hərəkətverici» olmuşdur. Lakin onlar okeanın
zamanda və məkanda mövcudluğunu fikirləşmirdilər. Sonra
atmosfer yaranır, atmosferdən isə işıq verən cisimlər - günəş, ay,
planet və ulduzlar yaranır. Göyün yerdən ayrılmasından sonra
bitkilər, heyvanlar və nəhayət, insan meydana gəlmişdir. Kainatı
|