316
Diş həkimi Müseyibin əlləri qızıl idi və bunu kiçikdən tutmuş böyüyəcən
Bakının bütün stomatoloqları təsdiq edirdi və bu stomatoloqların arasında, əlbəttə,
Müseyibi istəməyənlər də vardı, ona paxıllıq edən, onu gözügötürməyənlər də vardı,
amma onlar da təsdiq edirdi ki, bəli, bu kürən və codxasiyyət adamın əlləri qızıldır
və hərgah diş həkimliyi də vergiylədisə, Allah bu vergini birinci elə Müseyibə
vermişdi.
Müseyib Allaha inanan adam idi və sovet vaxtı düz on bir il – 1979-cu ildən
1990-cı ilə, yəni, camaat Kommunist partiyasından qaçmağa başladığı vaxta qədər –
işlədiyi poliklinikanın – Bakının ən böyük stomatoloji poliklinikasının ilk partiya
təşkilatının katibi oldu, amma o on bir ildə bir gün də olmadı ki, Müseyib
anasındanqalma kiçik bir «Quran»ı pencəyinin döş cibində,– özü də sol tərəfdə –
gəzdirməsin və əlbəttə, o zaman partiya iclaslarına yığışan partiyaçı stomatoloqlar
və poliklinika işçiləri ağıllarına gətirməzdilər ki, iclası aparan partkomun, yəni,
Müseyibin cibində «Quran» var, amma, kim bilir, bəlkə o iclas iştirakçılarının
özlərinin də arasında eləsi, yaxud elələri var idi ki, o da (onlar da) cibində
(ciblərində) «Quran» gəzdirirdi, bunu kim biləcəkdi? o adamdan və o adamın
Allahından başqa heç kim və bir dəfə (onda Qorbaçov hakimiyyətə təzə gəlmişdi,
amma «perestroyka» hələ başlamamışdı) partiya iclası ateizmin təbliğinə həsr
olunmuşdu, məruzəçi də Müseyib idi və Müseyib məruzə etdikcə, dinin əleyhinə
danışdıqca, Islamı xaçpərəstliyə, xaçpərəstliyi musəviliyə qatıb, hamısını ifşa
etdikcə, Leninin «Din xalqlar üçün tiryəkdir»– kəlamını sitat gətirdikcə, tez-tez əlini
pencəyinin sol yaxasına toxundururdu, ona elə gəlirdi ki, cibindəki o balaca
«Quran» indicə cibindən düşüb, qaçıb gedəcək.
Hərdən Müseyibə elə gəlirdi ki, sağ tərəfindəki o ağrı da əslində elə o partiya
iclasından sonra başlamışdı, amma belə deyildi, o ağrı son ayların, uzaqbaşı, bu
axırıncı bir ilin işi idi və nəhayət ki, bu gün səhər tezdən «Mersedes»i işə salıb sağ
tərəfindəki o ağrıya görə Bakı Diaqnostika Mərkəzinə gedəndə, elə ilk yadına düşən,
gözünün qabağına gələn də o uzaq illərin həmin o partiya iclası oldu və Müseyib
qeyri-şüuri əlini sol döşünə toxundurdu, amma iyul ayının o istisində, təbii ki,
pencək əynində deyildi və ümumiyyətlə, o balaca «Quran» daha o pencəyin sol
cibində deyildi, çünki daha «Quran»ı gizlətməyə ehtiyac yox idi, Sovet Ittifaqı
dağılıb getmişdi və indi Müseyibin evində ən nəfis şəkildə nəşr olunmuş bir-
birindən gözəl «Quran»lar var idi, amma bu gün səhər tezdən ki, Müseyib
«Mersedes»inə minib Bakı Diaqnostika Mərkəzinə gedirdi, heç xoşuna gəlməyən,
nəinki xoşuna gəlməyən, bir andaca əməlli-başlı ürəyini qısan bir hissiyyat birdən-
birə onun bütün içini bürüdü: ona elə gəldi ki, o zaman, ateizmə həsr olunmuş o
partiya iclasında onun pencəyinin sol tərəfində, cibində saxladığı, anasındanqalma o
balaca «Quran», həqiqətən, cibindən düşüb qaçıb çıxıb, getmişdi...
...həmişəlik getmişdi...
Dostları ilə paylaş: