Antik Albaniyanın incəsənəti. Arxeoloji tədqiqatlar nəticəsində qədim
zamanların çoxlu ictimai binaları və başqa memarlıq abidələri, habelə sıravi tikililəri
aşkar edilmişdir. Tikinti qalıqları binaların çaydaşından qoyulmuş bünövrələrindən,
qismən salamat qalmış çiy kərpic divarlardan, bir çox sütunların müxtəlif tipli daş
təməllərindən ibarətdir. Bunlar yəqin ki, monumental binaların memarlıq üslubu ilə
bağlı yeganə məlum ünsürdür və təkcə əməli deyil, həm də estetik əhəmiyyətə
malikdir. Albaniya ərazisində divar rəsmləri, mozaika və binaların başqa bəzək-
düzəkləri təəssüf ki, hələ aşkar edilməmişdir.
Azərbaycan xalqının folklor ənənəsində hifz edilib saxlanılmış məlumat
binaların içərisinin naxışlı boyalarla, ipək parçalarla, xalı-xalça ilə bəzədildiyinə, bir
çox musiqi alətləri olduğuna və musiqi sənətinin yüksək inkişafına dəlalət edir.
Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə
tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti
qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter
daşıyır.
Bununla birlikdə Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə
parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd
etmək lazımdır. Məhz antik dövrdə dulus çarxının demək olar ki, tamamilə
istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına
baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir.
Keramikanın ən səciyyəvi tiplərindən biri olan "süddanlar" xüsusilə maraqlıdır.
Bunlar yumru gövdəli, birqulplu, azacıq yuxarı qalxmış uzunsov novçalı qablardır,
novçanın başlandığı yerdə adətən çox vaxt "süzgəc" düzəldilirdi. Bunlar
bişirilməmişdən qabaq ağımtıl və ya qırmızımtıl şirə ilə örtülürdü. Qabların boğazı və
qulpu bir çox hallarda batıq və ya çökək ornamentlə, gövdəsi isə simmetrik şəkildə
yerləşdirilən yapışdırma düyməvari naxışlarla bəzədilirdi. Səciyyəvi novçanın hər iki
tərəfinə vurulan bu cür yapışdırma naxışlar həmin qablara zoomorf görkəm verir.
Kürədə bişirilən məşhur birayaqlı və üçayaqlı qırmızı və qara vazalar kimi, təsvir
edilən qabların da yerli xalq ənənəsində dərin kökləri vardır və bu ənənənin ünsürləri
hellinizm dövrünün alban incəsənəti üçün xüsusilə səciyyəvidir. Eyni zamanda inkar
etmək olmaz ki, Yaxın Şərq və Aralıq dənizi ölkələri xalqlarının mədəniyyəti də alban
345
mədəniyyətinə müəyyən təsir göstərmişdir. Eramızdan əvvəl IV-III əsrlərdə geniş
yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf
və antropomorf qablar daxildir.
Ümumiyyətlə, mücərrəd ornamentlə bəzədilmiş qablara xüsusi düzəlmiş
qulpların, qapaqların və digər lazımlı ünsürlərin köməyi ilə zoomorf və ya
antropomorf görkəm verilir. Bir çox saxsı qablarda heyvanların, quşların, insanın
yapışdırma və basma ornamentlə, boya ilə yaradılmış sxematik təsvirləri vardır ki,
bunlar alban incəsənəti haqqında müəyyən təsəvvür yaradır.
Bununla əlaqədar olaraq İsmayıllı rayonunun Hacıhatəmli yaşayış yerindən
tapılmış dabanlı oturacağı olan boz rəngli vazanı xüsusilə qeyd etmək lazımdır;
Gövdəsi yapışdırma naxışla bəzədilmiş qabın kiçik şaquli qulpları vardır, ağzı
dəyirmidir. Şaquli qulpların hər iki tərəfinə çiçək şəklində kiçik naxışlar
yapışdırılmışdır; qulpun dibində də buna bənzər yapışdırma naxış vardır. Yapışdırma
naxışların köməyi ilə qaşlar, gözlər, qulaqlar və üzün hər iki tərəfindən sallanan iki
hörük, batıq cızıqların köməyilə kirpiklər bildirilmişdir. Qadın çöhrəsinin zəngin
təxəyyülü naməlum usta tərəfindən məharətlə yaradılmış təsviri əsrləri arxada
qoyaraq bizə gəlib çatmışdır. Buna oxşar antropomorf saxsı qablar qədim Şamaxı
qazıntılarından məlumdur. Qabın gövdəsinin yuxarı hissəsi adam başı formasındadır;
qulaqlar, burun, gözlər və bel realist görkəmdə verilmişdir. Təsvir edilmiş keramikaya
bənzəyən, maral, keçi, öküz, xoruz, göyərçin, tısbağa və i.a. formasında hazırlanan,
realist alban incəsənəti üçün səciyyəvi olan antropomorf saxsı qab Türkiyə ərazisində
olan hett abidələrindən də məlumdur. Eramızdan əvvəl IV-III əsrlərdən başlayaraq
Albaniyanın dekorativ-tətbiqi sənətində kiçik formalar plastikası, məişət süjetlərinə və
mifoloji süjetlərə dair səhnələrin batıq xətlərlə təsvir edildiyi daş heykəllər xüsusi yer
tutur. Albaniya terrakotları hər şeydən əvvəl qadın heykəlcikləri, az-az hallarda kişi
heykəlcikləri, zoomorf fiqurlar, o cümlədən yüyənli at təsvirləri ilə təmsil
olunmuşdur. Alban incəsənətinin bu abidələri olduqca çoxdur: təkcə İsmayıllı
rayonunun ərazisində, Mollaisaqlı-Hacıhatəmli yaylasında 60-dan artıq heykəlcik
aşkara çıxarılmışdır. Bunlar Mingəçevir, Qəbələ və Şamaxı qazıntılarından da
məlumdur. Albaniyanın kiçik gil heykəlyapma (koroplastika) sənəti arxaik formaları
xeyli dərəcədə hifz edib saxlamış və o, Şərq incəsənəti üçün səciyyəvi olan üslubda
yaradılmışdır.
Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan
Ana İlahəsinin təsviri ilə bağlı olmuşdur.
Albaniya koroplastikasının müəyyən hissəsi Azərbaycanın qədim əhalisinin
etiqadlarını və təsəvvürlərini əks etdirən, qonşu ölkələrin incəsənəti ilə ümumi
cəhətləri olan zoomorf təsvirlərlə təmsil edilmişdir. Arxaik cizgiləri saxlayan terrakot
heykəlciklər antik dövrdə Ön Asiya və Yaxın Şərq incəsənətinin lokal məktəblərindən
birini təmsil edir.
346
Albaniyanın monumental heykəltəraşlığı arxeoloji tədqiqatların gedişində
əsasən Şirvanda və Qarabağda üzə çıxarılmış antropomorf daş heykəllərlə təmsil
olunmuşdur. Onların böyük bir qismi əhəngdaşından hazırlanmışdır və adamı
boyaboy və ya hətta daha iri ölçüdə təqdim edir. Heykəllərin başları bir qayda olaraq
qopuqdur. Sağ əl sol döşə, sol əl qarın üstünə və ya sağ əldən aşağıya qoyulmuşdur.
Şamaxı rayonunun Çıraqlı kəndində tapılmış daş heykəllər qrupunda üzün cizgiləri
(gözlər, burun, qulaqlar) aydın təsvir olunmuş, sakitlik, müdriklik, mərdlik kimi
xassələrin realistcəsinə ifadə edilməsinə cəhd göstərilmişdir.
Daş heykəllər əsasən yerli bütpərəst əhalinin səcdə etdiyi kişi bütləri idi. Bu
ənənə antik dövrdən ta ilk orta əsrlərə qədər yaşamışdır.
Daşdan yalnız monumental heykəllər deyil, həm də kiçik fiqurlar yonulur və
onların üzərində müxtəlif təsvirlər həkk edilirdi. Şamaxıda alban tətbiqi sənətinin
maraqlı abidəsi tapılmışdır. Bu abidə ağ əhəngdaşından hazırlanan, qədəhə oxşayan
zəngşəkilli bir qabdır. Onun içi boş olan gövdəsi bayır tərəfdən çökək ornamentlə
örtülmüşdür. Çəpəki və sınıq xətlərlə haşiyələnmiş kompozisiyanın mərkəzində bir-
birinin dalınca sıra ilə gedən beş heyvan - təkə, donuz, bəbir və aydın nəzərə çarpan
iki maral fiquru yerləşdirilmişdir. Qədəhin yuxarısı üç qabarıq başcıqla - kişi, qadın
və it başcıqları ilə qurtarır. İsmayıllı rayonu ərazisində Uzunboylar məskənində də
üzərində zoomorf təsvirlər olan daş piyalə tapılmışdır. Həm də buradakı maral
təsvirləri, ornament motivləri qədim Şamaxıda tapılmış qədəhdə olan maral
təsvirlərinə və ornament motivlərinə bənzəyir. Haqqında danışılan qabların hər ikisi
eyni məktəbin məhsulu olub mədəniyyət dairəsinə mənsubdur.
Demək lazımdır ki, plastik materialda, torevtika əsərlərində, qliptikada
çoxsaylı maral təsvirlərinin motivi məhz alban dekorativ tətbiqi sənəti üçün
səciyyəvidir.
Din. Strabonun məlumatına görə, albanlar yunanca Helios, Zevs və Selena
adlandırılan üç allaha sitayiş edirdilər. Antik müəllifin dediyinə görə, albanlar
Selenaya üstünlük verirlər. "Onun məbədi İberiyanın yaxınlığındadır. Kahin
vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, yaxşı məskunlaşmış geniş
hiyera xoranın başında, onun (hiyera xoranın) və hiyerodulların başında duran kişi
icra edir, hiyerodulların bir çoxu dini vəcd vəziyyətindədirlər və gələcəyi xəbər
verirlər". Başqa bir məbəd vilayəti Kür çayının sahilində idi. Dion Kassinin yazdığına
görə, Pompey albanlara qarşı yürüşü zamanı "qış düşərgəsini Anait vilayətində Kür
sahilində salmışdı". Həm Strabon, həm də Dion Kassi Qərbi Albaniyanın məbəd
vilayətlərindən danışırlar. Maraqlıdır ki, Şərqi Albaniyada Kaspi dənizinin adalarında
da müqəddəs vilayətlər olmuşdur. Bu barədə Mela məlumat verir: "Kaspi dənizində
Talqa (torpağa xüsusi) qulluq edilmədən də məhsuldardır; (Talqada) yerdə və ağacda
bitən hər cür meyvələr çoxdur, lakin qonşu xalqlar (Talqada) hasilə gələn bəhrəyə
toxunmağı yolverilməz və küfr hesab edirlər; onların inamına görə, bütün bunlar
347
allahlar üçün hazırlanmış və allahlar üçün saxlanılmalıdır". Antik müəllif ibadətgahın
özü haqqında heç nə demir, nə hiyereveslərin, nə də hiyerodulların adını çəkir. Belə
bir cəhət diqqəti cəlb edir ki, Talqada meyvələr çoxdur, lakin onlara toxunmaq
"yolverilməz və küfr sayılır", çünki burada hər şey allahlar üçündür. Mela müqəddəs
ağacları olan müqəddəs ərazilərdən bəhs edir, bu isə Albaniyanın şərqində, məsələn,
Selena ibadətgahının hiyera xorasında işlərin nisbətən bir qədər başqa cür olduğunu
göstərir. Çox ola bilər ki, Kaspi Talqasında daha primitiv xarakterli bir ibadətgah və
ya bir növ qədim pir varmış. Məlumat kasadlığı ölkənin baş ibadətgahını xarakterizə
etməyə imkan vermir, lakin güman etmək olar ki, məhz geniş əraziyə və çoxsaylı
əhaliyə malik olan Selena məbədi ictimai və dini həyatda mühüm rol oynamışdır. Bu,
xüsusilə ona görə düzgündür ki, Kiçik Asiyanın bəzi ibadətgahlarında olduğu kimi, bu
məbəddə də hiyerevs basilevsden sonra ikinci şəxs olmuşdur.
Qədim Albaniya panteonunun bir allahının Strabon tərəfindən antik dünyanın
məşhur baş allahı Zevslə eyniləşdirilməsi ilə əlaqədar olaraq iri daş bütlər maraq
doğurur. Bunların ən səciyyəvi olanları Xınıslıda, Dağkolanıda və Çıraqlıda aşkara
çıxarılmışdır. Bütlər yerli məsaməli daşdan yonulmuşdur. Çoxunun əl-ayağı və ya
başı yoxdur. Bütlərin böyük bir qisminin boyu adam boyuna çatır. Bunlar xronoloji
cəhətdən eramızdan əvvəl son əsrlərə - eramızın ilk əsrlərinə aiddir. Bütün bu bütlər
yonulma texnikasına görə nisbətən aşağı səviyyədə durur, qədim Yunanıstan və Roma
heykəltəraşlarının heykəlləri ilə müqayisəyə gəlmir.
Maraqlıdır ki, mərhumla birlikdə qəbrə qoyulmuş keramika məmulatının və
başqa əşyaların bir qismi ayparanı təsvir edən ornamentlə örtülmüşdür. Ay ilahəsinin
rəmzləri bununla məhdudlaşmır. Rəmzlər sırasına ilahə təsvirinin digər şərti işarələri
də aiddir. İlahəyə sitayiş maddi mədəniyyət abidələrində tez-tez şəkli verilən
müqəddəs ağacla bağlıdır. Müqəddəs ağaclara (dağdağan, saqqız ağacı, dəmirağacı,
çinar, qarağac və s.) sitayişin izləri bizim günlərdə də qalmışdır. Ay rəmzlərindən biri
də görünür, ilan təsviridir. Ornamentdə ilan təsviri Qafqaza məxsus bir rəmz sayılır.
Bir çox qəbirlərdən xeyli bilərzik tapılmışdır ki, onların bir qisminin başı ilan
şəklindədir. İlan şəkli bir sıra qablar üstündə də vardır. Sırğalara, üzüklərə və digər
bəzək şeylərinə geydirilən rəngbərəng qaş-daş da, ehtimal ki, Ayın həyat bəxş edən
qüvvəsi ilə bağlıdır. Bir çox hallarda "üç", "yeddi", "on bir" miqdar nisbətini ifadə
edən ornamentlə bəzədilmiş xeyli miqdarda keramika məmulatının mövcud olması
güman etməyə əsas verir ki, Albaniyanın qədim əhalisi qəməri təqviminin güclü təsiri
altında imiş. "Üç" ədədi ehtimal ki, təzə ay fazasının yunanlarda Selena adlanan ilk üç
günü ilə bağlı idi. Ay altıncı gün Artemida, on birinci gün hekata olur. Başqa bir
rəvayətə görə, Ay Yerin üzərində olanda Selena, Yerin daxilində olanda Artemida,
əks tərəfdə olanda isə hekatadır. Beləliklə, "üç" ədədi ayın dəyişilmə fazalarının və
onlardan asılı olan qüvvələrin rəmzidir. Ay albanların dini təsəvvürlərində fövqəladə
rol oynayırdı, güman ki, məbəd hiyerodullarının vəcd və ya divanəliyi allahın vergisi
348
sayılırdı, yəni Selena ilahəsinə sitayiş ilə bağlı idi. Selenaya sitayişin müxtəlif
formaları sonralar da yaşamaqda davam edirdi.
Yaxın vaxtlarda Azərbaycanda və Şərqi Gürcüstanda qədim etiqadların
ünsürləri tapılmışdır. Mollaisaqlıda, Mingəçevirdə, Xınıslıda aşkar edilmiş terrakot
heykəlciklər bu baxımdan maraqlıdır. Heykəlciklər kiçikdir (20 santimetrə qədər),
bəzi fiqurlarda boyunbağıların və bilərziklərin qabarıq təsvirləri, həmçinin geyimin
sxematik cizgiləri gözə dəyir, bir çox hallarda baş və əl-ayaq qopuqdur. Ola bilsin ki,
bu, dəfn adəti ilə əlaqədardır. Terrakot heykəlciklər eramızdan əvvəl son əsrlərə -
eramızın ilk əsrlərinə aid edilir. Qədim alban heykəlciklərini Qobustan qaya rəsmləri
ilə tutuşduraraq belə bir fərziyyə söyləyirlər: qadın heykəlcikləri də, qadın rəsmləri də
mənşə etibarı ilə Bərəkət ilahəsinin obrazından götürülmüşdür. İosif Flaviyə görə,
parfiyalı bir qadın ərinin vəfatından sonra zorla yəhudi Anileyin evinə aparılmış, lakin
oraya "özünün də, ərinin də sitayiş etdikləri allahların təsvirlərini gətirmişdir. Bu
yerlərin sakinlərində bir adət vardı: evdə bütlər saxlayır, səyahətə çıxanda yanlarında
aparırdılar; buna görə də o qadın öz ölkəsinin adəti üzrə bütləri özü ilə gətirmişdi. İlk
vaxtlar onlara gizlində ibadət edirdi. Bütlərə birinci ərinin evində necə sitayiş
etmişdisə, Anileyin arvadı olandan sonra da eləcə sitayiş eləməyə başlamışdı".
Sitatdan göründüyü kimi, bütlər çoxlu və portativ idilər. Burada parfiyalıların evdə
büt saxlamaq adəti xatırladılır, bu adət bir çox səbəblərə görə albanlara da aid ola
bilərdi. Gətirilən parçada söhbət, görünür, məhz Azərbaycanda aşkar edilən fiqurlara
bənzər terrakot heykəlciklərdən gedir. Qədim alban terrakot heykəlcikləri Selena
ilahəsini, digər müxtəlif allahları təmsil edə bilərdi. Helios, Zevs və Selena
allahlarının adları qədim dövrün başqa xalqlarında da çəkilir. Məsələn, Strabon
Parfiya dövrü haqqında belə bir məlumat verir ki, "farslar heykəllər və ya
qurbangahlar ucaltmırlar, Zevsə səcdə edirmiş kimi səmaya səcdə edərək hündür bir
yerdə qurban kəsirlər. Onlar Heliosu Mitra adlandıraraq ona, habelə Selenaya və
Afroditaya səcdə edirlər; sonra od, torpaq, külək və suya sitayiş edirlər, boynuna
çələng keçirilmiş qurbanlıq heyvanı müəyyən qaydada pak edilmiş yerə gətirərək
ibadətdən sonra qurban kəsirlər. Müqəddəs mərasimi icra edən kahin qurbanlıq əti
doğrayır, dindarlar paylarını götürüb gedirlər, allahlara heç nə saxlamırlar; onların
dediklərinə görə allaha qurbanın ruhundan savayı heç nə lazım deyildir. Lakin
bəzilərinin dediklərinə görə, onlar piyliyin kiçik bir tikəsini oda atırlar". Gətirilən
parça göstərir ki, Zevs, Helios və Selena farsların və albanların eyni allahları sayılır.
Helios ilə Mitranın, Strabon dediyi kimi, eyni allah olması diqqəti cəlb edir. Yunanlar
və romalılar məbədlərdə qurbangahlardan istifadə etdikləri halda, farslar istifadə
etmirdilər. Qurbanvermə mərasimi məbədin yaxınlığında məxsusi ayrılan "pak
edilmiş" yerdə icra olunurdu. Qurbankəsmə və ətpaylama adəti Azərbaycanın hər
yerində əhali arasında indi də yayılmışdır.
349
Dəfn adəti din ilə bağlıdır. Strabon yazır ki, "albanlar yalnız valideynlərinin
deyil, başqa [adamların] da qocalığına hədsiz hörmət bəsləyirlər. Nə ölənlər haqqında
fikirləşmək, nə də onları xatırlamaq lazım bilinmir. Lakin (onlar) ölənlərlə birlikdə
var-dövləti də basdırırlar. Buna görə də albanlar kasıb dolanırlar, atadanqalma heç
nələri olmur". Sonralar aparılan və albanların dəfn adətlərini bütün rəngarəngliyi ilə
aşkara çıxaran arxeoloji qazıntılar Strabonun bu təsvirini tamamlayır. Nisbətən kiçik
ərazidə başlıca olaraq həm torpaq qəbirlər, həm də üfüqi vəziyyətdə qoyulan
küplərdən ibarət qəbirlər vardı. O dövrün digər qəbir növləri katakomba qəbirləri,
taxta qəbirlər, təknə və çiy kərpic qəbirlərdir. Əksər hallarda mərhumu geyimdə,
bəzək şeyləri ilə birlikdə dəfn edirdilər. Qazıntılar zamanı kauri çanaqları, üstündə
dairəcik şəkilləri və sxematik göz təsviri olan cürbəcür muncuqlar, paltarın altından
taxılan bir sıra bəzək şeyləri tapılmışdır. Belə bəzək şeyləri qonşu Gürcüstanın,
Ermənistanın və Dağıstanın antik dövr təbəqələrində də çoxlu miqdarda aşkar
edilmişdir. Bu həmaillərin köməyi ilə uşaqlardan və böyüklərdən azar-bezar, dərd-
bəla guya uzaqlaşdırılır, həmçinin onları sehr-cadudan hifz edirdilər. Bədnəzərdən
qorunmaq üçün gözmuncuğu və ya həmaillər taxmaq ənənəsi Azərbaycanda və onun
hüdudlarından uzaqlarda indi də vardır. Qəbirə mərhumla birlikdə əmək alətləri və
bəzən silah qoyurdular. Ayrı-ayrı qəbirlərdə qırxılıqlar aşkar edilmişdir. Demək olar
ki, həmişə qəbirə heyvan və quş əti ilə, həmçinin meyvə, süd və məstedici içki ilə
dolu gil qablar qoyulurdu. Yaşlılar basdırılanda ənənəvi dəfn adətləri gözlənilirdi;
Dostları ilə paylaş: |